Xalqımızın tarixinin şanlı səhifələrindən
biri - Azərbaycan Xalq Cümhuriyyəti
XX əsrin əsas hadisələrindən biri dünya
tarixində yeni quruluşun - sosializm cəmiyətinin qurulması
olmuşdu.
1917-ci il Rusiyada baş verən bolşevik
inqilabının təsiriylə çar Rusiyası
işğalı altında olan xalqlar müstəqillik və
azadlıq uğrunda mübarizəyə qalxıb azad demokratik
ölkəyə çevrildilər. Onların
sırasında Azərbaycan ilk qaranquşlardan oldu. Azərbaycan türkü Qafqazın, Şərqin
Avropa qanunlarına dayanan ilk demokratik dövlətini qurdu.
Bu hadisə xalqımızın varlıq
kitabının şanlı səhifələrindən biridir.
AXC-in bolşevik Rusiyası tərəfindən
işğalından sonra sosializm quruluşu müstəqillik
aktlarının üstündən xətt çəkdi. Lakin Azərbaycan
Rusiyanın tərkibinə muxtar əyalət kimi yox,
ayrıca respublika kimi daxil oldu, 15 müttəfiq respublikadan
biri oldu. Bu yalnız 23 ay sürən
cumhuriyyətin dünyada tannması sayəsində, onu
quranların fədakar zəhməti, daha çox görkəmli
dövlət xadimi, alim Məmməd Əmin Rəsulzadənin
təşkilarçılığı sayəsində
mümkün olmuşdu. Azərbaycanın
gerbi, himni, bayrağı, sonralar millətin adı dəyişdirilsə
də, varlığını sürdürürdü. Sovet quruluşu dağılandan sonra həmin dəyərlər
yenidən Azərbaycana qayıtdı. Qayıtmayan
sovet dövrü qoparılmış Azərbaycan torpaqları
oldu.
Sovetləşmənin ilk illərini sovet imperiyasına
daxil olmuş digər xalqlar kimi Azərbaycan türkləri də
xoş qarşılamamış, narazılıqlar,
üsyanlar olmuş, qaçaq hərəkatları geniş
yayılmışdı. Daha çox 1920-30-cu illər arası xalq
hərəkatları geniş vüsət almışdı.
Azərbaycanın bir çox bölgələrində
Gəncədə, Bərdədə, Şəkidə,
Naxçıvanda sovet hökumətinə, sovet məmurlarına
qarşı etirazlar çoxalmışdı.
Bunlardan yadda qalanı və uzun sürəni 1930-cu ildə
Naxçıvan MSSR Şahbuz rayonu Keçili kəndində
baş vermiş xalq üsyanı idi. Bu üsyanın
başında keçmiş musavatçı keçilili Məşədi
Qasımalı Dünyaməliyev dururdu. Üsyan
1932-ci ilə qədər davam etmiş, sonda
yatırılmışdı, üsyan
başçıları güllələnmişdi. Onun və digər keçililərin qəhrəmanlığı
xalqın dilində dastana çevrilib. Azərbaycanda
baş vermiş başqa üsyanlar haqqında tarixi ədəbiyyatlarda
məlumat olsa da bu üsyanın baş vermə səbəbləri,
iştirakçıları, üsyançıların aqibəti
haqqında məlumat verilməyib.
Naxçıvanın məşhur qaçaqlarından
Qaçaq Zelanın, Qaçaq Quşdanın adını
çəkmək olar. Nəhəcirli Qaçaq Zelan
zamanının məşhur igidlərindən olmuş,
hökumət adamlarına qənim kəsilmişdi. Hökumət qüvvələri nə qədər
çalışsalar da onu ələ keçirə bilmirdilər.
Nəhayət, 1925-ci ildə keçilili Məşədi
Qasımalı (sonralar Keçili üsyanının rəhbəri)
onu tərksilah edib hökumətə təhvil vermişdi.
Onu hökumətin tapşırığı ilə
yox, Qaçaq Zelanın günahsız adamları
öldürməsinə son vermək üçün öz
istəyilə etmişdi. Qaçaq
Quşdan isə Keçilinin mərd mübariz
oğullarından olmuş, bir müddət Keçili
üsyanında vuruşmuşdu. Keçili
üsyanı haqqında ilk dəfə olaraq arxiv sənədləri
əsasında "Gecikmiş qələbə" adlı
roman yazılıb.
Folklor ədəbiyyatlarında qaçaqlar, onların qəhrəmanlığı,
əhatə dairəsi, xalqın onlara münasibəti
haqqında hekayələr çoxdur. Bu adamları sovet
hökumətinə qarşı çıxmağa nə
vadar edirdi? Sovet hökuməti necə
quruluşdu? Sovet hökumətini müstəmləkə
idarəçilyinin yumşaq forması hesab eləmək olar.
Müsavat zamanı azad və demokratik yaşayan
xalq yeni quruluşu istəmirdi. Daha
çox varlı təbəqə bu quruluşa etiraz edirdi,
çünki burjuaziyanın tələbləri fəhlə-kəndli
hökumətinin ideyaları ilə üst-üstə
düşmürdü. İkincisi, sovet
hakimiyyətinin ilk illərində ictimai bərabərlik
adı altında bolşevik özbaşınalığı,
xalqla bəd rəftar qaçaq hərəkatlarına gətirib
çıxarmışdı. Onlar
mövcud quruluşa etiraz edib bəzən tək, bəzən
də başına dəstə toplamaqla hökumətə
qarşı mübarizə aparırdılar. Xalq onları himayə edir, köməklik göstərir,
hökumət qüvvələrindən gizlədirdi.
Sovet quruluşuna qarşı kəskin mübarizə
1930-cu illərdən sonra başlamışdı. Sovet hökuməti
qurulmasından 13 il sonra hökumətin
başında duranlar kolxoz quruculuğuna qərar vermişdi. Kolxoz kollektiv təsərrüfata əsaslanırdı,
gəlirin hamının arasında bərabər bölünməsi
məqsədi daşıyırdı. Bunun
üçün varlıların əmlakının əlindən
alınıb kolxoza qatmaq, dövlətin ixtiyarına vermək
lazım idi. Varlı təbəqə isə
bununla razılaşmırdı; heç kəs var-dövlətini
itirib kasıb kəndliyə, muzdlu işçiyə
çevrilməyini istəməz. Bu səbəbdən
sovet ittifaqının çox yerlərində, o cümlədən
Azərbaycanda kolxozlaşmaya qarşı etiraz dalğası
yayılmışdı. Üsyanlar aran
yerlərində tez, dağlıq yerlərdə gec
yatırılırdı. Bütün cəhdlərə
baxmayaraq sovet imperiyasına qarşı durmaq mümkün
olmadı. Kolxozlar quruldu və xalqın əmlakı
ümumiləşdirildi. Kolxozlar sovet
hökumətinə uğur gətirmədi, oğurluq və
talan mənbəyi oldu. Dövlət əmlakını
hərə bildiyi kimi dağıtdı, satdı, rüşvətxorluq
artdı, bu da sovet hökumətini yıxan əsas amillərdən
idi.
Kolxoz qurulmazdan qabaq əhalidən silahlar
yığılırdı. Bu, baş verəcək
hadisənin qabağını almaq üçün edilirdi.
Hökumət qüvvələrinin şüarı belə
idi: "Silahını təhvil verməyənin yeri ya qəbirdi,
ya da Sibir". O dövrdə demək olar ki, hamının
silahı vardı. Silahının əlindən
alınmasını heç kim istəmirdi,
ya gizlədirdi, ya da aşkara vermirdi. Üsyanların
çoxunun başlama səbəbi silahların
yığımından sonra başlanırdı. Keçili üsyanı da belə
başlamışdı.
Kolxozlaşma uğur gətirə bilməzdi. Əgər
insanın şəxsi mülkiyyəti yoxdursa, onu
başqasının, xüsusən, dövlətin əmlakını,
malını qorumağa və artırmağa marağı
olmur. İqtisadiyyatın başında
istehsal vasitəsinin artırılması və keyfiyyəti
dayanır. Kapitalist ölkələrinin
hamısında istehsal şəxsi mülkiyyətə əsaslanır.
Mülkiyyətçi istehsal etdiyi malın əziyyətini
çəkir, bazara buraxır, pul qazanır. O, bu işdə
maraqlıdır, çünki hər şey
özünündür. Sosializm cəmiyətində
isə hər şey dövlətə məxsusdur, hər
şey hamınındır, eyni zamanda heç kimindir. Kommunist ideoloqlarının (Marks, Engels, Lenin) kolxoz və
ya ümumi mülkiyyət haqqında fikirləri
olmamışdı. Onlar yalnız
istismarçı zümrənin əmlakının əlindən
alınıb kasıblara verilməsi prinsipini müdafiə
etmişlər. Engels mülkiyyət
hüququndan danışarkən yazır ki, siyasi inqilab adlanan
inqilabların birincisindən tutmuş,
axırıncısına qədər hamısı bir növ
mülkiyyəti müdafiə xatirinə yaradılıb və
başqa növ mülkiyyətin oğurlanması yolu ilə həyata
keçirilib. Beləliklə, 2500 il ərzində
xüsusi mülkiyyət yalnız mülkiyyət hüququnun
pozulması sayəsində qala bilib. Avropanın
sosialist ideoloqları Sen Simon, Şarl Fürye də Marks,
Engels kimi şəxsi mülkiyyətin tərəfdarı
olmuşlar. Onların fikrincə,
insanları mülkiyyətdən məhrum etmək
istehsalın tənəzzülünə gətirib
çıxara bilər. Bu uzaqgörənlik
təcrübədə özünü göstərmişdi.
İngilis sahibkar Robert Oven öz pulları
hesabına kommuna yaratmış, işçiləri
kommunasında ümumi əməyə cəlb etmişdi.
Nəticə onun istədiyi kimi olmadı, kommuna
məhv oldu, Ovenin milyonları batdı. Sovet hökumətinin
də taleyi eynilə belə oldu: rüşvətxorluq,
oğurluq, quldurluq iqtisadiyyatı məhv elədi. İstisadiyyatı ölən ölkə məhvə
məhkumdur. Kolxoz quruculuğu sovet cəmiyyətinin
ən yaramaz qərarlarından biriydi.
Sovet İttifaqında kolxoz quruculuğunun səhv siyasət
olduğunu başa düşənlər olsa da ona
qarşı çıxan olmadı. Çünki dövlət
fetişizmi deyilən hakimiyyət buxovları onu
dağıtmağa qadir deyildi. Engels yunanlarda dövlətin
əmələ gəlməsini izah edərkən onu belə əsaslandırır:
“Qədimdə tayfanın tayfaya qarşı olan müharibəsi
indi mal-qara, kölə və sərvət ələ
keçirmək məqsədilə quruda və dənizdə
müntəzəm quldurluğa çevrilməyə
başlamışdı, bu müharibələr müntəzəm
bir peşə şəkli alırdı, sərvətin
zorakılıqla talan edilməsinə haqq qazandırmaq
üçün qədim qəbilə qaydalarından
sui-istifadə olunurdu... Elə bir təsisat
çatışmırdı ki, yalnız cəmiyyətin
siniflərə bölünməyə başlamasını
deyil, həmçinin varlı sınfin yoxsul sinfi istismar etmək
hüququnu və onun üzərində
hökmranlığını əbədiləşdirsin.
Belə bir təsisat meydana gəldi. Dövlət icad edildi”. Bugünkü
dünyada qəbul edilən qərarlar, müharibələr,
qırğınlar, haradasa dövlət yaratmaq və ya onu
dağıtmaq böyük dövlətlərin fetişizminin
gücü sayəsində baş verir. Sovet
İttifaqının tərkibinə daxil olan xalqlar, hakimiyyətə
tabe olan hərbiçilər, güc strukturları, milislər,
katiblər sovet fetişizminin qurbanları sayıla bilər.
Bolşevizmin Rusiyada qalib gəlməsi dövlət
fetişizmi sayəsində mümkün olmuşdu. Rusiyada ilk
vaxtlar milli qüvvələr bolşeviklərdən çox
idi. Lakin dövlət bolşeviklərin əlinə
keçdiyinə görə bolşeviklər onları
sıxışdırıb möhkəmləndi.
Sovet
İttifaqının qara səhifələrindən
danışarkən 1937-ci il
repressiyalarını qeyd etməliyik. Hitler, Mussolini, Stalin 20-ci
əsrin qatı diktatorları olmuşlar. Onların
qırdığı insanların sayı-hesabı yoxdur.
Azərbaycanın bu dövrdə çox ziyalıları, hərbiçiləri,
dövlət xadimləri "troyka"nın
hökmü ilə "xalq düşməni"
adlandırılıb həbsə və sürgünə
göndərilirdi. S.Hüseyn, H.Cavid, Ə.Cavad,
M.Müşfiq, B.Çobanzadə, S. Mümtaz, V. Xuluflu,
Əmin Abid, Y.V.Çəmənzəminli, Seyid Hüseyn, B.Vəlibəyov
və bir çoxları. Generallar, hərbiçilər,
alimlər, onların ailələri də bu ölüm
maşınından qurtula bilmədi. Heç kim bu insan qırğının
qarşısını ala bilmədi və biməzdi. Stalinin ölümündən sonra (1953) onlar bəraət
aldı, amma bəraət heç bir ölünü geri
qaytarmır, heç bir hökmü geri gətirmir.
II Dünya müharibəsi sovet xalqlarına daha bir zərbə
vurdu, amma bu xalqların köməyi olmadan qələbə
qazanmaq olmazdı. Müharibənin dəhşətləri
ağırdı, milyonlarla insan öldü, əsir
düşdü, evlər, şəhərlər
dağıdıldı, qələbə asanlıqla əldə
olunmur. Müharibə illərində Azərbaycan
nefti həlledici rol oynadı, cəbhəyə göndərilən
neftin 98%-ni Azərbaycan verirdi. İstər
canlı qüvvə, istərsə də maddi sərvət
baxımından Sovet İttifaqının öndə gedən
qüvvəsi Azərbaycandı. Amma Azərbaycan
lazımınca qiymətləndirilmirdi, Sovet Rusiyası
müstəmləkəçi köləlik siyasətini davam
etdirirdi.
Sovet dövründə Azərbaycan türklərinin
deportasiyası həyata keçirilirdi. Azərbaycan 70 il ərzində bir neçə dəfə
deportasiyaya uğradı, tarixi bölgələrimiz Çar
Rusiyası dövründə olduğu kimi Ermənistana
verildi. Əhali doğma torpağından
köçürüldü, yer adları dəyişdirldi.
Bu gün Ermənistanda olan yer adlarının
hamısı türk-oğuz mənşəlidir, qədim
xristian məbədləri isə erməni yox, alban-türk məbədlərinin
qalıqlarıdır.
Aynur Cəlilova
Xalq Cəbhəsi.- 2019.- 1 mart.-
S.14.