ZİYA GOYALP: Türkçülüyün
milli hərəkat səviyyəsinə
yüksəlməsində xidməti olan
şəxsiyyətlərdən biri
2-ci yazı
Tarixdən məlumdur ki, türklərin yaşadığı bir çox yerlər XX əsrdə xristian qüvvələri tərəfindən təcavüzə məruz qalmış, nəticədə həmin ərazilərin itirilmə təhlükəsi ortaya çıxmışdı. Bu vəziyyət şairi, böyük millətçi gənci daim narahat etmiş, əsərlərində bunları kədər hissi ilə qələmə almışdı. Daha doğrusu, böyük Turançılıq ideyalarının təbliğatçısı olan Ziya Göyalp Turan ellərinin müxtəlif dövlətlərin ərazi subyektlərinə çevrilməsinə kəskin etiraz etmiş, bunu məğrur bir xalqın haqqının tapdanması şəklində qiymətləndirib:
Türk yurdu uyğuda, ey düşmən, sakın!
Uyuyan ölkəyə yapılmaz axın.
Dan yeri ağardı, igidlər, qalxın!
Baxın, yurd nə halda,
vətən harada?
Gedəyim arayım, yatan harada?
Krım harda qaldı, Qafqaz nə oldu?
Kazandan Tibetə deyin rus doldu,
Kitayda analar saçını yoldu,
Şən yurdlar nə halda, viran harada?
Gedəyim arayım, İran harada?
Lakin Ziya Göyalp xalqının, millətinin gücünə,
qüvvəsinə, iradəsinə
bələd və arxayın olduğu üçün yaradıcılığındakı
kədər və bədbinlik halları ötəri xarakter daşıyır. Ziya Göyalp “Çobanla bülbül” şeirində
kədər, qəm hisslərini aşağıdakı
şəkildə ifadə
edir:
Çoban qaval çaldı,
sordu bülbüldən
Sürülərim hanı, obam harada?
Bülbül sordu boynu bükük bir gülə
Şərqilərim hanı, yuvam harada?
Bu parçada ifadə
olunan fikir rəmzi səciyyə daşıyır. Şərti ifadə və
deyimlərin daşıdığı
məna yurd, torpaq və vətən narahatçılıqlarının
bədii əksidir.
Lakin sonrakı parçalarda bu şərtilik daxilində
biz nikbin bir ruhun şeirə hakim kəsildiyini görürük:
Çoban dedi: Sürülərim
hep qaçsa Bir sürüm var, qaçmaz, adı: Türk eli!
Bülbül dedi: Şərqi
ölsün, yox təsa Türkülərim
yaşar, söylər
xalq dili!
Ziya Göyalp
yaradıcılığında türk dünyasının
gələcəyinə olan
inam daim öz varlığını
qoruyub saxlayır. O, Turan ellərinin bölünməzliyini
təbliğ etməklə,
əslində bu birliyi simvolik yox, real şəkildə canlandıra bilir:
Məsələn: “Mən, sən
yoxuz, biz varız” - misrası Ziya Göyalp sənətində
deyilən cəhəti
şərh etmək baxımından əvəzsiz
nümunədir. Ziya Göyalpın
türk millətinə
bağlılığı, onun sabahına inamı dövrünün
bir çox sənətkarlarının diqqətini
cəlb edib və şair-filosofun həmin keyfiyyəti yüksək elmi-nəzəri
qiymətini alıb.
Əhməd Ağaoğlunun
bu qəbildən olan aşağıdakı
fikirləri daha önəmli səslənir:
“Heç bir zaman, heç bir vəziyyətdə Ziyanın ruhunu kədər, ümidsizlik kimi bezginlik bürüməyib. Ən çətin,
ən qaranlıq zamanlarda o, daim ətrafına inam və ümid saçıb. Balkan müharibəsinin zillətləri,
dünya müharibəsinin
fəlakətləri əsnasında,
mən onu gələcəyə dərin
ümidlərlə bağlı
gördüm. Türkün ölməyəcəyinə onun
qədər inanmış
bir adama hələ ki, təsadüf etmədim.”
Təbii
olaraq Ziya Göyalpın türkün
ölməyəcəyinə, daim qələbə və zəfərlər qazanacağına inamı
quru və mücərrəd sevgi anlayışlarının məhsulu
deyildi. Ziya Göyalpda mövcud olan xalq inamının
mənbəyi bilavasitə
xalqının tarixi, mübarizə əzmi, torpaq sevgisi, yurd istəyi, düşmənə qarşı
nifrəti və amansızlığı və
s. ilə bağlı
idi.
Ziya Göyalpın
türkçülük düşüncə
və ideyalarının,
onun tarixi, elmi və fəlsəfi
dəyərlərinin əksi
problemlərinə həsr
etdiyi əsərlərindən
biri də “Türkçülüyün əsasları”dır. Təsadüfi
deyildir ki, əsər türkçülüyün
tam bir proqramı kimi layiqli qiymətini
almış, məsələlərə
tarixi, elmi-fəlsəfi,
hüquqi-əxlaqi və
s. cəhətdən aydınlıq
gətirilib. “Türkçülüyün tarixi”
və “Türkçülüyün
proqramı” şəklində
səciyyələnən iki
bölümdə türkçülüyün
və turançılığın
mahiyyəti əsas götürülməklə, onun
gələcəyi və
qarşısında dayanan
məsələlərə də münasibət bildirilib.
Ziya Göyalp
“işini bil, aşını bil, eşini bil” bir atalar sözü
fonunda “millətini tanı, ümmətini tanı, mədəniyyətini
tanı” deməklə
əsərdə ortaya
atdığı məfkurə
və konsepsiyanın incəliklərini şərh
edir, xalqın mədəniyyətinə və
tarixinə sahib olmağın,
ən başlıcası
isə xalqın özünə doğru getməyin yollarını
göstərir. Əsər türk milli
modelinin və ictimai inamının əsas xəttini göstərmək baxımından
daha maraqlıdır.
Ziya Göyalp adı çəkilən
əsərdə türk
ictimai inamının əsaslarından danışarkən
qeyd edir ki, “ictimai inamımızın
birinci düsturu bu cümlə olmalıdır: Türk millətindənəm, islam ümmətindənəm,
Qərb mədəniyyətindənəm”.
Əlbəttə, burada Qərb
mədəniyyəti istilahı
görkəmli filosof-şairin
yuxarıda qeyd olunan və onun əleyhinə olduğu Qərb aludəçiliyi fikirləri
ilə ziddiyyət təşkil etmir. Əksinə
ona daha da dolğun şərh verməyə,
onu tamamlamağa şərait yaradır.
Ziya Göyalp “Qərb mədəniyyətindənəm”
formulunu yaratmaqla dünya mədəniyyətinə
daxil olmaq, bu qarşılıqlı
əlaqə və münasibətdə türk
millətinin öz yerini müəyyənləşdirmək,
dünya xalqları arasında nüfuzunu artırmaq, qoruyub saxlamaq, region məhdudiyyətlərini
qırmaq və s. cəhətləri önə
çəkirdi. Bu xüsusda Ziya Göyalpın gətirdiyi
misal və istinad etdiyi obyekt də fikrin təsdiq və qəbulu üçün qeyd-şərtsiz
fakta çevrilir.
“Yaponlar dinlərini
və millətlərini
qorumaq şərti ilə Qərb mədəniyyətinə girdilər.
Bunun nəticəsində də
hər cəhətdən
avropalılara çatdılar.
Yaponlar bunu etməklə dinlərindən, milli kültürlərindən bir
şey itirdilərmi?
Qətiyyən! Elə isə
biz nə üçün
tərəddüd edirik?
Biz də türklüyümüzü
və müsəlmanlığımızı
qoruyub saxlamaq şərtilə Qərb mədəniyyəti dairəsinə
qəti olaraq girə bilmərikmi?”
Göründüyü kimi, Ziya Göyalp müəyyən
qədər subyektivlik
və emosionallıq şəraitində problemlə
bağlı düşüncə
və mülahizələrini
ortaya qoyur, fikirlərinin milli-ictimai mahiyyətini qabarda bilir. “Türkçülüyün
əsasları” kitabında
“türk bir millətin adıdır” deyən müəllif türkçülükdən turançılığa
qədər gedən yolun böyüklük və əhəmiyyətindən
söhbət açır.
Bu məqamda o, İran, Xarəzm, Azərbaycan, Türkiyə
və s. yerlərdə
yaşayan oğuzların
birliyi, tarixi-mədəni
eyniliyi və s. xüsusiyyətlərini sadalayır,
milli birlik ideyasını təbliğ
edir. Lakin Ziya Göyalp
həmin birliyi siyasi birlik yox,
kültür birliyi səviyyəsində qəbul
edir. Düzdür
əsərdə və
Ziya Göyalp təlimində türk siyasi birliyinin müəyyən konturları
özünü göstərsə
də, adı çəkilən konkret məsələdə yalnız
kültür birliyindən
söhbət gedir: “Türkçülükdən yaxın
ülkümüz- məfkurəmiz
“Oğuz birliyi’’, yaxud “Türkmən birliyi” olmalıdır. Bu birlikdən məqsəd
nədir? Siyasi bir
birlikmi? Hələlik
xeyr! Ancaq bugünkü ülkümüz-məfkurəmiz
oğuzların yalnız
kültürcə-harsca birləşməsidir.’’
Ziya Göyalpın
türkçülük və
turançılıq konsepsiyası
təkcə görülmüş
və hazırda görülənlərin mahiyyətini
şərh etmək, açıqlamaq baxımından
yox, həm də gələcəkdə
qarşıda dayanan məsələləri proqramlaşdırmaq
nöqteyi-nəzərdən əhəmiyyətlidir. Ona görə də “siyasətdə məsləkimiz
xalqçılıq və
kültürdə məsləkimiz
türkçülükdür” deyən Ziya Göyalp bu yolda bütün ümid və ağırlıqların sahib və
daşıyıcısı olan türk gəncinə üzünü
tutaraq belə müraciət edir: “Ey bu günün
türk gənci! Bütün bu işlərin görülməsi yüzilliklərdən
bəri səni gözləyir.’’
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 5 yanvar.-
S.14.