Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Prezident
İlham Əliyevin Azərbaycanda “Elm günü”nün
təsis edilməsi haqqında Sərəncamının
icrası ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti tədbir görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti,
SSRİ Dövlət mükafatı
laureatı Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunub.
ADPU-dan bildirilib ki, rektor Cəfər Cəfərov görkəmli bəstəkarın yaradıcılığından söz açıb. Qeyd edib ki, müasir musiqi mədəniyyəti xəzinəmizə misilsiz töhfələr vermiş Soltan Hacıbəyov milli musiqi sənətində aparıcı simalardan biridir. Bəstəkarın özünəməxsus orijinal yaradıcılığı ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb. O, Azərbaycanın musiqi klassikləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin ənənələrinə sadiq qalaraq Azərbaycan simfonik musiqisinin inkişafında mühüm rol oynayıb. Soltan Hacıbəyov ilk milli baletin müəllifi kimi tanınıb. Onun bir çox əsərləri respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Bəstəkarın “Karvan” simfonik lövhəsi respublikamızın hüdudlarından kənarda səsləndirilib və bu gün də müəllifinə şöhrət gətirir. “Gülşən” baleti SSRİ Dövlət mükafatına layiq görülüb.
Bakı Musiqi
Akademiyasının elmi işlər
üzrə prorektoru, Əməkdar incəsənət
xadimi, professor Gülnaz Abdullazadə bəstəkarın ictimai fəaliyyətindən bəhs edib. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
dosenti Gülnar Verdiyeva Soltan Hacıbəyovun
yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən
danışıb. Sonra Soltan
Hacıbəyovun gəlini, Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Ülviyyə
Hacıbəyova tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib. Tədbir bəstəkarın əsərlərindən
ibarət konsert proqramı ilə davam edib.
Xalq Cəbhəsi.- 2019.- 20-27 mart.-
S.14.