İrəvan xanlığının
iqtisadiyyatı
6-cı yazı
P.Zubov da əsərində Kartli-Kaxetiyadan İrəvan
xanlığına gələn və Naxçıvan
xanlığına gedən bəzi yollar və onların
yararlı olması və məsafəsi haqqında maraqlı
məlumat vermişdir. Onun verdiyi məlumata görə,
rusların əlində olan Cəlaloğlu qalasından İrəvana
üç yol vardı. Onlardan biri
Gümrüdən, ikincisi Dilican dərəsindən,
üçüncüsü isə Abaran çayının
sahili boyunca keçməklə İrəvan şəhərinə
istiqamət götürmüşdü. Birinci
yol daha rahat idi və uzunluğu 200 verstə bərabər idi.
İkinci yol yay fəslində istifadəyə
daha yararlı idi. Üçüncü
yol isə nisbətən qısa olmaqla ilin əksəriyyət
günlərində istifadə etmək olardı. Onun uzunluğu 110 verstə bərabər idi. Bütün bu yollar birləşmiş halda vadi
boyunca istiqamət götürərək enişi düz və
yoxuşu çətin olan iri Bozabdal dağından keçməklə
davam edirdi. Axırıncı yol
Qışlaq kəndindən Pəmbək dərəsinə
dönərək dağlar arası ilə, böyük hissəsi
Abaran çayı boyunca keçir. Əştərək
kəndindən daşlı, düz vadi ilə istiqamət
götürərək Eçmiədzindən keçməklə
İrəvan şəhərinə gedir. İrəvana
yol isə Zəngi çayı üzərindəki
körpüdən keçirdi. Daha sonra
müəllif İrəvandan Naxçıvana gedən yol
haqqında məlumat vermişdi. Onun
yazdığına görə, İrəvan şəhərindən
Naxçıvana 132 verstdir. Bu yol İrəvan
şəhərindən Arazın şimal sahili böyunca
istiqamət götürərək Naxçıvana gedir.
Dəvəli kəndinə qədər yol vadi
boyunca istiqamət götürərək Araz
çayının sol sahilinə tökülən çoxlu
xırda çaylardan keçirdi. Dəvəli
kəndindən Naxçıvana qədər yol Qafqaz sıra
dağlarının cənub ətəklərini təşkil
edən dağlardan, Naxçıvan xanlığının sərhəddində
isə Arpa çayını və ona tökülən
xırda çaylardan keçirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, İrəvan
xanlığından Osmanlı dövlətinə və Azərbaycanın
şimal xanlıqlarına istiqamətlənmiş karvan
yolları haqqında 1829-1832-ci illərdə keçirilən
kameral təsvirdə ətraflı məlumat verilmişdir. Kameral təsvirdə
göstərilən yollar aşağıdakılardır:
1.
Gümrü-Məsdərə-Sərdarabad-Eçmiədzin-İrəvan-Naxçıvan-Ordubad;
2. Sərdarabad-Cəfərağa
kənd-Bəyayazid paşalığı;
3. Sərdarabad-Qulp-Araz
sahili ilə Kağızman-Ərzurum;
4. İrəvan-
keçmiş Qarabağ xanlığının sərhəddinə
qədər. Bu yolun uzunluğu 161 verstdir;
5. İrəvan-Eçmiədzin-Qars.
Bu yol Qızılkilsə və Qoşavəng kəndlərindən
keçirdi.
Ticarət dövlətin xəzinəsinə
böyük gəlir gətirdiyindən İrəvan
xanları bu sahəni əllərində cəmləşdirmişdi. Xanlar ticarətə
böyük sərmayə yatırırdı. Ticarətdən gələn gəlir hesabına hərəmxana,
saray xidmətçiləri və qoşun
saxlanılırdı. İrəvan
xanları daha varlı tacirlərin şəriki idilər.
XVIII əsrin 80-ci illərin əvvəllərində
İrəvan xanı Hüseynəli xanın (1759-1783) Xoy
xanı Əhməd xan Dünbülüyə göndərdiyi
məktubu buna misal göstərmək olar. Xan məktubunda
şəriki tacir Hacı Hadinin Bağdad şəhərindən
mal gətirdiyini, malın xeyli hissəsinin satıldığını,
qalan hissəsinin hil və qəhvənin isə Xoya göndərildiyini
və onun satılmasında Hacı Hadinin adamlarına köməklik
göstərilməsini Əhməd xandan xahiş edirdi. Həmçinin xanlığın xan titulu
daşıyan nüfuzlu adamları da ticarətlə
maraqlanırdı. Onlar «sərdardan ibrət
götürərək tacirləri pulla təmin edir, onları
himayəyə alırdılar». İrəvanda ona qədər
belələri yaşayırdı və onlar hər il ticarətə 3 min tümən pul sərf
edirdi. Mirzə, bəy və digər məmurlar
da gəlirlərini artırmaq məqsədilə İrəvan
bazarında pul xərcləyir və xeyli qazanc
götürürdülər.
İrəvan xanlığında başlıca ticarət
mərkəzi İrəvan şəhəri idi. Burada həm
daxili, həm də xarici ticarət güclü inkişaf
etmişdi. Şəhərin əlverişli
mövqedə yerləşməsi ticarətin inkişafına
lazımi şəraət yaratmışdı. 1827-ci il oktyabrın 3-də general Paskeviç knyaz
Mixail Pavloviçə ünvanladığı məktubunda
İrəvan şəhərinin regionun ticarət münasibətlərində
böyük rolundan bəhs edərək yazırdı: «İrəvan
alındıqdan sonra şəhər tamamilə
dağıdılıb. Lakin evlərin
dağılması vacib deyil. İmperatorumuzun
idarəçiliyi sayəsində əhali tezliklə varlanacaq
və yeni binalar tikiləcək. İrəvanın
ən böyük əhəmiyyəti onun üç dövlətin
əhatəsində yerləşməsidir. Onun İran və Osmanlı dövlətləri ilə
çevik ticarəti bizə görünməmiş qazanc gətirəcək».
İrəvan şəhəri müxtəlif ölkə
və xanlıqlardan gəlmiş tacirlərlə dolu
olardı. Şəhər anbarlarında müxtəlif ölkələrdən
gətirilmiş çoxlu ticarət malları
toplanmışdı. Burada İrandan və digər
xanlıqlardan İrəvana xalça, şal, şəkər,
qəhvə, nabat, şəkər tozu, xına, müxtəlif
mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal, xurma, ipək,
dəri, tünd boyaq, pambıq parça, kişmiş, noxud,
nar və üzüm şirəsi, Kartli-Kaxetiyadan alma, armud,
xurma, əncir, kişmiş, qoz, zoğal, badam və başqa
meyvələr, Osmanlı dövlətindən isə müxtəlif
növ parça, yağ, yun, zəy, marena, xarici
çaxır, araq, yerli çaxır, bal, mum, qoz və
müxtəlif meyvələr, tir, taxta və taxta piyalə və
s. gətirilmiş mallar var idi.
İrəvan xanlığından da bir sıra ölkələrə
müxtəlif çeşiddə ticarət malları ixrac
edilirdi. Məsələn,
İrəvandan Osmanlı dövlətinə duz, qənd, ipək,
yun, pambıq parçalar, düyü, tütün, xam
pambıq, koşenil, cürbəcür meyvə, Kartli-
Kaxetiyaya duz, kişmiş, boyaq bitkisi koşenil, ipək,
pambıq ixrac edilirdi. Xanlığın
Kartli-Kaxetiya çarlığı ilə ticarət
dövriyyəsi daha geniş idi. İrəvan
tacirləri böyük kapitala malik olduğundan, onlar
İstambuldan, İran və Azərbaycan şəhərlərindən
ticarət malları alaraq Tiflis bazarlarında nəğd pula
satır və əvəzində alman və rus
mallarını alırdılar. İrəvan
şəhəri İran və Azərbaycandan Tiflisə və
əksinə göndərilən ticarət mallarının
anbarı hesab olunurdu. Hətta müharibələr belə
ticarətə mane ola bilməmişdi. Birinci Rusiya-İran müharibəsi dövründə
iki ölkə arasında ticarət əlaqələrinin davam
etdirilməsi haqqındakı sənədlərdə bir
sıra faktlara rast gəlmək mümkündür. 1808-ci ilin fevralın 8-də rus
qoşunlarının baş komandanı qraf Qudoviç
çara yazdığı məlumatında göstərirdi
ki, «Hətta İrəvan tacirlərinin Tiflislə ticarət əlaqələri
əvvəlki illərə nisbətən daha da artmış
və irəvanlılar mallarla dolu karvanlarını inamla
buraya yola salırdılar». General Tormasov və
General Rtişşev də məktub və məlumatlarında
müharibə olmasına baxmayaraq, İrəvanla Tiflis
arasında ticarət əlaqələrinin davam etdiyini göstərirdilər.
İrəvan xanlığı işğal edildikdən sonra da İrəvanda ticarət işi dayanmamışdı. 1837-ci ildə İrəvan şəhərinin ticarət anbarlarında müxtəlif ölkələrdən gətirilmiş zəngin ticarət mallarının olması və onların dəyəri haqqında ətraflı məlumat vardır. Məlumata görə, İrəvan şəhərinə Rusiya və alman istehsalı olan çit parça, alman mahudu, qənd, qızıl boyaq, meyvə, kolenkor (pambıq parça növü), indiqo, pambıq parça, ləzgi mahudu, ipək, xalça, zəfəran gətirilirdi. Bütün bu malların ümumi dəyəri 168.200 rus gümüş rubluna bərabər idi. İrandan və Azərbaycanın ayrı-ayrı xanlıqlarından isə maya dəyəri 80 min rus gümüş rublu olan parça, kəşmir yaylığı, müxtəlif ipək parçalar, çadra, qadın geyimləri, rəngli keçə, Ost-hind kiseyi (nəzik şəffaf parça), ingilis çit parçası, ağ kolenkor, xorasan quzu dərisi, qənd, qəlyan tütünü, çubuq qəlyan və digər mallar gətirilirdi. Osmanlı dövlətindən mahud, kolenkor, atlas, Avropa ipək parçası və çiti, koşenil, rəngli şüşə, kətan, bal, güzgü, polad əşyaları idxal edilirdi. Bu malların ümumi dəyəri 10 min gümüş rubul qiymətində idi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan şəhərində xarici ticarətlə bərabər daxili ticarət də inkişaf etmişdi. Daxili ticarət əsasən, çoxunun eyni zamanda sənətkar emalatxanaları kimi fəaliyyət göstərdiyi dükanlarda aparılırdı. Bununla yanaşı sırf ticarət dükanları da var idi. Onlar böyük sahələri əhatə edən şəhər bazarlarında cəmləşmişdi. Bazarlardan əlavə, karvansaraların ətrafında, qalada və şəhərin müxtəlif hissələrində də dükanlar olurdu. İrəvan şəhərində karvansaraların ətrafında 252, ayrı-ayrı cərgələrdə 543, qalada 32, şəhərin «Təpəbaşı» məhəlləsində 4, «Şəhər» hissəsindəki məscid ətrafında 18, «Dəmirbulaq» məhəlləsində isə 2 dükan vardı. Bu dükanların ümumi sayı 851-ə çatırdı. Dükanlar müəyyən olunmuş muzdla şəhər əhalisinə icarəyə verilirdi.
İrəvan xanlığında kənd ticarəti
də mövcud olmuşdu. Lakin bu sahə zəif inkişaf
etmişdi. Bunun əsas səbəbi xanın bir sıra kənd
təsərrüfatı mallarını inhisara alması ilə
bağlı idi. Xanın fərmanına
görə, kəndlilərin bazara
çıxardığı pambıq və çəltiyin
artıq hissəsi ona satılmalı idi. Əgər
kimsə cəsarət edib bu məhsulları başqasına
satardısa amansız təqib olunurdu. Xan tərəfindən
bu məhsullara qiymət də təyin edilmişdi. Belə ki, pambığın bir xalvarı 80
gümüş rubla, çəltiyin xalvarı isə 6
gümüş rubla alınırdı. Ucuz
satın alınmış mallar tacirlər vasitəsilə
Kartli-Kaxetiya, İran və Osmanlı dövlətlərində
satdırılaraq küllü miqdarda qazanc əldə edilirdi.
Xarici və daxili ticarətin cəmləşdiyi yer
bazarlar idi. İrəvan şəhərində ən iri bazar «Təpəbaşı»
məhəlləsi ilə «Şəhər» məhəlləsi
arasında yerləşirdi. Bazar daş
tavanın altında bişmiş kərpicdən tikilmişdi.
İ.Şopenin yazdığına görə,
«əgər bazarın divarları suvansa və rənglənsə
Avropa bazarlarından heç də geri qalmaz». İrəvan şəhərində bazarlardan əlavə,
meydanlar da vardı. Bu meydanlar adətən,
əhalinin söhbət etmək üçün
toplaşdığı yerlər idi. Lakin əhalinin
burada cəmləşməsindən istifadə edərək,
meydanlar ticarət məqsədilə də istifadə olunurdu.
Ona görə də, onlar bazar meydanları
adlanırdı. İrəvan şəhərində olan
bazar meydanları bunlardır:
1.
«Xanbağı» meydanı;
2. Bazarla
İrəvan qalası arasında yerləşən meydan. Adətən
kənd əhalisi bu meydana satlıq mal gətirərdi;
3.
Hüseynəli xan məscidi qarşısındakı dairəvi
meydan. Bu meydanın ətrafında dükanlar yerləşmişdi;
4.
Zalı xan meydanı. Ətrafında bir neçə dükan
və iri çinar ağacları vardı;
5. Fəhlə
bazarı. Xanlıq dövründə bu meydana hər hansı
iş axtaran qara fəhlələr
yığışardı. Bazar meydanları
icarəyə verilirdi. İcarədar ticarət
edənlərdən həm pul, həm də natural şəkildə
vergi alırdı. İrəvan
xanlığında ticarətin inkişafına təkan verən
çoxlu karvansaralar var idi. Onların əksəriyyəti
İrəvan şəhərində, qalada, bəziləri isə
mahallarda yerləşirdi. Məşhur
fransız səyyahı J.Şardən 1673-cü ildə
İrəvanda olarkən «şəhər və qalada
çoxlu karvansaraların» olduğunu göstərmişdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 29 mart.-
S.13.