Nəsimi ili: klassik ədəbi irsə müasir
baxış, milli və bəşəri ideyaların təbliği
Nəsiminin milliliyi və
bəşəriliyi
Azərbaycanın
dünyaya bəxş etdiyi dəyərlər sırasında
İmadəddin Nəsiminin ayrıca yeri var. Onun poeziyası
650 ildir ki, bəşəri mahiyyəti ifadə və təsdiq
etdiyinə görə yaşayır, bundan sonra da yaşayacaq.
Nəsimi Azərbaycanın mənəvi
obrazının yaradıcılarındandır. Onun poeziyasındakı mətinlik, döyüşkənlik,
eyni zamanda aşiqliklə yanaşı filosofluq, aqibətinə
düşən qüdrəti şeirlə ifadə edə
bilmək qabiliyyəti əvəzsizliyinin göstəricisidir.
Ustadı Fəzlullah Nəiminin
yaratdığı hürufilik təriqətinin mahiyyətini
yaradıcılığında böyük bir eşqlə
car çəkən Nəsimi əbədi aşiqdir. Onun yaradıcılığı sözün
gerçək mənasında Azərbaycanın ulusal ruhunu
ifadə etdiyi dərəcədə də bəşəriliyə
tam uyğundur.
Hürufilik təriqətinə görə, Allah hər
bir zərrəcikdə təcəssüm edir. Hürufiliyin
- Nəimi, Nəsimi obrazının uğurlu bədii həllini
xalq yazıçısı İsa Hüseynov – Muğannanın
“Məşhər” romanında və ssenari müəllifi
olduğu “Nəsimi” filmində görürük. Romanda
belə bir məqam var: “Fəzlin üzünün kəhrəbasında
naxışlar əmələ gəlmişdi və ilbəil
artıb dərinləşən naxışlar onu daha zərif,
daha məlahətli edirdi. O məlahəti yaxından gördükdə,
Nəsimi hər şeyi unutdu”.
Bu, Nəsiminin şəxsində aşiq obrazının
təsviridir.
O sevgi, ilahi anlamda eşq ki bədii əsərlərdə
görülürdü, gerçəkdən Nəsimi bunu
müqəddəs aqibət səviyyəsində
yaşadı. Nəsiminin yazdıqlarının
ünvanı mahiyyətcə ustadı Nəimidir. Bu, insanın uca tutulmasının təsdiqidir, Azərbaycan
ruhundan gələn, bundan sonra dünyaya daha çox gərək
olan bənzərsiz insanlıq olayıdır – hava-su kimi.
Ona görə ki, bu gün dünyada baş verən
hadisələr daha çox insansızlığın ifadəsi
kimi meydana çıxır. Bu gün
dünyadakı terrorların, qətl-qarətlərin,
amansızlığın miqyası durmadan artır. İri güclər ardıcıl şəkildə
müharibələr yaradır, varlığını, ruhunu
qorumaq istəyən ölkələri tapdaq altına salmaq istəyirlər.
Tarix boyunca bəşərin yetirdiyi bütün gözəl,
müqəddəs duyğuların bədii, yüksək sənət
səviyyəsində ifadəsinə baxmayaraq
qan-qadaçılığın, terrorizmin dünyanın
siyasi gündəmində bu və ya başqa biçimdə
qaldığı, bu və ya başqa insansızlıq
olaylarına məharətli hüquqi don geydirildiyi bir
çağda Nəsiminin poeziyası mənəvi güc
qaynağı olub, bəşəri mahiyyətli ulusal ruhumuzun
dövlətçiliyimizin mayasında olduğunu bir daha
sübut edir.
Nəsimi
özünəməxsusluğu
Tarixə vardıqda hürufilərin Teymurləngin
hakimiyyəti dövründəki fəaliyyəti diqqəti
daha çox cəlb edir. Dünyaya yiyələnmək
iddiasında olan Teymurun zamanında hürufilərin insana bu dərəcədə
yüksək dəyər verməsi doğrudan da misilsiz
hünər idi.
Nəsimi poeziyasında İslam dinindən gələn rəmzlərdən
bəhrələnmə kifayət qədərdir. Onun
poeziyasının, ömrünün, ümumən hürufiliyin
hərtərəfli tədqiqi göstərir ki, hürufilər
fikirlərini rəmzlərlə deməyə məcbur idilər.
Əks halda onları çox az vaxtdan sonra
məhv edəcəkdilər. Adı,
şöhrəti ustadı Nəimini də hərdən
qabaqlayan Nəsimi elə bir qüdrət yiyəsi oldu ki, onu
asanlıqla məhv etmək mümkün olmadı.
Ancaq Nəsimini cismən öldürmək – əslində
onu ölümsüzləşdirməyə xidmət etdi.
Nəsimi duyğusu adi duyğu deyil, fikri adi fikir deyil,
eşqi adi eşq deyil. O, gerçəkdən zamandan üstündür. Azərbaycanda elə şəxs tapmaq olmaz ki, Nəsiminin
adını eşidəndə düşüncəli bir hala
gəlməsin. Nəsiminin poeziyası
insanın ilahi-insani imkanlarını aşkarlamağa,
özünə yetməyə, düşünməyə, var
olmağa xidmət edir.
Nəsiminin irsi niyə aktualdır?
Ona görə ki, insanla bağlı yüzillər
öncə deyilən uca fikirlər bu gün də insanlara –
bütün bəşərə gərəkdir. Ona görə ki,
çağdaş elmi-texniki tərəqqinin ən yüksək
nailiyyətlərini yaradan insanın Nəsimi kimi özündən
keçən aşiq-filosof-qəhrəmana böyük
ehtiyacı var. Bu gün Avropanın poeziya sahəsində
dünyaya təqdim etdiyi adların içərisində bəşəriliyi
təsdiq edənlər az deyil. Ancaq Nəsimi kimi şair gerçəkdən yoxdur.
İslam dininin yayılmasından sonra Şərqdə
sufilik cərəyanı yarandı və yayıldı,
xüsusən musiqidə, poeziyada, habelə başqa
yaradıcı sahələrdə böyük təsirini
buraxdı. Bu gün muğamatın ruhu sufilərin ruhu olaraq
duyulmaqdadır. Muşamda ümumşərqilik olsa da,
ayrıca olaraq “Azərbaycan muğamı” anlayışı
var. O deməkdir ki, muğamatın yaranması və
inkişafında Azərbaycan-türk əsilli insanların
mühüm xidmətləri olub. Habelə poeziyada
təkcə Füzulinin adını çəkmək yetər
ki, sufilikdə möhtəşəm imzamızın
olduğunu deyək. Sufilər Allaha yetib
onda itirdilər. Hürufilikdə isə
insan Allaha yetib ilahi imkanlarını
aşkarladığına – ilahiləşdiyinə
inanırdı.
Nəsimi
vəcdi adi ağlın görmədiyini görür, duyur...
Nəsimi inanır ki, insan gerçəkdən cahana
sığmaz.
O, vəcdlidir,
ruhludur, insanlıdır.
İnsan möhtəşəmdir, deməli, dünyaya
sığmır, dünyadan üstündür.
Kainatda nə varsa, mənalandıran insandır. Hər şey insana görə
mənalıdır...
Bu, sadəcə, şair qənaəti deyil.
Gənc yaşlarında ustadı Nəiminin fəlsəfəsindən,
təlimindən nurlanmış Nəsiminin vəcdi, duyumu adi
təsəvvürlərdən ona görə
üstündür ki, insanın
sığmazlığını,
böyüklüyünü öz şəxsində görə
bilir, bu həqiqətə yetir.
Çox
zaman açıqca görünür ki, Nəsiminin eşqini
ifadə etməsinə söz yetmir...
İnsanın böyüklüyünə inanan Nəsimi
vəcd məqamında onu Allah da sayır.
Ona görə ki, həqiqətə yetir. Həqiqət
onu insanın böyüklüyünə yetirir.
Nəsiminin insanı o qədər uca, ülvidir ki, onu
sözlə vəsf etmək olmur.
Nəsiminin insanı müəyyən məkanda olsa da,
məkansızdır, ruhu zamana sığmır. Keçici
ölüm qisməti belə insanı ruhən əbədilik
aqibətindən məhrum edə bilməz. Bu səbəbdən də insan hər şeydir.
Mən
mülki-cahan, cahan mənəm mən!
Mən həqqə
məkan, məkan mənəm mən!
Mən
surəti-mə’nidə həqəm həq,
Mən həqqi-əyan,
əyan mənəm mən!
Mən
cümlə cahanü kainatam,
Mən dəhrü-zaman,
zaman mənəm mən!
…İnsanü
bəşərsən, ey Nəsimi,
Həq
der ki, haman, haman mənəm mən!
Nəsiminin
insan obrazı qüdrətlidir, o, heç bir keyfiyyətə
sığmır... Nəsiminin vəcdi, həqiqət
təşnəliyi adi təsəvvürlərə
sığmır. O, insanlığa, insana vurğundur. Nəsiminin insana inamı, idrakı, vəcdi bəşəri
ləyaqəti təsdiq edir. Bu, mahiyyətcə
Azərbaycan ruhunun ərdəmli ifadəsidir.
Nəsimi
məğrurluğu...
Nəsimi
– hünər, məhəbbət, kamillik, bənzərsizlik,
müdriklik deməkdir... Nəsimi inanır ki,
insanın mənəvi gözəllikləri
ölümsüzdür. Nəsiminin
insanının gözəlliyi, bənzərsizliyi onun sifətində
ifadəsini tapır. İnsanın gözəlliyini,
bənzərsizliyini bunca vəsf etmək olarmı? Nəsiminin
insana olan ilahi sevgisi bunu sübut edir:
Nigarım,
dilbərim, yarım, ənisim, munisim, canım,
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə
dərmanım.
Şəhim,
mahım, dilaramım, həyatım, dirligim, ruhim,
Pənahım, məqsədim, måylim, muradım, sərvərim,
õanım.
…Çırağım,
şəmimü nurim, ziyamü yıldızım, şəmsim,
Həzarım,
bülbülüm, kəbkim, Nəsimiyi-õoşəlhanım!
Nəsiminin
böyük idealları müasir dövrün də
ideyalarını əks etdirir
Akademik İsa Həbibbəyli bu fikirdədir ki,
böyük əqidə sahibi İmadəddin Nəsiminin faciəli
şəkildə öldürülməsi haqqında geniş
yayılmış rəvayətlər dünya ədəbiyyatında
təkrarı olmayan qəhrəmanlıq mifidir. Nəsiminin həyatı və
sənəti əqidəsi yolunda şəhidlik zirvəsinə
yüksəlməyin ibrətamiz nümunəsidir: “Cəmi 48
il ömür sürmüş, böyük və zəngin ədəbi
irs yaratmış Nəsiminin şeirlərində ifadə
olunan yüksək humanizm, dünyəvilik, mənəvi
kamillik, ictimai ədalət və ilahi eşq ideyaları
zamanı daha da irəli aparan
çağırışlardır. Nəsiminin
böyük idealları müasir dövrün də
ideyalarını əks etdirir, onun əsərləri
insanlığı mənəvi kamilliyə, ədalətə,
humanizmə çağırmaqda davam edir”.
Akademik
Rafael Hüseynov: “Türk, fars, ərəbdilli şeirimizin son
1200 illik tarixi boyunca yazıb-yaratmış çox məşhur,
yaxud ən parlaqlardan olmasa da, hər halda yetərincə
tanınmış və adı təzkirələrdə
keçən, irsi sanballı şairlər cərgəsində
anılan, ədəbi mirasına da bilavasitə bələd
olduğum minlərlə şairin arasında, tam qətiyyətlə
təsdiqləyirəm ki, özünə və dünyaya bu qədər
sual vermiş ikinci şairimiz yoxdur. Nədən
Nəsimi suala bunca həvəslidir? Sual
insanı kamilləşməyə aparan ən qısa yollardan
biridir. Məhz dil açdığı
ilk illərdə verdiyi bol-bol sualların sayəsində insan
oğlu adamlaşmağın əsas yolunu qısa zaman kəsiyində
adlayır, nə qədər inanılmaz səslənsə də,
həyatı boyu götürəcəyi informasiya
yükünün əsas hissəsini elə bu dövrdə mənimsəyir”.
Nəsimi
bizim müasirimizdir
Akademik
Teymur Kərimli Nəsimini Azərbaycanda anadilli ədəbiyyatın
beşiyi başında duran şairlərdən sayır:
“Bizim anadilli ədəbiyyat XIII əsrdə Həsənoğludan
başlayır və həmin dövrə aid, lakin müəllifi
məlum olmayan “Dastani Əhməd Harami” poeması var, XIII əsrin
əvvəllərində Qul Əli adlı bir şair
“Qisseyi-Yusif” əsərini yazıb. Nəsimi də
onların sırasında anadilli ədəbiyyatın
beşiyi başında duran bir sənətkardır”.
AMEA-nın
müxbir üzvü Kamran Əliyevin fikrincə, Nəsimi
yaradıcılığında Xızırla - dirilik suyu ilə
bağlı sirr həm həqiqi, həm də mifoloji mənada
Nəsimi ilə İsgəndərin davasının
görünməyən mərtəbəsidir: “Şair
Xızırın simasında dirilik suyu obrazını
canlandırdıqca, sanki İsgəndərə acıyır,
onun zülmətlər içərisində faydasız
axtarışlara sərf etdiyi vaxta heyifsilənir. Nəsimi çox böyük inamla demək istəyir
ki, ey İsgəndər, dirilik suyu qaranlıq mağaralarda,
zülmətlər içərisində deyil, sənin
yanında olan gözəlin duruşunda, baxışında və
danışığındadır. Nəsiminin
inandığı doğru olandır. Yəni
özü dediyi kimi, "doğruya zaval yoxdur". Şair altı əsr bundan qabaq necə deyibsə,
biz də indi eləcə deyirik. Deməli,
Nəsimi bizim müasirimizdir”.
Nəsiminin
yaradıcılığı indiyə kimi ədəbiyyata,
incəsənətə geniş yaradıcılıq
imkanları versə də, gedişat göstərir ki, bu
misilsiz xəzinədən daha geniş şəkildə
yararlanmaq imkanımız var. Belə ki, Nəsiminin
insançılıq fəlsəfəsinin poeziyada yüksək
sənətkarlıq ölçüsündə ifadəsi
onun təkcə Şərqdə deyil, Qərbdə də
geniş şəkildə təqdim olunmasını gərəkli
edir. Bu dünyagörüş bizim xalq olaraq mənəvi
zənginliyimizin sübutu kimi daha geniş biçimdə diqqət
cəlb etmək, ümumən bəşərin bundan
sonrakı yaşamına ciddi mənəvi təsir göstərə
bilmək qüdrətinə malikdir.
Nəsiminin
döyüşkənliyi, aşiqliyi, insana uca səviyyədə
yanaşması, onu ilahiliyin qaynağı bilməsi
bugünümüzdə və sabahımızda ulusal, bəşəri
ölçümüzün cilalanmasında ardıcıl mənəvi
güc qaynağımız ola bilər. Ona görə ki, nə qədər elmi-texniki tərəqqi
yüksək səviyyədə inkişaf etsə də, bunun
yaradıcısı olan insan heç bir halda gözdən
düşməməli, onun duyğusu, insana, xalqına,
başqa xalqların fərdlərinə, təbiətə
ilahi münasibət bəsləməsinə səbəb olar.
İnsanın mənəvi xilasının dünyada
ciddi ölçüdə qayğıya çevrildiyi bir
çağda Nəsimi poeziyası, Nəsimi şəxsiyyəti
bizi əbədi sabahlarda təsəvvür edəcəyimiz,
etməyəcəyimiz çoxsaylı təhlükəli məqamlardan
qurtarmağa qadir olan mənəvi qüdrət
qaynaqlarımzdandır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2019.- 28 may.- S.14.