İrəvan XX əsrin astanasında

 

 

 

4-cü yazı

 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, “Rüşdiyyədən qabaq Mirzə Kazım Qazi Əskərzadə İrəvanda bir mədrəsə təsis etmiş və onun ilk dərsliklərini yazmışdı”.

Qulamrza Budaqi bu barədə yazır: "Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 1823-cü ildə Təbrizin "Alan Bərağuş" məhəlləsində dünyaya göz açmışdı. Ənənəvi təhsil aldıqdan sonra İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. Mirzə Kazımın mədəniyyətə, elmə hədsiz marağı onu dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin alovlu və fəal təbliğatçısı olan Qazi Əsgərzadə İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada tədrisə başladı. Adıçəkilən şəxs bir neçə dərsliyin, o cümlədən "Hesab elmi", "Sərf və Nəhv", "Bəlağət elmi"nin və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə İrəvanda vəfat edib. Mirzə Kazımın şeirlərinin dili çox sadədir. Onlara yazıldığı dövrü nəzərə almadan (130 il əvvəl), bugünkü uşaq ədəbiyyatının meyarları ilə yanaşsaq, bir qədər monoton görünəcək. Lakin unudulmamalıdır ki, həmin sadə şeirlər bugünkü Azərbaycan uşaq şeirinin ilk nümunələrindəndir. Bu adsız, nişansız maarif xadiminin şeirlərindən birini təqdim etməklə onun xatirəsini yad edirik:

Oğlum, oğlum, naz oğlum,

Dərsindən qalmaz oğlum.

Bülbül kimi dərs oxu

İstər çox, ya az, oğlum.

Qələmin al əlinə,

Bir yaxşı zad yaz, oğlum.

Oğlum gedir məktəbə,

Oxur, çatar mətləbə.

Dərsin oxur, rəvanlar,

Nə oxuyubsa, anlar.

Daş üstə çiçək qazar,

Məşqini göyçək yazar.

Mənim oğlum candı, can.

Dərslərin oxur rəvan.

Gümüşdəndi davatı,

Qələmi var beş-altı.

Qələmdanı şəkilli

Qələmi xallı, milli.

Dəftəri var tər-təmiz

Kitabı ondan əziz.

Kağızları rəngbərəng

Oğlum, gətir yaz görək.

Bağçaban Mirzə Cabbar (1885-1966) İranda ilk uşaq bağçası və lal-karlar məktəbinin təsisçisi, ilk uşaq kitabının müəllifi və naşiri olub. Sonralar Təbrizdə ilk lal-kar mədrəsəsinin əsasını qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə yazmış Mirzə Cabbar Əsgərzadə Bağçaban da İrəvanda doğulub, orada böyümüşdü. O öz tərcümeyi-halında yazır: "Mənim babam Rza Təbriz əhli idi. Atamın adı Əsgər idi və İrəvan şəhərində memarlıq və qənnadı işi ilə məşğul olurdu. Mən 1264-cü şəmsi ilində İrəvan şəhərində doğuldum. Məscidlərdə qədim üsulla təhsil almışdım. 15 yaşımda təhsili atmaq zorunda qaldım. Dolanışığım atamın sənəti ilə məşğul olmaqdan çıxırdı. Cavanlıq dövrümdə gizli şəkildə evlərdə qızlara dərs keçirdim. Qafqaz qəzetlərinin müxbiri, "Molla Nəsrəddin" jurnalının felyeton yazanlarından və şairlərindən idim. Şəmsi tarixi ilə 1291-ci ildə İrəvanda "Leylək" yumor jurnalının müdiri oldum. Bu jurnal Birinci Dünya müharibəsi başlayandan sonra fəaliyyətini dayandırdı".

Sərdari-milli Səttarxan Məşrutə inqilabından illər öncə bir müddət Qafqazın dəmir yol tikintisində adi fəhlə işləmiş və bir neçə gün kərpic sexində briqadir olmuşdu.

“Səfərnamə”də qeyd edildiyi kimi, Arazın o tayındakı müsəlmanlar, xüsusilə də, İrəvan müsəlmanları Nəsrəddin şahı necə məhəbbət və təəssüb hissiylə qarşılamışdılarsa, onun ölüm xəbərini eşidəndə də o qədər mütəəssir olmuş, kədərlənmişdilər. "Əxtər" qəzeti özünün 22-ci il 42-ci sayında (hicri-qəməri tarixi ilə 1313-cü il zilhəccənin 13-ü, miladi tarixi ilə 1896- cı il mayın 16-sı) "Qarabağdan təsirli məktub" adlı bir yazı çap edib. Həmin yazının bir yerində deyilir:

“Cənab, "Əxtər" yazarı. Təəssüf ki, rüzgar başqa cür oldu. Gözlərdəki yaş Ceyhun oldu. Təkcə dövlət ziyan görmədi bu hadisədən. Bütün dünyanın qəlbi qanla doldu. Həqiqətən, siyasət məzhərinin, xudavəndin hakimiyyət nümayəndəsinin başına gələn bədbəxtlik bütün insanların qəlbinə təsir edib. Çünki şad və gözəl günlərin ən xoş çağında taxt-tac sahibinin və millətin hamısının vücuduna sədəmə toxunub. Bütün Qafqaz müsəlmanlarının qəlbində bunun təsiri var. Buna görə də Tiflis, İrəvan, Naxçıvan, Bakı və digər kimi şəhərlər matəm bayrağı qaldırıb, əzadarlıq mərasimində sıraya durublar”.

XIX əsrin astanasında, rüsvayçı Türkmənçay müqaviləsinin bağlanmasından və Arazın o tayındakı vilayətlərin İrandan ayrılmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də gediş-gəliş davam edir, Arazın hər iki tərəfində yaşayan insanlar arasında qırılmaz əlaqələr mövcud idi.

Hicri-qəməri tarixi ilə 1311-ci ildən Təbrizdə nəşrə başlayan "Nasiri" qəzetinin bir çox şəhərlərdə nümayəndəliyi vardı. Diqqətçəkən məqam budur ki, qəzetin Tehran və İsfahan nümayəndəlikləri ilə yanaşı, Araz çayının o biri sahilindəki şəhərlərin də əksəriyyətində, o cümlədən İrəvanda, Bakıda, Tiflisdə, Şuşada, Naxçıvanda, Ordubadda, Təmərxanşurada, Dərbənddə, Petrovskidə fəal müxbirləri çalışırdı. Onların göndərdikləri xəbər və məlumatlar qəzetin səhifələrində önəmli yer tuturdu. Ağamirzə Cəfər Mirzəcanzadə "Nasiri" qəzetinin İrəvan şəhəri üzrə məsul nümayəndəsi idi. Qəzetin hicri-qəməri tarixi ilə 1315-ci ilin rəbiüs-sani ayında nəşr olunmuş 17-ci sayında deyilirdi: "İrəvandakı müxbirimizin yazdığına görə, həmin şəhərin müsəlmanları və möminləri elm və biliyə xüsusi diqqət yetirirlər. Onlar insan həyatının elmdən və bilikdən asılı olduğunu yaxşı bilirlər. Buna görə də ibtidai məktəb təsis etmək üçün bir məclis təşkil ediblər. Ən mötəbər müsəlmanların hər biri öz imkanı daxilində həmin məclisə pul köçürərək məktəb tikintisinə yardım etməyi qərara alıb. Yaxın zamanda yeni üsullu məktəbin bünövrəsi qoyulacaq. İnşallah, onların bu xeyirli işi fayda verəcək və tez bir zamanda məktəb fəaliyyətə başlayıb və müsəlman balalarına xidmət edəcək. Allah təala ölkəmizin bütün insanlarını huşyar və ayıq etsin”.

Həmin qəzetin 20-ci sayında isə belə bir məlumat var: "İrəvan quberniyasının Aleksandropol şəhərində qeyri-millətdən olan bir şəxsdə yaşı təxminən 1200 il olan antikvar bir qılınc var. Qılıncın üzərində iki möhür çəkilmiş və Kufə xəttilə qızılla qazılmış aşağıdakı cümlələr var: “Sən şahi-mərdan Əlidən qalıbsan yadigar, La fəta illa Əli la seyfə illa Zülfiqar ya rəhmanir-rəhim”. Qılınc sahibinin fikrincə, o, mövlalar mövlası əleyhüssəlam zamanında Abbasa məxsus olub. Qılıncı əldə etmək istəyən şəxs İrəvan quberniyasının Aleksandrapol şəhərində tacir Molla Əli bin Kərbəlayi Tarıverdiyə müraciət edə bilər".

Bu illərdə Qacariyyə dövlətindəki kasıblıq və işsizlik ucbatından əhalinin çox böyük hissəsi Arazın o biri tayına mühacirət edir, bu şəhərlərdə işə düzəlirdilər. Abdulla Mustafa yazır: "Qacar dövlətinin təbəələrinin böyük hissəsi Qafqaza gəlmişdi. Hər il xeyli azərbaycanlı fəhləlik üçün Rusiya torpaqlarına üz tuturdu... Fəhlələrdən əlavə, buraya əvvəldən xeyli iranlı köçüb gəlmiş və onlar kiçik köşklərdə alver edirdilər. Onların bəzisinin çox böyük ticarət evləri də vardı... Bu ticarət evlərindəki işləri istiqamətləndirmək və fəhlələrə məsləhət vermək üçün Qacarlar dövləti Tiflisdə bir baş konsulluq, Bakı və Batum şəhərlərində isə iki konsulluq açmışdı. Bundan əlavə, İrəvanın vilayətinin hər bir şəhərində, Gəncədə, Vladiqafqazda bir konsul köməkçisi çalışırdı..."

Qahirədə çap olunan "Hikmət" qəzeti "Tərcüman"a istinad edərək bütün Rusiyadakı və Arazın o biri sahilindəki əsas vilayətlərdə yaşayan müsəlmanların statistikasını dərc etmişdir. Bu qəzetin hicri-qəməri tarixi ilə 1322-ci ilin şəvval ayında (miladi tarixi ilə 1904-cü ilin dekabrın 8-də) çap olunan 838-ci sayında deyilir: "...1905-ci ildə Rusiya dövlətində müsəlmanların sayı 18 milyona çatmışdı. Onların 12 milyon nəfəri sünni, 6 milyona qədəri isə Cəfəri məzhəbinə aiddir. Onlar türk, türkmən, tatar, qırğız, çeçen, avar, çərkəz, laz və başqa dillərdə danışırlar. Taciklərin danışdığı dil isə farsca-türkcənin qarışığından ibarətdir. Həmin məqalədə Qafqaz müsəlmanlarının sayı 3 milyon 208 min 875 nəfər göstərilib. Onların 352.351 nəfəri İrəvan müsəlmanlarıdır".

Şəmsi təqvimi ilə 1285-ci ilin mordad ayından 1286-cı ilin tir ayına qədər Fransanın Qacarlar dövlətində səlahiyyətli nümayəndəsi kimi çalışan və əsl adı Kular Desko olan Ujen Uben həmin dövrdə bir sıra vilayətlərə, o cümlədən Azərbaycana səfər etmiş və yol qeydlərini sonradan kitab halında nəşr etdirib. O öz “Səfərnamə”sinin bir yerində İrəvanı azərbaycanlıların şəhəri adlandırır və yerli dilin xarakteristikasını verməyə çalışır. O yazır: "Qəzvindən çıxandan sonra fars dili öz yerini yavaş-yavaş türk dilinə verir... Yalnız bir neçə kəndin sakini fars dilində danışır. Toponimlərin məzmunu, adların və sözlərin tələffüzü fars və ruscadır. Biz türk-azəri ləhcəsində danışan bölgəyə çatırıq. Həmin günlərdə Təbrizdə, İrəvanda, Tiflisdə, Bakıda söhbət əsasən rus ordusunun yaponlar tərəfindən məğlub edilməsinidən, Rusiyanın daxilində, eyni zamanda, Qafqazda və İrəvanda baş verən proseslərdən gedirdi. Bu hadisələr XX əsrin əvvəllərində mühüm dəyişikliklərə gətirib çıxardı. II Nikolay müvəqqəti də olsa "xalqın istəklərinə cavab verməyə məcbur oldu. O, Duma adlanan parlamentdə bütün Rusiya xalqlarının nümayəndələrinin iştirakını təmin etmək məcburiyyətində qaldı. 1907-ci ildə bütün Qafqazda tanınan "Şərqi rus" qəzetinin təsisçisi Məhəmməd Ağa Şahtaxtinski (1864-1931) İrəvandan II Dumaya deputat seçildi".

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 28 sentyabr.- S.13.