İrəvan xanlığının
iqtisadi vəziyyəti
1-ci yazı
Əlverişli
təbii-coğrafi şəraiti, müxtəlif iqlimin və
bol sulu çayların olması İrəvan
xanlığında iqtisadiyyatın təməlini təşkil
edən kənd təsərrüfatına böyük təsir
göstərmişdi. Xanlığın bir hissəsi
dağlıq olsa da, onun böyük ərazisi geniş düzənlikdən
ibarət idi. Burada torpaq məhsuldarlığı
ilə də fərqlənirdi. İrəvan şəhəri
ilə Göyçə gölü arasındakı, həmçinin
bu gölün şimal hissəsindəki ərazilər
qaratorpaq, cənub və şimali Qarasu çayının mənsəbinə
yaxın torpaqlar bataqlıq, Araz çayı ilə
Ağrıdağ dağı arasında olan, xüsusən də,
Gərnibasar, Vedibasar və Sürməli mahallarında
torpaqlar şoran, cənub tərəfdən dağlara meyilli ərazilər
isə qumluq və daşlıqdan ibarət idi. İrəvan
xanlığında ən münbüt torpaqlar Zəngibasar,
Körpübasar, Sərdarabad mahallarını, Sürməli
və Gərnibasar mahallarının bir hissəsini, habelə
xanlığın Rusiya imperiyası tərəfindən
işğal edilən Şuragöl və Pəmbək
mahallarını əhatə edirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, İrəvan
xanlığının iqtisadi həyatında kənd təsərrüfatı
əsas yeri tuturdu. Kənd təsərrüfatında isə
buğda və arpa istehsalı başlıca sahələr idi.
Buğda və arpa xanlığın əksəriyyət
ərazilərində əkilirdi. XVIII əsrin əvvəllərində
Azərbaycanda olmuş rus səfiri və səyyahı
A.P.Volınski osmanlı sərhəddindən
başlayaraq Səfəvi dövlətində ən bol məhsullu
yerin İrəvan və Təbriz əyalətlərinin
olduğunu yazırdı. Xanlığın
İrəvan şəhəri ətrafı kəndlərində,
Qırxbulaq, Sərdarabad, Şuragöl və Pəmbəkdə
daha çox taxıl istehsal olunurdu.
İrəvan xanlığında həm yazlıq, həm
də payızlıq buğda və arpa becərilirdi. Belə ki,
dağlıq yerlərdə əsasən, taxıl məhsulları
payızda, aran yerlərdə isə yazda əkilirdi. Aran yerlərinə nisbətən dağlıq ərazidə
məhsul daha bol olurdu. Məlumata görə, müstəqil
xanlıq dövründə yerli əhali hər il 34.185 xalvar buğda, 11.500 xalvar arpa istehsal
edirdi. İşğaldan sonra xanlıqda
taxıl istehsalında geriləmə baş vermişdi.
1832-ci ildə «Erməni vilayəti»ndə hər il orta hesabla 75.000 xalvar buğda, 10.000 xalvar arpa
istehsal edilmişdi. Əgər «Erməni vilayəti»nə
daxil olan Naxçıvan və Ordubad ərazilərini
çıxmaqla, müqayisə etdikdə görərik ki,
xanlıq dövründə daha çox buğda və arpa
istehsal olunmuşdu.
İrəvan xanlığında çəltik
istehsalı da əsas yerlərdən birini tuturdu. Yeməklərində
düyüdən çox istifadə etdiyindən yerli əhali
onun istehsalına xüsusi fikir verirdi. Çəltik
əsasən, aran və bataqlıq yerlərdə əkilirdi.
Çəltiyin becərilməsi
üçün çox su tələb olunduğundan onun əkilməsi
çətin başa gəlirdi. Xüsusilə,
bataqlıq yerlərdə çəltiyin daha məhsuldar
olduğunu qeyd edən İ.Şopen yazırdı: «Əhali
oraya onlarla camış və kəl qovaraq, heyvanları
bataqlığı taptalamağa məcbur edirdilər. Heyvanlar oranı o qədər taptalayırdı ki,
bataqlıq duru palçığa çevrilirdi. Sonra ora toxum səpirdilər». Saatlı,
Körpübasar, Zəngibasar, Gərnibasar mahallarının
aran yerləri bu bitkinin istehsalında xüsusilə
seçilirdi. Digər aran yerlərdə isə
onun əkilməsi qadağan olunmuşdu. Çəltiyin
əkilməsi aprel ayının ortalarından başlayıb
mayın ortalarına qədər davam edirdi. Sentyabrın ortalarında isə məhsul
yığılırdı. İrəvan
xanlığı orta hesabla 18.400 xalvar çəltik istehsal
edirdi. Ən keyfiyyətli çəltik Zəngibasar
və Körpübasar mahallarında istehsal olunurdu.
Yerli əhali texniki bitkilərdən olan pambıq
istehsalı ilə də məşğul olurdu. Pambıq aran
yerlərdə aprel-may aylarında əkilir, oktyabrın
axırı-noyabrın əvvəllərində
yığılırdı. Zəngibasar, Sərdarabad
və Sürməli mahalları pambıq istehsalında əsas
yeri tuturdu. Pambıq qiymətli bitki hesab
olunurdu və İrəvan xanları onun satışından
gülli miqdarda gəlir əldə edirdi. 1783-cü
ildə Rusiya dövlətinin nümayəndəsi doktor Reyneqs
İrəvanda olarkən buranın kənd təsərrüfatından
ətraflı bəhs etmişdi. Onun
yazdığına görə, burada bol pambıq, ipək,
çəltik, üzüm yetişdirilirdi. Pambığın 7/10 hissəsi, yəni 68.000 batman
və yaxud 13.600 pudu xana çatırdı. Hüseynəli xan pambığın hər pudunu 5
rubla satdırırdı. Nəticədə
İrəvan xanının tək bu bitkidən gələn gəliri
476.000 rubla çatırdı.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, sonuncu
İrəvan xanı Hüseyinqulu xan isə pambığı
tamamilə inhisara almışdı. Onun fərmanına əsasən,
pambıqçılıqla məşğul olan sadə kəndlilər,
bəylər və mülkədarlar məhsulu yalnız xana
satmalı idi. Xan pambığı onlardan
hər xalvarını 1 rubla alırdı. O, əhalidən
ucuz qiymətə satın aldığı pambığın
bir xalvarını 120 rubla sataraq külli miqdarda gəlir əldə
edirdi. Bu dövrdə əhali hər il
orta hesabla 2100 xalvar (57.000 pud) pambıq istehsal etmişdi. Lakin Rusiya işğalından sonra bu bitkiyə maraq
müəyyən qədər azalmışdı. Belə ki, «Erməni əyaləti»ndə 1832-ci ildə
3.000 xalvar pambıq əkildiyi məlumdur. Əgər
bu vilayətin tərkibinə daxil olan Naxçıvan və
Ordubadı çıxsaq, müqayisədə görmək
olar ki, pambığın istehsalı xeyli aşağı
düşmüşdü.
İrəvan xanlığında ipəkçilik də
geniş yayılmış sahələrdən biri olmuşdu. XVIII əsrin
80-ci illərin əvvəllərində Reyneqs İrəvanda
olarkən burada bol xam ipəyin olması haqqında məlumat
vermişdi. İstehsal edilən xam ipəyin
miqdarı haqqında məlumata rast gəlməsək də,
«əyaləti əhatə edən bütün bağlarda tut
ağaclarının çoxluğuna görə etimal etmək
olar ki, ipəkçilik vaxtilə İrəvan
xanlığının kənd təsərrüfatında
böyük rol oynamışdı». Lakin
işğaldan sonra bu sahəyə maraq azalmışdı.
Belə ki, 1829-1832-ci illər kameral siyahıyaalınma həyata
keçirilən zaman yalnız İrəvan şəhərində
10 funt xam ipək istehsal olunmuşdu. Xanlığın əhalisi
tütün istehsalı ilə də məşğul olurdu.
Yerli əhali adətən tütündən özləri
istifadə edirdi, çox az qismi isə
satışa çıxarılırdı. Bu
bitkinin becərilməsi ilə Sürməli mahalının
Arhacı kəndinin əhalisi daha çox məşğul
olurdu. Xanlıq dövründə təkcə
bu kənd 40 xalvardan daha çox məhsul əldə
etmişdi. Məlumata görə, xanlıqda hər il orta hesabla 60 xalvar tütün istehsal edilirdi.
Yerli əhali küncüt və kətan əkini
ilə də məşğul olurdu. Küncüt
aran yerlərdə, kətan isə həm aran, həm də
dağlıq yerlərdə əkilirdi. Küncüt və
kətandan əsasən yağ əldə
edilirdi. Bu yağlardan yeməklərin
bişirilməsində və çıraqların
yandırılmasında istifadə olunurdu. Xanlıqda hər
il orta hesabla 24 xalvar küncüt, 12 xalvar
kətan istehsal edilirdi. Kənd təsərrüfatının
daha inkişaf etmiş sahələrindən biri də
bağçılıq və bostançılıq idi.
Əlverişli iqlim şəraiti burada meyvəçiliyin
inkişafına lazımi şərait yaratmışdı.
Bütün xanlıq meyvə bağları ilə
zəngin idi. Bu bağlar üç qrupa
bölünürdü. Birincisi, həyətyanı
bağ, yaxud bağça adlanırdı. Adətən
sahəsi az olan, meyvə bağı
adlandırılan bağçalar hər bir evin ətrafında
yerləşirdi. İkincisi, şəhərətrafı
iri bağlar idi ki, əhalinin məskunlaşmadığı
yerdə yerləşirdi. Bu meyvə bağlarında alma, şaftalı, ərik, gavalı,
alça, gilas, xurma, heyva, əncir, qoz, nar, tut və digər
yerli meyvələr yetişdirilirdi. Bəzi meyvələrin
müxtəlif növləri vardı. Məsələn,
şaftalının kərdi və yarma, almanın kərbəlayı,
cəfər, vahab, cənnət, hacı hüseynəli,
armudun hacımehdi, malaça, qışarmudu və sini
növləri el arasında daha məşhur olmuşdu. Nəhayət, üçüncüsü
üzüm bağları idi. İrəvanda
müxtəlif növ üzüm yetişdirilirdi. Bunlara
qaraşanı, ağsabi, əsgəri, kişmiş-badana,
qırmızı-qulami, xallı, misqali,
qırmızı-kişmiş, zeyni, kişmiş və s.
cürbəcür üzüm növləri daxil idi. Üzümdən yüksək keyfiyyətli şərab
və sirkə hazırlanırdı. Sirkəni
əsasən, azəri türkləri emal edirdi. Meyvə bağlarının inkişafına
xüsusi fikir verən İrəvan xanları bağ sahələrinin
artırılmısına və bu sahələri müxtəlif
ölkələrdən gətirilmiş meyvə
ağacları ilə zənginləşdirməyə
çalışırdılar. Sonuncu
İrəvan hakimi Hüseynqulu xan İrandan və Hindistandan
meyvə ağacları gətizdirmişdi.
Xan
bağlarına bağbanbaşı nəzarət edirdi. Xəzinəyə
məxsus bütün meyvə bağları mart ayından
başlayaraq icarəyə verilirdi. İcarədarlar
bağların otunu təmizləyir və meyvəsini
yığırdılar. Lakin bununla belə, meyvə dərilərkən
oğurluğun qarşısını almaq üçün
icarədarların işinə xanın
bağbançıları nəzarət etməli idi.
Payızda yığım qurtardıqdan sonra bütün
bağlar bağbanbaşına təhvil verilirdi. Bağlar təhvil
verildikdən sonra onları qaydaya salmaq məqsədilə
yerli kəndlilər bu işə cəlb edilirdi. Bu iş
oktyabr ayında icra olunurdu. Təəssüf ki,
İrəvan xanlığı dövründə bağ sahələri
və onların sayı haqqında heç bir statistik məlumat
əldə etmək mümkün olmadı. Əldə
olunan məlumatlar yalnız işğaldan sonrakı dövrə
aiddir. 1829-1832-ci illərdə Rusiyanın xanlıq ərazisində
həyata keçirdiyi kameral siyahıyaalınmada İrəvan
şəhərində və onun 12 mahalında yerləşən
bağların sayı, onların tutduğu sahə və gəlirləri
haqqında xeyli dəyərli məlumat verilib.
1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalınmada Göyçə, Dərəçiçək və Abaran mahallarında meyvə və üzüm bağlarının sayı göstərilməmişdi. Bu mahallar müharibələr dövründə ən çox dağıntıya məruz qaldığından burada meyvə bağları qeydə alınmamışdı. Lakin xanlıq ərazisində dağıdılmış meyvə bağlarına da rast gəlinirdi. Bununla əlaqədar olaraq İ.Şopen yazır ki, «Dağılmış kəndlərin yaxınlığında, xüsusilə də dərələrin orta hissəsində çoxlu pis və baxımsız vəziyyətdə qalan meyvə bağlın var idi». Onu da qeyd etmək yerinə düşərdi ki, İrəvan xanlığı işğal olunduqdan sonra otuz beş meyvə bağı xəzinənin ixtiyarına keçmişdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 15 mart.-
S.13.