İrəvan xanlığının
iqtisadiyyatı
2-ci yazı
Bostançılıq İrəvan əhalisinin əsas
kənd təsərrüfatı məşğuliyyəti sahələrindən
biri idi. Burada müxtəlif növdə tərəvəz məhsulları
yetişdirilirdi. Bostanlarda müxtəlif göyərtilər,
soğan, çuğundur, lobya, xiyar, kələm, noxud, yer
kökü, xardal, badımcan, qarğıdalı, qarpız,
yemiş və s. tərəvəz bitkiləri əkilirdi. İrəvan qarpızı və yemişi daha məşhur
idi. Qarpız qışda və yayda əkilirdi.
Bu bostan bitkisinin xuni, ağabəy,
qurbanağası, həsənbəy və digər növləri
vardı. Yemiş isə dörd -
şallax, dostucan, carcar və tutma növü ilə məşhur
idi. Yerli əhali əkinçilikdə
müxtəlif kənd təsərrüfatı alətlərindən
istifadə edirdi. Mənbələrdə kənd
təsərrüfatı alətləri haqqında ətraflı
məlumat verilmişdi. İrəvan
xanlığında torpaq kotan və xışla
şumlanırdı. Şumlama əsasən,
payızda və yazda həyata keçirilirdi. Kotan çox ağır olduğundan onunla
torpağı şumlamaq çətinliklə başa gəlirdi.
Bu işdə beş adamın
iştirakı vacib idi. Dördü qoşqu
heyvanlarını dartır, beşincisi isə kotanı idarə
edirdi. Maraqlıdır ki, ağır kotanı
dartmaq üçün on dörd cüt kəl və
camış lazım gəlirdi. Xışla
torpağı şumlamaq isə asan idi. Ondan
yazlıq əkin zamanı istifadə edilirdi. Xışı bir və ya iki kəl dartırdı.
Şumlanmış torpaq qollu budaqlı
ağacla malalanırdı. Aran yerlərində
isə malalamaq əsasən, səliqə ilə
sarınmış çubuqlarla həyata keçirilirdi.
Taxıl biçilərkən isə oraqdan
istifadə edilirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasınıda bildirilir ki, məhsul
yığıldıqdan sonra onu xüsusi qayda ilə
döyür və emal edirdilər. Belə ki, «xırmanda
məhsulu açıb və dağıdaraq döymək
üçün hazırlayırdılar. Aşağı
hissəsinə böyük olmayan qırıq çay
daşları yerləşdirilmiş ağır taxtaya (vəl-E.Q.)
bir neçə cüt öküz bağlayırdılar.
Sonra taxtanın üstünə uşaqları
oturdurdular, onlar dairəvi öküzləri dərz üzrə
o vaxta qədər qovurdular ki, nəhayət, iti daş dərzi
samana çevirirdi. Sonra küləkli
gündə samanı havaya atırdılar, külək
yüngül, doğranmış samanı bir neçə
addım kənara sovurur, bununla bərabər ağır
olduğundan buğda toplu halında ayaq altına
düşürdü».
İrəvan xanlığının kənd təsərrüfatında
sünü suvarma sistemindən geniş istifadə edilirdi. Bol sulu
çayların olması xanlıqda kənd təsərrüfatının
inkişafına təsir göstərən əsas amillərdən
biri idi. Dağlıq ərazilərdə əsasən,
dəmiyə üsulundan istifadə edilsə də, aran yerlərində
süni suvarma geniş yayılmışdı. İrəvanlıların
əkin sahələrini suvarmaq üçün göstərdikləri
əziyyətlərə toxunan İ.Şopen yazırdı:
«Belə ki, təlabat hünər yaradırdı. Yerli əhali həm geodezi (yerin forma və
ölçüsünü öyrənən elm-(E.Q.), həm
də hidravlik (suyun müvazinət və hərəkəti
şəraiti və qanunlarından və onların praktik tətbiqindən
bəhs edən elm-E.T.) nəzəri məlumat olmadan, bəzən
vaterpasın (səthin üfqi vəziyyətini yoxlamaq
üçün cihaz-E.Q.), bəzən də gözəyarı
çox çətinliklə, lakin sadə üsulla müvəffəqiyyətlə
süni arxlar çəkirdilər».
İrəvan xanlığı Rusiya tərəfindən
işğal edildikdən sonra burada həyata keçirilən
kameral siyahıyaalınmada iri çaylardan ayrı-ayrı
mahallara çəkilən müxtəlif arx və
kanalların adları qeyd olunmuşdu. Siyahıyaalınmada
Araz çayı İrəvan xanlığının kənd
təsərrüfatının inkişafında böyük
rol oynayan əsas su mənbəyi kimi göstərilir. İrəvanlılar Araz çayından Sürməli
və Sərdarabad mahallarını başdan başa su ilə
təmin edən onlarla arx çəkmişdilər. Bu arxların bəziləri birbaşa Arazdan, digərləri
isə ondan çəkilmiş kanallardən
götürülmüşdü. Qeyd etmək
lazımdır ki, Araz sahilləri daşlı və
hündür olduğundan arxların çəkilişi
çətinliklə başa gəlirdi. Beləliklə,
İrəvan xanlığında çaylardan çəkilən
arx və kanallar bunlardır: Araz çayından Sürməli
mahalına çəkilən arxlar belə adlanırdı:
Qul-Yusif, Sərbaz arxı, Zülfüqar arxı, Evçilər
arxı, Ağ arx, Məmiş gön arxı, Molla Məhəmməd
arxı, Yayçı arxı, Əli Qəmərli arxı,
Xan xəbər arxı, Xəlfəli arxı,
İğdır arxı, Anac arxı, Qızıl arx, Daş
arxı, Bəhərli arxı, Arhacı arxı, Dilənçi
arxı, Ağ çalı arxı. Bu arxlar
içində ən böyüyü Qul Yusif arxı idi.
Sərdarabad
mahalına çəkilən arxlar isə bunlardır: Zor
arxı, Molla Bəyazid arxı, Şitli arxı, Mənzərə
arxı, Çaş arxı, Kərim arxı. Araz
çayı həmçinin Saatlı mahalının
Söyüdlü, Hüseynkənd və Çıraxlı kəndlərini
də su ilə təchiz edirdi.
Qərbi Arpa çayı isə Saatlı
mahalının kəndlərini su ilə təchiz edirdi. Onun Araz
çayına töküldüyü mənsəbindən
üç arx çəkilmişdi. Onlardan
Hacı Bayramlı və Ərmən arxı bir qədər
böyük idi. Hacıçaydan çəkilən
suvarma arxları Dərəkənd-Parçenis mahalını
suvarırdı. Bu çaydan Parçeniyə
çəkilən arxlar Yal arxı, Əkərək arxı,
Yüzbaşı arxı, Dərə arxı, Kyəqin
arxı adlanırdı.
Bundan əlavə bu mahalı süni göl olan Abbasgöldən
çəkilmiş Gödək arxı da suvarırdı. Dərəkəndə
isə Pirli çayından Kobak, Pyütkan arxları çəkilmişdi.
Şimali Qarasu çayından çəkilən
Üç-Türkmənli, Qarxun və Şərifabad
arxları Sərdarabad mahalını su ilə təchiz edirdi.
Körpü çayından çəkilən
arxlar eyni adlı mahalı suvarırdı. Bunlardan ən böyüyü Əştərək,
Uşaqan, Xatun və Kəmərli arxları idi. Əştərək və Uşaqan arxlarından
Zeyvə arxı, Şah arxı, İnci arxı və Kalderun
adlanan əlavə qollar ayrılırdı. Abaran mahalını Qartan çayından çəkilmiş
arxlar suvarırdı. Seyidli mahalını
Anberd (?) çayından çəkilən arxlar su ilə təmin
edirdi. Onlar bunlardır:
Ayarlı arxı, Aramlı arxı, Pirağa arxı,
Avanlı arxı, Koytul arxı və Qaracalar arxı. Parpi
çayından Ayarlı və Uşaqan arxları çəkilmişdi.
Zəngi çayı isə İrəvan şəhərini,
Zəngibasar və Qırxbulaq mahallarını su ilə təmin
edirdi. Bu çayın sahili daşlı kəsəkli
olduğundan suvarma arxlarının çəkilməsi
çətinliklə başa gəlirdi. Buna
baxmayaraq, Zəngi çayından bir neçə arx çəkilmişdi.
Birinci arx İrəvan şəhərindən 8
verst aralıdan axaraq onun Qızılqala bağlarını
suvarırdı. İkinci Dəlmə
arxı İrəvan şəhəri
yaxınlığında olan Dərəbağ qəsəbəsinin
əks istiqamətində, çayın sağ sahilindən
götürülmüşdü. O, yeraltı yolla axaraq
böyük bulaq formasında çıxırdı. Bu arxla Dəlmə bağları, Yeniköy bağları
və Eçmiədzin kilsəsinə məxsus torpaqlar
suvarılırdı. Üçüncü
Abuhəyat arxı xeyli şəhər bağlarını
suvararaq Qırxbulaq çayına tökülürdü.
Dördüncü Mamırlı arxı isə
bütün «Təpəbaşı» məhəlləsini,
«Şəhər» məhəlləsində olan bağların
bir hissəsini və İrəvan qalasının bir hissəsini
su ilə təchiz edirdi. Bundan əlavə
bu çaydan götürülən arxlar Zəngibasar
mahalının kənd təsərrüfatının
inkişafında da böyük rol oynamışdı.
Bu mahalı suvaran arxlar bunlardır: Noraqovit, Uluxanlı, Həsənavar,
Yeniköy, Orta və Şirabad. Zəngi
çayından Qırxbulaq mahalını suvaran arxlar da
çəilmişdi.
İrəvan şəhərinin su ilə təchiz edilməsində
Qırxbulaq çayının da öz yeri vardı. Bu çaydan
Dəlik daş, Dərə, Şahab, Kanakir, Paşalıq,
Ağakavar və Çolmakçi arxları çəkilmişdi.
Paşalıq və Ağakavar arxları İrəvanın
«Şəhər», və «Dəmirbulaq məhəllələrində
yerləşən əkin sahələrini, Çolmakçi
arxı isə şəhərə bitişik
Çolmakçi kəndinin bağ və əkin sahələrini
suvarırdı. Gərni çayı Gərnibasar
mahalının bütün kəndlərini suvarırdı.
Hər bir kəndin öz arxı vardı.
Vediçay Vedibasar mahalını su ilə təmin
edirdi. Məlumata görə, İrəvanın
son sərdarı Hüseynqulu xan xanlığın süni
suvarma sisteminin inkişafında əvəzsiz xidməti
olmuşdu. Xüsusilə, İrəvan
şəhərində təkmilləşdirilmiş su kəmərlərinin
və ayrı-ayrı məhəllələrə arxların
çəkilməsi onun adı ilə bağlı idi.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, Azərbaycanın
digər xanlıqlarında olduğu kimi, İrəvan
xanlığında da sudan istifadədən
dövlət nəzarəti sistemi yaradılmışdı. Əhali arasında suyun bölüşdürülməsinə
xan tərəfindən təyin olunmuş mirab rəhbərlik
edirdi. Fars dilində mirab iki sözdən – “mir” – “idarə
etmək”, “ab”-“su” deməkdir. Bu vəzifəyə
hər hansı bir şəxs təyin oluna bilərdi. O,
bütün mahalların suvarma təsərrüfatının
başçısı idi. Mirablar müxtəlif
kəndlər arasında həm xüsusi, həm də
ümumi arx və kanallardan istifadə qaydalarını müəyyən
edir və bu qaydaların pozulmasına imkan vermirdi. Eyni zamanda onlar arx və kanalların işlək
qaydada olmasının qayğısına qalırdılar.
Sudan istifadə qaydasına görə bir
sıra kəndlər arasında baş verən mübahisələr,
su növbəsinin pozulması və özbaşnalıq kimi məsələləri
mirablar həll edirdi.
Miraba kəndlərdə su sisteminə rəhbərlik edən
cuvarlar tabe idi.
Cuvarlar bir növ suvarma sistemində polis vəzifəsini
yerinə yetirirdilər. Mirab kimi cuvar da sərdar
tərəfindən təyin olunurdu. Bu vəzifə
bir illiyə təsdiq olunurdu. Əhali hər il sudan istifadəyə görə vergi verirdi. Digər sahələrdə olduğu kimi suvarma
sistemində də rüşvətxorluq və
özbaşnalıq geniş yayılmışdı. Mirab və cuvarların günahı üzündən
su üstündə əhali arasında tez-tez mübahisələr
olurdu. Daha çox rüşvət verənlər sudan bol istifadə edirdilər. Varlı
bağ və mülk sahibləri suya nəzarət edənləri
rüşvətlə ələ almışdılar. Məhz onların günahı üzündən sadə
xalq su çatışmamazlığından daimi əziyyət
çəkirdi.
İrəvan xanlığının kənd təsərrüfatında
maldarlığın əvəzolunmaz yeri vardı. Geniş otlaq
sahələrinin olması burada maldarlığın
inkişafı üçün əlverişli şərait
yaratmışdı. Maldarlıq
üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək,
Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis
mahallarında əlverişli otlaqlar yerləşirdi. Maldarlar daha çox xırda və iribuynuzlu mal-qara
saxlayırdı. İrəvan xanlığında
maldarlıq ev şəraitində
saxlanılan, köçmə və köçəri olmaqla
üç qrupa bölünürdü.
Bütün
əhali ev şəraitində mal-qara
saxlayırdı. Hər bir ailənin qoyunu, inəyi və s. ev heyvanları var idi. Köçmə
maldarlıqda isə vəziyyət bir qədər başqa
cür idi. Bu sahə ilə məşğul
olanların bir hissəsi yaylaq-qışlaq həyatı
keçirir, digər hissəsi isə kəndlərdə
qalaraq əkinçiliklə məşğul olurdular. Köçmə maldarlıq ilə əsasən, azəri
türkləri məşğul olurdu. Köçəri
maldarlıqla məşğul olanların isə daimi
yaşayış yerləri yox idi. Onlar
yaylaq-qışlaq həyatı keçirir və
alaçıqlarda yaşayırdılar. Bu
sahə ilə kürdlər məşğul olurdu.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 16 mart.-
S.13.