İrəvan xanlığında əhalinin
etnik və say tərkibi
3-cü yazı
İşğaldan sonra İrəvan şəhərində Cənubi Azərbaycandan, İrandan və Osmanlı dövlətindən köçürülmüş erməni əhalisi də yerləşdirilmişdi. Belə ki, şəhərdə İran və Cənubi Azərbaycandan 366, Osmanlı ərazisindən isə 11 köçürülən erməni ailəsi yaşayırdı. Şəhərə köçürülmüş erməni ailələri demək olar ki, bütün məhəllələrə paylanmışdı. Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, onlar əsasən şəhərin mərkəzi hissəsində yerləşdirilmişdi. İran və Cənubi Azərbaycandan köçürülən 231 erməni ailəsi İrəvanın «Şəhər», 87-si «Təpəbaşı», 48-i həmin vaxta qədər heç bir erməni ailəsinin yaşamadığı «Dəmirbulaq» məhəllələrində, Osmanlı ərazisindən köçürülən 8 ailə «Şəhər», 3-ü isə «Təpəbaşı» məhəllələrində yerləşdirilmişdi. Ümumilikdə, şəhərə köçürülən erməni əhalisinin sayı 1763 nəfərdən ibarət idi.
İrəvan xanlığı əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdı. Bəzi mənbə və tarixi ədəbiyyatda xanlıq əhalisinin ümumi etnik və say tərkibi haqqında statistik rəqəmlər göstərilsə də, Rusiya işğalına qədər kəndlərdə yaşayan əhalinin sayı haqqında məlumata rast gəlmədik.
Kənd əhalisinin sayı haqqında yalnız işğaldan sonra 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınma əsasında konkret rəqəmlər söyləmək mümkündür. Kənd əhalisinin etnik və say tərkibinin ümumi mənzərəsini izləmək baxımdan məhz kameral təsvir böyük əhəmiyyət kəsb edir.
Kameral təsvirdə İrəvan xanlığının ərazisində 831 kənd qeydə alınmışdı. Lakin bunlardan 310 kənd tamamilə dağıdılmışdı. Dağıdılmış kəndlərin sayahısı aşağıdakılardır:
1. Qırxbulaq mahalında - Kürəcik, İynədüz, Güllücə, Qaraceyran, Tecirəbək, Bozaklı, Qaraqala, Qatırçay və yaxud Heydərgöl, Ərzap, Norinus, Damcılı, Kitikən və yaxud Kətikut, Quyulu, Qızqala, Tezxarab, Babacur, Damagirməz, Dəlləkli, Kankan, Göykilsə, Yaycı, Qızılqala, Çobangərəkməz, Azaklar, Əkikənd və yaxud Muradtəpə, Ərzini (26 kənd);
2. Zəngibasar mahalında - Həsənağa, Sinnik, Qaracalar, Ozanlar, Dərcan, Yeniköy, Cəfərabad (7 kənd);
3. Gərnibasar mahalında - Məsimli, Taytan, Bayraməliqışlağı, Qulaqsız, Zöhrablı, Qurdkəndi, Şəfiabad, Kirbozavənd, Başqərni, Mürzük, Heyranısuliya, Burduq, Kerkəc, Gilanarsufla, Moll Əhməd, Qaqavuz, Şəhriyar, Şoğaib, Heyranıs Sufi, Kərpicli, Abdallar, Qurbanqala ulya, Qurbanqala sufi, Ərtiz, Yappa, Əlimərdan, Əliqırağı, Ellicə, Buralan, Sultantəpə, Əzizli, Əlisərgi, Qalakənd, Qarahacılı, Xıdırlı, Adətli, Taraşköy, Əliqızıl, Bulaqbaşı, Bayraməli kəndi, Purça, İmamverdiqalası, Tərəkəmələr (43 kənd);
4. Vedibasar mahalında - Reyhanlı, Şirazlı, Qaralar, Saray, Çatqıran, Qarabağlar sufi, Qarabağlar ulya, Talasavan, Şahablı, Zəncirli, Pünüt, Şorsu, Daşnov, Həsənqala, Vəlican, Köşəhli, Abbasabad, Əliqızıl, Muradabad, Əliabad, Əliqırıq, Günlük, Baxçacıq, Xamud, Qızılverən, Zimmi, Musacıq, Hand, Qazançı, Xosrov, Haxıs (33 kənd);
5. Şərur mahalında - Hacıqara, Qalacıq, Fərhadarxı, Boşqışlaq, Daşarx ulya, Örtülü məzrə, Şaban məzrə, Kürkçi Bayat məzrə, Yovşan məzrə, Kabud məzrə, Dəhnəkənd və yaxud Dəmirçiqışlağı (11 kənd);
6. Sürməli mahalında - Vəlican, Talasavan, Abbasabad, Sərhəngabad, Rəsullu, Zəagan, Atlıca, Hacıabbas, Saxsalı, Qaraçılı, Mərhava, Çıraxlı, İstinax çıraqlı, Uruşmuş, Ərgöv, Göyumus, Qurqan, Qaraçay, Əliməlik, Zor, Əlikeçən, Quşçu, Karvansaray, Asma, Quyuca, Çıraxçı, Sarıhasar, Muça (28 kənd);
7. Dərəkənd-Parçenis mahalında - Qaraqoyunlu, Kiti, Sürməli, Aşıq Hüseyn, Qarabulaq, Qaraqala, Çaldağ, Qaziqoparan (8 kənd);
8. Saatlı mahalında- Xəlilqışlağı, Ərmən kövşəni, Sufilər, Mirzəxan, Başqışlağı (5 kənd);
9. Talın mahalında- Aylanlı, Siçanlı, Nadirxanlı, Pirmələk, Sutökülən, Ağakiçik, Məzarcıq, Pirtikən, Qaraqala, Çiçəkli, Püsəgən, Çartəpə, Müstüklü, Qoruq, Parakənd, Daşqala, Çorsulu, Bəbirli, Sadıqlı, Zərincə, Aşağı Dəmirçili, Sabunçular, Kiçikyataq, Balaşbəy qulu, Böyükqızıl qul, Göyərçin (27 kənd);
10. Sərdarabad mahalında- Cəfərxan Rəncbəri, Teymurxan kəndi və yaxud Dövlətabad, İtköy, Qatırabad və yaxud Əbdülabad, Artaşad (Fəthabad), Rəhimabad və yaxud Molla Bədəl və yaxud Səfiabad, Keçili, Xam (8 kənd);
11. Körpübasar mahalında- Teymurxan Kolani, Ağdəmir, Qaraqışlaq, İnəkli, Çobani, Arpahəvəsik, Haçabağ, İlançalan, Anberd (9 kənd);
12. Abaran mahalında - Qotur, Tezxarab, Şabanlı, Xaçbulaq, Köhnə Qəzənfər, Bitli, Əmirli, Yarbaş, Məmişkəndi, Qarabulaq, Hamamlı, Kürdəli, Cancik, Cilligöl, Şahqulu olan, Porsuqlu, Camışlı, Əyri budaq, Muncuqlu, Pəmbək, Günbəz, Sibitağ (22 kənd);
13. Dərəçiçək mahalında- Ada Göyçə, Kiçik Ördəkli, Alapapaq, Barat, Qonaqgirməz, Eşşəkquduran, Çobangölü, Keğaç, Maman, Aydın, Şəhərbaşı, Misxana, Sutökülən, Çiçəkli, Pirpalıd, Zeynalağa (16 kənd);
14. Göyçə mahalında - Buğdatəpə, Hacımumu xan, Allahverdibəy, Üçtəpə (2 kəndin adı unudulub), Kərimkəndi (4 kəndin adı unudulub), Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poqos (burada 5 kəndin adı unudulub), Ağrıca, Atdaş, Axsaqtovuz, Karvansaray, Qasımbaşı, Mədinə (burada 6 kəndin adı unudulub), Baş Gözəldərə, Xan Çingizoğlu (5 kəndin adı unudulub), Qızılkilsə (5 kəndin adı unudulub), Böyükağa (9 kəndin adı unudulub), Ağkilsə (2 kəndin adı unudulub), Göyçə, Sultanəli, Satanağac, Karvansaray, Ağrığa (2 kəndin adı unudulub), Kərimağa kəndi, Dəli Harutyun, Qəmasar (67 kənd). İrəvan xanlığının mahallarından yeganə Seyidli-Ağsaqqallı mahalında dağıdılmış kəndlər qeydə alınmamışdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında qeyd olunur ki, ümumiyyətlə, İrəvan xanlığında əhalinin yaşadığı 521 kənd var idi. 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalma əsasında mahallar üzrə kəndlərdə yaşayan yerli əhalinin say dinamikasını və etnik tərkibini əks etdirən cədvələ nəzər saldıqda bu qənaətə gəlmək olur.
Mahallar üzrə kəndlər və kənd əhalisinin sayı göstərilmiş həmin cədvəllərdə, həmçinin əksəriyyətində əvvəllər yerli azəri əhalisinin yaşadığı və məlum səbəblər üzündən boş qalmış kəndlər də qeydə alınmışdı. Bunlar Qırxbulaq mahalında 12, Zəngibasar mahalında 3, Gərnibasar mahalında 7, Sürməli mahalında 15, Talın mahalında 8, Sərdarabad mahalında 11, Körpübasar mahalında 6, Abaran mahalında 38 ( burada 1 kənddə bir erməni ailəsi qalmışdı), Dərəçiçək mahalında 18 (burada 1 kənddə 20 ailənin yaşadığı 1 erməni kəndi qalmışdı), Göyçə mahalında isə 24 kənd idı. Bütünlüklə mahallar üzrə qeydə alınmış kəndlərdən 142-i boş idi. Kameral siyahıyaalınmda diqqəti cəlb edən kəndlərin böyük əksəriyyətində 1, 2, 3 və s. ailənin qeydə alınmasıdır. Cədvəldə yalnız oturaq həyat tərzi keçirən azəri, erməni və qaraçı ailələri göstərilmişdir. Lakin işğaldan sonra Rusiya hakim dairələri mahalların boş qalmış kəndlərinə İran və Osmanlı ərazisindən köçürülən erməni ailələrini yerləşdirmişdi.
İrəvan xanlığında yaylaq-qışlaq həyatı keçirən əhali də yaşayırdı. İ.Şopenin yazdığına görə, xanlıq dövründə 2984 kürd elat ailəsi köçəri maldarlıqla məşğul olmuşdu. Lakin işğaldan sonra İrəvan ərazisində onların cəmi 847 ailəsi qalmışdı. Onların çoxu Cənubi Azərbaycana və Osmanlı dövlətinə qaçmışdılar. Kürdlər əsasən Göyçə və Sürməli mahallarında qışlayır və Ağrıdağ vadisində köçəri həyat keçirirdilər. Köçmə maldarlıqla məşğul olan Azərbaycan türk elatları da xanlıq ərazisində qeydə alınmışdı.
Burada 13 Azərbaycan-türk,
10 kürd və 1 qaraçı elatlan var idi. Bu elatlar 1411 ailə və yaxud 7813 nəfərdən ibarət
idi. Beləliklə, kameral siyahıyaalınmada
keçmiş İrəvan
xanlığında 14205 ailə
qeydə alınmışdı.
Bunlar etnik tərkibinə görə,
9746 Azərbaycan-türk ailəsi
və yaxud 53409 nəfər, 3452 erməni
ailəsi və yaxud 19878 nəfər, 847 kürd ailəsi və yaxud 4217 nəfər, 60 qaraçı
ailəsi və yaxud 257 nəfər idi. Ümumiyyətlə, bütün xanlığın
yerli əhalisi 77761 nəfərdən ibarət
olmuşdu. Bu işğaldan sonra hesablanan əhalinin sayı idi. Lakin kameral təsvirdə İrəvan xanlığı
işğal olunmamışdan
əvvəl burada
16.384 ailənin yaşadığı
göstərilmişdir. 1829-1832-ci il məlumatı
əhalinin 2179 ailəyə
qədər (10895 nəfər)
azaldığını göstərir.
E.Qarayevin
İrəvan xanlığı
ilə bağlı araşdırmasında daha
sonra bildirilir ki, əgər XIX əsrin əvvəllərindən
başlayan Rusiya-İran
müharibələri zamanı
əhalinin xanlıqdan
didərgün düşdüyünü
nəzərə alsaq,
onda siyahıyaalınmada
yerli əhalinin say dinamikası və etnik mənzərəsinin
düzgün əks etdirilmədiyi qənaətinə
gəlmək olar. Hərbi əməliyyatlar nəticəsində
dinc sakinlərin bir hissəsi qırılmış, bir
hissəsi isə yaşayış yerlərini
tərk edərək qonşu ölkələrə
köçmüşdü. Müharibələrdən müsəlman əhali,
xüsusilə, azəri
türkləri böyük
əziyyət çəkmişdi.
Erməni əsilli ingilis
tarixçisi D.Bornatyan
əsərində göstərir
ki, rus işğalından
sonra 25.000 müsəlman
İrəvan xanlığını
tərk edərək qonşu ölkələrə
qaçmışdı. Onun verdiyi bu məlumat
əhəmiyyətli olsa
da, bizə elə gəlir ki, xanlığın müsəlman əhalisinin
itkisi daha çox olmuşdu. 1829-1832-ci illərdə tərtib edilmiş kameral təsviri nəzərdən keçirsək
bunun şahidi olarıq. Məsələn, siyahıyaalınmada tamamilə dağıdılmış
310 və yerli əhalinin tərk etdiyi 142 boş kənd göstərilmişdi.
Nəticədə, İrəvan xanlığına
məxsus 820 kənddən
462-də azəri türklərinin
yaşadığı yerli
əhali qeydə alınmamışdı. Əgər
orta hesabla hər kənddə 20 ailənin və yaxud 100 nəfərin yaşadığını nəzərə
alsaq, bu 46200 nəfər oturaq əhali edir. Bundan əlavə, maldarlıqla məşğul
olaraq yaylaq-qışlaq
həyatı keçirən
kürdlərə məxsus
2137 elat ailəsi və yaxud 10685 nəfər də İrəvan xanlığını
tərk edərək Cənubi Azərbaycana və Osmanlı ərazisinə köçmüşdü.
Kameral siyahıyaalınmaya görə,
müharibələrlə və
kütləvi xəstəliklərlə
əlaqədar olaraq ölən və qonşu ölkələrə
emiqrasiya edən İrəvanın müsəlman
əhalinin sayı təxminən 56885 nəfərdən
ibarət olmuşdu.
Digər
tərəfdən, İrəvan
xanlığının mahallarından
olan və müharibələr nəticəsində
ondan qopardılaraq sultanlığa çevrilən
Pəmbək, Şuragöl
və Maku mahallarının əhalisi
bu statistikaya daxil edilməmişdi.
Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən,
Rusiya-İran müharibələrindən
əvvəl İrəvan
xanlığının əhalisi
22964 ailə və yaxud 134646 nəfərdən
ibarət olmuşdu. Bunlardan
16438 Azərbaycan-türk ailəsi
(99.609 nəfər), 3496 erməni
ailəsi (19878 nəfər),
2984 kürd ailəsi
(14902 nəfər), 46 qaraçı
ailəsi (257 nəfər)
idi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 25 may.-
S.13.