İrəvan xanlığının
iqtisadiyyatı
5-ci yazı
Toxuculuqla bağlı olan sənət sahələrindən
biri boyaqçılıq idi. Toxucu məmulatı
üçün lazım olan iplərin, pambıq və yun
parçaların rənglənməsində bu sahənin
mühüm əhəmiyyəti vardı. Boyaqçılıqda
qırmız böcəyindən alınan qırmızı rəngdən
və digər bitkilərdən əldə edilən təbii
rənglərdən istifadə olunurdu. İrəvan
xanlığında boyaqçılar boyaqçı və
şiləçi olmaqla iki qrupa bölünürdü.
İstənilən hər hansı məmulatı
göy rənglə rəngləyən boyaqçı icarədardan
icazə almalı idi. Şiləçi isə
azad surətdə qırmızı və digər rənglərdən
istifadə edirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, boyaqxanalar icarəyə
verilir və eyni zamanda onlar xəzinəyə vergi ödəyirdi. Boyaqxanalarda məmulatlar
əsasən, göy rənglə icra edilirdi. Boyaqçı emalatxanaları çox primitiv idi.
Bu emalatxanalar daxmadan, iki gil səhəngdən
və məmulatı rəngləmək üçün iki
çubuqdan ibarət idi. İrəvan
xanlığının əksəriyyət mahallarında
boyaqxanalar fəaliyyət göstərirdi. Belə
boyaqxanalar İrəvan şəhərində, Dərəçiçək,
Göyçə mahallarında, Zəngibasar mahalının
Uluxanlı kəndində, Gərnibasar və Vedibasar
mahallarının İmamşahlı, Çikdamlı, Yuva,
Artaşat (Qəmərli-E.Q.), Arxlı, Vedidərə, Dəvəli,
Aralıx kəndlərində, Şərur mahalının
Ərəb Yengicə və Muğanlı kəndlərində,
Sürməli mahalının Qırmızı və Panik kəndlərində,
Dərəkənd-Parçenis mahalının Qulp və Molla
Qəmər kəndlərində, Talın mahalının Məsdərə
kəndində, Sərdarabad mahalının Kürdqulu kəndində,
Körpübasar mahalının isə Eçmiədzin və
Əkərək kəndlərində yerləşirdi. Boyaqxanaların fəaliyyəti əvvəlcədən
müəyyən olunmuş qaydalara tabe idi. Belə ki, sahibkar və yaxud icradar özü
üçün yeni emalatxana o halda aça bilərdi ki,
qonşu mahalda fəaliyyət göstərən boyaqxanaya
ziyan verməsin. Bununla yanaşı məhsulların
satışında da qaydalara riayət olunmalı idi. Sahibkar məhsulunu müəyyən olunmuş qiymətlə
sata bilərdi. Məsələn, rənglənmiş, əyrilmiş
yun və yun parçanın 1 arşını 4 şahıya
(8 gümüş rubl), əyrilmiş pambıq və
pambıq parçanın arşını isə 2
şahıya (4 gümüş qəpik) satılırdı.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, əhalinin
məşğuliyyət sahələrindən biri də sabun
istehsalı idi. Sabun bişirənlər sabunçu
adlanırdı. Azad şəkildə sabun
istehsalına qadağalar qoyulsa da, bu sahədə müəyyən
irəliləyiş gözə çarpırdı. Bu sahə icarəyə verilirdi. Buna
görə də, İrəvanda sabun baha başa gəlirdi.
Xanlıqda sabunun bişirilməsində əsasən,
İrəvan şəhəri və Gərnibasar
mahalının Şeyxzadəli kəndinin əhalisi məşğul
olurdu. Şeyxzadəli kəndinin kişi
və qadınlardan ibarət 474 nəfərinin demək olar
ki, hamısı sabun bişirirdi. Onlar
bişirdikləri sabunu özləri satırdılar. Sabun istehsalında Şeyxzadəli kəndi ilə
İrəvan şəhəri arasında xüsusi rəqabət
gedirdi. Belə ki, şəhərdə
sabun istehsal edənlərin hüququnu qorumaq üçün
sabun istehsalını icarəyə götürmüş icarədarın
icazəsi olmadan kənddə bişirilən sabun məhsulları
burada satıla bilməzdi. Digər tərəfdən,
istehsal edilən sabun keyfiyyət cəhətdən
aşağı idi. Xanlıqda bişirilən
sabun qara olurdu və çox pis qoxu verirdi.
İrəvanlılar gön-dəri istehsalı ilə də
məşğul olurdular. Bu sənətkarlıq
sahəsi ilə məşğul olanlar Dərəkənd
mahalının bir sıra kəndlərində və İrəvan
şəhərində Zəngi çayının sahilində
yerləşən 32 dükanda cəmləşmişdi.
Xanlıqda yüksək keyfiyyətli dəri
emal edilirdi. Bacarıqlı ustalar dərini
aşılayaraq onu lazımi şəkilə
salırdılar. Bundan əlavə, onlar
xüsusi bitki toxumunun köməyilə dərini
yumuşaldaraq qara, qırmızı və sarıya
boyayırdılar. Burada ustalar yerli dəridən
əlavə, Bəyazid və Makudan gətirilmiş dərilərdən
xammal kimi istifadə edirdilər. İrəvan ustaları
bir il ərzində irili-xırdalı 29
min dəri emal edirdilər. Böyük dəri
3 rubla, kiçiyi isə 80 qəpiyə satılırdı.
İrəvan şəhərində dəri emal
edən emalatxanalar iltizama verilirdi. Burada
emal edilmiş dərilər xüsusi damğalanırdı.
İltizam sahibi belə dəridən
töycü pulu alırdı. Məsələn,
üç damğalanmış qoyun və keçi dərisinin
hər birindən iltizam sahibi 1 şahı (2 gümüş
qəpik), camış və kəl dərisindən isə 2
şahı (4 gümüş qəpik) alırdı. Emal edilmiş dərinin əsas satış yeri bazarlar
idi. Lakin onu satmaq üçün sərt
qaydalar mövcud olmuşdu. Belə ki,
damğalanmamış dəri satışa
çıxarıla bilməzdi.
Xanlıqda sənətkarlıq sahələrindən
biri də şüşə istehsalı idi. Ümumiyyətlə,
İrəvan xanlığında şüşə çox
primitiv şəkildə hazırlanırdı. İ.Şopen şüşə istehsal edən
emalatxanalar, orada tətbiq edilən texnalogiya və əldə
edilmiş məhsul haqqında çox dəyərli məlumat
vermişdi. Onun yazdığına görə, «soba
yandırılmış sümük ovuntusu, xüsusilə,
at dırnaqları ilə qarışdırılmış gil boru ilə birləşdirilmiş təknə
şəklindədir. Məhlul təknədə
əridilirdi. Od yuxarıdan, məhlul
ilə tavan arasından keçirdi. Hər
qaynama adətən dörd gün davam edirdi. Bu vaxt ərzində 25 pud şüşə məhlul
əldə olunurdu. Qaynamaya isə 2 1/2 kub
sajen odun işlədilirdi». Beşinci
gün ustalar şüşənin istehsalına
başlayırdı. Hazır olmuş məhluldan
100, 150 və 200 ədəd şüşə
alınırdı. Şüçə
üçün lazım olan xammal kvarslı qum,
soda və bir qədər marqans qarışığından əldə
edilirdi. Bacarıqlı ustalar şüşəyə
yeddi cür rəng - tünd qırmızı,
qırmızı, çəhrayı, göy, mavi,
yaşıl və narıncı əlavə edə bilirdi.
Daha şəffaf şüşə əldə etmək
üçün potaşdan (qələvi ağ
maddə-E.Q.) istifadə olunurdu. Soda isə
şüşəni göy rəngə boyayırdı.
Pəncərə və butulka şüşəsi
hazırlamaq üçün sodaya üstünlük verilirdi.
Lakin işğaldan sonra bu sahə ilə məşğul
olan emalatxanalar məhv edilmişdi. İrəvan
xanlığında sənətkarlıq növlərindən
biri də dulusçuluq idi. Xanlıqlar
dövründə saxsı qablar istehsalı ilə daha
çox kəndlərdə məşğul olurdular. İrəvan xanlığında da vəziyyət
belə idi. Demək olar ki, «hər bir
mahalda dulusçuluq emalatxanaları fəaliyyət göstərirdi».
Emalatxanalarda məişətdə istifadə
olunan qabları hazırlamaq üçün peçlər
quraşdırılmışdı. Bu peçlərdə
su və şərab saxlamaq üçün küplər, məişətdə
istifadə olunan müxtəlif gil qablar, lazım
gəldikdə kərpic də bişirilirdi. Xanlıqda
bişirilmiş kərpic baha qiymətə
satılırdı. Bir ildə kərpicdən
gələn gəlir 12-14 min gümüş rubl idi. Təəssüf ki, İrəvan
xanlığında «sənətkarlıq istehsalının ən
qədim sahələrindən olan» dulusçuluq
emalatxanalarının sayı haqqıqda məlumata rast gəlmədik.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, xanlıqda yağ hazırlayan xüsusi sənətkarlar dəstəsi
də vardı. İşğaldan əvvəl bütün
mahalların əksəriyyətində yağ
istehsal edən müəssələr fəaliyyət göstərmişdir.
İ.Şopen siyahıyaalınma aparılarkən
mahalların xaraba qalmış kəndlərində çoxlu
dağıdılmış yağ
hazırlayan müəssələrə rast gəlmişdi.
Yağı əldə etmək üçün xüsusi qurğudan istifadə edilirdi. Bu qurğunun quruluşu çox sadə idi. Bozalt və yaxud qumdan olan dəyirman daşı bir cüt kəl və camış vasitəsilə şaquli vəziyyətdə hərəkətə gətirilərək məhsul üyüdülür, ağac pərin köməyi ilə yağ pres halında sıxışdırılıb çıxarılırdı. Yağ müəssisələrində həm kətan, həm də küncüt yağları istehsal olunurdu. Burada kətan yağma daha çox üstünlük verilirdi. Kətan bitkisi əsasən yağ əldə etmək üçün əkilirdi. Küncüt ancaq bəzi kəndlərdə əkilirdi. Küncüt yağının istehsalı az olsa da, bu yağın zeytun yağından heç də geri qalmayan xoş ətirli iyi var idi. Bir batman yağ 4 batman kətan buğdasından alınırdı. Yağ hazırlayan müəssisələr ildə 1.500 batman yağ istehsal edirdi. Müsəlmanlar kətan yağından çıraqların yandırılmasında, ermənilər isə yeməklərin bişirilməsində istifadə edirdilər.
Küncüt yağının bir batmanı 8-dən 12 abbasıya, kətan yağı isə 4-dən 6 abbasıya satılırdı. Adıçəkilən yağlardan başqa yerli əhali gənəgərçək yağından da istifadə edirdi. Gənəgərçək yağı ev şəraitində hazırlanırdı. Bu yağ qatı, rəngi isə qara olurdu və çox pis qoxusu vardı. Gənəgərçək yağından evləri işıqlandırmaq üçün çıraqlarda istifadə edilirdi. Onun bir batmanı 4-dən 6 abbasıya satılırdı. İrəvan xanlığının iqtisadiyyatında inkişaf etmiş əsas sahələrdən biri də ticarət idi. Xanlığın yaxın-uzaq ölkələrə gedən karvan yollarının qovuşduğu yerdə yerləşməsi ticarətin inkişafına öz təsirini göstərmişdi. Ticarətdən bəhs etməzdən əvvəl bu ticarət yolları haqqında məlumat vermək yerinə düşərdi. Belə ki, İrəvan xanlığında müxtəlif istiqamətlərə gedən və gələn karvan yolları mövcud olmuşdu. Mənbələr bu yollar haqqında maraqlı məlumatlar verir. Əsas karvan yolları bunlardır: 1. Tiflisdən İrəvan şəhərinə gələn yol idi ki, bu yol iki hissədən ibarətdir: a) Tiflis-Şulaver-Cəlaloğlu- Hamamlı-Abaran-Eçmiədzin-İrəvan; b) Hamamlı-Gümrü-Talın-Eçmiədzin-İrəvan. Talına qədər gələn yol düz və açıq, Talından Eçmiədzinə uzanan yol isə daşlı və susuz idi. Ona görə də, may ayında İrəvana qədər gələn yolda otlar artıq yanmışdı;
2.Tiflis-Qalagir-Başkeçid-Cəlaloğlu-Gümrü-Abaran-Mirək-Sudakənd-Eçmiədzin-İrəvan. Bu yol Mələkə kəndinə qədər hərəkəti çətinləşdirməyən xırda açıq təpəliklərlə əhatə olunmuşdu. Lakin yaşıl otluqlarla və su ilə bol idi.
3. Tiflis-Bozqala-Böyük Qarakilsə-Hamamlı-Pəmbək-Abaran-Mirək-Sudakənd-Çaləli-İrəvan-Eçmiədzin. Bu yolun iki çətinliyi vardı. Birincisi, Əştərək kəndinə 10 verst qalmış bu yol daşlıqlardan ibarət idi. Çünki üç verst uzunluğunda olan Pəmbək dağını keçmək lazım idi. Buradan İrəvana qədər yollar susuz və boş çollərlə əhatə olunmuşdu. Əvəzində Hamamlıdan Eqvard kəndinə qədər yol yaşıl otluq və su ilə bol idi.
4. Böyük Qarakilsə-Qəmzəçəmən-Eşşəkmeydan-İrəvan. Bu yol əsasən Gəncə yolundan başlayaraq Akstafa çayının sahili ilə hərəkət edərək Dilican dərəsindən keçməklə Eşşəkmeydana, buradan Göyçə gölünün yaxınlığından, Zəngi çayının mənbələrindən dönərək İrəvana doğru yönəlirdi. Yol iri aşırımlardan və sıx meşəlikdən keçirdi;
5. İrəvan-Naxçıvan-Təbriz-Tehran;
6. İrəvan-Sərdarabad-Arazın sağ sahili-Maku-Xoy-Təbriz.
Qeyd edilən karvan yollarından başqa xanlıqda müxtəlif istiqamətlərə hərəkət edən yollar da mövcud olmuşdu. Məsələn, təkcə Şuragöldən beş əsas yol keçirdi ki, bu yollar Gümrüdə birləşirdi. Buradan isə Talın-Baş Avaran-Mirək; Pəmbəyə doğru Bəykənd- Hamamlı-Böyük Qarakilsə; Osmanlı sərhəddi boyu Arpa çayını keçərək Qars-Ərzurum istiqamətində ayrılırdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 28 mart.- S.13.