XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri

 

 

 

2-ci yazı

 

1980-ci illərdə İranda və Güney Azərbaycanda siyasi fəallığı ilə seçilən, soydaşlarının milli haqq və hüquqlarının alınması və tanınması uğrunda mübarizə aparan Mahmudəli Çöhrəqanlı “Türk elləri, mənim elim” poemasında qədim və şərəfli tarixə malik böyük Turanın obrazını yaradıb. Türk elləri, bu ellərin əbədi sakinlərinin həyatı poemada sanki sözlə rəsm edilir.Bu ellər Mahmudəli Çöhrəqanlının təqdim etdiyi güzgüdə necə görünür? Təkallahlı türk elləri İslam dininə sitayiş edir, bu elin oğlu Günəş, qızı Aydır, ürəkləri vulkanlartək odlu-alovlu, tükdən incə, şüşədən kövrəkdir, hər soyuq baxışdan, məkrli münasibətdən bu incə qəlb sına bilər. Türk ellərinin dili bulaq kimi çağlayar, ancaq özü-özünü dərdə salar.Əməyini hey yadlar mənimsəyər, sevdiyinə həsrət qalar, məzlumlara arxa durar, zalımlara zərbə vurar və öz halal zəhmətilə yaşayar, heç bir xalqın torpağında, süfrəsində gözü olmaz. Böyük sevgilərlə yaşayan bu ellər çoxdur - özbək, qırğız, tatar, bulqur, türkmən, qaqauz, Azərbaycan, uyğur elləri... Ancaq şair üzülür ki, bu böyük toplumun arasında sıx birlik yoxdur, onlar batində təkdirlər:

 

Sultanlardan baclar alan,

Tarixlərə izin salan,

Haqq yolunda qılınc çalan,

Türk elləri, mənim elim.

Bölük-bölük, parçalanan,

Yabançını qardaş sanan!

Düşmənləri haqqın danan,

Türk elləri, mənim elim.

 

M.Çöhrəqanlının cızdığı tabloda ömür boyu yer şumlayıb əkin əkən, bağ-bostan salan və bol məhsul əldə edən, lakin daim yoxsulluq içində əzab çəkən, çörəyini daşdan çıxaran və bu əzab-əziyyətdən cavan ikən qocalan, lakin yenə də tutduğu haqq yolundan dönməyən, etibarından, sədaqətindən vaz keçməyən türk ellərinin parlaq obrazı görünür. Belə bir obraz oxucunu duyğulandırır, müəllifin öz elinə, yurd-yuvasına olan böyük sevgisinə qəlbində rəğbət oyadır:

Sədaqətli, səfalıdır,

Düşmənləri, cəfalıdır,

Özgəyə də, vəfalıdır,

Türk elləri, mənim elim.

 

Mübarizə idealı, həqiqi mənəvi və əxlaqi dəyər, haqq axtarışında olan Güney şairləri bu gün də üzüntülərlə dolu bir yol gedir, azadlıq və qurtuluşun Vətəndə bərpa ediləcəyi günün gəlməsini gözləyirlər.Onların amalı Güney Azərbaycanın milli azadlığı, o taylı-bu taylı Azərbaycanın milli-mənəvi bütövlüyü uğrunda mübarizədir.Atilla Maralanlı “Qarabağ ürəyimdir” poemasında oxucunun gözləri qarşısında təkcə Azərbaycanın Güneyinin deyil, Quzeyinin - Qarabağın da tarixini vərəqləyir. Burada xalqın keşməkeşli tarixinə bələdliyi şairin köməyinə gəlir.

1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması bu dövrdə yaranan ədəbiyyata güclü təsir göstərib. İctimai-siyasi hadisələrin uğurlu sonluqla nəticələnməsi, xalqın azadlığa qovuşması 20 yaşlı Bulud Qaraçorlunun da xəyalını qanadlandırır, milli istiqlal, bağımsızlıqla bağlı duyğu və düşüncələri qələmə aldığı yeni əsərlərdə əks olunurdu. Lakin Azərbaycanda qurulan Milli Hökumətin bir il sonra imperialist qüvvələr və onların yerli havadarları tərəfindən ağlasığmaz vəhşiliklə, xüsusi qəddarlıqla süquta uğradılması B.Q.Səhəndin də mənəvi dünyasını alt-üst etmiş, azad, xoş gələcək arzuları ilə çırpınan ürəyini yaralamışdı. Bu yaranın sızıltıları ömrünün sonunadək yazdığı əsərlərində duyulmaqdadır. O da digər qələm dostları kimi? Azərbaycan Milli Hökuməti məğlub edildikdən sonra istiqlal, milli-azadlıq hərəkatına qoşulduğu üçün tutularaq zindana atılıb. Şairin zindanda qələmə aldığı “Araz” və “Xatirə” poemaları onun bu illərdə yaşadığı acı xatirələrin, zindan əzablarının poetik əksi və Azərbaycan Milli Demokratik hərəkatının real təsviridir. 1946-50-ci illərdə yazdığı və sonradan bir sıra əlavələr etdiyi bu iki poema B.Q.Səhəndi Güney Azərbaycanın qüdrətli milli şairi kimi tanıdır və bu poemalar həmin dövrdə yaran¬mış ən uğurlu bədii nümunələrdən hesab olunur. “Araz” əsərində illərlə qınaq yeri sayılaraq böyük Vətənimizin ikiyə bölünməsində günahkar hesab edilən “niskilli, yaralı” Araza xitab edərək ona düşüncələrini, ürək sözlərini deyən Səhənd iki əsrə yaxın ayrılıq dərdi yaşayan soydaşlarının Arazın, Xəzərin suyundan da çox göz yaşı axıtdığını söyləyir. Gah “Xan Araz”, gah “yaralı Araz” deyilərək mənəvi yük altında qoyulan, ancaq öz beşiyində sakitcə yırğalanan Araz çox əsərlərin qəhrəmanı olub. “Səhənd “Araz” poemasında Araz çayını vahid ürəyin damarı adlandırır. Müştərək şanlı keçmişimizin olmasından, odlar ölkəmizin Azər adlandırılmasından, Qafqaz ellərinin qəhrəmanlığından, dostluğundan danışan şair ikiyə bölünməzdən əvvəlki vətənimizin şan-şöhrətini, birliyini, gözəlliyini vəsf edir. Torpağımız iki yerə bölünəndən sonra Güneyin Qaçar əsarətindəki zülmündən, zillətindən bəhs edir”. Səhənd qədim oğuz yurdu Güney Azərbaycanda törədilmiş dəhşətli cinayətləri, xarabazara çevrilmiş türk yurdlarının acınacaqlı durumunu, var-dövləti-qazancı talan edilmiş insanların düçar olduğu “səfaləti ikinci məhbusluq dövründə qələmə aldığı və sonralar üzərində işlədiyi “Xatirə” poemasında o qədər dəqiqliklə təsvir edir ki, qan donduran bu tabloları ağrısız oxumaq mümkün deyil”.

Şairin 1960-cı illərdə “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazdığı, “lirik istedadını bütünlüklə və hərtərəfli meydana çıxardığı” üçcildlik “Sazımın sözü”, ”Dədəmin kitabı”, ”Qardaş andı” epopeyası ustad Şəhriyarın “Heydərbabaya salam” əsərindən sonra Güney Azərbaycanda ikinci ədəbi hadisə sayılır. O, “Sazımın sözü”ndə dastanın on iki boyunu bütövlükdə nəzmə çəkmiş, boylara yazdığı 350-439 misralıq, bütövlükdə isə 4154 misra (epopeyanın 64 faizi) əlavələr - “Başlanış“ və “Qurtarış“larda isə öz duyğu və düşüncələrini, tarixi hadisə və olaylara münasibətini, sənətkar mövqeyini sərgiləyib. On iki boyu nəzmə çəkərək ümumilikdə əsəri “Dədəmin kitabı” adlandıran Səhəndin poemalar silsiləsi, qeyd etdiyimiz kimi, üç cilddə nəşr olunub: “Sazımın sözü” adlanan I cilddə (1965) “Duxa Qoca oğlu Domrul”, “Dirsə xan oğlu Buğac”, “Qanlı Qoca oğlu Qanturalı”, “Dədəmin kitabı” adlı II cilddə (1976) “Qaracıq Çoban”, “Bəkil oğlu İmran”, “Təpəgöz” boylarını və ən nəhayət, ”Qardaş Andı” adlandırdığı III - sonuncu cilddə isə “Uşun Qoca oğlu Səgrək”, “Ulaş oğlu Xan Qazan”, ”Qazan Bəyin oğlu Uruzun dustaq olması”, “Qazılığ Qoca oğlu Yegnək”, “Bayburanın oğlu Bamsı Beyrək” və ən nəhayət, ”Dış Oğuzun İç Oğuza yağı olması” adları altında qalan altı boyu nəzmə çəkmiş, müasir şeirin bədii-estetik normaları əsasında yüksək poetik dillə tərənnüm edilib. “Dədəmin kitabı” poemasının ilk çapına M.Fərzanə (Qovsi) “Güney Azərbaycanın milli-mübariz şairi“ adlı müqəddimə yazmış, əsərin o dövr xalqın milli oyanışı, milli özünü dərki prosesində nə qədər aktiv rol oynadığını və Güney ədəbiyyatı üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını göstərib. Bu poema silsiləsi Səhəndin xalqımızın milli-mənəvi dəyərlərinə, milli-mənəvi irsimizə bağlılığının, doğma ocağa, elə sədaqətinin, böyük türk mədəniyyətinə ehtiram və sevgisinin izharıdır.

Səhəndin bu əsərləri yazmaqda ən ali məqsədi xalqın milli yaddaşını, qəhrəmanlıq ruhunu oyatmaq, “Kitabi-Dədə Qorqud” dastanını unudulmaqdan qorumaq olub. Bu epopeya ilə “Səhənd nəinki xalqının keçmiş mədəniyyətinə sahib çıxır, eyni zamanda onun təməli (“Kitabi-Dədə Qorqud”) üzərində mənsub olduğu toplumun dilinin və mədəniyyətinin inkişafına xidmət edən “Dədəmin kitabı” kimi möhtəşəm bir abidə ucaldır, gələcəyə aparacaq yolu, “keçənlərin izi”ndə axtarırdı. Ürəyi böyük vətən məhəbbətilə çırpınan şair haqsızlıqların qurbanına çevrilən xalqının ruhunun, yaddaşının, heysiyyətinin təəssübünü çəkir, qələmini süngüyə çevirib siyasət dəllalları ilə mübarizəyə qalxır. İbrətamiz fikir və duyğuları, düşüncələri ilə milli ruhu bir daha beyinlərə, düşüncələrə ötürən Səhənd bu iddia və məqsədilə dövrü qabaqlayır, İran şovinistlərini milli ədavətə son qoymağa, qanunlarla idarə olunan bir dünya qurmağa çağırır. Səhəndin 1960-cı illərdə qələmə aldığı bir qədər mürəkkəb quruluşlu “Hörmətli ustad böyük Şəhriyara“ əsərində də həmin xüsusiyyət aydın görünür. İctimai məzmunlu, aydın məqsədli bu əsər güclü bədii təsirə malikdir. Buradakı yüksək şüur, köhnə və yeni həyat tərzinin qarşılaşdırılması, cəmiyyətləri bir-birinə bağlayan məxsusi keyfiyyətlər şairin poetik ustalığı hesabına oxucuda keçmişə və gələcəyə baxışı sistemləşdirir. Bu səbəbdən əsərin konkret predmetini müəyyənləşdirmək bir az çətindir. Şəhriyara cavabında şairin fərdi üslubu və bədii dili də oxucu diqqətini çəkir. Əsərin təsirli, emosional bir formada yazılması müəllifin mövcud hadisələrə konkret münasibətinin təzahürü kimi dərk edilir. Şair əxlaqi dəyərlərə də geniş yer ayırır, maddi-mənəvi və zahiri məsələlərdə həyati gerçəklikləri yaşam üçün meyar kimi səciyyələndirir. Onun ustad Şəhriyarı “Səhəndim” kimi əsər yazmağa sövq edən “Hörmətli ustad böyük Şəhriyara“ əsəri ilə rejimə qarşı üsyan edən şair sözünü tarixin səhifələrinə həkk edir:

 

Çəkilin, çəkilin yol verin keçim,

Ürəyim alışıb alov saçaram!

Şəhriyar boynuna zəncir vuralar?

Çeynərəm, gəmirrəm, dartıb açaram!

Əslində Şəhriyara ünvanlanan bu sətirlər onun qarşısına qoyduğu ideyanı, bədii məqsəd və məramı, üsyankar duyğularını açıqlayır:

 

Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,

Gəl başın ucaldaq qoca Təbrizin.

Bir kərə yadların daşını ataq,

Çəkək qayğısını öz elimizin.

 

Tədqiqatçı Hümmət Şahbazinin fikrincə, “İkinci ərməğan” Səhəndin insansevər və fəlsəfi məktəbini dərk etmək üçün bir bəyannamədir. Bu şeir şairin insani məsələlər haqda düşüncəsinin təmayülünü göstərir və məncə 70-ci illərin şairləri üçün şeir məz-munlarını milli hisslər çərçivələrdən çıxarır. “İkinci ərməğan“da yanlış və riya ilə süslü münasibətlərin parıltılı, göz qamaşdırıcı boyalara büründüyü önə çəkilir. Şair dünyanın humanist qüvvələrini birliyə, həmrəyliyə çağırmaqla ideyalarını həyata keçirməyə can atır, dövrün siyasətbazlarına, cinayətkarlara qarşı çıxaraq cəsarətlə xalqının milli mənafeyini qoruyur, mübariz ruhunun nə zamansa qalib gələcəyinə inanır.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 30 may.- S.14.