Həmzə Niyazi - müasir özbək ədəbiyyatının
əsasını qoyan görkəmli simalardan biri
(1889-1929)
2- ci yazı
Şairin “Kədərlənirəm” (1916) şeiri Vətən ayrılığı və bunun doğurduğu dərdi, kədəri özündə əks etdirən bir xalq nəğməsinə ithafən yazılıb. Şeirdə elindən, obasından, doğmalarından uzaq düşən bir insanın həsrətdən şam kimi yandığının şahidi olur və dərdinin böyüklüyünü duyuruq:
Nə vaxt üzüm səadətlə işıqlanacaq,
Bu göz yaşım öz elimdə quruyar ancaq.
Fəqət hələ özüm kimi Vətəndən uzaq,
Ürəklərə olub həyan, kədərlənirəm.
1918-ci ildən başlayaraq onun poeziyasında inqilabi ideyaların tərənnümünə geniş yer verildi. H.Niyazi sözün həqiqi mənasında Sovet hökumətinə bağlı olub. Ona görə də bu hökumətin tərənnümünə həsr edilmiş şeirlər onun yaradıcılığında silsilə təşkil edir. “Oyanın, fəhlələr”, “Biz fəhləyik”, “Yaşa, şura”, “Yaşasın sovetlər”, “İşçi baba”, “Oyanın” və s. şeirlərində yeni yaranmış cəmiyyətə rəğbət və məhəbbət bildirilir və adamların xoşbəxtliyi bu cəmiyyətlə bağlanır. Bir cəhəti də qeyd etmək lazımdır ki, H.Niyazi 1905-1909-cu illər yaradıcılığında dini əqidələrə yüksək münasibət bildirib. Məsələn, onun “Novruz” şeirində dini etiqadın inkarı yox, təsdiqi diqqəti cəlb edir.
Yaradıcılığının sonrakı dövrlərində isə kommunist ideologiyasına uyduğu üçün dinə qarşı barışmaz mövqeyi özünü göstərməyə başladı. H.Niyazi dramaturgiya sahəsində böyük işlər görüb. O, öz dramları ilə özbək dramaturgiyasının əsasını qoyub. H.Niyazi “Bəy və muzdur”, “Maysaranın işi”, “Muxtariyyət və avtonomiya”, “Kim haqlıdır”, “Daşkəndə səyahət”, “Fərqanə faciəsi”, “İstibdad qurbanları”, “Mart qurbanı Aynisa”, “Torpaq islahatı” və s. kimi 40-a yaxın dram əsəri yazıb. Onun dramaturji fəaliyyəti bir çox tədqiqatçılar tərəfindən 1917-ci ildən sonrakı dövrlə əlaqələndirilsə də, əslində o, 1915-ci ildən etibarən bu sahədə qələmini sınaqdan çıxarıb.
Qeyd etmək lazımdır ki, o, 1917-ci ilə qədər 4 səhnə əsəri yazıb. Bu illər arasında H.Niyazi “Zəhərli həyat və yaxud eşq qurbanları”, “Elm hidayəti”, “Molla Nurməmməd domlanın küfr xətası” və “Ölüm faciələri” adlı pyeslərini qələmə alıb. H.Niyazi 1915-1917-ci illərdə yazmış olduğu bu əsərlərində xalqının zülm və istismardan təngə gəldiyini göstərir və qurtuluş yolunun maariflənməsində olduğunu bildirirdi.
H.Niyazi dramaturgiyanın hər üç növündə əsərlər yazıb. “Bəy və muzdur” dramı, “Çadra sirləri” faciəsi və “Maysaranın işi” adlı komediyası onun özbək dramaturgiyasının bütün sahələrində xidmətinin böyüklüyündən xəbər verir. Bunlardan başqa o, “Qara saç” operasının da müəllifidir. H.Niyazinin dramaturgiyasında əsas və başlıca yerlərdən birini onun 1918-ci ildə yazdığı “Bəy və muzdur” dramı tutur. Əsərin ilk orijinal variantı əldə yoxdur. Daha doğrusu, hal-hazırda “Bəy və muzdur” dramının əldə olan nümunəsi 1939-cu ildə K.Yaşin tərəfindən tərtib olunan variantıdır. Çünki əsərin orijinalı naməlum səbəblərdən yoxa çıxmış və əsərlə bağlı ayrı-ayrı rəsmi və qeyri-rəsmi materiallar əsasında əsərin yeni variantı formalaşdırılmışdır. Tədqiqatçıların və ayrı-ayrı sənət adamlarının rəyinə görə əsərin sonrakı variantı əvvəlki variantından kəskin fərqlənmir.
“Bəy və muzdur” dramı inqilab ərəfəsində özbək xalqının gərgin həyatından bəhs edir. Əsərdə qarşı-qarşıya duran iki böyük qüvvə təsvir olunur. Bunlardan biri kəndli zəhmətkeşlərdirsə, digəri bəylər və yuxarı zümrənin adamlarıdır. Birinci tərəfi Qafur, ikinci tərəfi Saleh bəy təmsil edir. Əsərdə göstərilir ki, Saleh bəyin bütün göstəriş və tələblərini sözsüz yerinə yetirən Qafur get-gedə bəyin əmrlərinə tabe olmaqdan boyun qaçırır. Çünki o hiss edir ki, bəy ədalətsiz və rəhmsizdir. Qafurun daxili etiraz və narazılıqlarını hiss edən bəy özünəməxsus siyasət yeridir. Guya heç nə olmamış kimi Qafuru özündən tam asılı vəziyyətə gətirir. Ona mənəvi zərbə vurmaq üçün həyat yoldaşı Cəmiləni ələ keçirmək istəyir. Müəyyən vaxtdan sonra padşaha qarşı üsyan etməkdə günahlandırılan Qafur Sibirə sürgün olunur. Bəy onun həyat yoldaşı Cəmiləni özünə arvad etmək fikrinə düşür. Əvvəlcə onu var-dövlətlə ələ keçirməyi planlaşdırır. Buna nail olmadıqda, zor yoluna əl atır. Lakin Cəmilə öz namusunu qoruyaraq, Qafura olan sədaqətini nümayiş etdirərək özünü zəhərləyir. Qafur Sibirdə siyasi cəhətdən xeyli fəallaşır. Sürgündən sonra vətənə qayıdır. Əsərin sonunda Saleh bəy öz cəzasına çatır.
“Bəy və muzdur” dramında Qafur, Cəmilə və Gülbahar müsbət obrazlardır. Qafur get-gedə fəal mübarizə yolu seçən adama çevrilir. Belə ki, o, əsərin əvvəlində bir cür, sonunda isə başqa cür təsir bağışlayır. Bu fərq onun siyasi fəallığının artması ilə müşahidə olunur. Qafur yüksək mənəviyyatlı adamdır. O, öz sevgilisinə sadiqdir. Xalqın ağır həyat şəraitinə sonralar ciddi şəkildə etirazını bildirir. Onun əsərdə bir neçə dəfə xalqa müraciət etməsi buna parlaq misaldır.
Əsərdə Saleh bəy, Qədirqul minbaşı, Xanzadə, Qazı və digər bu kimi obrazlar özlərinin mənfur simaları ilə daim nifrət obyektinə çevrilirlər. Baxmayaraq ki, Saleh bəy böyük səlahiyyət və mənsəb sahibidir, o, xalqın artıb-coşan qəzəbi qarşısında dayana bilmir. Məğlubiyyətə düçar olur. Müəllif bunu ona görə verir ki, həyatda nə qədər güclü və dövlətli olsan da, öz zülmünlə haqqın, ədalətin qarşısında çox ömür sürməyəcəksən. “Bəy və muzdur” dramı özbək həyatının tarixi reallıqlarını əks etdirmək və bu tarixin müəyyən həqiqətlərini daha parlaq üzə çıxarmaq baxımından xarakterikdir.
Həmzə Niyazinin 1926-cı ildə yazdığı “Maysaranın işi” komediyası satirik ruhdadır. Folklor materialları əsasında yaradılmış bu satirik komediya mənəviyyat məsələlərindən söhbət açır. Əsərdə vəfadarlıq, sevgi, sədaqət problemləri təbliğ olunur, saf sevgiyə əngəl törədən, məhəbbətə əyləncə gözü ilə baxan, onu oyuncağa çevirən bütün hallara qarşı kəskin etiraz bildirilir. Əsərdə Oyxon və Çöpon vəfa və sədaqət rəmzi olsalar da, əsərin baş qəhrəmanı Maysaradır.
Maysara hər şeydən əvvəl tədbirli və prinsipial obrazdır. Maysara öz ağıllı hərəkətləri və tədbirləri nəticəsində Çöpon və Oyxonun əsl məhəbbətləri arasında sədd çəkən yalançı aşiqləri ifşa edir və onları komik vəziyyətdə saxlayır. Belə ki, Maysara gəlini Oyxona göz dikmiş Mollarözi və Hidayət xan kimi şəriət nümayəndələri və mənsəb sahiblərini ifşa etmək üçün hiylə işlədir. Onların hər biri bir-birindən xəbərsiz Oyxonla görüşmək ümidilə Maysaranın evinə gəlir və Çöponun hadisə yerində görünməsi ilə rüsvay olub, biabırcasına buradan gedirlər.
Komediyada xalq yaradıcılığı nümunələrindən geniş istifadə olunub. Belə ki, komediyada yerli-yerində xalq məsəl və mahnılarından istifadə edilməsi həm obrazların xarakterlərinin açılmasına, həm də əsərin dilinin sadə və təsirliliyinə gətirib çıxarıb. “Maysaranın işi” komediyasının böyük səhnə uğuru olmuşdur. Bəstəkar Süleyman Yudakov bu komediya əsasında “Maysara” adlı operasını yaradıb.
Həmzə Niyazi “Çadra sirləri” (1927) faciəsində isə əski adət-ənənələrin təsir və təzyiqləri nəticəsində xoşbəxtlikləri qarşısında sədd çəkilmiş yeniyetmə qızların faciəsini göstərir. Və bunu əsərin baş qəhrəmanı Töləxanım simasında ümumiləşdirib. O, Rüstəmi bir könüldən min könülə sevsə də, bədxah adamların pis əməlləri nəticəsində çətinliklərlə üzləşir və bəd niyyətlərin qurbanı olur. Yazıçı bütün bunları daha çox Mirzə Kərimlə bağlayır. Eyni zamanda əsərdə Mastura və Gülcan obrazlarından müəllif ifşa etmək istədiyi cəmiyyətin, dövrün iç üzünün açılması və onların ifşa edilməsi naminə məqsədli istifadə edib. H. Niyazinin 1927-ci ilin fevral ayında yazdığı “Özbək qadın və qızlarına” adlı şeirində də köhnə adət və ənənələrin tənqidi və qadın azadlığı problemi öz əksini tapıb. Şair şeirdə çadranı ataraq məktəbə getmək tələbi ilə üzünü özbək qadınlarına tutub belə deyir:
Gül kimi çöhrəni aç, indi nümayan eylə!
O qara pərdəni yırt, xarü pərişan eylə!
Məktəbə, əncümənə get ki, xəyalın açıla,
Bidətin elmi hünərlə cigərin qan eylə!
Gülə dönsün gözəlim, kölgədə solmuş sifətin,
Bəzmi-elmi gəlişin ilə gülüstan eylə!
Həmzə Niyazi 20-ci illərdə bir-birinin ardınca “Yer islahatı”, “Mart qurbanı Aynisa” və s. kimi kiçik həcmli səhnə əsərləri də yazıb. Bu əsərlərdə qadın azadlığı, yeni cəmiyyətin tərənnümü və torpaq islahatı məsələləri ön plana çəkilib. Bu əsərlər daha çox təbliğat xarakterli əsərlərdir. Məsələn, müəllif “Yer islahatı”nda həm yeni cəmiyyətin mahiyyətini, həm də kəndlilərə torpaq verilməsi işinin əhəmiyyətini açıb göstərir.
H.Niyazi kommunist ideologiyasına möhkəm bağlı olduğundan, problemlərin həlli yollarını məhz bu konsepsiya daxilində axtarıb. Bu da onun sənətində istər-istəməz müəyyən ziddiyyətlərə gətirib çıxarıb. Lakin onun yaradıcılığında ziddiyyətlər nə qədər olsa da, xalq həyatı ilə yaxınlıq və xalqın gələcək istək və arzularının tərənnüm meyli olduqca böyükdür.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 16 may.-
S.14.