Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi
17-ci yazı
Buxovdan azad olmuş Güney Azərbaycan incəsənəti az zaman kəsiyində önəmli uğurlara qovuşa bildi. Bu cəhətdən 1946-cı il sentyabrın 2-də (1325-ci il şəhrivərin 11-də) Təbrizdə Milli filarmoniyanın açılışı Azərbaycan incəsənətinin təntənəsi idi. Dövlət filarmoniyasının təşkilində və az müddətdə məhsuldar işləməsində orada çalışan kollektivlə yanaşı, filarmoniyanın ilk direktoru, mərhum şairimiz Əli Tudənin, məşhur bəstəkarımız Hacı Xanmmədovun böyük zəhmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Milli hökumətinin rəhbəri, baş nazir S.C.Pişəvəri filarmoniyanın açılışında şəxsən iştirak etmiş və dərin məzmunlu nitq söyləmişdi. Əli Tudə bu münasibətlə öz xatirəsində yazır: «O, dünya xalqları arasında layiqli yer tutan Azərbaycan xalqının qədim mədəniyyətindən böyük qürur hissi ilə danışırdı. Azərbaycan torpağının dünya incəsənətinə bəxş etdiyi dahi sənətkarların adlarını iftixarla çəkirdi. O, xalqlar arasındakı mədəni əlaqələrin qonşuluğa, dostluğa, qardaşlığa nə dərəcə gərəkli olduğunu parlaq misallarla göstərirdi və dedi: «Biz çalışmalıyıq ki, təzəcə açdığımız bu sənət ocağı mədəniyyətimizin qədim salnaməsində yeni bir səhifə açsın».
Təbriz filarmoniyası az müddət içərisində böyük uğurlar qazanmağa nail oldu. Bu işdə dövlətin göstərdiyi ardıcıl himayədarlıqla bərabər, filarmoniyadakı xalq çalğı alətləri, xalq mahnıları və rəqsləri qrupuna cəlb olunmuş insanların fitri istedadı və sənətə ürəkdən bağlılığı da az rol oynamamışdı. Müsəlman ənənələrinin fanatik səviyyədə kök saldığı bir ölkədə çadranı Sevil sayağı atıb filarmoniyaya ayaq açmış, öz mahnı və rəqsləri ilə tamaşaçıların dərin rəğmətini qazanmış qızlar qrupunun çıxışları xüsusi qeyd olunmalıdır. Milli hökumət dövrünün (1945-1946) incəsənət tarixinin tanınmış tədqiqatçısı R.İmrani yazır ki, «Təbriz filarmoniyasında yaşlı nəsil aşıqlar dəstəsinin, saz çalan qızlardan ibarət qrupun, milli xalq çalğı alətləri orkestrinin, rəqs qruplarının, xanəndələrinin və xor kollektivlərinin olması Milli Hökumət vaxtı Təbrizdə böyük musiqi mədəniyyətinin olmasına dəlalət edir». Professor R.İmrani «21 Azər» dərgisində AMH-i dövründə incəsənətin inkişafına aid dərc etdirdiyi məqaləni bu sözlərlə tamamlayır: «... Milli hökuməti olmayan xalq anasız-atasız böyüyən yetim uşağa bənzəyir. Allah heç bir xalqı, xüsusən də, sayı 30 milyonu keçmiş Cənubi Azərbaycan xalqını anasız-atasız qoymasın!».
Azərbaycan Milli hökumət dövründə incəsənətin başqa sahələrində də gözəgəlimli irəliləyiş olmuşdu. Rəssamlıq, heykəltəraşlıq, qrafika və xəritəçilikdə və s. sahələrdə də uğurlar olmuşdu. Bir il ərzində iqtisadiyyatın və mədəniyyətin bütün sahələrində qazanılmış uğurlar onu göstərir ki, xalq öz qüdrəti ilə qısa müddətdə belə ağlasığmaz xarüqələr yaratmaq imkanına malikdir.
ABŞ-ın Kaliforniya ştatında ictimai hərəkatlar tarixini tədris edən amerikalı müəllif Con Furan 1945-1946-cı illərdə Azərbaycan Milli hökumətinin həyata keçirdiyi tədbirləri sadalayaraq yazır: «...İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. İş haqqında qanun qəbul edildi. Anbarlarda saxlanılan taxıl və ərzaq sabit qiymətlərlə bazara çıxarıldı. Çox işlənən məhsullar və mallar üzərindən vergi götürüldü. Təbrizin başlıca küçələri abadlaşdırıldı, xiyabanların asfalt örtüyü təzələndi. Savadsızlığı ləğv etmək kursları təşkil olundu. Radio stansiyası və çapxanalar işə düşdü. Xiyabanlara inqilab rəhbərləri Səttarxanın və Bağırxanın adları verildi. Təbrizin görkəmi dəyişildi. Banklar milliləşdirildi. Körpələr evi, tərbiyə ocaqları, xəstəxana, musiqi mərkəzi açıldı. Ana dilində kitablar nəşr edildi, «Şairlər Məclisi» təşkil olundu. İqtisadiyyat sahəsində çoxsaylı tədbirlər tənzim edildi, bir qismi həyata keçdi və s.». Müəllif əsərində öz sözünə amerikalı diplomat Riçard Kanmdın belə bir cümləsi ilə yekun vurur: «Firqənin bir il ərzində həyata keçirdiyi işləri Rza şah 20 ildə ancaq yerinə yetirə bilərdi».
1941-1946-cı ilin mayınadək Sovet qoşunları tərkibində İrana getmiş Azərbaycanın quzeyindən olan ziyalıları, yazıçı, maarif-mədəniyyət, səhiyyə işçiləri, mühəndis, sənətkar və s. Azərbaycanın güneyindəki sosial-iqtisadi, siyasi, elmi və mədəni mühitin bütün sahələrində, ən başlıcası milli oyanışda öz qan qardaşları üçün imkan daxilində, verilmiş hüdudların çərçivəsində əllərindən gələn köməkliyi etmişlər. Bəhs olunan bu dövrdə Quzeydəki Azərbaycanın Arazın o tayındakı Azərbaycana göstərdiyi qardaşlıq münasibətini və onun azadlığa çıxmasına ürəkdən yanmasını Kremlin məkrli siyasətindən və pərdə dalında hazırladığı xəyanətkar oyundan mütləq yazmaq lazımdır. Əgər birincini qan bir, can bir qardaşının acı taleyi, onun azadlığı və əbədi qurtuluşu əndişələndirirdisə, sonuncunun meyarı və məqsədi hər şeyi imperiyanın mənafeyinə tabe etdirmək idi. Sovetlərin Azərbaycanın güneyinə, ümumiyyətlə İrana münasibəti həmişə bu ambisiyalı təfəkkürlə bağlı olmuşdu.
İkinci Dünya müharibəsi dövründə, xüsusən müharibənin ilk illərində Azərbaycanın güneyi haqda Sovetlərin siyasətində iki başlıca amil diqqəti daha çox özünə çəkir. Bunlardan birincisi müharibənin gedişində Qərbi Ukrayna, Qərbi Belorusiya, Moldoviya və Pribaltika ölkələri kimi, Güney Azərbaycanı da Sovet imperiyasına birləşdirmək, ikincisi, İranın şimalında neft- qaz yataqlarını və dağ-mədən sənaye kompleksini, eləcə də İran hava yolları nəqliyyatının ixtiyarını ələ keçirmək, bununla da gələcəkdə millitarist planları həyata keçirməkdə (İranın qonşularına qarşı) bu ölkənin coğrafi-strateji mövqeyindən faydalanmaq İrana münasibətdə əsas hədəflər idi.
Birinci amil-Azərbaycanın Güneyini SSRİ-yə ilhaq etmək məsələsi ikinci amildən - Şimaldakı yataqları ələ keçirməkdən xeyli dərəcədə çətin idi. Əvvəla, SSRİ-nin bu iştahası üzərində SSRİ-nin o zamankı müharibədə müttəfiqləri olan ABŞ və İngiltərə böyük maneə idi, həm də nəzərə alsaq ki, müharibənin ilk üç ilində Sovet İttifaqı məğlubiyyətə yaxın vəziyyətdə idi. Belə bir şəraitdə özünü müharibə müttəfiqləri ilə üz-üzə qoymaq Kreml üçün heç cür məqbul deyildi. Digər tərəfdən istər Stalin, istərsə Mikoyan və rəyasətdə olan digər gürcü və ermənilərin siyasi rəhbərlikdəki mafiyası Azərbaycanın güneyini quzeyinə qatmaqla, öz əlləri ilə Qafqazlarda ərazicə daha böyük və əhalicə çox milyonlu türklərdən ibarət bir dövlətin meydana gətirilməsinə heç cür razı ola bilməzdilər. Obyektivlik naminə demək lazımdır ki, o zamankı Sovet Azərbaycanı rəhbərliyinin və geniş ictimaiyyətin, xüsusən ziyalıların böyük bir hissəsində Türkmənçayla (1828) başlanan ayrılığa son qoymaq, vahidləşmək arzusu ön planda olsa da, bu arzu reallaşa bilmədi. Kremlin pərdə dalındakı oyunlarının məğzini aydın dərk etməyən Güney Azərbaycandakı Quzeydən gəlmiş Azərbaycan elçiləri etiraf edirdilər ki, «... bir sıra tədbirləri həyata keçirən zaman onlar (Quzeydən gəlmiş azərbaycanlılar - Ə.R.) Sovet rəhbərliyinin məkirli məqsədini anlamadıqları üçün işləri arzuolunan səviyyədə tam həcmdə genişləndirə bilmirlər». Quzey Azərbaycan rəhbərliyi isə bildirirdi ki, «... bizim İrandakı rəhbər işçilərə dəqiq və aydın deyilməlidir ki, Azərbaycan əhalisinə farsların əsirlik zülmündən qurtarmaq işinə kömək etməliyik. Ona görə də bütün işləri bu istiqamətdə qurun». Təəssüf ki, işlərin bu istiqamətdə qurulmasına Sovetləri İranda təmsil edən rus-erməni komissarları imkan vermədilər və yeri gəldikdə Quzeydən gəlmişləri müxtəlif bəhanələrlə fəaliyyət meydanından uzaqlaşdırır, bir çox hallarda onları ləkələməyə çalışırdılar.
1941-1946-cı illərdə SSRİ-nin İrana aid planına bu ölkənin şimalında olan neft-qaz ehtiyatlarını ələ keçirmək niyyəti həmişə Sovetlərin siyasətində əvvəlcə gizli, 1943-cü ildən sonra açıq şəkildə gündəmdə olmuşdu. 1944-cü ilin əvvəllərində müharibənin gedişində artıq qəddini düzəltmiş və irəliləyişə nail olmuş Sovetlər 1944-cü ilin yayında İranın şimalındakı nefti çıxarmağa müştaq olduqlarını rəsmən İran hökumətinə bildirdilər. Bu sahədə əməli işə başlamaq üçün 1944-cü ilin sentyabrın 10-da SSRİ Xarici İşlər nazirinin müavini S.Kavtaradze başda olmaqla Sovet nümayəndə heyəti danışıqlar aparmaq üçün Tehrana gəldi. Kavtaradze Tehrandakı Sovet səfiri M.Maksimovun müşaiyəti ilə əvvəl baş nazir Məhəmməd Said Marağayi ilə, sonra Məmmədrza şahla görüşmüşdü. Əldə edilmiş ilkin razılığa əsasən Tehrana gəlmiş Sovet nümayəndəliyi (nümayəndəliyə geoloji-kəşfiyyat mütəxəssisləri də daxil idi) Azərbaycanla bərabər Mazandaran, Gilan, Qorqan və Türkmənsəhrada olmuşlar. Xəzər dənizindən 40 km cənubda Sari-Şahi istiqamətində neft yataqlarının daha zənginliyi məlum olsa da, İran tərəfi hələlik geoloji işlərin ancaq Azərbaycan və Gilan əyalətlərində aparılmasına razılıq verdi. SSRİ nümayəndəliyi tərəfindən hazırlanmış 22 maddədən ibarət müqavilənin layihəsi İran tərəfinə təqdim edildi. Bu layihədə Şimaldakı neft yataqlarının 60 il müddətinə Sovetlərə konsesiyaya verilməsi, neft yataqlarının axtarışı, çıxarılması və nəqli, onun dünya bazarına ixracatı və s. yaradılması nəzərdə tutulan «Sovet-İran Birgə Konsesiyası»na həvalə olunmalıydı. Bu layihə o zaman müqavilə şəklinə salınıb, qüvvəyə minə bilərdi ki, onu İran Məclisi qəbul edib, Məmmədrza şah imzalayaydı. Bunların heç biri baş tutmadığından (9 oktyabr 1944-cü ildə Məclis bu məzmunda qərardadi rədd etdiyindən) bir aya qədər Tehranda vaxt keçirən Kavtaradze nümayəndəliyi əli boş Moskvaya qayıtdı. Bu vəziyyət Sovetlərin İrana qarşı əlaqələrində təzyiq və hədə-qorxu siyasətini gücləndirdi. Sovet mətbuatında anti-İran kompaniyası yeni vüsət aldı. Belə bir vəziyyətdə İran hökuməti növbəti manevrə əl atmaq məcburiyyətində qaldı. 1945-ci il noyabr ayında M.Said hökuməti istefaya göndərildi. Onu milliyyətcə yenə azərbaycanlı olan Murtuzaqulu xan Bayat əvəz etsə də, onun hökuməti cəmi 4 ay hakimiyyətdə qala bildi. 1945-ilin aprelində Bayatı 76 yaşlı Həkim-əlmülkalə əvəz etsə da Sovet-İran münasibətlərindəki soyuqluq və gərinlik artmaqda davam etdi. Belə bir vəziyyətdə sovetlər Güney Azərbaycandakı muxtariyyət uğrunda mücadilədən faydalanmağa başladılar. Neft amili Sovetlərin İrana münasibətindəki strategiyanın mərkəzinə keçdi. Onlar İran hökumətinə təzyiqi artırmaq məqsədi ilə AMH başçısı S.C.Pişəvərinin Azərbaycan xalqının muxtariyyət tələbi haqda BMT-ə məlum müraciətinə (28 yanvar 1946) mane olmadılar. Sovetlər Azərbaycanla birlikdə, bütün İrandakı anti-rejim qüvvələrin radikal çıxışlarına rəvac verməkdə davam etdilər.
Əkrəm Rəhimli
Xalq Cəbhəsi.- 2019.- 3 oktyabr.-
S.14.