İrəvan Türkmənçay
müqaviləsindən sonra
2-ci yazı
Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında qeyd olunur ki, İrəvan, Aleksandropol, Naxçıvan, Hurbayəzid bölgələrinin təşkilinə dair rus imperatorunun 1849-cu il tarixli fərmanı ilə İrəvan vilayəti meydana gəldi. Bu vilayət şimaldan Tiflis, şərqdən Yelizavetpol (Gəncə) vilayəti, qərbdən Türkiyə, cənubdan İran dövləti ilə həmsərhəd idi. Bu vilayətin ərazisi 27.830 kv.km, əhalisi 829.550 nəfər idi. İrəvan vilayətinin əhalisi taxılçılıq, heyvandarlıq, ipəkqurdu yetişdirmək, tütünçülük, üzümçülüklə... məşğul idi. Vilayətdə hərbi inzibati işlər hərbi komandantlığın nəzarəti altında idi. O, hərbi məsələlərdə hərbi nazirə tabe idi. Vilayət işlərində isə Qafqaz canişininin göstərişlərini yerinə yetirirdi. 1879-cu ilin oktyabrın birində İrəvan vilayətində şəhər şuraları təsis olundu.
Qafqaz ölkələrinin o zamankı
bölgüsü barədə Seyid Həsən Tağızadə
yazır: "Nəhəng Rusiyanın bir əyaləti
olan Qafqazın mərkəzi hökuməti
Gürcüstanın paytaxtı Tiflis şəhəri idi.
Çar sarayının səlahiyyətli nümayəndəsi,
rusların öz sözü ilə desək, "namestnik"
adlanan hakim və baş rus general-qubernatorunun qərargahı
Tiflis şəhərində yerləşirdi. Gürcüstan, Bakı,
İrəvan və digər bir neçə əyalət
general-qubernatora tabe idi. Yuxarıda qeyd etdiyimiz əyalətlər
"quberniya" adlanırdı və onların da
başında "qubernator" adlanan vali dayanırdı.
O, Osmanlı əyalətlərindəki vilayət valisinə
bərabər idi (İrəvan əyalət qubernatoru kimi). Hər vilayət bir neçə nisbətən
böyük vilayətə bölünürdü ki, rusca buna
"uyezd" deyilirdi. O, Osmanlı vilayətinin
bölgüsündəki "sancağ"a bənzəyirdi.
Osmanlıların "mütəsərrof"una
bənzəyən "uyezd" hakiminə
"naçalnik" deyilirdi.
Məsələn, İrəvanın əyalət vilayətlərindən
biri (uyezd) Naxçıvan idi. O, İrəvan valisinə tabe idi və
mərkəzi adı çəkilən Naxçıvan şəhəri
idi. Hər vilayət və yaxud "uyezd" də
"uçastka" adlanan (Osmanlı dövlətindəki qəzaya
bənzər) kiçik vilayətə bölünürdü
və onun da başında "pristav" dayanırdı
(osmanlıların qaim-məqamı kimi). Naxçıvan
böyük vilayətinə tabe olan kiçik vilayətlərdən
biri Araz çayının yaxınlığında, Ələmdar
və Gər-Gər nahiyəsi ilə üzbəüzdə
yerləşən Ordubad qəsəbəsi idi ki, təxminən
Mərənd və yaxud Şəbüstər boyda olardı.
Kiçik
vilayətlər və yaxud "uçastka"lar
da bölüklərə bölünürdü ki, hər
bölüyə və ya mahala da "çast" deyirdilər.
Kəndlərin bir hissəsini əhatə edən
bölük bütövlükdə "uçastka"ya
tabe idi. "Çast" Osmanlı vilayətinin
bölgüsündəki nahiyəyə oxşayırdı və
hər "çast"ın rəhbərliyində
"qlavar" dayanırdı ki, bu da Osmanlıdakı
müdirə bərabər idi. Məsələn, erməni
olan İklis (Əkvalis) bölüyündə yüksək və
aşağı təbəqə var idi və hər biri
"qlavar" adlı hakimə malik olan "dəstə"nin
bölüyü Ordubada tabe idi. Hər nahiyə
də kəndləri əhatə edirdi. Məsələn,
ondan iyirmiyə qədər kəndin kəndxudasına
"katta" deyirdilər və Dəstə nahiyəsinin kəndlərindən
biri olan Vənənd kəndi atamın doğulduğu yer
idi".
***
Hicri-qəməri tarixi ilə 1265-ci ildə, Nəsrəddin
şahın hakimiyyətinin ikinci ilində II Aleksandr
Qafqazdakı işləri qaydaya salmaq üçün İrəvana
gəlir. Mirzə Tağıxanın məsləhəti ilə
şah baş adyutant Əziz xana tapşırıq verir ki,
İrəvana gedib Qacarlar dövlətinin hədiyyələrini
II Aleksandra çatdırsınlar. Etimadüs-səltənət
Məhəmməd Həsən xan bu nunla bağlı
yazır: "...İlin əsas hadisəsindən biri də
rus dövlətinin həzrət vəliəhdinin
qarşılanması üçün baş adyutant Əziz
xanın İrəvana getməsidir. O günlərdə rus
dövlətinin vəliəhdi, mərhum Nikolayın oğlu və
hal-hazırda imperator olan əlahəzrət II Aleksandr Qafqazda
və Gürcüstanda qayda-qanun yaratmaq üçün
İrəvana gəlmişdi. Məlum olduğu
kimi, bu iki dövlət arasında bir zaman müharibələr
getmişdi. Ordu əmiri Səvabdid Mirzə
Tağı xan sonralar ordunun baş komandanı vəzifəsinə
təyin edilmişdi. Baş adyutant Əziz
xana şah sarayından göstəriş gəldi ki, əbədi
dostluq nümunəsi olaraq qiymətli daş-qaşlarla və
almaslarla bəzədilmiş bir portret və asiman rəngli həmayil
həzrət vəliəhdə hədiyyə aparılsın.
Dövlət səfirinin birinci müavini, ordu xəzinədarı
İsmayıl xan ordu əmirinin Gürcüstan
general-qubernatoru üçün nəzərdə tutduğu hədiyyələri
dəvələrə yüklədi. Əziz
xan şah sarayından Zəncana gəldi, bir neçə
gün orada molla Məhəmməd Əlinin dəstəsi ilə
mübarizə apardı. Sonra Araz
çayının sahilinə endi və rus sərhədçiləri
tərəfindən ona yüksək qonaqpərvərlik
göstərildi, onu qəbul etmək üçün hər
cür şərait yaradıldı. Oradan
isə vəliəhdin gəlməsinə səkkiz gün
qalmış İrəvana yola düşdü və gəlib
həmin vilayətə çatdı. Sabahısı
gün səfirliyin birinci müavini İsmayıl xan Tiflisə
yollandı. O, ordu əmirinin hədiyyələrini
Gürcüstan general-qubernatoruna çatdırıb, altı
gündən sonra geri qayıtdı. Səkkizinci
gün Əziz xan vəliəhdlə görüşdü.
O, İrəvana gəlib çatandan iki saat sonra eşik
ağasını və xüsusi adyutantını faytonla
Əziz xanın yanına göndərdi. Əziz xan səfirliyin
əməkdaşları ilə birgə çarın
hüzuruna gəlib, həmayili və Humayunun portretini ona təhvil
verdi. Əlahəzrət
şahənşahın səmimi dostluq, ittifaq tərəfdarı
olduğunu bildirdi. Vəliəhd hədiyyələri qəbul
edib, əvəzində Əziz xana və səfirliyin hər
bir əməkdaşına xüsusi iltifat göstərərək,
onlara qiymətli hədiyyələr verdi. Vəliəhd cavabında onun da böyük məhəbbət
və minnətdarlığının şahənşaha
çatdırılmasını istədi.
***
Hicri-qəməri tarixi ilə 1291-ci ildə (miladi tarixi
ilə 1875-ci ildə) vəliəhd Müzəfərəddin
Mirzə də Xudafərində İrəvan hakimi ilə
görüşdü. Təbrizdən göndərilmiş
aşağıdakı teleqraf xəbərində də İrəvan
hakiminin öz heyəti ilə birgə Xudafərində vəliəhdlə
(Müzəffərəddin Mirzə) görüşündən
danışılır: "Təbriz... Ordu qəzetində cənab
sahibdivanın yazdığına görə, ayın 17-də
(zilqəddə) Xudafərin körpüsündə İrəvan
hakimi Rusiyanın 8 nəfər hörmətli mənsəb
sahibi ilə birgə İranın ali
dövlət nümayəndəsi - zamanın vəliəhdi
ilə görüşmüşdür... Onlar
üç gün həmin yerdə qalaraq, əlahəzrətin
qonağı olublar".
Bu illərin diqqətçəkən hadisələrindən
biri də Nəsrəddin şahın Avropa səfəri
zamanı (hicri-qəməri 1306-cı ilin şaban
ayının 12-dən 1307-ci ilin səfər ayının 24-nə
qədər) İrəvandan keçməsidir. Şah öz “Səfərnamə”sində
bu vilayəti görməsini belə təsvir edir: "Culfada
aşağıdakı şəxslər şahla
görüşə gəlmişdi: İrəvan hakimi general
Litvinan Şalikov, İrəvan jandarmeriyası Burşakov,
polkovnik Fon Derton və İrəvan əyalətinin mühəndisbaşısı,
digər çoxlu sayda böyük sahibmənsəblər...
Bundan əlavə, Ordubad üləmaları da şahın
hüzuruna gəlmişdilər: Vaiz Hacı Mirmufid, tayfa
başçısı Hacı Mirhaşım, müdərris
Ağa Mir Yəhya, Ağa Mir Yusif, nəccar Ağa Mirsadıq
və digər rəhbər şəxslər...
Ramazan ayının 12-si, bazar ertəsi günü. Bu gün gərək
İrəvana gedim, səhər yuxudan qalxıb geyinməliyəm.
Bir saat yarım keçəndən sonra atlara minmək
üçün bayıra çıxdıq...
Burada müsəlmanların vəziyyəti barədə
qısaca danışmaq lazım gəlir. Təəssübkeş
və həyəcanlı üləmalar təsəvvürəgəlməz
dərəcədə İrana, şaha və İran həyatına
meyilli idilər. Bütün bunlar son dərəcə
təəccüblü görünürdü. Onlar ruslara o qədər nifrət edirdilər ki, əgər
deyilsəydi ki, bu kənddəki bütün rusları
qırın, dərhal qırardılar. Heç
kəsdən qorxuları yox idi. Kazaklar
onları döyürdü, qarşısını aldıq.
Onlar kötək yesələr də,
başları partlasa da, torpaq yesələr də, heç nə
veclərinə deyildi. Camaat aşurə
günündəki kimi heç nəyə məhəl qoymur,
heç bir yaranın qeydinə qalmırdı. Xülasə, vəziyyətləri o qədər əcaib
idi ki, yazmaq mümkün deyil.
Nəhayət, atı sürdük, üç fərsəng
gedib, Sədərək çaparxanasına çatdıq. Burada
atları əvəz edərək təzədən yola
düşdük. Dəvəliyə
çatıb, orada nahar elədik. Dəvəli
müsəlmanları da başqalarının gördükləri
işləri görürdü. Bundan əlavə,
Dəvəli Ağrı dağla üzbəüzdə yerləşir.
Ağrı dağın qəribə əzəməti
var. Uzaqdan onun ətrafına qədər düzənlikdir.
Bu düzənliyin ortasında xudavəndi-aləm
başı asimana çatan iki dağ xəlq edib. Onlardan biri hündür, digəri kiçikdir.
Birinin adı böyük Ağrı dağ, o
birisininki kiçik Ağrı dağdır. Bu dağların hər ikisi Arazın o biri
tayındadır. Böyük Ağrı
dağ çox uca və yüksəkdir, kiçik
Ağrı dağ isə bir o qədər də hündür
deyil, amma çox xoşagələn və konusvari görkəmi
var. Başdan-ayağa qara bürünüb. Bu iki dağın arasında boyundakı xala bənzəyən
bir dərə var. Bu tərəfdən və o biri tərəfdən
yüksələn, qara bürünmüş bu iki dağ ana
və övlada bənzəyir. Böyük
dağ ana, kiçik dağ övladdır. Böyük və kiçik Ağrı dağ
üç dövlətin - Rusiya, İran, Osmanlının sərhədində
yerləşir və hər üç dövlətin səlahiyyətindədir.
Hər üç dövlətin təbəələrinin
mal-qarası və özləri bu yerlədə gəzib-dolaşır.
Kiçik Ağrının xeyli hissəsi
İrana məxsusdur. Tehranın 10 fərsəngliyində
yerləşən məşhur Dəmavənd dağı
böyük Ağrıya oxşayır və biri Tehranda, biri
isə burada olmaqla onlar iki qardaş təəssüratı
yaradırlar. Çox qəribədir ki, bu
böyüklükdə iki dağın ətəyində su və
çeşmə çox azdır. Ətrafı
çox qurudur, böyük Ağrının ətəyində,
qarların altında Ağa Xork adlı ruslara məxsus bir kənd
var. Ora Hacı İbrahim Xəlilin oğlu Yusifin
mülküdür. 25-dən artıq evi olmaz və
cəmi bir çeşməsi var. Kiçik Ağrı
dağının ətəyində məşhur Sərdar
bulağı var.
Nahar yeyib Dəvəlini keçdikdən sonra
böyük və gilli bir çay qarşımıza
çıxdı. Onun adı Vedi çayıdır. Vedi çayı Vedibasar adlı böyük bir
mahalı su ilə təmin edir. Vedibasar
sözü də elə bu çayın adından
götürülüb. Vedi çayı sağ tərəfdə
Arıca adlanan dağlardan axıb gəlir... Bu
dağlarda bol qar olur. İndi aprel ayı
olmasına baxmayaraq, qar hələ əriməyib, elə bil təzəcə
yağıb. On yuva gedəndən sonra bir
kəndi keçib Qəmərli bölüyünə
çatdıq. Bu bölüklərin suyu
Ağrı dağdan gəlir. Burada Məhəmmədqulu
xanın (onun babası Ağa Məhəmməd xan
dövründə hakim və tanınmış şəxs
olmuş Mirməhəmməd xan Ziyadlı Qacar, atası
Hüseynqulu xan Sərdar idi) nəvəsi Məhcəli
xanın oğlu, Qəmərlidə də böyük
mülk sahibi olan Abbasqulu xan İrəvani görüşə
gəlmiş adamlar arasında idi. Bu kəndlərin
əksəriyyətində erməni və müsəlmanlar
çoxluq təşkil edirdi. Karnibasardan
keçdik. Orada Karnibasar adlı bir
çay axır və bu mahalı su ilə təchiz edir.
Karnibasardan keçib, Ağhəmzəliyə gəlib
çıxdıq. Burada atları dəyişməli
idik, amma dəyişə bilmədik.
İrəvana doğru sürdük…”
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 24
sentyabr.- S.13.