“Şərq ədəbi-fəlsəfi
düşüncəsi kontekstində Nəsimi irsi”
Oktyabrın 30-da Azərbaycan Milli
Elmlər Akademiyasında
(AMEA) akademik Z.M.Bünyadov
adına Şərqşünaslıq
İnstitutunun təşkilatçılığı
ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi
düşüncəsi kontekstində
Nəsimi irsi” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademik Nərgiz Axundova açaraq dövlət başçısının
müvafiq Sərəncamına
əsasən 2019-cu ilin
Azərbaycanda “Nəsimi
ili” elan olunduğunu xatırladıb,
dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş
şəkildə qeyd
edildiyini söyləyib.
Bildirib ki, AMEA-nın müxtəlif institut və təşkilatlarında
İmadəddin Nəsimi
ilə bağlı çoxsaylı tədbirlər
keçirilir, elmi-tədqiqat
işləri aparılır.
“Nəsimi ili”
çərçivəsində keçirilən tədbirlər
sırasında Şərqşünaslıq
İnstitutunun təşkil
etdiyi konfrans da xüsusi yer tutur.
Nəsiminin Azərbaycanın ictimai fikir tarixində özünəməxsus mövqeyi
olduğunu deyən Nərgiz Axundova, onun xalqımızın ədəbi fikrində daim yaşayacağını
qeyd edib. Bildirilib ki,
çoxşaxəli yaradıcılığa
malik şairin Azərbaycan ədəbi dilinin formalaşmasında
böyük rolu olub.
Konfransda
“Nəsimi irsinin günümüzdə dəyəri
və əhəmiyyəti
haqqında” məruzə
edən Şərqşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva
bu ilin ölkə
rəhbəri tərəfindən
“Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olaraq xüsusi əhəmiyyət
kəsb etdiyini bildirib. O, bu Sərəncamın ölkəmizdə
yüksək ideallara,
mənəvi həyata,
mədəniyyətə, şeirə,
sənətə, onların
inkişafına nə
qədər böyük
diqqət yetirildiyinin təzahürü olduğunu
söyləyib. Bildirib ki,
“Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın
inkişafına, Nəsimi
irsinin, şairin ideallarının populyarlaşmasına
böyük təkan verməklə yanaşı,
yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin
yaranmasını stimullaşdırır.
“Nəsimi ili”
çərçivəsində dahi Azərbaycan şairinə həsr edilmiş beynəlxalq festivallar, sərgilər, müsabiqələr keçirilir,
yeni tamaşalar qoyulur, musiqi kompozisiyaları hazırlanır,
yeni tədqiqatlar işıq üzü görür.
O, “Nəsimi ili” çərçivəsində Şərqşünaslıq İnstitutunda
da elmi-tədqiqat işlərinin aparıldığını,
kitab və monoqrafiyanın çapa hazırlandığını söyləyib.
Vurğulayıb ki, institutun
“Azərbaycan şərqşünaslığı”
jurnalının növbəti
nömrəsi dahi mütəfəkkir Nəsiminin
650 illik yubileyinə həsr edilib.
G.Baxşəliyeva Nəsiminin 600 illik yubileyinin hələ sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
1973-cü ildə beynəlxalq
miqyasda qeyd olunduğunu və
UNESKO-nun tədbirlər siyahısına
daxil edildiyini söyləyib.
Nəsimini böyük humanist şair,
insanı ilahiləşdirən,
onu ucaldan bənzərsiz şeirlər
müəllifi, Azərbaycan
dilinin formalaşmasında
müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva
onun yaradıcılığının
ideya-mövzu və bədii-estetik cəhətlərinin,
bütövlükdə poetikasının
şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları
ilə bir cərgəyə qoyduğunu
deyib: “Nəsiminin azad ruhu, cəsarəti,
həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun
bütün sahələrdə
tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə
qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm
üsyanıdır. Nəsimi yaradıcılığı
istibdada, sosial ədalətsizliyə, qəddarlığa,
hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan
əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti
hər növ qadağalardan azad edərək fanatizm və mövhumata qarşı yönəlmişdi.
Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər
növ məhrumiyyətlərə
qalib gələ bilən, ədalətsizliklə
barışmayan yeni insanın yetişməsinə
xidmət edir ki, bu da
müasirliyimizlə kifayət
qədər möhkəm
uzlaşır”.
G.Baxşəliyeva bildirib ki, Nəsimi
yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı
ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması
böyük, möhtəşəm
örnək olaraq bütün xalqımıza,
ilk növbədə, gənc
nəslimizə öz
müsbət təsirini
göstərir. Məruzəçi Nəsimi irsinin
günümüz üçün
dəyəri və əhəmiyyətini onun yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti,
şairin dil tariximizdə müstəsna
rolu və xidmətləri ilə bağlayıb.
Qeyd edilib ki, Nəsiminin
ədəbi dil tariximizdə müstəsna
rolu və xidmətləri var. Şair
fars və
ərəb dillərində
də şeirlər yazmasına baxmayaraq, əsas hünərini ana dilindəki yaradıcılığında göstərib, ədəbi
dilimizin yetərincə
saf və canlı bir şəkildə klassik Şərq poetikası sisteminə uyğunlaşmasına
nail olub. Başqa sözlə, o, türkcənin
hədsiz ifadə imkanlarını nümayiş
etdirərək, onun rəqib dillər qarşısında ədəbi
statusunu təmin və təsbit edib. Bununla da Nəsimi
çətin bir vəzifənin öhdəsindən
uğurla gəlib, böyük bir yolun təməlini qoymaqla xələflərinin
işini asanlaşdırıb.
AMEA-nın Əlyazmaları
İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Nəsimi və davamçılarının
əlyazmaları dünya
kitabxanalarında” mövzusunda
məruzəsində dahi
şairin əlyazmalarının
müasir tədqiqat və nəşrlərindən
söz açıb. O, şairin
anadilli divanının,
onun əlyazma nüsxələrinin tədqiqi
sahəsində professor Cahangir
Qəhrəmanovun xidmətlərini
xüsusi vurğulayıb
və alimin 1973-cü
ildə nəşr etdirdiyi üçcildlik “Nəsimi. Əsərləri” adlı kitabda
Nəsiminin anadilli divanının elmi-tənqidi
mətnini yazarkən istifadə etdiyi əlyazmalardan danışıb.
Paşa Kərimov son illər özünün Ankara Milli
Kitabxanasından əldə
etdiyi əlyazmalardan, Nəsiminin ardıcıllarının
əsərlərinin dünyanın
müxtəlif kitabxanalarında
saxlanan əlyazma nüsxələrindən söz
açıb. O, Nəsiminin
və onun ardıcıllarının əsərlərinin
dünyanın müxtəlif
kitabxanalarına, əlyazma
saxlanclarına səpələnmiş
əlyazma nüsxələrinin
böyük Azərbaycan
şairinin İran, Orta Asiya daxil
olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər
verdiyini söyləyib.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Səadət Şıxıyeva
“Nəsiminin nəsr yaradıcılığı” mövzusunda
məruzəsində daha
çox şair, sufi, arif və
hürufi kimi məşhur olan Seyid İmadəddin Nəsiminin nəsr sahəsində də qələm təcrübələrindən
danışıb. Bununla
belə Nəsiminin nəsrlə yazılan əsərlərinin (“Müqəddimətül-həqayiq”,
“İnsan” və farsca bir risaləsi)
bədii səciyyəli
deyil, irfani və hürufilik məzmunlu olduğunu deyən məruzəçi
şairin mənsur əsərlərindən ən
çox diqqət yetirilən, tədqiqata cəlb edilən və müzakirələrə
səbəb olan əsərinin “Müqəddimətül-həqayiq”
(“Həqiqətlərin başlanğıcı”)
olduğunu bildirib: “Bu
risalənin Azərbaycanın
anadilli fəlsəfi nəsri tarixində ilk əsərlərdən olması
Azərbaycan nəsrinin
tarixinin daha qədim olması qənaətini yaradır.
Eləcə də əsər
tərcümə və
ədəbi dil tariximiz baxımından xüsusi əhəmiyyətə
malikdir. Şairin irsinin
hərtərəfli, sistemli
və ardıcıl öyrənilməsi və
tədqiq edilməsi bu mənəvi irsin həqiqi varisləri olan azərbaycanlı araşdırıcılar
qarşısında mühüm
vəzifə kimi durur”.
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev “Nəsiminin yaradıcılığında rədif və qafiyə sistemi”, həmin institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Nəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları
əsasında)” mövzularında
məruzələrlə çıxış
ediblər.
Konfrans işini Şərqşünaslıq
İnstitutunun akt
zalında davam etdirib.
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət
Məmmədli “Seyid İmadəddin Nəsimi
şeirində Quran hikmətləri”,
Şərqşünaslıq İnstitutunun
böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, dosent Mahir Həmidov
“Ərəb yazıçısı Əbdülfəttah Rəvas
Qələçinin “Hələb yaqutu
İmadəddin Nəsimi. Həyatı, poeziyası və fəlsəfi
görüşləri” adlı əsəri haqqında”, Şərqşünaslıq
İnstitutunun elmi işçisi Fidan Nəsirova
“Nəsimi şəxsiyyəti zamanın fövqündə”
mövzularında məruzələrlə
çıxış ediblər.
Xalq Cəbhəsi.- 2019.- 31 oktyabr.-
S.13.