"Meşələrə
quraşdırılan kameralar 1650 metr ərazini dəqiq
göstərir"
Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini Firdovsi Əliyevin “Report”a eksklüziv
müsahibəsi:
- 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bayramı hansı yeniliklər və dəyişikliklərlə qarşılayırsınız?
- Hesab edirəm ki, 23 may təkcə ekologiya nazirliyi işçilərinin deyil, təbiətin qayğısını çəkən hər kəsin bayramıdır və bu münasibətlə bütün təbiətsevərləri təbrik edirəm.
Yeniliklər,
dəyişikliklər var və bu proses davam edir. Az vaxt
içərisində Nazirliyin strukturunda optimallaşdırma
aparılıb, ətraf mühitə və təbii sərvətlərdən
səmərəli istifadəyə dövlət nəzarəti
mexanizmləri təkmilləşdirilərək daha
çevik, operativ idarə olunan struktur
formalaşdırılıb, daxili sənəd dövriyyəsi
elektronlaşdırılıb və hazırda “qaynar xətt”
xidmətinin avtomatlaşdırılması, elektron protokol tərtibatı
sistemi yaradılır.
Deyərdim ki, yaşıllıq sahələrinin
genişləndirilməsi və qorunması istiqamətində
işimiz nəzərəçarpacaqdır. Ağacəkmə
daha geniş təşviq olunub, kütləviləşib.
Əhaliyə ağac tinglərinin paylanması
kimi gözəl ənənə vətəndaşlara
böyük stimul verib. Bir il ərzində
2 milyondan çox ağac və kol bitkisi əkilib. Meşə sahələrinin qorunub mühafizə
edilməsi üçün çəpərləmə,
şlaqbaumların qoyulması və kameraların
quraşdırılması işlərinə
başlanılıb.
Ətraf mühitin monitorinqi gücləndirilib. Bakı şəhərində
atmosferi çirkləndirən 378 obyektdə təmizləyici
qurğunun quraşdırılması təmin olunub,
Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun ərazisində
çirklənmiş 66 hektar sahə təmizlənib, bərpa
edilərək yaşıllıq salınıb, Heydər
ƏliyevBeynəlxalq Hava Limanının ərazisində 272
hektar sahədə uzun illər boyu formalaşmış
gölməçələr qurudulub, neft və neft
şlamı ilə çirklənmiş ərazilər təmizlənib,
qiymətləndirmə işləri aparılaraq dövriyyəyə
qaytarılıb.
- Yəqin
ki, ağacəkmə geniş təşviq olunduğundan
payız və yaz ağacəkmə kampaniyalarının nəticələri
ürəkaçandır. Bu barədə nə
deyə bilərsiniz?
- Bəli,
fikrimizcə, bu işdə həm də təbliğatın və
təşviqatın böyük rolu var. Artıq ictimaiyyətdə
bu həssas məsələyə münasibət yaxşı
mənada formalaşıb. Nəticələri rəqəmlər
də göstərir. Məsələn, meşə və
qeyri-meşə fondu ərazilərində 2018-ci ilin payız
ağacəkmə kampaniyasında 1,3 milyona yaxın, 2019-cu
ilin yaz ağacəkmə kampaniyasında isə 863 000-dən
çox iqlimə və relyef şəraitinə uyğun
müxtəlif cinsli ağac Nazirliyin əməkdaşlarının,
rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə əkilib. Əvvəldə
qeyd etdiyim kimi, vətəndaşlara ağac tinglərinin
paylanması kimi yeni bir yaxşı ənənin əsası
qoyulub ki, bu da ağac əkilməsinin təşviqi işinə
böyük töhfədir və 2018-ci ilin payız ağacəkmə
mövsümündə 167 000, 2019-cu ilin yaz ağacəkmə
kampaniyasında isə 305 000-dən çox müxtəlif
cinsli ağac tingi əkilməsi üçün vətəndaşlara,
icra hakimiyyətlərinə, təhsil müəssisələrinə
paylanılıb. Onu da bildirim ki, əkilən
və paylanılan ağaclar Nazirliyin tinglik sahələrində
yetişdirilib.
- Deyək
ki, bir yerdə 100 ağac var. Onun yerində isə 100 ailənin
yaşayacağı bina tikmək olar. Sizcə
100 ağacın qorunması, yoxsa 100 ailənin yaşaması
daha vacibdir?
- Bu həm
sosial, həm də ekoloji baxımdan çox əhəmiyyətlidir
və hər iki məsələ günün tələbidir.
Mən ekoloji məsələnin həllinə
önəm verərdim. Çünki,
yaşayış binasının yaşıllıq olmayan ərazilərdə
tikilməsi mümkündür. Lakin 100 ədəd
çoxillik ağacın əkilib-becərilməsi,
xüsusilə də Abşeron yarımadasında, daha
çox vaxt və böyük insan əməyi tələb
edir. Yaşıllıqların ətraf
mühitin sağlamlaşdırılmasında, xüsusilə
də atmosfer havasının təmizlənməsində, həmçinin
estetik görünüş baxımından da müstəsna əhəmiyyətini
unutmamalıyıq. Bir sözlə,
ağacların mövcudluğu insanların
sağlamlığı üçündür.
- Nazirlik
ağac kəsib yerində bina tikmək istəyən
sahibkarlara nə təklif edir?
- Bu əməllərindən
əl çəkinsinlər, yaşıllıq olmayan torpaq
sahələrində bina tikib, ətrafında ağac əksinlər,
mövcud yaşıllıqları qorusunlar. Əks
halda, siz də bilirsiniz ki, sərt tədbirlərin
görülməsi zərurəti yaranır.
- İcazəsiz ağac kəsənlərlə
bağlı hansı tədbirlər görülüb? Ötən
ilin müvafiq dövrü ilə müqayisədə azalma və
ya artım müşahidə olunubmu?
- İcazəsiz ağac kəsilməsi ilə
bağlı nazirliyə də çoxsaylı məlumatlar
daxil olur və bu məlumatlar operativ araşdırılır. Əksər
hallarda belə məlumatlar öz təsdiqini tapmır. Çünki çoxillik ağacların
cavanlaşdırılması məqsədilə aparılan
budanma (gövdə və budaqların kəsilməsi) xidmətini,
həmçinin müvafiq icazə sənədi əsasında
yerində yeni ağac əkilməsi şərtilə təhlükəli
və qəzalı ağacların götürülməsini
ağac kəsintisi hesab edirlər. Doğrudur,
ağacları kəsən “işbaz”lar da
olur. Belə şəxslərə qarşı
tərəfimizdən ciddi tədbirlər görülür,
onlara cərimə edilir və cinayət tərkibli materiallar
hüquq-mühafizə orqanlarına göndərilir. Əlbəttə görülən işlər və
aparılan maarifləndirmə tədbirləri nəticəsində
ötən illə müqayisədə əhəmiyyətli dərəcədə
azalma var.
Nazirlik tərəfindən yaşıllığın
mühafizəsi sahəsində mütəmadi maarifləndirmə,
monitorinq və nəzarət tədbirləri həyata keçirilir
və qanunvericiliklə nəzərdə tutulmuş qaydada
torpaq mülkiyyətçiləri qarşısında ciddi tələblər
qoyulur. Lakin, bu vacib məsələdə ictimaiyyətin də
fəal rolu olmalı, ağacların kəsilməsi cəhdinin
qarşısı dərhal alınmalı və həmin şəxslər
ictimai qınaq obyektinə çevrilməlidir. Fürsətdən istifadə edib, bu işdə bizə
dəstək olanlara minnətdarlığımızı
bildiririk.
- Ağac
köçürülməsi məsələsi ilə
bağlı nə deyə bilərsiz? Həmin
ağaclar sonradan necə qorunur?
- Tikinti
altına düşən ağac və kolların
köçürülməsinə istisna hallarda icazə
verilir. Bu da mövcud qanunvericilik daxilində
dövlət əhəmiyyətli obyektlərin tikintisi və
avtomobil yollarının çəkilişi zamanı həyata
keçirilir. Köçürülən
ağaclara lazımi xidmət işlərinin aparılması
layihə sifarişçisi qarşısında ciddi tələb
kimi qoyulur və buna nəzarət təmin edilir.
- Azərbaycanın
meşə əraziləri dünya ölkələri ilə
müqayisədə çox azdır. Nəzərə
alsaq ki, meşələrin böyük qismi dağlıq ərazilərdədir,
son illər Azərbaycanda nə qədər meşə sahəsi
bərpa olunub və artırılıb?
- Düzdür,
ölkəmiz azmeşəli regiondur və bizdə meşə
sahələri dünyada qəbul edilmiş normadan 2-2,5 dəfə azdır. Əsas
prioritet istiqamətlərimizdən biri də mövcud meşələrin
qorunması, artırılması və bərpası, o
cümlədən meşələrdən davamlı istifadə
edilməsidir. Meşələrə
müdaxilələrin qarşısının alınması,
meşələrin qorunması və mühafizəsinin
gücləndirilməsi istiqamətində işlərimiz
davam etdirilir. Belə ki, meşə idarəetmə
sisteminin müasirləşdirilməsi, meşə ekosisteminin
qorunub saxlanılması, yeni meşə sahələrinin salınması
və beynəlxalq təcrübələr əsasında
davamlı istifadə edilməsi məqsədilə BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə
Proqramının hazırlıq işlərinə
başlanılıb və Proqramın ilkin layihəsi
tamamlanib. Azərbaycan Respublikasının Milli
Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən
10 illik müddət üçün nəzərdə tutulub.
Azərbaycanda
meşə fondu torpaqları 1231,7 min
hektar, meşə ilə örtülü sahələr isə
1033 min hektardır. Azərbaycan meşələrinin
85 faizi dağlıq, 15 faizi düzən ərazilərdə
yerləşir. 2018-ci ildə 10155 hektar sahədə
meşəbərpa tədbirləri həyata keçirilib, 1
milyon 350 min ədəd ting əkilməklə 2505 ha ərazidə
meşə əkini aparılıb və aqrobağlar
salınıb.
- Ötən
il meşələrə kameraların
quraşdırılması işinə başlanıldı.
Bu iş bu il davam edəcəkmi?
- Qeyd edim
ki, meşələrə kamera quraşdırılması
bizim üçün ilk təcrübə idi. Artıq
5 rayonda yəni Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ
rayonlarındakı meşələrə kameralar
quraşdırılıb. Hesab edirəm
ki, kameraların yerləşdirilməsi mütərəqqi
bir yanaşmadır və mühafizə işində əvəzsiz
rolu olacaq. Məlumat üçün deyim ki, kameralar 15
metr hündürlükdə quraşdırılır, 1650
metr ərazini dəqiq göstərir, 20 min hektarı öz təsiri
altında saxlayır. Bu il də ölkənin
digər ərazilərində yerləşən meşələrdə
kameraların quraşdırılması prosesi davam edəcək.
Kameraların quraşdırılmasında əsas məqsəd
baş verə biləcək yanğınların tez bir zamanda
lokallaşdırılmasına nail olmaq və təxirəsalınmaz
tədbirlərin görülməsini təmin etməkdir.
- Meşə
yanğınları minlərlə hektar meşə sahəsinin,
yaşıllığın məhvi ilə nəticələnir.
Bildiyimiz qədər yanğın təhlükəsizliyi
məqsədi ilə meşələrdə müşahidə
qüllələrinin və gözətçi
postlarının qurulmasına başlanılıb. Hazırda işlər hansı mərhələdədir?
-
Sevindirici haldır ki, Azərbaycanda minlərlə hektar
meşə sahəsini əhatə edən yanğınlar
olmayıb. Ayrı-ayrı meşə ərazilərində
azhəcmli sahələri əhatə edən
yanğınların qarşısı isə dərhal
alınıb və meşə təsərrüfatlarına
ciddi ziyan dəyməyib. Doğrudur,
meşə yanğınlarının qarşısının
alınmasında, dərhal müdaxilə edilməsində
müşahidə qüllələrinin və gözətçi
postlarının rolu böyükdür. Bu
baxımdan meşə sahələrində müşahidə
qüllələri və məntəqələri qoyulub,
növbətçilik sistemi yaradılıb, yanğından
mühafizə zolaqları çəkilib, eləcə də
gözətçi postları təşkil edilib. Hazırda bu istiqamətdə maarifləndirmə
işləri aparılır. Ancaq bu məsələdə
hər bir kəs, o cümlədən meşə ətrafı
kəndlərin sakinləri, torpaq mükiyyətçiləri,
bütün ictimaiyyət, xüsusilə də meşələrə
səyahət edən turistlər daha diqqətli olmalı,
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
etməlidirlər.
- Sonda nə demək istərdiniz?
- Ətraf mühitin qorunmasında ictimai nəzarət
daha da gücləndirilməli, hər bir vətəndaş bu
işdə yaxından iştirak etməli, böyükdən
kiçiyə qədər hər kəs təbiəti
qorumalıdır. Nazirlik tərəfindən ekoloji problemlərin
aradan qaldırılması istiqamətində müxtəlif
mövzularda təbliğat xarakterli görüşlər
keçirilir, ekoloji təqvim günlərində də ekoloji
təbliğat xarakterli tədbirlər təşkil edilir.
Düşünürəm ki, hər bir vətəndaş ətraf
mühitə dost münasibət bəsləməli, təbiəti
öz evi kimi sevib qorumalıdır. Sonda ulu öndərimizin
“Mən istəyirəm ki, hamınız təbiəti
qoruyanlar olasınız” tarixi kəlamı ilə müsahibəni
bitirmək yerinə düşər.
Xalq Cəbhəsi.- 2019.- 21 may.-
S.4.