Özbək ədəbiyyatı
3-cü yazı
Əlişir Nəvai zəngin yaradıcılıq irsinə
sahibdir. Onun
türkcə yazılmış təxminən 50 min
misralıq 4 divanı, həmçinin qəsidələrdən
ibarət 10 min misralıq farsca 1 divanı, 25620 beytlik “Xəmsə”si
və müxtəlif həcmlərdə olan təxminən 20
digər elmi-fəlsəfi (təzkirə, filoloji, dini-əxlaqi,
tarixi və s.) əsərləri 500 ildən çoxdur ki,
oxucuları heyrətləndirmiş, onların
zövqünü oxşaya bilib. Gənc yaşlarından
yaradıcılıq şöhrəti tapmış
Əlişir Nəvai əsərlərini türk
(cığatay) dilində “Nəvai”, fars
dilində “Fani” təxəllüsü ilə qələmə
alıb.
Əlişir Nəvai yaradıcılığında
lirika əhəmiyyətli yer tutur. Onun lirik əsərləri
5 divan şəklində tərtib olunub. Onlardan 4-ü
türk, 1-i isə fars dilindədir. Türk dilində olan 4 divan “Mənalar xəzinəsi”
ümumi adı ilə tanınır. Əlişir
Nəvai ilk türk divanını hökmdar Hüseyn
Bayqaranın məsləhəti ilə tərtib edib. Şairin yaxın dostu Ə.Cami isə ona türkcə
yazdığı şeirlərini 4 divan şəklində tərtib
etməyi tövsiyyə edib. Ə.Nəvai
“Mizanül-övzan” (“Vəznlərin tərəzisi”) əsərində
beytlərinin sayı “25 minə yaxınlaşan türk dilində
yazılmış 4 divan”ı haqqında məlumat verir.
Bununla yanaşı şairin 1499-cu ildə
tamamladığı “Mühəkəmətül-lüğəteyn”
əsərində türkcə divan yazmasının səbəbləri
ilə bağlı fikirləri olduqca maraqlı səslənir:
“Çün bu yolda himmətim ali idi, təbim
isə qorxu və ürküsüz, bu gülşənin
yanından laqeydliklə keçməyə qoymadı və
tamaşasından doymadı. Və o aləm fəzasına
təb qoşunlarım türksayağı yürüşlər
etdi, xəyal quşum o göyün ənginliklərinə
qanad çaldı və o cəvahir xəzinəsindən
könül sərrafım əvəzsiz qiymətə malik ləl
və dürləri seçdi. Qəlbimin
gülyığanı o gülşəndən
saysız-hesabsız xoş ətirli qızılgül və
yasəmən yığdı. Çün
bu bəxşişlər ilə sərvətlənmək və
bu sərvətlər ilə təminlik mənə müəssər
oldu, nəticədə onun gülləri hədsiz miqdarda
rüzgar əhlinin üzünə açıldı və
ixtiyarsız başlarına saçılmağa
başladı”.
“Mizanül-övzan”
əsərinin türk dilində yazılması ilə
bağlı Nəvainin aşağıdakı fikirləri bu
yolda onun fəxr və qürurunun təsdiqidir: “Türk dili ilə
qələm sürdüm. Hər qaydada ki, məna
gözəllərinə zinət və bəzək
vermişdilər, cığatay sözləri ilə bəzədim.
Belə ki, ta bu qeyd olunan, dil və söz
binasıdır, heç şairə əl uzatmamışam.
Heç yazana bu müəssər
olmamışdır.”
Ə.Nəvai
“Ğəraibüs-siğər” (“Uşaqlığın
möcüzələri”), “Nəvadirüş- şəbab”
(“Gəncliyin qaş-daşları”), “Bədayil-vəsət”
(“Orta yaşın qəribəlikləri”) və “Fəvaidül-kibər”
(“Qocalığın faydaları”) adlarında türkcə 4
divan tərtib etmişdir ki, “Mühakəmətül-lüğəteyn”
əsərində onların xüsusiyyətləri və
yaşının hansı dövründə yazılmaları
barədə belə bir mə¬lumat verir: “Onlardan biri “Ğəraibüs-siğər
(“Uşaqlığın möcüzələri”)
divanıdır ki, kiçik yaşdakı təkririmin və
təhririmin yadigarıdır. Orada heyrətamiz
mənaları qəribə söz libasına geyindirmişəm
və elin könlünü o qəribistan əhlinin odu ilə
isindirmişəm.
Biri də “Gəncliyin qaş-daşları” (“Nəvadirüş-şəbab”)
divanıdır ki, yeniyetmə yaşlarımda bəyanım qələmimdən
nümayiş divanına zinət bostanına
tökülübdür: o daş-qaş tamaşasında
yeniyetməlik mülkünə qovğa salmışam və
o mülk cavanlarının könlündən səbrqərarlarını
almışam.
“Orta yaşın qəribəlikləri” (“Bədayil-vəsət”)
divanında isə ömrün çağlarının xəyal
qələmi onun bəzəyinə nəqşbəndlik və
zinətinə sehr-peyvəndlik verib: o bədii (kəlamlar)
vasitəsi ilə şeyda könüllər qapısın
eşq daşı ilə döymüşəm və o evi
fitnə və afət oduna yaxmışam.
Biri də “Qocalığın faydaları” (“Fəvaidül-kibər”)
divanıdır ki, ömrünün sirli
çağlarında təxəyyülümün qələmi
ilə Çin rəngkarlarının qibtə edəcəyi
və cənnət barlarının qısqanacağı bir bəzək
vurub. Onda bu
dünyanın hakimlərinə faydalar zülalın
içirtmişəm və həvəsləri şöləsinə
nəsihət zülalından su vermişəm”
.
Divanlara
daxil olan şeirlərin yazılma tarixləri burada konkret
göstərilməsə də qeyd etməliyik ki, şair
“Uşaqlığın möcüzələri”ni 17-20
yaşlarında, “Gəncliyin qaş-daşları”nı 20-35
yaşlarında, “Orta yaşın qəribəlikləri”ni
35-45 yaşlarında və “Qocalığın
faydaları”nı isə 45-57 yaşlarında
yazdığı şeirlər əsasında tərtib edib. Ə.Nəvai lirikası janr baxımından olduqca rəngarəngdir.
Belə ki, o, qəzəl, qəsidə, müxəmməs,
müstəzad, rübai, tuyuq və digər şeir şəkillərindən
istifadə etməklə özbək poeziyasının,
bütünlükdə isə türk şerinin bədii ifadə
imkanlarını xeyli genişləndirib, türkdilli şeirin
Şərqdə şöhrət tapmasını təmin
edib. Ə.Nəvainin müxtəlif janrlarda
yazdığı şeirlər yalnız rədif, vəzn, məzmun
baxımından deyil, həm də bədii ifadə vasitələri
baxımından da diqqəti cəlb edir:
Saqi məni
xar-xardan eylə xilas,
Gəl gül üzün aç bahardan eylə xilas.
Ya mey
verü intizardan eylə xilas
Ya öldürübən xumardan eylə xilas.
Ə.Nəvai lirikasının əsasını qəzəllər
təşkil edir. O, “ortaq qəzəl üslubu” ilə sadə və
anlayışlı, məna dərinliyi ilə seçilən
qəzəllər yaradıb. Bu mənada onun “qəzəl
mülkünün sultanı” adlandırılması təsadüfi
deyil. Onun qəzəlləri dolğun mənası,
rəvan və səlis dilinə görə seçilir.
Əlişir Nəvai ədəbiyyat tarixlərində
lirik şairdən çox “Xəmsə” müəllifi kimi
tanınır. O, 1483-1485-ci illərdə “Xəmsə” ənənəsinə
cavab olaraq 25620 beytdən ibarət beş
poema yazmışdır:
1) “Heyrətül-əbrar”
(1483),
2) “Fərhad
və Şirin” (1484),
3) “Leyli və
Məcnun” (1484),
4) “Səbə’yi
səyyar” (“Yeddi səyyarə”) (1484),
5) “Səddi-İsgəndər”
(1485).
Qeyd edək ki, Nizami yaradıcılığı Şərqin
böyük sənətkarları üçün örnək
olmuşdur. Xüsusilə “Xəmsə” ənənəsinə
cavab və Nizaminin ayrı-ayrı əsərlərinə nəzirə
yazmaq ədəbi yarışa çevrilmişdir.
Ə.X.Dəhləvi, Ə.Cami, Əbdi bəy Şirazi,
A.Ərdəbili, Marağalı Əşrəf və s. sənətkarlar
bu sahədəki qələmlərini sınaqdan
çıxarmış, ölməz sənət nümunələri
yaradıb. Ə.Nəvai də Nizami irsinə
yaxından bələd olmuşdur. Bu fakt
bir çox mənbələrdə öz təsdiqini
tapır. Həmin faktlara əsasən deyə
bilərik ki, Nəvai Nizami əlyazmalarını oxumuş, Nəvainin
nəzarəti altında bu əlyazmaların üzü
köçürülmüş və şəxsi
kitabxanasında saxlanılmışdır. “Nizaminin 884
hicri (=1479) ilində köçürülmüş mükəmməl
və qədim “Xəmsə”si, həmçinin bu əsərin
886-cı hicri (=1481) ilində
köçürülmüş ən bəzəkli, 45
miniatürü olan nüsxəsi bir sıra başqa nüsxələr
kimi Nəvainin kitabxanasının incilərindəndir”. Göründüyü kimi, Nəvai Nizami əsərlərini
orijinaldan oxuyub, onun sənət sehrinə düşüb və
“Xəmsə” yazmaq təşəbbüsünə
qoşulub. Ə.Nəvainin “Mühakəmətül-lü-
ğəteyn” əsərində bu fikir öz təsdiqini belə
tapır: “Xəmsə” pəncəsinə pəncə
vurmuşam. Əvvəlcə “Möminlərin təşvişi”
(“Heyrətül-əbrar”) bağında təbim güllər
açıbdır ki, ona “Sirlər xəzinəsi”ndən “Məxzənül-əsrar”
Şeyx Nizaminin ruhu başıma dürlər
saçıbdır”. O cümlədən, Ə.Nə-
vai “Xəmsə”yə daxil olan əsərlərində də
Nizami qüdrətinin böyüklüyündən, sənətinin
ecazkar gücündən danışaraq bir daha Nizamiyə olan
məhəbbətini nümayiş etdirib: “O Gəncədə
yatan böyük Nizami Gəncədə olsa da aramı onun Xəznələr
üstədir məqamı onun”. “Nizami bir fildir
yox bərabəri Söz incisi ondan aldı dəyəri”.
Ə.Nəvai
“Xəmsə”ni cəmi iki il ərzində
(1483-1485) yazıb tamamlamaqla Şərqdə ilk türkdilli “Xəmsə”nin
əsasını qoydu. “Heyrətül-əb-
rar” Ə.Nəvai “Xəmsə”sinə daxil olan ilk poemadır.
Fəlsəfi-didaktik mövzuda yazılmış bu əsər
64 fəsilə bölünməklə 20 məqalətdən
ibarətdir. Poemada misraların sayı 8 mindir. Əsər ənənəvi olaraq Allahın və
peyğəmbərin tərifi ilə başlayır. Əsərdə eyni zamanda Nizami, Dəhləvi və
Caminin də tərifi öz əksini tapır, onlar söz sənəti¬nin
korifeyləri kimi mədh olunur. Poemada
sözün və dövrün hakimi Hüseyn Bayqaranın tərifindən
sonra Ə.Nəvai özünün ictimai-fəlsəfi
görüşlərinə yer verir. Bu sırada dövlət,
hakimiyyət, cəmiyyətin ədalətli idarə
olunması və s. məsələlər bədii ifadəsini
tapır. Fəlsəfi-didaktik formada qələmə
alınmış “Heyrətül-əbrar” mövzu və ideya
baxımından dahi Nizaminin “Sirlər xəzinəsi” əsərinə
uyğundur.
Ə.Nəvainin “Xəmsə”sinə daxil olan poemalar
sırasında “Fərhad və Şirin” “mərkəzi əhəmiyyətə
malik bir sənət əsəri” (H.Araslı) kimi diqqəti cəlb
edir. Əsərdə Fərhadla Şirinin sevgisi daxilində
həyati problemlərin təhlili əsas yer tutur. Poema qələmin tərifi, Nizami və Pəhləvi¬nin
xatırlanması ilə başlayır. Bu
da səbəbsiz deyil. O, “cismi zəif, dimdiyi şəvə”,
“fikrin yel qanadlı atı” olan qələmi “mənalar xəzinəsinin”
yaradıcısı hesab edir. Bu mənada misilsiz
qələm sahibləri kimi Nizami və Pəhləvinin
adları hörmətlə yad olunur. Ə.Nəvai Nizami
Gəncəviyə nəzirə yazmağın məsuliyyətini
dərk etdiyi üçün bu meydanda söz deməyin asan
olmadığını dönə-dönə təkrarlayır:
Bu meydanda
sanma asandır durmaq,
Nizamiylə
pəncə-pəncəyə vurmaq
Nizamiyə
pəncə uzatsa hər kəs,
Qırılar
pəncəsi murada yetməz
Şir pəncəsi
gərək şirlə edə cəng
Barı şir olmasa, qoy olsun pələng.
Lakin Ə.Nəvai öz əsərində Nizamidən fərqli
olaraq Fərhadı baş qəhrəman səviyyəsinə
yüksəltmiş, onu şahzadə obrazında öz
ideyalarının təmsilçisi kimi təqdim edib. Fərhad hələ
uşaqlıqdan həm zahiri görkəmi, həm də
ağlı və elmi dərrakəsi ilə
başqalarından fərqlənir:
...Üçyaşı
olarkən, görkəmi ilə
On
yaşdan az vermək olmazdı tiflə.
...Hər
hansı dərsə baxsa bir kərə
Bir də
əl vurmazdı o vərəqlərə
Bir dəfə
oxusa dərsini ancaq
Əzbər bilər idi o, varaq-varaq.
Fərhad təkcə zahiri görkəmi və elmə həvəsi
ilə seçilmir. O, hökmdar oğlu olsa da, əməyi sevir və bu
sevgi onu Qarindən daş yonmaq sənətini öyrənməyə
sövq edir. Ə.Nəvai əsərin əvvəlində
Fərhadı bu cür təqdim etməklə onu gələcək
hadisələrə hazırlayır, poemada onunla bağ¬lı
proseslərin təsadüfiliyinə son qoyur, onların təsir
gücünü artırır. Bu səbəbdəndir
ki, Fərhadın atasından taxt-tac təklifini qəbul etməməsi,
Yunan ölkəsinə səfəri zamanı bütün
çətinliklərdən qalib çıxması, İsgəndər
tilsimini açması, Ərmən-zəmində qayaları
yarıb su arxı çəkməsi və s. əsərdə
oxucu tərəfindən təbii qarşılanır. Onu da qeyd edək ki, Fərhadın yuxarıda
sadalanan hər bir hərəkəti onun müəyyən
xarakter keyfiyyətinin açılmasına xidmət göstərir.
Müəllif Fərhadı taxt-taca, var-dövlətə
hərislikdən uzaq saxlayır. O, bütün əsər
boyu igid və cəsur bir qəhrəman təsiri
bağışlayır.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2019.- 30 mart.-
S.14.