MUSA AYBƏK - müasir özbək ədəbiyyatının
tanınmış nümayəndəsi
2-ci yazı
30-cu illərdən başlayaraq M.Aybək nəsr sahəsində
uğurlar qazanmağa başladı. İlk əvvəllər
o, bir neçə hekayə və oçerklər
yazmış, sonralar isə irihəcmli nəsr əsərləri
qələmə almışdır. Yazıçının
irihəcmli əsərləri içərisində əsas
yerlərdən birini “Müqəddəs qan” romanı tutur.
M.Aybək 1936-ci ildə əsəri yazmağa
başlamış və romanı 1939-cu ildə tamamlaya
bilmişdir. Özünün yazdığı qeydlərindən
aydın olur ki, yazıçı bir neçə il əvvəllər roman üçün
material topladığına görə qısa vaxt ərzində
əsərin tamamlanmasına nail olur.
“Müqəddəs qan” romanının mövzusu XX əsrin
əvvəllərində, I Dünya müharibəsi illərində
geniş mənada Orta Asiya məkanında baş vermiş
hadisələrdən götürülüb. Əsərin
baş qəhrəmanı Yolçudur. Müəllif
öz qəhrəmanını geniş ictimai planda əks
etdirir. Yolçu kənddən şəhərə
bir parça çörək pulu qazanmaq üçün gəlir.
Bunun üçün anası Xoşruyun
doğma dayısı varlı mülkədar Mirzə Kərimə
pənah gətirir. Məqsədi də
budur ki, öz doğma varlı qohumu ona kömək edər və
Yolçu qazandığı pulları kənddəki
anasına göndərər.
Əsərdə diqqəti cəlb edən cəhətlərdən
biri hər bir hadisə və əhvalatın təbii axarda
verilməsindədir. Bunun nəticəsidir ki, biz hadisələrə
yazıçı müdaxiləsinin şahidi olmuruq.
Yolçu bir neçə müddətdən sonra Mirzə Kərimin
qəddar, amansız adam olduğunu
duymağa başlayır. Get-gedə
rastlaşdığı, üzləşdiyi
haqsızlıqlara qarşı özünün kəskin etirazını
bildirir. Yolçu dostluqda,
yoldaşlıqda etibarlı və sədaqətlidir. Onun
Orazla, Şahqasımla, Qaratayla, Şakirlə və b. ilə
dostluğu buna misal ola bilər. Əsərlə
tanışlıq nəticəsində oxucu Yolçunun az vaxtdan sonra hadisələrin mərkəzində
dayandığının şahidi olur. Yolçu
şəhərə pul qazanmaq məqsədi ilə gəlsə
də o, asan yolla, şərəfsizliklə pul
qazanmağı özünə əksiklik bilir.
Baxmayaraq ki, Mirzə Kərimin qızı Nuri ona bir
neçə dəfə evlənmək istəyini
nümayiş etdirir və sonralar ona çoxlu pul təklif etməklə
evlərində qulluqçu saxlamaq arzusunda olduğunu bildirirsə
də, Yolçu bunlardan imtina edir. Yolçu cəsarətli
bir gəncdir. O dəfələrlə anasının
dayısı Mirzə Kərimin üzünə ağ olur, ona etiraz edir. Mirzə
Kərimin oğlanları olan Həkim və Səlim də bu
cəhətlərinə görə Yolçudan
xoşları gəlmir. Yolçu nökər
Yarmatın qızı Gülnarı sevir. Lakin
babası yaşında olmasına baxmayaraq, Mirzə Kərimin
öz səlahiyyətlərindən istifadə edərək
Gülnara müştəri çıxması Yolçunun bu
arzusunu ürəyində qoyur. Yolçunu bir çox səbəblərə
görə qorxulu adam kimi nahaq yerə həbs
etdirib Rusiyaya sürgün edirlər. Əsərin
sonlarında Yolçu həbsdən qaçaraq doğma şəhərə
gəlir. Lakin bu o vaxt idi ki, onun sevimli
Gülnarı ərə getdikdən sonra Mirzə Kərimin
oğlu tərəfindən zəhərlənib
öldürülmüşdü. Yolçu
öz doğma bacısı Ünsünü və ən
yaxın dostlarını tapır. Şəhərdə
hökumət əleyhinə təbliğat aparır. Adamların kütləvi etiraz nümayişində
polislər tərəfindən yaralanır və ölür.
Əsərdə diqqəti cəlb edən ikinci ən
böyük obraz Mirzə Kərimdir. Demək olar ki, romanda hadisə
və əhvalatların böyük əksəriyyəti bu
obrazla bu və ya digər dərəcədə əlaqələndirilir.
Mirzə Kərim tipik mülkədar
obrazıdır. O, öz məqsədinə çatmaq
üçün bütün imkanlardan istifadə edir, daha
çox tədbir tökür. Tədbirli
olduğu üçün coşub-daşmır, ilk anda sakit və
sadə təsir bağışlayır. O, öz
oğlanlarını da belə tədbirli olmağa
çağırır. Hamını yuxuya verib, öz xeyrinə
iş görməyin faydasını daha çox dərk edir. Pul Mirzə Kərim üçün hər şeydən
əziz və ucadır. Xeyirxahlıq onun
xarakterinə yaddır. Məs.,
nökəri Şahqasımı ona görə qovur ki, o,
anasız körpəsinin qulluğunu tutur, nökər kimi
işləməyə vaxtı azalır. Və
yaxud adamların acınacaqlı həyat şəraitini,
onların bir parça çörəyə
möhtaclığını nəzərə alıb,
onların min bir əziyyətlə hasil etdikləri məhsulları
aşağı keyfiyyət adı altında ucuz qiymətə
alır. Biləndə ki, Yolçu
Gülnarı sevir və onlar gələcəkdə ən
xoşbəxt ailə olacaqlar, mənsəbindən istifadə
etməklə bu məhəbbətin qarşısına sədd
çəkir və Gülnarı özünə arvad edir.
“Müqəddəs qan” romanında Yolçu və Mirzə
Kərimin simasında iki xarakter, iki düşüncənin
qarşı-qarşıya dayanması şəraitində
baş vermiş mübarizənin nəticələri
özünün bədii əksini tapır. Əsərdə
müəyyən tarixi reallıqların təsviri də diqqət
mərkəzindədir. Belə ki, Orta Asiya
məkanında yeni yaranmağa başlayan kapitalist münasibətlərinin
özünəməxsusluğu və mülkədarların
bu prosesdə öz xeyirlərinə istifadəsi yüksək
tərzdə öz ifadəsini tapmışdır.
Romanda Şahqasım, Qaratay, Şakir, Oraz, Qəmbər,
Yarmat, Ünsün, Gülnar zəhmətkeş xalqı təmsil
edən obrazlardır. Maraqlı odur ki, onlar əsərdə o qədər
də geniş planla təsvir olunmur, lakin yazıçı
idealının əsas daşıyıcılarına
çevrilirlər. Onların hər birinin
ağır, qəribə, həm də faciəli taleyi
yazıçının dövrü ittiham etməkdə
söykəndiyi, istinad etdiyi nöqtəyə çevrilir.
Eyni
zamanda əsərdə Mirzə Kərim bəylə bir cərgədə
dayanan Həkim bəy, Səlim bəy, Tantı bəy, Fəzləddin
Alimcan və b. özünəməxsus xarakter səviyyəsindən,
təkrarolunmaz dərəcədə orijinal və real təsvir
olunublar. Müəllif onlara özünün mənfi
münasibətini bildirərkən, hər birinə fərdi
yanaşmış, layiq olduqları dərəcədə nifrət
obyektinə çevirir.
“Nəvai” (1944) romanı təkcə M.Aybək
yaradıcılığında deyil, həm də
ümumözbək ədəbiyyatında önəmli yerlərdən
birini tutan tarixi əsərdir. Romanda XV əsr özbək
ədəbiyyatının böyük sənətkarı və
tanınmış ictimai-siyasi xadimi Əlişir Nəvainin
obrazı yaradılıb, həmin dövrün ictimai prosesləri
əks etdirilib. “Nəvai” əsərinin
baş qəhrəmanı olan Əlişir Nəvainin
obrazı tarixi-həyati hadisələr zəminində təsvir
olunur. Əsər Nəvai həyatının
Səmərqənddən Herata qayıdışı
dövründən ölümünə qədər olan illəri
əks etdirir.
Ə.Nəvainin həyatı ilə tanışlıq
onu deməyə əsas verir ki, o, vətən, xalq təəssübkeşi
olmuş, xalqının savadlanmasını, mədəniyyətinin
yüksəldilməsini daim arzu edib. Bu mənada romanda
şairin həyatının oxşar eyniliklə təsviri həm
böyük marağa səbəb olur, həm də tarixi həqiqətə
sənətkar sadiqliyini nümayiş etdirir. Nəvainin
öz dostlarına üz tutaraq verdiyi nəsihət bu
baxımdan xarakerikdir: “Mübarək vətənin, el-ulusun
salamatlığı üçün fədakarlıq göstərmək
vəzifəmizdir”.
Ə.Nəvai bir şair kimi elinin başını uca
etdiyi kimi, bir siyasi xadim kimi də xalqına daim fayda verib. Onun vəzir
olduğu illərdə neçə-neçə mədrəsə
tikilib, abadlıq işləri aparılıb. O, bir
xeyriyyəçi kimi də tanınıb. Həyatından
öyrənirik ki, Nəvai xeyriyyə məqsədi ilə
300-dən çox tədbir keçirib. Şair
cəhalətə, nadanlığa qarşı həmişə
barışmaz olub.
Romanda Ə.Nəvainin öz doğma özbək dilinə
olan sevgisi, bu dilin qüdrət və əzəməti naminə
çalışmaları yüksək bədii deyim və
ifadə şəklində öz yerini tapır. Tarixi roman kimi
əsərdə ayrı-ayrı tarixi şəxsiyyətlərin
obrazlarının canlandırılması da böyük maraq
doğurur. Hüseyn Bayqaranın, Caminin, Xədicə bəyimin,
Mömin Mirzənin və başqalarının obrazları
buna misal ola bilər.
“Nəvai” romanında müəllif XV əsr həyatı
üçün tipik olan hadisələrə xüsusi yer
verib. Məsələn,
saray ziddiyyətləri, saray çəkişmələri və
bunun nəticəsində hakimlərin hətta öz
doğmalarına da rəhm etməmələri və s. hallar əsərdə
özünə yer tapa bilib. Hüseyn Bayqaranın öz
övladları ilə bağlı qətl fərmanı fikrinə
düşməsi buna misal ola bilər. Əsərdə tarixi şəxs obrazları ilə
yanaşı, bir sıra bədii obrazların da özünə
məxsus formada yaradılması yazıçı məqsədinin
ifadə və açıqlanmasında böyük rol
oynayır. Sultanmurad, Dildar, Arslangül və
başqalarının bilavasitə həmin dövrün bir
sıra xarakter xüsusiyyətlərinin təsvirində
istifadə obyektinə çevrilməsi şəksizdir.
“Nəvai” romanında kəndli qızı Dildarın
başına gələn əhvalatlar və bunun bilavasitə
Ə.Nəvai şəxsiyyətinin və xarakterinin sübutu
və təsdiqi kimi verilməsi olduqca maraqla səslənir. Dildar
Arslangülü dərin məhəbbətlə sevir. Zalım Tüğon bəy onu oğurlayıb Herata
gətirir və hiyləgər vəzir Məcididdinə verir.
Vəzir də öz növbəsində şah
Hüseyn Bayqaranın hörmətini qazanmaq üçün
onu şaha hədiyyə edir. Dildar
Hüseyn Bayqaranın hərəmxanasından qaçsa da, onu
tutub zindana salırlar. Sonradan Əlişir
Nəvainin köməyi ilə zindandan qurtulan Dildar öz istəklisi
Arslangülə qovuşur. Göründüyü
kimi, burada əsasən Ə.Nəvai xeyirxahlığı diqqət
mərkəzində saxlanılıb və şairin əsl
xarakterinin açıqlanmasında böyük rol oynayıb.
Ümumiyyətlə, yazıçı
bütün əhvalatlarda bu məqsədi əsas
götürür və Ə.Nəvainin tam mənada
obrazını yaradır.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 4 may.-
S.14.