İrəvan 1905-1906-cı
illər hadisələri zamanında
1-ci yazı
Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda daha sonra bildirilir ki, miladi tarixi ilə 1828-ci ildə bağlanmış ədalətsiz Türkmənçay müqaviləsi ilə Qüzey Güneydən ayrı düşdü. Ermənilər rusların himayəsi altında tədricən Qacarlar və Osmanlı dövlətindən köçərək bu regionda, o cümlədən İrəvanda məskunlaşdılar. Onlar XX əsrə qədər az sayla Qafqazın müxtəlif bölgələrində pərakəndə şəkildə yerləşmişdilər. Anahid Ter Minasyanın yazdığına görə, "ermənilər, hətta İrəvan əyalətində də hiss ediləcək say fərqinə malik deyildilər. Yalnız 1905-ci il inqilabı dövründə onların bu arzu və istəkləri gerçəkləşdi".
“Böyük Ermənistan” dövləti yaratmaq vəzifəsini qarşısına qoyan Daşnaksütyun partiyasının təsisçilərinin ilk məqsədi Şərqi Anadoluda və İrəvan əyalətində ermənilərin say üstünlüyünə nail olmaq idi. Onlar bu ərazilərdə erməni dövlətini ərsəyə gətirmək üçün artıq çox ciddi fəaliyyətə keçmişdilər. Daşnaklar hələ XIX əsrin sonlarından Osmanlı dövlətində bu işi həyata keçirmək üçün çalışırdılar. Lakin o dövrdə bütün qüvvələrini proqramlarının birinci hissəsini, yəni Qafqazda qarma-qarışıqlıq yaratmaq məqsədini reallaşdırmağa sərf etdiklərindən bu işi başa çatdıra bilməmişdilər. Buna görə də onlar fürsət gözləməli olmuşdular. Rus-yapon müharibəsinin başlaması, çar ordusunun bu müharibədə məğlub olması, 1905-ci il inqilabının baş verməsi onlara bu fürsəti verdi. Yuxarıda adını çəkdiyimiz erməni yazıçısının yazdığına görə, "Daşnak partiyasının 1904-cü ilin fevral-mart aylarında Sofiyada keçirilən III qurultayında qərara alındı ki, partiya Qafqaz ermənilərinin müdafiəsi vəzifəsini öz üzərinə götürsün, bu məqsədlə təbliğat vasitələrindən, silah və gücdən istifadə etsin. Bu qərar gələcək proseslərin dönüş nöqtəsi sayılır".
Rusiyanın Yaponiya tərəfindən məğlub edilməsi beynəlxalq sensasiyaya səbəb olmaqla bərabər, çar dövlətinin əsaslarının möhkəm olmadığını üzə çıxardı və 1905-ci il inqilabı ilə nəticələndi. Həmin dövrdə Batumda İran konsulluğunda katib vəzifəsində çalışmış və bu tarixi hadisələri yaxından müşahidə etmiş Səid Marağayi öz xatirələrində yazır: "Mövqelərindən geri çəkilmiş və həmin mövqeləri yaponlara təslim etmiş məğlub qoşun düşdüyü vəziyyətdən və komandirlərdən narazı idi. Bu narazılıqlar ölkə daxilində qarmaqarışıqlıq yaratmışdı. Dövlət əleyhinə olan qüvvələr bu fürsətdən istifadə edərək, öz fəaliyyət və təbliğatlarını genişləndirmiş, dövlət rəhbərliyini bacarıqsızlıqda və qabiliyyətsizlikdə ittiham etməyə başlamışdılar. Əsgərlər silah-sursata və geyimə görə narazı idilər. Çox bahalı hərbi gəmilər əldən verilmişdi. Dövlət işlərinə ictimai nəzarət olmadığından, orduda sui-istifadə halları baş alıb gedirdi. Bütün bu qüsurlar təbliğat vərəqələrində əks olunur, şəhərlərdə yayılırdı. Ölkənin müxtəlif yerlərində qanlı çarpışmalarla nəticələnən nümayişlər baş verirdi. Çox keçmədi ki, narazılıq dalğası bütün ölkəni bürüdü. Partiyalar, siyasi dairələr, dövlət məmurları, fəhlələr öz tələblərində təkid edir, azadlıq istəyirdilər. Lakin dövlət onları eşitmirdi. Çar hökuməti proseslərin qarşısını almaq üçün dəstə başçılarını, əsas şəxsləri, hərəkətverici insanları, barışmaz qüvvələri həbs və sürgün edir, onları aradan götürmək üçün silaha əl atırdı. Sonradan məlum oldu ki, hərəkat liderləri gizli iclas keçirərək ümumi tətil elan etmək, hakimiyyət nümayəndələrinə qarşı terrordan istifadə etmək və dövlət aparatını iflic etmək barədə qərar qəbul ediblər. Moskva şəhərinin komendantı, Bakının valisi, Gəncə Jandarm İdarəsinin rəisi, Batumun üç şəhər rəhbəri iki-üç gün müddətində qətlə yetirildi. Əksər dövlət idarələrində: dəmiryol, poçt, teleqraf və s. məmurlar sabotaja əl atdılar. Zavodlar tətil edir, fəhlələr işə çıxmırdı, qarma-qarışıqlıq və qeyri-stabillik bütün ölkəni bürümüşdü. Hətta çarın öz iqamətgahını tərk edərək ailəsi ilə haradasa sığınacaq tapması barədə şayiələr dolaşırdı...
Batumda və Rusiyanın bir çox digər şəhərlərində son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Bu zaman dövlət rəhbərliyi min bir hiyləyə əl atsa da, xalqın tələblərini qəbul etməkdən başqa çarəsi yox idi. Beləliklə, 1905-ci ilin oktyabr ayında çar xalqa azadlıq veriləcəyi haqda manifest elan etdi. Manifestdə xalqa hər cür azadlıq, o cümlədən azad seçkilər, Duma təşkili və s. vəd edilirdi.
Bu mürəkkəb və gərgin illərdə Qafqaz xalqlarının milli oyanışı Rusiya sarayında ciddi narahatlıq doğurmuşdu. Rusiyanın hakim dairələri bu oyanışın mərkəzi hakimiyyətə qarşı yönələcəyindən qorxaraq milli münaqişələrə əl atdılar. Jan Mari Karzu yazır: "1905-ci ildə Bakıda ermənilərlə azərbaycanlılar arasında qanlı çarpışmalar oldu. Bu çarpışmaların kökünü Rusiya imperiyası üçün təhlükəli ola biləcək milli oyanışda axtarmalıyıq. Rusiyanın hakim dairələri Qafqazın oyanışında güclü millətçilik tendensiyasının olduğunu iddia edirdilər. Bu tendensiya böyük Rusiya imperiyasının planlarının ziyanına idi. Ona görə də çar hökuməti bu oyanışı hansı vasitə ilə olursa-olsun, beşiyində boğmağa çalışırdı. 1894-cü ildə hakimiyyətə yiyələnmiş Rusiyanın sonuncu çarı II Nikolay Romanovlar sülaləsinin ömrünü uzatmaq üçün bütün hiylələrə əl atırdı. Rusiyada yaşayan xalqların arasında qırğın salmaq da bu fəndlərdən biri idi. Çarizmin fikrincə, daxili müharibələrə meydan verməklə, xalqları bir-birinə qarşı qoymaqla öz zəifliyini gizlədə və hakimiyyətdə qala bilər.
Oktyabr inqilabının rəhbəri Lenin doğru olaraq Rusiyanı xalqlar həbsxanası adlandırmışdı. Üzeyir Hacıbəyov da belə bir əqidədə idi: "Rusiya məmləkətində bərabərlikdən əsər-əlamət yoxdur. Hamı bir gözdə görünmür. Birinə ehtiramla yanaşılır, digərinə məhəl qoyulmur. Biri qul olur, digəri saray sahibi. Belə bir şəraitdə biz müsəlmanların vəziyyəti hamınkından dəhşətlidir".
Çar Rusiyasında milli məsələ həlldedilməz bir problemə, xroniki bir xəstəliyə çevrilmişdi. İmperiyanın xalqlara eyni gözlə baxmaması, birinə qayğı ilə yanaşması, digərinə təhqiramiz münasibət bəsləməsi ölkədə hərc-mərcliyə, xaosa gətirb çıxarmışdı. Bununla bərabər, çar hökuməti xalqların mərkəzi hakimiyyət əleyhinə birgə mübarizəsinin qarşısını almaq üçün onları bir-birindən təcrid edir, açıq və gizli şəkildə bir-birlərinə qarşı qoyur, yalançı təbliğatlarla onlarda bir-biri haqqında səhv təsəvvürlər yaratmağa çalışırdı. Məsələn, onlardan biri tənbəl, digəri xürafatçı, başqa birisi xəsis kimi təqdim edilirdi. Hətta xalqların bir-birini təhqir etməsi üçün onların xəsisliyi, satqınlığı haqqında müxtəlif yalan əhvalatlar düzəldib yayırdı.
Çarizmin bu təfriqəçilik və səhv təsəvvürləri yaymaqda yalnız bir məqsədi var idi - o da özünün qanlı hakimiyyətini əbədiləşdirmək. Belə məşum hadisələrdən biri Arazın o tayında ermənilərlə müsəlmanlar arasındakı dava oldu. "Molla Həsrəddin" jurnalının birinci sayında bir karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə düşmən olan müsəlmana və erməniyə silahı bir çar kazakı verir və bunun müqabilində onların hər ikisinin cibini boşaldır.
Bakı şəhər idarələrinin 1905-ci il qətliamının başlaması barədə təhqiqatların və bu münaqişədə rusların oynadığı rola aid (dövlət və ordu idarələrinə aid) sənədlərin üzərindən müəmma pərdəsini götürəndə məlum olur ki, nifaq və xəyanət toxumunu ruslar əkmişlər. Onlar ermənilər və türklər arasında şayiə yayırdılar ki, qarşı tərəf hücum məqsədilə silahlanır və əlavə edirdilər ki, polis heç bir halda intiqam əməliyyatlarına müdaxilə etməyəcək. Xülasə, barışıq və asayişi bərqərar etməli olan polis (bəzən hadisələrə müdaxilə etmədən) bir şəxsin həbsi və ya düşmən tərəflər arasında dava zamanı qəsdən yubanmaqla öz niyyətini həyata keçirirdi. Qafqazın ayrı-ayrı xalqları arasında təfriqə və düşmənçilik siyasəti yürütmək əvvəldən, bir qədər də dəqiq desək, Qafqazın ruslar tərəfindən işğalınadək davam edirdi. "Mərkəzi Asiyada və Qafqazda dəyişikliklərin mahiyyəti" kitabının müəllifləri bu barədə yazırlar: "Rusların azərilərə (Azərbaycan türklərinə - red.) qarşı diskriminasiya siyasəti və onların açıq-aşkar erməniləri himayə etmələri ermənilərlə azərbaycanlılar arasında ictimai və iqtisadi ziddiyyətlərin dərinləşməsinə səbəb oldu.
1872-ci ildə azərbaycanlıların 5 faizi neft çıxarmaq hüququ qazandığı halda, ermənilərin səhmi azərbaycanlılarınkından 10 dəfə çox idi. 167 neft müəssisəsindən cəmi 49 kiçik sex azərbaycanlılara məxsus idi. 1900-cü ildən sonra 115 neft müəssisəsindən 49 kiçik sex azərbaycanlıların əlində olduğu halda, erməni ailələri 55 orta və böyük istehsal gücünə malik sexə yiyələnmişdi. 1900-cü ildən sonra Bakı quberniyasındakı 115 sənaye müəssisəsinin 29 faizi ermənilərin, yalnız 18 faizi azərilərin əlində idi. Azərilər (Azərbaycan türkləri - red.) rəqabətdən tamamilə kənarda idilər. Baxmayaraq ki, məhsuldar qüvvə baxımından azərilər qat-qat çox idilər. Bakı fəhlələrinin 17,5 faizi erməni, 70 faizi isə azərbaycanlılardan və başqa millətlərin nümayəndələrindən ibarət idi. Erməni əhalisinin 4,83 faizi böyük iş icraçısı və digər vəzifələrdə çalışırdı. Həmin dövrdə ermənilərin 39 faizi şəhərlərdə, 61 faizi isə kəndlərdə yaşayırdı.
Azərbaycanlılarla ermənilər arasında mədəni və dini ixtilaflardan əlavə, konflikt yarada biləcək bir sıra digər səbəblər də var idi. Məsələn, inkişaf etməkdə olan Azərbaycan kapitalizmi erməniləri özü üçün maneə hesab edirdi. Üstəlik, azərbaycanlı fəhlələr də erməni iş icraçılarına qarşı birləşməyə məcbur olmuşdular".
Müştərək məzhəbin, adət-ənənənin, dini etiqadın mühüm amil sayıldığı bu dövrdə ermənilərlə ruslar arasında əlaqələrin sıxlaşması cənub istiqamətində sərhədlərini genişləndirmək arzusunda olan çar Rusiyasının isti sulara çatmaq ehtirasını daha da artırır və bu məqsədi həyata keçirməsinə əlverişli şərait yaradırdı. Bu məqsəd həmin dövrdə erməniləri Rusiyanın təbii müttəfiqinə çevirə bildi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 19 oktyabr.-
S.13.