İrəvan xanlığında əhalinin
etnik və say tərkibi
Qraf Paskeviç
İrəvan xanlığının əhalisinin əsas hissəsinin
Azərbaycan türkləri olduğunu qeyd etmişdir
1-ci yazı
İrəvan xanlığının əhalisi etnik baxımdan yekcins olmayıb, burada Azərbaycan türkləri, ermənilər, maldarlıqla məşğul olan kürdlər və qaraçılar yaşayırdı. Xanlığın əhalisinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Erməni müəllifləri heç bir mötəbər tarixi faktlara əsaslanmadan hər vasitə ilə bunu inkar etməyə çalışırlar. Məsələn, İrəvan xanlığının tarixini araşdırmağa cəhd göstərən V.R.Qriqoryan yazır ki, «Xanlıq əhalisinin əksəriyyətini ermənilər təşkil etmişdilər». Digər erməni tədqiqatçısı T.X.Akopyan bu fikri təsdiq edərək qeyd edir ki, «İrəvan əhalisinin əksəriyyətini ermənilər təşkil etmiş və burada yaşayan farslar və türklər isə başqa ərazilərdən köçürülmə nəticəsində sayı artırılmışdı. Bununla belə, xanlıqda onların sayı azlıq təşkil etmişdi».
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, V.A.Parsamyan daha irəli gedərək yazırdı: «Rusiyaya birləşdirilənə qədər Ermənistanın şərq hissəsində (İrəvan və Naxçıvan xanlıqlarında-E.Q.) əhalinin sayı 169.000 bərabər olmuş, 50% Azərbaycan türkü, 34% erməni, 16% isə kürdlər olmuşdu». Müəllif əsərində Azərbaycan türklərinin çoxluq təşkil etdiyini etiraf etsə də, burada təhrifə yol verir, ermənilərin sayını artırmaqla, Azərbaycan türklərinin sayını xeyli azaltmışdı.
Lakin qaynaq və tarixi ədəbiyyatda bunun əksini sübut edən qiymətli məlumatlar var. Etnik baxımdan xanlıqda Azərbaycan türklərinin üstünlük təşkil etməsini sübut edən faktlara rast gəlmək mümkündür. Məsələn, 1784-cü il iyulun 10-da Axalsıx hakimi Süleyman paşa İrəvan başçılarına göndərdiyi məktubda İrəvan əhalisini “yerli türklər” adlandırmışdı. Səyyah Z.Şirvani «Bustanüs-səyahət» əsərində yazırdı: «O (İrəvan) Arran mülkündədir. Azərbaycana məxsusdur... Əhalisi türkdilli və şiə məzhəbindədir. Azacıq isəvi (xristian) də vardır... 1828-ci il aprelin 2-də qraf Paskeviç Baş qərargah rəisi qraf Dibiçə ünvanladığı məlumatda xanlıq əhalisinin 3/4 hissəsinin müsəlmanlar təşkil etdiyini bildirmişdi. Daha sonra o, 16 noyabr 1828-ci ildə Bludova yazdığı başqa bir gizli məlumatda İrəvan xanlığının əhalisinin əsas hissəsinin Azərbaycan türklərinin olduğunu qeyd etmişdi. İrəvan xanlığını erməni dövləti kimi qələmə vermək istəyən erməni din xadimləri də İrəvanda ermənilərin azlıq təşkil etməsini gizlədə bilməmişdilər. Arxiyepiskop Arqutinski P.S.Potyomkinə yazdığı məktubunda İrəvanda çox az erməni yaşadığını etiraf etmişdi. Rus hərb tarixçisi N.Dubrovin «İstoriya voynı i vladıçestva russkix na Kavkaze» əsərinin birinci cildində «bütün İrəvan xanlığında əhali arasında Azərbaycan türklərinin çoxluq təşkil etdiyini» yazırdı. M.Vladikin ermənilərin İrəvanda köçürülmə nəticəsində çoxaldığını etiraf edərək yazırdı ki, «İrəvan quberniyasında məskunlaşan ermənilərin əksər hissəsi buranın qədim sakinləri deyildi. Onlar 1828 və 1829-cu illər müharibəsindən sonra bura köçürülmüşdü». Daha sonra müəllif fikirini «Erməni əyalətinin əhalisi 1827 və 1829-cu illər müharibəsindən sonra İran və Türkiyədən çıxmış ermənilərlə artırılmışdı» cümləsi ilə təsdiq edir.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, işğaldan sonra ermənilərin İrəvana və Azərbaycanın digər ərazilərinə köçürülməsi və yerləşdirilməsi İrəvanın demoqrafik durumuna güclü təsir göstərmişdi. Gəlmə ermənilər Azərbaycan türklərin yaşadığı kəndlərə doldurulurdu. S.Qlinka yazırdı: «Müharibə qurtardıqdan sonra İrandan ermənilərin kütləvi köçürülməsinə başlandı. Ermənilərin köçürülməsinin təşkilatçılarından olan A.S.Qriboyedov «Erməniləri ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından hiddətlənmiş müsəlmanlar içərisində yaranan təşvişi aradan qaldırmaq və düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy etdiyini» yazırdı. V.L.Veliçko «Qafqaz» əsərində Rusiyanın hər dəfə şərq dövlətləri ilə müharibələri zamanı ermənilərin sayının daha da çoxaldığını etiraf etmişdi. N.N.Şavrov isə köçürmə məsələsinin Cənubi Qafqazda demokrafik vəziyyətə təsirini təsvir etməklə yanaşı, konkret rəqəmlər göstərir. O, yazırdı: «Biz müstəmləkəçilik fəaliyyətinə Zaqafqaziyada rus əhalisinin deyil bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... Sonra 1826-1828-ci illər müharibəsindən keçən iki il ərzində, 1828-ci ildən 1830-cu ilə kimi biz Zaqafqaziyaya İrandan 40.000-dən çox, Türkiyədən isə 84.000 erməni köçürmüş və onları erməni əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında... yerləşdirmişik. Bu məqsədlə onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış, müsəlmanlardan 2.000.000 rubldan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilər tərəfindən məskunlaşdırıldı. Qeyd etmək lazımdır ki, rəsmi 124.000 erməni, qeyri-rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin sayı 200.000-i ötüb keçib... Beləliklə, indi (XX əsrin başlanğıcında-E.Q.) Zaqafqaziyada yaşayan 1.300.000 erməninin 1.000.000-dan çoxu diyann köklü sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdı. Əslən erməni olan amerika alimi D.Bornotyan da İrəvan ərazisində çox az erməninin yaşadığını etiraf edir. O, qeyd edirdi: «İrəvan xanlığında ermənilər nəinki əhalinin əksəriyyətini təşkil etmirdi, hətta müsəlmanlarla eyni sayda deyildi.
İndi isə konkret statistik məlumatları nəzərdən keçirək. İlk növbədə tarixi müqayisə aparmaqla İrəvan xanlığında etnik cəhətdən kimin üstünlük təşkil etməsini müəyyən edək. XVIII əsrin birinci rübünə aid osmanlı mənbələri bu məsələ haqqında təsəvvür yaratmağa imkan verir. 1728-ci ildə Osmanlı dövləti tərəfindən tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan əyalətinin əhalisinin sayı və etnik tərkibi haqqında statistik məlumat vardır. Lakin bu xanlığın əhalisi haqqında gerçək mənzərəni əks etdirmir. Çünki XVIII əsrin əvvəllərindən İrəvan əhalisi böyük itkilərə məruz qalmışdı. Belə ki, I Şah Soltan Hüseyn (1694-1722) Mahmudi kürdlərinin vaxtaşırı hücumlarına son qoymaq və yerli hakimin mövqeyini möhkəmləndirmək məqsədilə 1706-cı ildə İrəvan ətrafında yaşayan bayatlardan 300 yaxın ailəni Makuya köçürmüşdü. Həmçinin 1724-cü ilin yayında Osmanlı dövləti Azərbaycana müdaxilə edərkən İrəvan şəhəri və onun ətraf kəndləri güclü dağıntıya məruz qalmış və çoxlu insan tələfatı olmuşdu. «Müfəssəl dəftər» əsasında İrəvan əhalisi haqqında bəhs edən H.Məmmədov «... osmanlılar İrəvan əyalətinə hərəkət edərkən seçdikləri əsas hədəf şiələr olduğu üçün qətlə yetirilənlərin çoxunun müsəlman olmasının şübhə doğurmadığını yazırdı. İşğaldan sonra isə osmanlı üsul-idarəsi ilə barışmayan əhalinin xeyli hissəsi vətənlərini tərk edərək Səfəvi dövlətinin hakimiyyəti altında olan torpaqlara köçmüşdülər. Lakin itkilərə baxmayaraq, Azərbaycan türkləri yenə də əhali arasında çoxluq təşkil edirdi.
Lakin erməni əhalisi
Osmanlı yürüşündən az əziyyət
çəkmişdi. Belə ki,
İrəvan şəhəri işğal
olunarkən sultan III Əhmədin fərmanına
əsasən ermənilərin dini mərkəzi
Eçmiədzin kilsəsinə və onun
ətraf kəndlərində məskunlaşan erməni əhalisinə
toxunulmamışdı. XVIII əsrin 20-ci illərində
İrəvan əyalətində ərazi-inzibati dəyişikliyi
zamanı abad kəndlərin
1.423, boş qalmış kəndlərin
89, məzrələrin (sakinləri olmayan
kəndlərin əkin sahəsi-E.Q.) sayının 120 olduğu ortaya
çıxmışdı. «Müfəssəl dəftər»ə
görə, İrəvan əyalətinə İrəvan
şəhəri və Qırxbulaq, Körpü,
Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli,
İqdır, Aralıq, Şərur, Sədərək, Zarzamin nayihələri və Şuragöl
livası daxil idi. Bu nayihələrdə və livasda
əhalinin 43.784 nəfəri (61,2%) Azərbaycan türkləri,
27.799 nəfərini (38,8%) isə xristianlar
təşkil edirdi. Xristianlar
əsasən erməni və qaraçılardan ibarət idi. «Müfəssəl dəftər»ə
görə, şəhər əhalisi bütün
əyalət əhalisinin 4,7 %- ni təşkil
edirdi. Onların 428-i Azərbaycan türkü və 224-ü xristian ailəsi və 9 subay xristian idi. Hər ailə 5 nəfərdən
hesablansa, İrəvan
şəhər əhalisi
3269 nəfər edir.
Xristianlar arasında
say hesabına görə
qaraçılar üstünlük
təşkil etmişdi.
«Anonim erməni
xronikası»nda İrəvan
şəhərinin «Təpəbaşı
məhəlləsi»ndə 100 xristian qaraçı ailəsinin yaşadığı
göstərilib.
Daha sonra «Anonim xronika»da osmanlılar İrəvanın
«Dərəköy» (Dərəkənd-E.Q.)
məhəlləsinə hücuma
keçən zaman digər məhəllələrdə
yaşayan qaraçılardan
300 nəfərin köməyə
gəldiyini təsvir edir. Burada İrəvan şəhər
sakinlərindən olan
xristianların əksəriyyətinin
qaraçı, cüzi
hissəsinin isə ermənilər olması qənaətinə gəlmək
olar. Bunu sübut edən
mənbə də mövcuddur. Belə ki, İ.Ori 1701-ci il iyulun
25-də yazdığı məktubunda
İrəvan şəhərində
yaşayan 300 erməninin
yalnız ticarətlə
məşğul olduğunu
göstərmişdi.
Lakin İrəvan
şəhər əhalisinin
sayı barəsində
XVII əsr səyyahlarının
verdiyi məlumatı
«Müfəssəl dəftər»in
göstəriciləri ilə
müqayisə etdikdə
şəhər əhalisinin
kəskin azaldığının
şahidi oluruq. 1647-ci ildə
osmanlı səyyahı Övliya Çələbi İrəvan
şəhərində 2.060 evin olduğunu qeydə almışdı.
Hər evi təxmini beş
nəfərdən hesablasaq
şəhərdə 10.300 nəfər yaşadığını
görərik. 1673-cü ildə İrəvan şəhərində olmuş
fransız səyyahı
J.Şardən İrəvan
qalasında 800 evin olmasını və qalada yalnız səfəvilərin yaşadığını
yazırdı. Faktlardan görmək
olar ki, İrəvan şəhər
əhalisinin tərkibi
XVIII əsrin 20-ci illərində
üç dəfə
azalmışdı. Beləliklə, şəhər əhalisini
ümumi hesaba daxil etsək «Müfəssəl dəftər»ə
görə, bütün
əyalətdə 74.952 nəfər
qeydə alınmışdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 21 may.-
S.13.