ABDULLA QƏDİRİ: müasir
özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan
sənətkar
1-ci yazı
Abdulla Qədiri özbək
ədəbiyyatını yeni
ideyalarla zənginləşdirən,
müasir özbək
ədəbiyyatının bədii
səviyyəsini yüksəldən,
roman janrının inkişafında
xüsusi xidmətləri
olan sənətkardır. O, 1894-cü ildə
Daşkənddə bağban
ailəsində anadan olub. İlk öncə təhsilini
əski tipli məktəbdə alıb.
Sonra isə “rus-özbək” (bunu həm də
“rus yerlilər” məktəbi də adlandırırlar) məktəbində
oxuyub. A.Qədiri bədii yaradıcılığa
erkən yaşlarından
başlayıb. O, 1909-cu ildən başlayaraq şeirlər və kiçik hekayələr yazıb.
A.Qədirinin 1917-ci ilə qədərki yaradıcılığı janr
baxımından çoxtərəflidir. Belə ki,
o, bu illərdə şeir, dram və hekayələr yazaraq, əsasən köhnə adət-ənənələri və
cəhalətin baş
alıb getdiyi, bunun nəticəsində adamların acınacaqlı
həyat sürdüyü
cəmiyyəti tənqid
edirdi. “Əhvalımız”,
“Millətimiz” şeirləri,
“Bəxtsiz nişanlı”
(1914), “Qadın düşkünü”
(1915) pyesləri, “Düyün”
(1915), “Cinlər məkanı”
(1916) və digər hekayələri cəmiyyət
eyiblərinə etiraz
baxımından xarakterikdir.
1915-1917-ci illərdə A.Qədiri mədrəsədə
təhsil alır. Burada o,
ərəb və fars dillərini
öyrənir. Ərəb
və fars
dillərini bildiyi üçün Şərq
ədəbiyyatı və
mədəniyyəti ilə
yaxından tanış
olur. 1915-ci ildə
onun “Bəxtsiz nişanlı” pyesi çapdan çıxır.
1916-cı ildə isə yazıçının
“Əxlaqsız” hekayəsi
işıq üzü
görür. Bunlar A.Qədirinin
çap olunmuş ilk
əsərləri hesab
olunur.
1917-ci ildən sonra
A.Qədiri jurnalistika sahəsində çalışır. 1923-cü ildə ilk özbək satirik jurnalı olan “Müştüm”də
mühərrirlik fəaliyyətinə
başlayır. A.Qədiri 1924-cü ildə Moskvaya gedib Dövlət Jurnalistika İnstitutuna daxil olur. Moskva təhsili A.Qədirinin yaradıcılığına böyük
təsir göstərib.
Bu illərdə o, rus dilini mükəmməl öyrənir, rus və Avropa mədəniyyəti ilə
yaxından tanış
olur. Rus dilini mükəmməl
bildiyi üçün
1927-1930-cu illərdə rusca-özbəkcə
lüğət tərtib
edir, rus dilində olan dərslikləri özbək
dilinə tərcümə
edir. Çexovun,
Qoqolun, Mark Tvenin, Emil Zolyanın, Deni Didronun bir neçə
əsərini özbək
dilinə tərcümə
edir. Bu sahədə
onun ən böyük xidmətlərindən
biri də bu idi ki,
A.Qədiri tər-cümə
etdiyi bir çox əsərləri
təhlil edir, bu əsərlərə ədəbiyyatşünas alim
kimi qiymət verirdi. Məsələn, 1936-cı ildə yazmış olduğu bir məqaləsində o,
Çexov yaradıcılığını
təhlil etmiş və bu sənətin
üstün cəhətləri
barədə qiymətli
fikirlər söyləyib.
1919-cu idən başlayaraq
A.Qədiri “Ötən
günlər” romanı
üçün material toplayır. 1922-ci ildə həmin romanın birinci hissəsini tamamlayır və hissə-hissə “İnqilab” jurnalında çap etdirməyə başlayır.
“Ötən günlər”
romanının ayrıca
kitab şəklində
birinci hissəsi 1924, ikinci hissəsi 1925, üçüncü hissəsi
1926-cı ildə çapdan
çıxıb.
1928-ci ildə A.Qədiri
özünə böyük
hörmət və şöhrət gətirmiş
“Mehrab əqrəbi” romanını yazır. Əsər ilk dəfə 1929-cu ildə nəşr olunur. 30-cu illərdən başlayaraq A.Qədiri daha çox müasir həyat problemlərinə yer ayırdı. İstər hekayə,
istərsə də romanlarında yeni cəmiyyət quruculuğu
və onun üzləşdiyi problemlər
A.Qədirinin bu dövr yaradıcılığının
əsasını təşkil
edir. Yazıçının 1934-cü ildə yazdığı “Abid kətmən” romanı və 1935-ci ildə isə qələmə aldığı “Şübhə”
hekayəsində kollektivləşdirmə
dövründə sinfi
ziddiyyətlərin son həddi
göstərilir, dövrün
real həyat tərzi əks etdirilir.
A.Qədiri demokratik ruhlu sənətkar olmuşdur. Ədib şəxsiyyətə
pərəstiş dövrünün
qurbanı olaraq 1938-ci
ildə qətlə yetirilib. 1956- cı ilə qədər onun yaradıcılığının öyrənilməsi və
təbliği qadağan
olunub. 1956-cı ildə ona bəraət
verildiyi üçün
sonrakı illərdə
yaradıcılığının geniş şəkildə
çapına və araşdırılmasına imkan
yaranıb.
Abdulla Qədiri qısa
ömür yaşamasına
baxmayaraq, böyük
yaradıcılıq irsi
qoyub gedib. O, çoxsaylı
şeir, hekayə, pyes, povest və
romanlarında mənsub
olduğu xalqın tarixi keçmiş və bugünkü həyat reallıqlarını
əks etdirib, öz xalqını xoşbəxt görmək
arzusunda olub. Özbəkistanın məşhur alimi
İzzət Sultanov onun yaradıcılığında
bu xüsusiyyəti əsas götürərək
qeyd edir ki, “Abdulla Qədirinin əsərləri bədii
məharət nümunəsidir”.
Özbək yazıçısı və alimi Musa Aybək də A.Qədirinin yaradıcılığını
“birinci növbədə
həyatiliyi ilə seçilən sənət”
hesab edib. A.Qədiri “Bəxtsiz nişanlı”
(1914) dramında ictimai
həyatın qeyri-bərabərliklərindən
doğan ədalətsizliklərini
tənqid və ifşa edib. Saleh əsərin əsas obrazıdır. O, adi
həyati tələbatlar
girdabında əziyyət
çəksə də,
gələcəyə böyük
ümidlə baxır.
Lakin yaşadığı cəmiyyətin
dözülməz qayda-qanunları
onun arzusunu ürəyində saxlayır.
Buna görə də nəticə gənc Salehin faciəsi ilə tamamlanır. Müəllif onun nişanlısının
da bədbəxtliyini elə bununla bağlayır. Əsərdə baş vermiş hadisələr təsvir olunan dövrün həyat həqiqətləri
səviyyəsində təqdim
olunur. A.Qədiri əsərdə təkcə tənqid və ifşa yolunu seçmir, eyni zamanda hadisələrin
səbəbini də arayır.
“Şübhə” (1935) hekayəsi 30-cu illərdə
qışlaq həyatı
və sinfi qarşıdurmanı əks
etdirmək baxımından
xarakterikdir. Hekayədə obrazlar iki qütbdə dayanırlar.
Bir qrupu kolxoz həyatını,
yeni cəmiyyəti dəstəkləyir, digərləri
isə bunlara qarşı barışmazlıq
nümayiş etdirirlər.
Ona görə
də hər iki qütbün nümayəndələrindən olan Toyçibayev, Zuhurov, Xalıqov və başqaları bütün hallarda inandırıcı və
təbii təsir bağışlayırlar.
Özbəkistanda kollektivləşmənin aparılması və ölkə kəndlərində baş vermiş hadisələri əks etdirən digər əsər “Abid Kətmən” povestidir. Müəllif böyük ümumiləşdirmə gücü ilə “Çetan” kolxozunun əhalisinin timsalında bir-birinə güzəştə getmək istəməyən, öz məqsədləri naminə prinsipiallıq göstərən qüvvələrin mübarizəsini təsvir edib. Təbii olaraq əsərdə hadisələr ideoloji aspektdən əks etdirilir. Ona görə də əsərdə “kolxoz bərəkətdir, kolxoz yolu düzgün yoldur” ifadələrinin tez-tez təkrarlanması və ideya şəklində ortaya çıxması bir növ şüarçılıq, reklamçılıq təsiri bağışlayır. Heç şübhəsiz, bu, keçmiş sovet quruluşu ideologiyasının tələblərindən irəli gəlirdi. Əsərin qəhrəmanı Abiddir. O, ortabab kəndlidir. Abid zəhmətsevər, təcrübəli, tədbirli bir adamdır. O, kətmən ləqəbi ilə tanınır. Abid kolxoza sidqi-ürəkdən üzv yazılır və kolxozun rəhbərlərindən birinə çevrilir.
Əsərin ən böyük keyfiyyətlərindən biri müəllifin hər bir obraza fərdi yanaşmasındadır. Yəni əsərin əsas obrazlarından olan Berdi tatar, Rafiqov, Osman, Xətib, Möhsin, o cümlədən, Xalmirzə əkə, Sabirov, Sultangül və b. hərəsi öz xarakter, hərəkət, hadisələrə münasibət və rəftarı ilə canlandırılır. Ona görə də diqqəti cəlb edən iki molla obrazı Xətib və Möhsin din xadimi adı ilə eyni formada tənqid olunmur. Əgər A.Qədiri Möhsinə daha kəskin planda yanaşırsa, Xətib isə nisbətən yumşaq tərzdə tənqid edilir.
A.Qədirinin müasir özbək ədəbiyyatında ən böyük xidmətlərindən biri onun roman janrının əsasını qoymasıdır. Ədəbiyyatşünaslar onu təkcə özbək ədəbiyyatında romanın təməlini qoyan sənətkar kimi yox, həm də ümumən Orta Asiyada romanın yüksək formalaşmasında təsiri olan yaradıcı adam kimi qiymətləndirirlər. Məşhur şərqşünas alim Bertels özbək romançılıq məktəbinin yaradılmasında A.Qədirinin əlahiddə xidməti olduğunu vurğulayıb.
Roman sahəsində A.Qədiriyə iki əsəri şöhrət gətirib. Bunlardan biri “Ötən günlər” (1926), ikincisi isə “Mehrab əqrəbi”dir (1928).
“Ötən günlər” romanı XIX əsrin birinci yarısında özbək xalqının acınacaqlı həyatının təsviri, feodalizm dövrünün ictimai ədalətsizliklərinin, mövhumat və cəhalətin tənqidi baxımından səciyyəvidir. Əsər keçmiş sovet birliyində yaşayan bir çox xalqların, o cümlədən Avropa xalqlarının dilinə tərcümə olunub.
“Ötən günlər” ilk özbək romanından biri kimi 1968-ci ildə alman dilinə tərcümə edilib və Berlin şəhərində çap olunub. Hətta alman ədəbiyyatşünas alimi Niota Tunnin roman haqqında dərc etdirdiyi elmi məqalə bu əsərin Qərb dairəsində böyük maraq doğurduğundan xəbər verir.
“Ötən günlər” romanının məzmununu qabaqcıl fikirli Atabəy və onun tərəfdarları ilə onlara əks qüvvələrin arasında baş vermiş ziddiyyət təşkil edir.
Atabəy romanın əsas obrazıdır. O, öz dövrünün bütün eybəcər qayda-qanunlarına qarşı mübarizə aparır. Onun Gümüşlə sevgi sərgüzəşti romanın süjetinin əsasını təşkil edir. Onların bir-birlərinə dərin və səmimi sevgiləri köhnə adətlərə sığmır, qara niyyətli adamların etirazlarına səbəb olur.
Atabəy Gümüşü sevdiyi halda, məcburiyyət ucbatından Zeynəblə də evlənir. Zeynəb Atabəyin Gümüşə olan dərin məhəbbətini qısqanclıqla qarşılayır, ona görə də Zeynəb Gümüşü zəhərləyib öldürür. Əsərin sonunda nə Atabəy, nə Gümüş, nə də Zeynəb öz məqsədlərinə çata bilmir. Çünki Gümüşün ölümündən sonra Atabəy Zeynəbi evdən qovur, Zeynəb ruhi-psixi vəziyyətə düşür və dəli olur. Atabəy Mərgilana gedir, çar qoşunları ilə gedən döyüşdə dostu ilə birlikdə qəhrəmancasına həlak olur. Müəllif onun ölümünü əsərin sonunda belə təqdim edir: “1227-ci il hicri payızında Hacı Yusifbəy tanışlarının birindən məktub aldı. O adam yazırdı: “Oğlunuz Atabəy öz dostu ilə bizim qoşunda idi. Alma-Ata yaxınlığında çar qoşunları ilə gedən döyüş zamanı ikisi də qəhrəmanlıqla həlak oldular. Onları öz əlimlə dəfn elədim”. Göründüyü kimi, burada bədiilik o qədər yüksək deyil. Bu, əslində müəllifin məqsədli gedişidir. Yəni faktı, hadisəni olduğu kimi verməklə A.Qədiri tarixi həqiqətə sadiq qaldığını nümayiş etdirib.
A.Qədirinin tarixi mövzuda yazdığı əsərlərindən biri də “Mehrab əqrəbi”dir. Əsərdə müəllif tarixi hadisələrə sadiq qalıb, Türküstan xanı Xudayar xanın sarayında baş vermiş amansızlıqları qələmə alıb.
Elman Quliyev
filologiya üzrə elmlər
doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 7 may.- S.14.