Nəsimitək bu aşiq yolunda soyulandı...

 

 2-ci yazı 

 

 

 

Bu və digər şeirlərindən də göründüyü kimi İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik; lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüt, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də səməni (taxıllar fəsiləsinə aid bitkilər nəzərdə tutulur - Y.D.) buna misal ola bilər.

Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,

Anı görüb səfasından fələkdə afitab oynar.

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oynadığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması görünür, Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.

Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: Dinin günəşi, dünyada imanım əfəndi”, - misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,

Qiymətli olan lə’li-bədəõşanım əfəndi.

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflardin xadimlərii bu problemə nəzər yetirib, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilib. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmayıb. Qeyd etmək yerinə düşər, bununla bağlı indiyədək apardığımız çoxsaylı tədqiqatlar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilib: elmidini yanaşma. Biz bunlara ayrı-ayrı məqalələrdə toxunduğumuzdan, hazırda Nəsiminin ədəbi-fəlsəfi yazılarında filosof-şairin fikirlərindən bir qismini nəzərinizə çatdırmaqla kifayətlənirik: Elmi yanaşmaya görə həyat suda əmələ gəlib. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmişı elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilib. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davaminkişaf etdirib.

...Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,

Kitabü-nərdü şətrəncü odü yål, su, türab oynar.

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Suda ilk olaraq bitkilərin inkişafının labüd olduğunu deyən Nəsimi bunun üçün əlverişli mühitin yarandığını bildirir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parça, zənnimizcə, örnək kimi bəs edər:

Dəryayi-mühit cuşə gəldi,

Kövn ilə məkan xüruşə gəldi.

Sirri-əzəl oldu aşikara,

Arif necə eyləsin müdara?

Hər zərrədə günəş oldu zahir,

Torpağa sücud qıldı tahir.

Nəqqaş bilindi nəqş içində,

Ləl oldu əyan Bədəxş içində.

Acı su şərabi-kövsər oldu,

Hər zəhr nəbatü şəkkər oldu.

Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə də İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapmasıdır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. Haqlı olaraq, şair İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

Adəmdə təcəlli qıldı Allah,

Qıl adəmə səcdə, olma gümrah!

Şeytani-ləinə uyma zinhar,

Anın sözünə inanma, ey yar!

İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir (hazırda olduğu təki).

Hər kimsə ki, tanıdı bu canı,

Bir zərrəyə saymadı cahanı.

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İNSAN obyekti hər zaman aktual olub. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdəndir. Yeri gəlmişkən, müasirimiz olmuş böyük Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin də son məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohumhesab edirdi... Maralıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

Əya, mö’min, gər istərsən səadət,

Özünə peşə qıl daim se adət.

deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə eidr:

Nəsimi, sən yəqin əhli-nəzərsən,

Bu üç nəsnəyi qıl kəndunə adət:

Biri lütfü kərəm, həm xülqi-niku,

Biriheç kimsəyə baxma həqarət.

Bu sözlər xoş nəsihətdür bilənə,

Səadətdir, vəli eyni-səadət

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

Dəxi könlü edər üç nəsnə qəmgin,

Qulaq ur kim, edəm sana hekayət.

Yaman qonşu, yaman yoldaşi-bədxu,

Yaman övrət siyasətddir, siyasət.

Yəqin cənnət üzün görməz bir adəm

Ki, var canında anın üç əlamət.

Biri kəzzablıq, birisi qeybət,

Biri olmaq bəxil, əhli-ədavət.

Gəlir üç nəsnədən azari-mərdüm,

Var, etmə özünə anı sənaət.

Biri böhtan, biri kəcgəngəl etmək,

Biri küstaq olub, qılmaq zərafət.

O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayırdı:

Bir ovuc tozdur küləklər qarşısında bu bədən

Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən...

Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin

Sən ölən tək parçalar ol sərvəti varislərin.

Nəsimi hürufi şairdirbir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Odur ki, poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

Hər nə yerdə, göydə var adəmdə var

Hər nə ayda, ildə var adəmdə var.

Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainatİnsan. Birinci dünyada ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasiraktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti də qibtəediləndir. Nəsimi və digər klassiklərimizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış və ya yeni problemlərin açılmasına nail olmaq mümkündür.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, Nəsimi yaradıcılığı bir filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixinə deyil, elmin ayrı-ayrı sahələri üçünmaterial verə bilən zəngin mənbədir.

 

Yusif DİRİLİ

Ətraf mühit üzrə tədqiqatçı

 

Xalq Cəbhəsi.- 2019.- 1 oktyabr.- S.14.