“Dağlıq Qarabağ münaqişənin həll yolu müharibədir”

Vahid Əhmədov: “Millət ayağa qalxıb torpağını azad etməlidir”

Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviçin fikirincə, “Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.

Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.

Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilərlər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, - tarixçi əmindir.

Moskva, Stankeviçin fikrincə, tərəflərin barışmasında müsbət rol oynaya bilər: "Həm Bakı, həm də Yerevanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar".

Bəs “Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, “onda müəyyən bir insanın konkret avantürası var idi”.

“Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək.

Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək", - deyə Stankeviç vurğulayıb.

Millət vəkili Vahid Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları da aparmaq lazımdır: “Ancaq biz ildə orduya kifayət qədər pul ayırırıq. Kifayət qədər silahlar alırıq. Bunlar nədən ötrüdür?! Ondan ötrüdür ki, öz torpaqlarımızı azad edək. Gec-tez azad etmək lazımdır. Nə qədər tez azad etsək, o qədər yaxşı olar. Deyirlər ki, Rusiya Qarabağı azad etməyə qoymaz. Rusiya gedib Gürcüstanı, Ukraynanı işğal edəndə qoymamaydılar da!... Avropa əngəl olaydı da...Hansı ki, Ukraynanın təhlükəsizliyinə 4 dövlət imza atıb. Rusiya, Fransa Amerika demişdi ki, nüvə silahı olmasa, biz Ukraynanın təhlükəsizliyini təmin edəcəyik. Nə oldu bəs?! Burada maraqlar toqquşur. Ona görə də Azərbaycan torpaqlarını nə qədər tez azad etsə, bir o qədər yaxşı olar. Kimisə gözləməli deyilik. “Kimsə necə baxacaq” məsələsi çoxdan keçib. 2016-cı ilin aprel hadisələri göstərdi ki, ordumuzun buna imkanı var. Onu davam etdirmək lazım idi. Artıq müharibə məsələsində güzəştə getməyə yol yoxdur”.

Deputatın fkirincə, Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq azğınlaşmış bəyanatlar səsləndirir: “Hətta Sarkisyanın bir açıqlamasını oxudum: - “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkib hissəsində olmayacaqdeyir. Bu hələ hakimiyyətdən kənarlaşdırılan adamdır. Köhnə separatçıdır, azərbaycanlıları qırıb. Paşinyan da Qarabağa gəlib yollar çəkir, tarixi abidələri söküb yerində başqa şeylər tikir. Qarabağı faktiki olaraq özününküləşdirirlər. Münaqişənin həll yolu müharibədir. Millət ayağa qalxıb torpağını azad etməlidir”.

V.Əhmədov onu da söyləyib ki, Azərbaycanın ikinci dəfə müstəqilliyi əldə edib Dağlıq Qarabağı itirməyimizin əsas səbəbi o idi ki, erməni lobbisi çox güclü idi: “Biz Azərbaycan dövləti olaraq ciddi lobbi işini qura bilməmişik. Düzdü, kifayət qədər maliyyə imkanları olan insanlar var. Həm Azərbaycanda, həm Rusiyada, həm də Avropada belə insanlarımız mövcuddur. Ancaq bu imkanlı şəxslər Azərbaycan lobbisini yaratmağa nail ola bilməyib. Yadıma gəlir, Ermənistanın ən ağır günündə Şarl Aznaur ildə 100 milyon dollar pul verirdi. Ermənistanın büdcəsində pul yoxdur. Onları dolandıran insanlar var. Dağlıq Qarabağ məsələsində Moskvanın rolu böyük oldu. Moskva Azərbaycanın müstəqiliyini həzm edə bilmədi. Qafqazda neft-qazla zəngin olan yeganə dövlət Azərbaycandır. Bunu hamı bilir. Tarix boyu mübarizələrin 99%-i neftin, qazın üzərində olub. O vaxt hakimiyyət davası da çox ciddi məsələ idi. Müstəqillik yenicə əldə olunmuşdu. Demokratik olmalarına baxmayaraq, idarəetmə üsulları zəif, bacarıqları yox idi. O vaxt hakimyyətdə 50-50-yə idi. 50% kommunistlər, 50% demokratlar gəlmişdi. Çalışırdıq ki, insanlar iqtisadi cəhətdən əziyyət çəkməsinlər. Biz siyasətdə olan adamlarıq. Dünyada gedən prosesləri izləyirik, danışıqlar aparırıq. Açığını deyim, bu sahədə İlham Əliyevi dəstəkləyirəm. Azərbaycanı sabit saxlamaq çox çətindir, ancaq cənab Prezident buna nail olub. Müstəqillik və sabitlik bizim Qarabağ probleminin həllində əsas faktordur”.

Millət vəkili onu da vurğulayıb ki, ancaq qeyrəti, namusu olan insanlar Qarabağ sevgisi ilə yaşamalıdır: “Əvvəllər müstəqillik məsələsi ilə bağlı çox narahat idim. Ancaq 2016-cı ilin aprelində bu narahatlıq aradan qalxdı. Gəncliyimiz çox yaxşı inkişaf edib. Torpağı da geri qaytarmaq olar, ancaq müstəqilliyimizi qoruyub saxlamaq bizim üçün çox önəmlidir. Bəzən deyirlər ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Ancaq bu gün o açar itirilib. O açar öz əlimizdədir. Rusiya istəsə də, Qarabağ məsələsini həll edə bilməz. Çünki bir tərəfdə Amerika, digər tərəfdə Avropa dövlətləri var”.

V.Əhmədov Azərbaycan ordusunun gücündən də danışıb. Bildirib ki, əsas odur ki, torpaqlar azad olunsun: “Ordumuzla bağlı məndə çoxlu məlumatlar var. Çox güclü silahlarımız var. Artıq bu silahlardan istifadə etməyin vaxtı çatıb. Biz gedib kiminləsə müharibə etmirik. Biz torpaqlarımızı geri qaytarmaq istəyirik. Dağlıq Qarabağı və ona bitişik olan torpaqlarımızı azad etmək istəyirik. Dünyada artıq elə bir proses gedir ki, bu da sərhədlərin tanınması ilə bağlıdır. Mütləq şəkildə dövlətlərin sərhədləri tanınmalıdır”.

Onu da qeyd edək ki, Ermənistanın işğalçılıq siyasəti ölkədə hərtərəfli böhrana səbəb olub. Bu gün Ermənistan sosial-iqtisadi, siyasi böhranla yanaşı, humanitar böhranla üzləşib və artıq Ermənistanda demoqrafik vəziyyət təhlükəli həddə çatıb.

Millət vəkili Sevinc Fətəliyeva deyib ki, bunu Ermənistana rəhbərlik edən şəxslər də görür və çıxış yolu axtarır:

Onlar da etiraf edirlər ki, Ermənistanın üzləşdiyi problemlər demoqrafik vəziyyət barədə optimist proqnozlara əsas vermir. O baxımdan da Baş nazir Nikol Paşinyanın “Ermənistan 2050 – Strateji İnkişaf” sənədində irəli sürdüyü digər məsələlərlə yanaşı, əhalinin həmin ildə sayının 5 milyona çatdırılması barədəki tezisi qeyri-ciddi fikirdir. Bunun arxasında ciddi arqument dayanmır. Paşinyanın belə ciddi arqumentlərə söykənməyən fikirləri onun hakimiyyətdəki mövqeyinin daha da laxlamasına yol açır. Çünki onun Ermənistanın əhalisinin 2050-ci ildə 5 milyona nəfərə çatdırılması ilə bağlı səsləndirdiyi fikirlər digər rəsmilərin və beynəlxalq qurumların rəyləri ilə ziddiyyət təşkil edir. Ermənistan rəsmi statistikasına görə, son 8 ildə doğum səviyyəsi aşağı enibbu, geriyədönməz forma alıb”.

Millət vəkili bildirib ki, son bir neçə ildə Ermənistanda doğum statistikasına nəzər salsaq, dediklərimizi əyani sübut edə bilərik:

“2018-ci ildə Ermənistanda 35 min 502, 2017-ci ildə 37,7 min, 2016-ci ildə 40 min 592, 2015-ci ildə 41 min 763 uşaq dünyaya gəlib. Digər bir məqam ölkədən çıxan insanların çoxu geri qayıtmır. Məsələn, 2017-ci ildə ölkəni tərk edən insanların 40 minə yaxını geri dönməyib və ölkəni birdəfəlik tərk edib. Burada onu da qeyd etmək lazımdır ki, ölkəni tərk edənlərin böyük əksəriyyətini əmək qabiliyyəti olan gənclər və ailəli insanlar təşkil edir. Son illərdə məktəbli yaşında olan uşaqların ailələri ilə birlikdə ölkəni tərk etməsi halları artıb. Növbəti bir faktı qeyd edim ki, Dünya Bankının Ermənistan Statistika Komitəsinin nəticələrinə əsaslanan göstəricilərinə görə, 1991-ci ildə Ermənistan əhalisinin sayı 3.505.258 nəfər, 2018-ci ildə isə 2.951.776 nəfər təşkil edib. Amma məntiqə görə say 4 milyondan yuxarı olmalı idi. Daha bir fakta diqqəti çəkərək demək istərdim ki, bu gün ölkədəki yaşlıların sayı gənclərin sayını ötməkdədir. Bu isə o deməkdir ki, ölkədə yaşlanma gedir. Yəni 50 yaşdan yuxarı olan insanlar çoxluq təşkil edir. Ölənlərin sayı doğulanlardan çoxdur”.

S.Fətəliyeva Ermənistanda kişilərin sayının sürətlə azaldığını bildirərək, bunun səbəblərindən bəhs edib:

“Ölkədəki sosial-iqtisadi vəziyyətin pis olması, işsizlik problemi onları ölkəni tərk etməyə vadar edirsə, digər bir səbəb də müharibə faktorudur. Erməni anası övladının bu müharibədə ölməsini istəmədiyindən ölkədən çıxarır. Bura erməni gənclərin üzləşdiyi maddi sıxıntılara görə ailə qurmamasını və BMT-nin İqtisadiSosial Münasibətlər departamentinin əhali bölgüsü haqda açıqlamasına da əlavə etsək, o zaman Paşinyanın dediklərinin yalan olduğunu açıq-aydın görərik. BMT-nin İqtisadiSosial Münasibətlər Departamentinin əhali bölgüsü haqda açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı orta proqnozlara əsasən, 2 milyon 397 min olacağı proqnozlaşdırılır”.

Millət vəkili onu da vurğulayıb ki, Ermənistan nə qədər ki işğalçılıq siyasətindən əl çəkməyib, bu ölkəni hələ daha ciddi problemlər gözləyir.

 

Cavid

Xalq cəbhəsi  2019.- 7 sentyabr. - S.9.