Tatar ədəbiyyatı
1-ci yazı
Tatarlar yeni eranın əvvəllərində Qərbi Sibirdən Ural çölləri və Volqa çayı sahillərinə köç etmiş türk tayfalarının törəmələridir. Onlar III-IV əsrlərdə burada daha geniş ərazilərdə məskunlaşmış, bir qrupu IV əsrdə Şərqi Avropaya, digər bir qrupu isə Azov sahillərinə doğru irəliləmişlər. VI əsrdə Krımda məskunlaşan Bulqar türkləri VII əsrdə Azov sahillərində Bulqar dövlətini yaratmışlar. Lakin həmin tayfaların bu ərazilərə gəlişindən çox əvvəllər, miladdan öncə təxminən VIII əsrdə Krımda Barslı türklərinin yaşaması haqqında məlumatlar mövcuddur. Orta Volqa və Kama çayı hövzələrində isə Bulqar dövlətinin yaradılması təxminən X əsrə təsadüf edir. Orta Volqa boyunda yaranan dövlətin tərkibində əsasən indiki tatar, başqırd, çuvaş və digər xalqlar yaşamışlar. Bulqar hakimiyyəti dövründə Tatar mədəniyyəti və ədəbiyyatı inkişaf etməyə başlayıb. Bu dövlətin mövcudluğunun ilk dövrlərində türk-runik əlifbasından istifadə olunub, daha sonra ərəb əlifbasına keçilib. Ərəb əlifbasına keçidlə Şərq ədəbiyyatı və mədəniyyətinə yaxınlaşma sürətlənib.
Qədim tatar ədəbiyyatında əsatir, rəvayət, dastan, nağıl və s. nümunələr çoxluq təşkil edir. “Xan qızı Altunsaç”, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və s. nümunələr Kazan və Krım tatarlarının qəhrəmanlıq əsərləri kimi məşhurdur. Digər türk xalqlarında da bu dastanların dəyişik variantlarını görmək mümkündür. XIII əsrdə Qali tərəfindən Şərq ənənəvi məhəbbət mövzusunda yazılmış “Yusif və Züleyxa” əsəri tatar yazılı ədəbiyyatının ilk nümunəsi hesab edilir.
XIV əsr tatar ədəbiyyatının inkişafında Seyfi Sarayinin böyük xidmətləri olub. O, monqollar tərəfindən əsası qoyulmuş Qızıl Orda dövlətinin mərkəzi olan Saray şəhərində anadan olub. Bir müddət Xarəzm və Qıpcaq bölgələrində yaşadıqdan sonra Misirə Məmlukilər sarayına gedib. 1391-ci ildə orada S.Şirazinin “Gülüstan” əsərini türk dilinə tərcümə edib. Əsər “Kitabi Gülistan bit-türki” adı ilə tərcümə olunub. Bu tərcümə orta əsrlər qıpçaq türkcəsinin ən mükəmməl yazılı nümunəsi hesab edilir. Əsərin tərcümə olunduğu qıpçaq türkcəsi türk dilinin qərb qrupuna daxildir. S.Sarayi “Gülüstan”ı tərcümə edərkən əsərin mənsur parçalarını olduğu kimi saxlasa da, mənzum hissələrinə müəyyən dəyişikliklər edib. Belə ki, o, “Gülüstan”dakı mənzum parçaların bir qismini ya dəyişməklə tərcümə ed ib, ya da S.Şiraziyə məxsus mənzum parçaları əsərdən bütöv şəkildə çıxararaq oraya öz şeirlərini əlavə edib.
XV əsrdə Səyadinin “Babaxan dastanı”, XVI əsrdə Məhəmmədyarın “Töhfeyi-mərdan” və “Nurisadir” əsərləri orta əsrlər tatar ədəbiyyatının bəşəri motivlər və əxlaqi-didaktik ideyalar baxımından zənginliyini təsdiqləyir. XVII-XVIII əsrlər tatar ədəbiyyatında klassik ənənəyə bağlılıq daha çox müşahidə edilir. XIX əsr isə tatar ədəbiyyatının yeni dövrü hesab olunur. Bu mərhələ tatar ədəbiyyatı üçün maarifçiliyin və tənqidi realizmin yaranması və inkişafı baxımından səciyyəvidir. Tatar ədəbiyyatında maarifçiliyi banisi olan Kayum Nasiri (1825-1902) “Qırx vəzir”, “Qırx bağça”, “Gülrux və Qəmərcan”, “Əbu Əli Sina” və s. əsərlərində bir çox məsələlərlə yanaşı, elmin, təhsilin faydalarından danışır. O, cəmiyyətin mədəni həyatının inkişafında mətbuatın rolunu yüksək qiymətləndirmiş və bu məqsədlə “Dan ulduzu” adlı qəzet çıxarmaq istəmişdi. Lakin qəzet çıxarmaq ona nəsib olmasa da o, ədəbi və elmi-pedaqoji fəaliyyəti ilə xalqın maariflənməsinə yardım göstərmişdi. Onun tatar dilini ruslara, rus dilini tatarlara öyrətmək məqsədi ilə yazılmış “Qısa nəhv kitabı” doğma xalqının mədəni tərəqqisində mühüm rol oynamışdı. Kayum Nasiri dərslik və dərs vəsaitlərinin, tarixə, etnoqrafiyaya və s. aid elmi əsərlərin müəllifi kimi də xalqına çoxlu faydalar vermişdi.
Zakir Bigeyev(1870-1902), Qabdrahman İlyasi (1856-1895), Miftahəddin Ağmolla (1831-1895) və digər sənətkarların yaradıcılığında da maarifçilik ideyaları əsas yerlərdən birini tutur.
1905-ci inqilabının Rusiya ictimai-siyasi həyatına təsiri nəticəsində ədəbi prosesdə tənqidi realizm meyilləri güclənməyə başlamışdı. Tənqidi realizmin nümayəndələri olan Qabdulla Tukay (1886-1913), Məcid Qafuri (1880-1934), Fateh Amirxan (1886-1926), Şərif Kamal (1884-1942) və başqaları yeni mərhələdə tatar ədəbiyyatının zənginləşməsində böyük xidmətlər göstərmişlər. Qabdulla Tukay tənqidi realist ədəbiyyatın inkişafında xidmətləri olan sənətkarlardan biridir. “Öz xalqıma”, “Kəsik baş” və s. əsərləri ilə o, tatar ədəbiyyatında ilk dəfə yeni problemlərə toxunmaqla yanaşı, bu ədəbiyyatda yeni ideyaların əsasını qoydu. Qısa ömrünün yalnız səkkiz ilini (1905-1913) yaradıcılığa sərf etmiş Q.Tukay zəngin bədii irs yaradıb. Q.Tukay XX əsrin əvvəllərində yazıb-yaratmış rus ədiblərindən, “Molla Nəsrəddin” jurnalı ətrafında toplanan şair və yazıçılarlardan, xüsusən M.Ə.Sabirdən çox təsirlənib.
Əlimcan İbrahimov (1884-1938), Qəvi Nəcmi (1901-1957), Tazi Qizzat (1895-1955), Şamil Usmanov (1895-1937), Musa Cəlil (1906¬1944) və s. sənətkarlar tatar sovet ədəbiyyatının nümayəndələri kimi böyük mədəni irs yaratmışlar.
Əlimcan İbrahimov tatar ədəbiyyatında nəsrin böyük nümayəndəsi kimi tanınır. O, “Gənc ürəklər”, “Bizim günlər”, “Dərin köklər” və s. roman, “Tatar qadınının taleyi”, “Təbiət övladları”, “Səhra qızı” və s. povest, o cümlədən bir çox hekayələrində əsasən yaşadığı dövrün reallıqlarını əks etdirmiş, mövcud ictimai ziddiyyətlərin kökünü açmağa çalışmışdı.
30-40-cı illər tatar sovet poeziyasının inkişafında Musa Cəlilin əvəzsiz xidmətləri olub. Təxminən 10 yaşında şeir yazmağa başlayan, 13 yaşında (1919) ilk şeiri çap olunan Musa Cəlilin poeziyası geniş mövzu dairəsinə malikdir. Tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan 1941-1945-ci illər rus-alman savaşı M.Cəlilin yaradıcılığına təsirsiz ötüşməyib. “Moabit dəftəri” şeirlər silsiləsi M.Cəlil yaradıcılığının zirvəsi və qəhrəmanlıq ruhunun təcəssümüdür.
Kazan tatarlarının müasir dövr poeziya, nəsr və dramaturgiya nümunələrində realist və romantik ifadə tərzi üstünlük təşkil edir. Qafil Afzal, Əxsən Baranov, Şəükət Qaliyev, Rədif Qataullin və s.sənətkar- ların poeziyasında ümumtatar ruhunun və bəşəri hisslərin tərənnümü diqqəti cəlb edir. Qarif Axundovun “Gecikmiş şöhrət”, İbrahim Qazınin “Ağ dumanlar arxasında”, Barlas Kamalovun “Hər şeyi bağışlamırlar”, Famil Mansurovun “Tayqanın qanunu”, Tufan Minnullinin “Bulağın zümzüməsi” əsərlərində tatar həyatı üçün xarakterik cəhətlərin əksi əsas yerlərdən birini tutur.
Kazan tatarları kimi (geniş mənada Volqa-Ural) Krım tatarları da zəngin ədəbiyyat yaratmışlar. Ümumtatar ədəbiyyatının tərkib hissəsi olan Krım-tatar ədəbiyyatını bir neçə dövrə bölmək mümkündür:
1. Krım xanlığına qədərki və Krım xanlığı dönəmi Krım-tatar ədəbiyyatı (qədim və orta əsrlər).
2. Rus istilası dönəmi Krım-tatar ədəbiyyatı (XVIII əsrin sonlarından bu günə qədər). Rus istilası dönəmi Krım-tatar ədəbiyyatı öz növbəsində şərti olaraq XVIII əsrin sonu və ”Tərcüman” mərhələsi,1905-1917-ci illər , 1917-1944-cü illər və 1944-cü ildən hal-hazıra qədərki dövrlərə bölünür.
Mengli Gəray (XVəsr), Hüseyn Kafəvi (XV əsr), Qari Gəray (XVI əsr), Aşıq Ömər (XVII əsr), Leyla Bikəç (XVII əsr), Ədib Əfəndi (XVII əsr) və s. şairlər Krım xanlığı dönəmi tatar ədəbiyyatının inkişafında önəmli rol oynamışlar. Bu dövrdə Krım türkləri ilə Osmanlı türkləri arasında sıx əlaqələr yaranmış, Krım ədəbiyyatında Osmanlı türkcəsinin təsiri xeyli artmışdı. Lakin 1783-cü ildə Krımın Rusiya tərəfindən işğalı Krım-Osmanlı siyasi əlaqələrinin kəsilməsinə, ədəbi-mədəni əlaqələrin isə zəifləməsinə səbəb oldu. Bu mərhələdən sonra Türkiyəyə mühacirət edənlərin sayı çoxalmağa başlamışdı. Krımın işğalından sonra isə Krım Kazan əlaqələri xeyli genişlənmişdi. İsmayıl Qaspiralı (1851-1914) Krım tatarlarının hamisi kimi meydana çıxaraq “dildə,fikirdə, işdə birlik” şüarı ilə millətin dərdlərinə çarə axtarmış, “Tərcüman” qəzeti vasitəsilə xalqının xidmətində dayanmışdı. O, “Firəngistan məktubları” , “Qadınlar ölkəsi”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Arslan qız” və s. romanları, o cümlədən hekayə və publisistik yaradıcılığı ilə millətin tərəqqisinə, milli idealın təbliğinə çalışmışdı.
Osman Ağçokraklının” Nenkacan xanım türbəsi”, “Krım qönçələri” hekayələri, Abdulla Özənbaşlının “Olacağa çarə olmaz” dramı, Şamil Tokqarqazinin “Səadət adası” romanı və “Mollalar proyekti” dramı, “Nə gərək”, “Cocuq, get məktəbə”, “Ay arkadaşlar” şeirləri, Mehmet Nüzhətin “Bəxtsiz Koranta” hekayəsi və bu kimi digər sənət nümunələri məhz Krım-tatar ədəbiyyatının janr, mövzu və ideya rəngarəngliyi barədə təəssüratları genişləndirir.
1917-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Krım tatarlarının ictimai-siyasi həyatında yeni mərhələ başlamışdı. Bu mərhələdə ədəbiyyat sovet ədəbiyyatı adı altında yaransa da Krım-tatar yazarları əsərlərində bu rejimə qarşı olan etirazlarını bildirməkdən çəkinməmişlər. Asan Çergeyev, Ömər İpçi, Abdulla Lətifzadə, Bəkir Çobanzadə, Yaqub Şakirəli, Əşrəf Şəmizadə, Əbdürrəhim Altaylı, Cəfər Qafar və digər ədiblər əsərlərində yeni həyatın həyəcanlarını əks etdirmiş, milli ideallara sadiqliklərini nümayiş etdirmişlər. Bu səbəbdən Cəfər Qafar, Ömər İpçi, Bəkir Çobanzadə, Abdulla Lətifzadə və başqaları milli əqidələrinə görə repressiya qurbanlarına çevrilmişdirlər.
XX əsrin 30-40-cı illərində Krım-tatar ədəbiyyatında müəyyən durğunluq halları müşahidə olunmuşdur. 1944-cü ildə Krım tatarları Vətənə xəyanətdə günahlandırılaraq Türküstan ərazilərinə sürgün edilmişdi. Bu dövrdən etibarən Krım-tatar ədəbiyyatı müxtəlif ölkələrdə yaranmağa başlamışdı. Şamil Ələddin, Əşrəf Səmizadə, Yusif Bolat, Rəşid Murad, Fəttah Akim, Qafar Bulğanaklı və başqaları Özbəkistanda Krım-tatar ədəbiyyatının ənənələrini davam etdirmiş, əsərlərində yurd həsrəti mövzusunu xüsusi qabartmışlar. Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi Cengiz Dağcı (1919-2011) 65 il İngiltərədə mühacirət həyatı yaşamağa məsbur olmuşdu. Onun “Qorxunc illər”, “Yurdunu itirən adam”, “Onlar da insan idi”, “O torpaqlar bizim idi”, “Dönüş”, “Anama məktublar” və s. romanları Krım həyatının təsvirinə həsr olunub. Krım tatarları 1956-cı ildə bəraət alsalar da, onların vətənə dönüşü yalnız 1967-ci ildə reallaşıb. Bu dövrdən sonra Krım-tatar ədəbiyyatı yeni bir mərhələyə qədəm qoyub. Qədim türk diyarı olan Krım 1954-cü ildə SSRİ dövləti daxilində Ukraynanın tərkibinə daxil edilib, 2014-cü ildə isə yenidən Rusiyaya birləşdirilib.
Elman Quliyev
filologiya üzrə elmlər
doktoru, professor
Xalq Cəbhəsi.-
2019.- 9 noyabr.- S.14.