Miflər yaranmasaydı...
İnsanlar
dünyanın ən güclü varlıqlarına
çevrilməzdilər...
1-ci yazı
Dünyamız hansı şəkildə yaranıb və
sonu necə olacaq? Bəşər övladının ən
ibtidai mifik təsəvvürlərindən tutmuş müasir
elmi kəşflərədək uzun bir yol qət edilsə də,
bu suala dəqiq cavab tapılmayıb. Yer üzündəki
bir çox canlı-cansız varlıqların meydana gəlmə
və təbiət hadisələrinin baş vermə səbəbləri
aydınlaşdırılsa da, bütövlükdə
kainatın, ulduz sistemlərinin - uzaq-uzaq qalaktikaların - bir
sözlə, yaşadığımız dünyanın
çıxış nöqtələri,
başlanğıcı və finişi ancaq fərziyyələr
şəklində izah olunur, bəzi məsələlərdə
isə mifik təsəvvürdən uzağa getmir. Bilirik ki,
neçə milyon il əvvəl məhv
olmuş, izi-tozu da qalmamış bir neçə ulduzun
parıltısı hələ də göydə
qalmaqdadı, çünki mövcud olduğu vaxt o ulduzlardan
düşən işıqlar indi bizə gəlib
çatır. Deməli, başqa dünyalar
yarandığı kimi məhv də olur. Məhz
miflər də bizə bunu deyir. Miflər dünyamız
haqqında bizə daha nələri demir ki?!.
Görəsən, artıq
vidalaşdığımız XX əsrdə ən
mühüm elmi kəşf hansıdır? Monqolustan
düzənlərindən tapılan dinozavr yumurtasımı?
Alimlərin qənaətinə görə, on milyon il əvvəl qoyulub. Yoxsa qədim
şəhərlərin qalıqlarında aparılan
qazıntılar zamanı üzə çıxan qiymətsiz
yazılı abidələrmi? Onlar torpağın
altına qalanıb, neçə milyon il
qalmış və tarixə bəlli olmayan mədəniyyətlərdən
xəbər verir. Deməli, bəşər
övladının dünyaya gəlib şüura, nitqə
sahid durmasından çox-çox qabaqlar əlifba movcud
olmuşdur, iqilimin dəyişməsi - buzlaşma və s. fəlakətlər
nəticəsində bütün canlılar məhv olub. Məhz yenidən dünyaya gələn insanın
şüurunda kortəbii formada doğulan mifik obrazlar həmin
mədəniyyətlərin qalıqları sayılır.
Lakin XX yüzilliyin ən böyük elmi kəşfi,
çoxlarının qənaətinə görə, Yer
kürəsinin meydana gəlmə vaxtının radioaktiv saat
vasitəsi ilə dəqiq müəyyənləşdirilməsidir.
Taf-Kollecin professoru Leyn eksperiment apararaq, bu nəticəyə
gəlib ki, yaşadığımız dünyanın 1 250
000 000 yaşı var. Miflərdə bu böyük dövrdə
baş vermiş hadisələrlə bağlı müxtəlif
təsəvvürlər əks olunub.
Başqa sözlə, insanın dərk edə bildiyi elə
bir problem, gördüyü və duyduğu elə bir
varlıq, detal, element yoxdur ki, onun barəsində miflərdə
xüsusi yolla, primitiv şəkildə də olsa, nəsə
şərh, izahat verilməsin. Külək niyə qəflətən
əsir, birdən də dayanır? Miflərin
dilində bu hansı qüvvəninsə yer üzünə
müvəqqəti göndərdiyi bəladır.
Günəş nə səbəbə axşamlar batır, səhər
erkən yenidən çıxır?.. Minlərlə bu cür suala miflərdə cavab
tapmaq mümkündür.
Maraqlıdır
ki, hər bir insan göz açıb, şüurlu həyata
başlayanda dünyanı öz bildiyi kimi dərk etməyə
çalışır, dağ, çay, dəniz və s. ona
olduğundan tamamilə fərqli şəkildə
görünür. Körpə bir sıra təbiət
hadisəsini müşahidə edərkən, özündən
asılı olmayaraq, onda qeyri-adilik axtarır, istəyir ki,
bütün cansız varlıqlar, eləcə də heyvanlar,
quşlar tərəf-müqabilinə, oyun yoldaşına, həmsöhbətinə
çevrilsin. Ona görə də bir
ağac parçasının, daşın öz-özünə
hərəkət etdiyinə, insan kimi dil açıb
danışdığına uşağı asanlıqla
inandırmaq olur.
Rastlaşdığımız hadisə və
varlıqların sirlərini yaşa dolduqca, bilik və təcürbə
əldə etməklə öyrənirik. Lakin
uşaqlıq illərinin dünyanı dərketmə
üsullarından heç vaxt yaxa qurtara bilmirik. Bir
vaxtlar qəribə də olsa, milyonlarla adam
televizorun qarşısında əyləşib
Kaşpirovskinin «moizə»lərinə qulaq asırdı və
hər cür xəstəliklə vidalaşacağına
inanırdı. Sonra
aldadıldıqlarını başa düşüb, uşaq
yerinə qoyulduqlarından peşiman oldular. Bu, insan psixikasının körpəlikdən
möcüzəyə, qeyri-adiliyə köklənməsindən
irəli gəlir.
Bəşəriyyətin uşaqlıq
çağında da belə olmuşdur. Dünya və təbiət
haqqında heç bir məlumatı, bilgisi, təcrübəsi
olmayan, toplum halında yaşayan, tez-tez təbiətin sərt
üzü ilə rastlaşan ulu əcdad hər şeyə
uşaq gözüylə baxıb, kollektiv maraqlarından
doğan sonsuz suallara cavab axtarıb, istəyib ki, təbiət
özü dilə gəlib sirlərini açsın. Bu mənada
mifologiya ulu əcdadın həm «əlifba» kitabı, həm
bütün sahələr üzrə ona primitiv bilgilər verən
«dərs vəsaiti», həm də çətin bir sorğu
qarşısında aciz qalanda «ensiklopediya»sı olub.
Mif qədim insanların təsəllisi, gələcəyə
ümidi, yaşamaq, yaratmaq amalı idi. Məhz min
cür fəlakətlərlə üzbəüz, təkbətək
qalanda, sərt üzlü təbiətin özünə belə
təsir etmək, onu dəyişdirmək qüdrətinə
malik olduqlarını miflərlə dərk etmişdilər,
cəsarət, güc tapıb öhdələrinə
düşən missiyaları tarix boyu, mərhələ-mərhələ,
səbrlə yerinə yetirməyə can atıblar. Şüurlu həyatın
başlanğıcında həyat-ölüm dilemması
qarşısında qalanda belə miflərin yardımına
güvəniblər. Kortəbii şəkildə təfəkkürdə
yaranan miflər - fövqəltəbii qüvvələr və
fantastik obrazlar olmasaydı, ulu əcdad ilkin məskənlərindən,
sığındıqları mağaralardan çıxıb,
çox uzağa gedə bilməzdi, toplumun ayaqları dəyməyən
yerlərin sirləri açılmazdı, başqa insan dəstələri
ilə ünsiyyət və əlaqə olmazdı,
şüur inkişaf etməzdi. Bir sözlə,
miflər yaranmasaydı, insanlar dünyanın ən
güclü varlıqlarına çevrilməzdilər.
Bəşəriyyətin mənəvi mədəniyyəti
içərisində ikinci yaradıcılıq hadisəsinə
rast gəlmək olmaz ki, miflər qədər müxtəlif,
bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqiqatçıların
bir qrupu mifləri dinlə eyniləşdirməyə
çalışıb, digərləri bunun qəti əleyhinə
çıxıblar. Bəziləri mifləri
əfsanələrlə, rəvayətlərlə,
nağıllarla qarışdırıb, başqaları isə,
mifləri folklor janrlarından tamamilə təcrid edilmiş
halda təqdim etməyi məqbul sayıblar. Hətta elələri tapılıb ki, mifləri,
xalqın mənəvi dəyərləri içərisində
mürtəce mahiyyətli artıq yük hesab edib, əksinə
düşünənlər də (mədəniyyətin ən
mütərəqqi faktı kimi) olub. Bəs
əsil həqiqətdə mif nədir? Onun
bəşər təfəkkürünün
inkişafında rolu nədən ibarətdir, dinlə və
folklorla (ədəbiyyatla) hansı tellərlə
bağlıdır? - suallarına cavab axtaran rus
folklorşünası S.A.Tokarev yazır: «Mif, hər şeydən
əvvəl, dünyanın və insanın yaranması
haqqında antik, bibliyadan gələn və başqa qədim
«nağıllar»dır (əhvalatlardır mənasında
başa düşülməlidir - kursiv R.Q.), əski allahlar və
qəhrəmanlar - yunan və roma allahları, qəhrəmanları
üstünlük təşkil edir - haqqında poetik, primitiv,
qəribə hekayətlərdir».
E.M. Meletinskinin qənaətinə görə də mif
allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi ilə
allahlara bağlanan qəhrəmanlara, zamanın
başlanğıcında dünyanın özünün, eləcə
də təbiət və mədəniyyət elementlərinin
yaranmasında birbaşa, ya da dolayı yolla iştirak edən,
nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar kimi
anlaşılır. Mifologiya isə allahlar və qəhrəmanlarla
bağlı həmin əhvalatların cəmi olmaqla
yanaşı, dünya haqqında fantastik görüşlər
sistemidir. Mifləri öyrənən elm də
mifologiya adlanır.
Miflər sadəliyi, primitivliyi ilə seçilməsinə,
asan yolla dünyanı dərk etmə vasitəsi olmasına
baxmayaraq, nədənsə, onları abstrakt üsullarla şərh
etmək ənənə halını almışdır. Bu mənada
miflərin tədqiqində son istiqamət fransız semioloqu
Rolan Bartın adı ilə bağlıdır. Onun struktralist metodologiyaya söykənən tədqiqatlarında
birtərəflilik müşahidə olunur. O, yalnız
dil faktoru kimi götürüb, mənalandırmaqla, miflərin
bir sıra başqa mühüm cəhətlərini -
süjet elementlərini, obrazlar sistemini, hadisə, əhvalat,
hiss, emosiyalar ifadə etməsini və s. arxa plana keçirir.
Əlbəttə, bütün elmlərin
bünövrə daşlarını təşkil etdiyi
üçün miflər hər sahədə öz izlərini
bu və ya digər dərəcədə qoruyub saxlayır.
Bu, sabit qanunları, kateqoriyaları olan elmlərdə,
o cümlədən dilçilikdə, semiotikada daha çox nəzərə
çarpır. Miflər sözlərdə
müxtəlif məna çalarları yaratmaq
funksiyasını bu gün də yerinə yetirir. Bu
baxımdan Rolan Bartın fikirləri ilə bəlkə də
razılaşmaq mümkündür: «Atalar sözündə
olduğu kimi, «təkrar biliyin anasıdır»mı? Bilmirəm, lakin mif mənanın anasıdır».
Tədqiqatçı struktrualizmə o qədər
meyllidir ki, öz elmi əsərlərini də miflərin
toplusu sayır.
A.Acalov da müasir elmi araşdırmalara söykənərək,
belə qənaətə gəlir ki, «mifologiya dünyanı
özünəməxsus qanun və vasitələrlə
biçimləyən və izah edən dinamik işarələr
sistemidir. hər bir sistem kimi mifoloji sistem də yalnız
göstərilən əlamətlər və
özünün tərkib hissələri (struktur elementlər)
ilə deyil, daha çox bütün bunların
qarşılıqlı münasibətləri, əlaqələri
ilə səciyyələnir. Çünki «hər
çoxluğun nizama salınması onun tərkibinə daxil
olan vahidlərin necə düzülməsindən
asılı olur» (Nəsirəddin Tusi). Deməli,
dünyanın mifoloji modelini və mifoloji düşüncəni
bərpa edərkən onun bütün ünsürlərinin
(yer, göy, su, ağac, ruh, əcdad və b.) müəyyənləşdirilməsi
işin yalnız bir tərəfidir. Başlıca
məsələ onların düzülmə
ardıcıllığını və münasibətlərini
bərpa etməkdir. Bu zaman konkret
ünsürlərin semantikası nə qədər dəyərli
olsa da, araşdırıcı üçün ikinci dərəcəlidir.
Çünki bərpa son nəticədə
konkret semantik qatları yox, ümumi modelin
aşkarlanmasını nəzərdə tutur. Başqa sözlə, həmin ünsürlərin
vahid modeldə birləşmə, qarşılıqlı fəaliyyət
və dəyişməsi qanunları ilə məşğul
olur. Əgər dil və başqa işarə
sistemləri (mifologiya özü də elə müəyyən
işarə sistemidir!) ilə analogiya aparmış olsaq, deyə
bilərik ki, bərpa burada mifoloji düşünənin
qrammatikasının, mifoloji sintaksisinin bərpasıdır.
Etnik-mədəni və sosial strukturların
öyrənilməsində bu üsul son illərdə meydana
çıxır və uğurla tətbiq edilir». A.Acalov bu üsulun elm tarixində ilk dəfə
N.Tusinin «Əxlaqi-nasiri» əsərində tətbiq edildiyi
ehtimalını irəli sürür. Doğrudan da,
dünyanı xüsusi anlayışlar və işarələr
sistemi ilə dərk etməyə yönələn istiqamətlər
Avropada XVII əsrdə meydana gəlib, XX əsrdə müstəqil
elm sahəsi kimi formalaşsa da (bu gün əksər ölkələrdə
«uğurla tətbiq edil»sə də), Şərqdə, o
cümlədən Azərbaycanda səkkiz yüz il əvvəl
başlanıb. Sührəverdinin
«İşraqiyyə» təlimində və sufizmdə tərtib
edilən sxemlər (miflərdə olduğu kimi dünyanı
dərk etmək və tanrıya qovuşmaq məqsədilə)
mifoloji işarələr sisteminin eyni deyilmi?
«İşraqiyyə»nin və sufizmin rəmzləri
heç də müasir strukturalistlərin düsturlarından
geri qalmır. Yaxud əbcəd hesabını
mifik sadə sakral (müqəddəs) rəqəmlərin daha
mürəkkəb və sistemli şəklə
salınması və yazılı ədəbiyyata tətbiqi
kimi qəbul etmək olar. Şərqdə
mif sözü yerinə əsatir işlənirdi ki, bu da mənaca
miflə üst-üstə düşür. Hürufilər dünyanı anlamaqda birbaşa
işarələr sistemini - hərf düzmünü əsas
götürmüş, mifologiya səviyyəsində modellər
qurublar.
Ramazan Qafarlı
Professor
Xalq Cəbhəsi.- 2019.- 8 yanvar.-
S.14.