Yardımlıda tunc-ilk
dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” İnstitutun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Anar Ağalarzadənin rəhbərliyi
altında Yardımlı
rayonundakı tunc-ilk dəmir dövrü abidələrində arxeoloji
qazıntılar aparılıb.
İnstitutdan APA-ya verilən xəbərə görə,
qazıntı işləri
əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki
yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib.
Kürəkçi kəndi yaxınlığında
Komanı yaylaqlarında
aparılmış arxeoloji
qazıntılar zamanı
ilk tunc dövrünə
aid qəbir abidələri
üzə çıxarılıb. Komanı
kurqanlarından birində
aparılmış arxeoloji
qazıntılar zamanı
sol yanı üstə,
az bükülü
vəziyyətdə üzü
cənub-qərb istiqamətində
dəfn edilmiş insan skeleti aşkar
olunub. Skeletin yanından tapılmış
1 ədəd sümükdən
iy başlığı
əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə
edilmiş əşyadır.
Komanı yaylaqlarında əvvəlki
illərlə birlikdə
4 kurqanın qazıntısı
başa çatdırılıb.
Bu kurqanlar dəniz
səviyyəsindən 2100 metr
yüksəklikdə yerləşir.
Rayonun Alar kəndi yaxınlığında
Sarıbulaq yaylağında
aparılmış arxeoloji
qazıntılar zamanı
son tunc-ilk dəmir dövrünə aid maddi mədəniyyət nümunələri
əldə edilib.
Məlum olub ki, Sarıbulaq abidələri
əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr
yüksəklikdə yerləşir.
Arvana kəndi
ərazisindəki Qaryatan
adlanan yerdə bir kurqanın qazıntısı aparılıb.
Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Diametri 5 m olan, ətrafı
kromlexşəkilli düzümlü
kurqanın qəbir kamerasında üzü şimal istiqamətində,
sol yanı üstə,
ayaqları dizdən geri qatlanmış insan dəfn edilib. Qəbir avadanlıqları içərisində saxsı
qablar – küpə, boşqab, dopu, tuncdan silah nümunələri
— xəncər və rapiraşəkilli qılınc,
tunc üzük və müxtəlif formalı pasta muncuqlar aşkarlanıb. Maddi mədəniyyət
nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən
bu kurqanda həm Xocalı-Gədəbəy,
həm də Talış-Muğan arxeoloji
mədəniyyətlərinin qarşılıqlı təsirləri
üzə çıxıb.
Hazırda kurqandan aşkar
edilmiş insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın ilk dəmir dövrünə
- e.ə. I minilliyin əvvəllərinə
aid olması ehtimal edilir.
Ekspedisiya tədqiqat müddətində
rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində
də kəşfiyyat
xarakterli tədqiqatlar
aparmaqla yeni kurqanlar və daş qutu qəbir
nekropolları qeydə
alıb.
Xalq Cəbhəsi.- 2019.- 17
sentyabr.- S.8.