“Azərbaycanlılar Rusiyada
dağılmış formadadırlar”
Emin Ağalarov: “Burada haradasa azərbaycanlıların
öz günahı da var ki, birləşə bilmirlər”
Rusiyanın
tanınmış azərbaycanlı iş adamı, "Crocus
Qrupu"un vitse-prezidenti, Azərbaycanın Xalq artisti Emin
Ağalarovun APA-nın Moskva müxbirinə müsahibəsi
oxucularımıza təqdim edirik
- Rusiyanın "Birinci kanalı"nın yeni mövsümündə Müslüm Maqomayev haqqında 8 seriyalı film nümayiş olunacaq. Bu serialın yaranması ideyasının Sizə məxsus olduğu deyilir. Bu ideya necə yarandı?
- Əslində, bu ideya təkcə mənə məxsus deyil. Müslüm Maqomayev haqqında film çəkilməsi ideyasının çoxsaylı insana məxsus olduğunu desək, yəqin ki, yanımarıq. Hansı ki, həmin insanlar kino dünyasında Müslüm Maqomayev haqqında film və ya filmlərin yaranmasının vacibliyi haqında düşünürlər. Təbii ki, bu təkliflərin hamısı Tamara Sinyavskayaya gəlirdi. O da həmin təkliflərin icra olunması, danışıqlar prosesinin aparılması üçün məni yönləndirdi. Çünki danışıqlar prosesi olduqca çətin idi. Bura müqavilənin bağlanılması, ssenariyə nəzarət və digər vacib məsələlər daxildir. Mən bu məsələdə Tamara İliniçnanın köməkçisi vəzifəsini icra etmişəm. Biz istəyirdik ki, Müslüm Maqomayevin obrazı hansı səviyyədə olmalıdırsa, elə də olsun. Biz "Birinci kanal"la müqaviləyə bağlayan, bu layihə üzərində işləyəcək çəkilişi qrupunu təsdiqləyən zaman Rusiya televiziya kanalları arasında mübarizə başladı. Həmin kanallar da Müslüm Maqomayev haqqında serial çəkmək istəyirdi. Mən, bu zaman çətin vəziyyətə düşdüm. Elə alındı ki, çoxlu sayda vacib insana "yox" deməli oldum. Çünki "Birinci kanal"la əvvəldən razılığımız vardı. Mən bir arqumentin üzərində dayandım ki, əvvəldən kiminləsə razılaşmışamsa, o zaman bu layihəni başqasına verə bilmərəm.
Daha sonra əsas məsələ - ssenarinin
yazılması mərhələsi gəldi. Burada artıq Tamara Sinyavskaya
özü iştirak edirdi. Çünki bir
çox nüans var ki, bunu ancaq Tamara İliniçna
xatırlaya bilər. Misal üçün, Müslüm
ağ şlyapanı 1969-cu ildə deyil,
1972-ci ildə geyinib. Belə nüansları
ancaq Tamara İliniçna bilir. Təbii
ki, Tamara Sinyavskayanın əməyi bu sserialın ərsəyə
gəlməsində böyükdür.
"Müslüm
Maqomayev rolu üçün Miloş Bıkoviç ən
yaxşı seçimdir"
- Seriala
çəkiləcək aktyorların seçilməsində
də iştirak etmisiniz?
- Bəli.
Əsas məsələ baş rolun
ifaçılarını seçmək idi. Bu, çox çətin idi. Müslüm
Maqomayevi və Tamara Sinyavskayanı oynayacaq aktyorları
seçmək təbii ki, əsas məsələ
sayılırdı. Tamara İliniçna
rolunu oynayacaq aktrisanın seçimində iştirak etmədim.
Mənə elə gəlir ki, bu rola seçiləcək
aktrisanı Tamara Sinyavskayanın özündən başqa
heç kəs təsdiq edə bilməzdi. Lakin Müslüm Maqomedoviç rolunu oynayacaq aktyorun
seçiminə görə çox narahatlıq keçirdik.
Lakin həmin aktyor tapıldı. Mənə elə gəlir ki, Miloş
Bıkoviç bu rolu oynamaq üçün ən
yaxşı seçim idi. Miloşu Maqomayev roluna təsdiq
etməklə biz "10-luğ"a vurmuş olduq. İlk
kastinqdən sonra gördüklərimiz onu deməyə əsas
verdi ki, seçimimiz uğurludur. Sınaq çəkilişini Tamara İliniçna
özü görməmişdi. Zəng edib ona dedim ki,
aktyor seçimi fenomenaldır. Məncə, bu məqam
serialı daha ciddi edir.
- Layihəni
də Siz maliyyələşdirmisiniz?
- Xeyir. Serialı mən maliyyələşdirməmişəm.
Burada mürəkkəb maliyyə sxemi var. Layihəni
serialı çəkən prodakşn maliyyələşdirir
və onun telekanalla öz münasibətləri var. Mən
burada təşkilatçı rolunu oynamışam. Kanalla çəkiliş qrupu və Tamara Sinyavskaya
arasında əlaqələrin qurulmasına kömək
etmişəm. Heç bir halda mən bu
prosesin əsas iştirakçısı deyiləm. Köməkçi vəzifəsini və bu layihənin
yüksək səviyyədə ərsəyə gəlməsinin
təmanatçısı rolunu oynamışam.
"Bakıda
keçirilən "Jara" festivallarına 12 milyon dollara
yaxın xərcim çıxıb"
-
Bakıda keçirilən "Jara" beynəlxalq musiqi
festivalı haqqında soruşmaq istəyirəm. Bu festival artıq brendə çevrilib.
"Jara"nı Azərbaycanla Rusiya
arasında mədəniyyət körpüsü də
adlandırırlar. Bu festivalı keçirməyi
planlaşdıran zaman "Jara"nın
iki ölkə arasında humanitar-mədəni əlaqələrin
inkişafına töhfə verəcəyini
düşünürdünüzmü?
- Təbii
ki, bu haqda düşünürdüm. Başa
düşürdum ki, Azərbaycan paytaxtında keçirdiyim
hər hansı mədəniyyət tədbirinin yəqin ki,
iki ölkə arasında münasibətlərə hansısa
müsbət təsiri olacaq. Lakin əvvəldən
mənim buna adi yanaşmam vardı. Sadəcə
olaraq, bu tədbiri keçirmək istəyirdim. Qonaqları çağırıb onlara öz
ölkəmi göstərmək, onunla öyünmək mənə
xoşdur. Hər şey bundan
başladı. "Jara"
festivalını yaradan zaman ora Rusiyanın müəyyən
sayda tanınmış artistlərini dəvət etmək
imkanı qazandım. Digər artistlər
isə özləri bu festivalda iştirak etmək təklifi ilə
çıxış etdilər. Əlbəttə, qonaqpərvər
ev sahibi kimi heç kimə "yox"
deyə bilməzdim. Çıxış etmək
istəyən hər kəsi bu festivala dəvət etdim.
Təbii ki, bu zaman çəkiliş qrupu, təşkilatçılar
qrupu çox böyüdü. Ötən yay
keçirdiyimiz festivala Bakıya 2000 nəfərdən
çox adam gətirmişdik. Dörd
gündə 250 artist beş səhnədə
çıxış etdilər. Bu səhnələrdən
dördü "Jara"da, biri isə "Muz TV" konsert
proqramında idi, "Muz TV" səhnəsində pulsuz
konsert "Jara"ya gələ bilməyən paytaxt sakinlərinə
mənim hədiyyəm oldu. Çünki çox insan
vardı ki, "Jara"nın
keçirildiyi məkan Bakıdan bir qədər aralı
olduğu, biletlər müxtəlif qiymətlərə
olduğu üçün festivala gələ bilməmişdi.
Ona görə də qərara gəldim ki, "Jara"ya gələ
bilməyən həmvətənlərim üçün hər
il pulsuz konsert proqramı təşkil edim.
"Muz TV" də federal şəbəkədə
fəaliyyət göstərən kanaldır. Bu kanal bütün Rusiyada, Qazaxıstanda və digər
ölkələrdə göstərilir. Bu kanalın
milyonlarla izləyicisi var. "Jara"nı
isə Rusiyanın "Birinci Kanal"ı nümayiş
etdirirdi.
- Sirr
deyilsə, "Jara"ya indiyə qədər nə qədər
pul xərcləmisiz və nə qədər qazanc əldə
etmisiniz?
- Təəssüflər
olsun ki, hələlik, bu festivaldan maddi anlamda heç nə
qazanmamışam. İndiyə qədər
keçirdiyim dörd "Jara" festivalında ziyana
getmişəm. Əgər müqayisə
etsək, ötən yay keçirdiyim "Jara" digərlərindən
qazanclı olub. Festivalın məşhurluğu
artdıqca, təbii ki, ziyan da azalır. Əgər
rəqəmlərlə götürsək, indiyə qədər
dörd festivalın keçirilməsinə 12 milyon ABŞ
dollarına yaxın vəsait xərcləmişəm. Kimsə özünə gəmi, təyyarə,
bahalı avtomobil alır. Avtomobilim var, təyyarə
və gəmim yoxdur. Məmnuniyyətlə
festivala pul xərcləyirəm. Mənə
elə gəlir ki, bu mənim "pulla ala biləcəyim"
ən bahalı şeydir. Təbii ki, bunun
arxasında böyük təşkilatçılıq prosesi
durur. Bununla yanaşı,
"Jara"nın keçirildiyi Nardaran sahilini, "Sea
Breeze"i inkişaf etdirərək perspektivdə orada hotellər,
apartamentlər tikməyi planlaşdırıram. Ümid edirəm ki, nə vaxtsa bunları satıb
maddi zərərimi qarşılayıb, qazanc əldə edəcəm.
Gələcəkdə bu layihələrdən
qazanc əldə etməsəm belə, mən, bunu
böyük məmnuniyyətlə edirəm.
"Adımın
Trampla bağlı məsələlərdə hallanması
imicimə mənfi təsir edib"
- Emin, son iki ildə dünya mətbuatında Sizin adınız ABŞ prezidenti Donald Trampla yanaşı çəkilir. Necə fikirləşirsiz, bu məqam Sizin müğənni və ya biznesmen kimi məşhur olmağınıza kömək edibmi? Sizcə, bu məqamın imicinizə müsbət təsiri olubmu?
- Belə deyərdim, yəqin ki, bu, o məşhurluq deyil ki, bunu hansısa musiqiçi özünə arzulasın. Mənim adım bu məsələdə ABŞ-dakı seçkiləri düzənləyən, hansısa məxfi sənədləri ötürən və gizli görüşləri təşkil edən adam rolunda hallanırdı. Bu xatırlatmalar "CNN", "Fox News" "Euronews" və digər kanallarda gedən zaman bu, sənin musiqiçi karyerana kömək etmir. Ona görə ki, sən artıq musiqiçi kimi maraqlı olmursan, həmin anda siyasi mövzu kimi maraqlı olursan. Mən siyasətdən çox uzaq adamam, hər zaman da uzaq olmuşam. Siyasətə qoşulmağı da heç cür planlaşdırmıram. Mən biznesmen və musiqiçiyəm. Qlobal səviyyədə yəqin ki, bunlar mənim beynəlxalq musiqi karyerama maneə oldu. Təbii ki, bu, səni yaradıcılıqdan edir. Təsəvvür edin ki, hər hansısa musiqi nəşri səndən müsahibə alır. Onu birinci növbədə sənin Trampla əlaqələrin maraqlandırır, nəyinki musiqi sənətin, yeni albomun, konsert turnelərin... Ona görə də, hesab edirəm ki, adımın bu məsələlərdə hallanmağı imicimə mənfi təsir edib. O ki qaldı bununla daha da məşhur oldunmu sualına, deyərdim, yəqin ki, hə. Adımı "Google"da yazsaq, bunun şahidi olarıq. Bu cür məşhurluğu istəyirdimmi? Xeyir.
- Bildiyimiz kimi, prokuror Müllerin təhqiqatı səbəbindən Siz ABŞ-a gedə bilmirdiniz. Hətta konsertlərinizi belə təxirə saldınız. İndi vəziyyət necədir? ABŞ-a gedə bilirsinizmi? Bu ilin əvvəlində "The Bell" nəşrinə müsahibənizdə payızda ABŞ-a turneyə gedəcəyinizi bildirmişdiniz. ABŞ-da konsert vermək planı yenə də gündəmdədirmi?
- ABŞ-a gedə bilərdim. Bu ölkəyə girişim açıq idi. Məsələ onda idi ki, Müllerin təhqiqatı il yarımdan çox, iki ilə yaxın çəkdi. Əgər mən həmin müddətdə ABŞ-a getsəydim və Müller mənə çağırış vərəqəsini təqdim etsəydi, o zaman istintaq bitənə kimi ABŞ ərazisini tərk edə bilməzdim. Təbii ki, bu mənim tur və konsertlərimi zərbə altına qoyurdu. Mənim dörd uşağım var. Ona görə də qərara aldım ki, ABŞ-a turumu və beş konsertimi təxirə salım. Təhqiqat artıq bitib. Gələn ilin əvvəlində, fevral ayında ABŞ-a gedirəm. Bu dəfə daha böyük konsert proqramı ilə çıxış edəcəyəm.
- O vaxtdan ABŞ-da olmamısız?
- Olmuşam. Bu yay getmişdim.
- Siz təkcə uğurlu müğənni deyil, həm də kifayət qədər uğurlu biznesmensiz. Moskvada, imkanlar şəhərində öz bizneslərini qurmaq istəyən gənclərə nə məsləhət verərdiniz?
- Bizneslə bağlı məsləhət vermək çətindir. Təkcə Moskvada deyil, elə hər yerdə biznes hər zaman riskdir. Hər biznesmen hər zaman uğur qazana bilmir. Mənə elə gəlir ki, biznesdə uğur qazanmaq üçün ən başlıcası öz ideyana inanmaqdır. Onu yaxşı fikirləşmək lazımdır. Təbii ki, bu ideyanın həyata keçməsi üçün bütün gücünü və vaxtını sərf etməlisən. Çalışmalısan ki, bu ideyadan əl çəkməyəsən, hətta reallaşması çətin ideya olsa belə...Bəzən elə olur ki, bir ideyanın həyata keçirilməsi üçün aylar, illər, hətta deyərdim ki, on illər lazım olur. Ona görə də səyləri dayanmadan davam etdirmək lazımdır. Mənim atama uğurlu iş adamı kimi baxan insanlar bilməlidirlər ki, atam bu uğura heç də asan nail olmayıb. Elə hallar yaranıb ki, şirkətimiz müflisliyin bir addımlığında olub. Böyük əmək, böyük iş sayəsində bütün çətinliklərin öhdəsindən gəlinib. Mən hər zaman atamı müşahidə edərək öyrənmişəm ki, ancaq işləmək və işləmək lazımdır. Bu gün kifayət qədər imkanlı şəxs kimi mən prinsipcə işə gəlməyə də bilərəm. Lakin biznesimin inkişaf etməsi üçün həyatımın 90 faizi bu ofisdə keçir. Gördüyünüz kimi, bu ofis heç də o qədər də ürək açan yer deyil, ağ divarlar, masa, stullar və kağızlar. Bəli, indi hansısa bir adada uşaqlarımla bilikdə olmaq istəyərdim, lakin burda, işdə olmaq lazımdır. Artıq 20 ildir ki, burdayam.
- Emin, sonuncu sualım Rusiyadakı Azərbaycan diasporu haqqındadır. Sizin diasporumuza, Azərbaycan diasporu ilə bağlı gedən proseslərə münasibətinizi bilmək istərdik. Atanız Araz Ağalarov bir vaxtlar Azərbaycan diasporunun qurulmasında iştirak edən iş adamlarından olub.
- Bəli, atam bir vaxtlar Azərbaycan diasporunun
işində aktiv iştirak edib. O zamanlar atamla yanaşı,
Rusiyadakı digər tanınmış azərbaycanlı
iş adamları da bu işdə iştirak edirdilər.
İndi deyə bilmərəm ki, mənim Azərbaycan
diasporuna münasibətim necədir. Mənə elə gəlir
ki, hazırda azərbaycanlılar Rusiyada
dağılmış formadadırlar. Burada haradasa azərbaycanlıların
öz günahı da var ki, birləşə bilmirlər. Mənim
bu məsələdə çox sadə mövqeyim var. Bu
mövqe ondan ibarətdir ki, mən bizi birləşdirən
bütün tədbirlərin keçirilməsini dəstəkləməyə
çalışıram, dəstəkləyirəm də.
Keçirdiyim "Jara" festivalı da buna nümunədir.
Məncə, "Jara" bizi birləşdirən, azərbaycanlıların
Rusiyadakı həyatını az da olsa, daha aydın edən
böyük hadisədir.
Xalq Cəbhəsi.- 2019.- 26
sentyabr.- S.5.