Güney Azərbaycan ədəbiyyatında Şəhriyar mərhələsi

 

 

1-ci yazı

 

1925-ci ildə İran xanədanını fars mənşəli Pəhləvi sülaləsinin əlinə keçməsilə Güney Azərbaycanda ictimai fikrin inkişafı və mədəni tərəqqisi sahəsində dərin böhranlar yaranmış, xalqın həyatında, düşüncə tərzində və yaşayışında dəyişikliklər, ciddi siyasi aşınmalar baş vermişdi. Çünki Pəhləvi rejimi İranda Azərbaycan türkcəsində yazıb-oxumağı, ictimai yerdə, hətta küçədə də türkcə danışmağı yasaq etmişdi. Bu dövrdə Azərbaycan türkcəsində yazan şair və yazıçılar həbs olunur, güllələnir, sürgünə göndərilirdi. Türkcə yazılmış kitablar tonqallarda yandırılırdı. Bu qadağa və təqiblər 1979-cu il İran İslam İnqilabınadək davam etdi. Ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinin İranda və bütün Yaxın Şərqdə “Heyrət, ey söz” effekti yaratması da əslində bu ağır qadağa və yasaqlar dövründə Azərbaycan türkcəsinin milli düşüncə ilə yenidən qovuşub bulaq tək çağlaması ilə bağlı idi. Həm də bu məşhur poema Güney Azərbaycan ədəbiyyatında Şəhriyar mərhələsinin və ədəbi məktəbinin yaranmasına gətirib çıxardı.

Təbii ki, ağır ictimai-siyasi şəraitdə fars dilində yazıb-yaratmağa məcbur olmuş Şəhriyar da əsərlərinin böyük əksəriyyətini farsca, az qismini ərəbcə, müəyyən hissəsini isə ana dilində qələmə almışdı. Əlbəttə, ömrünün 30 ilini fars dilində (“Qaranlıq gecələr”, “Behcətabad xatirəsi” kimi qəzəlləri istisna olunmaqla) şeir yazmağa həsr edən Şəhriyarın İran ədəbiyyatına “fars şairi” kimi düşməsi məhz bu səbəblərlə bağlı idi. Lakin uzun illərdən sonra şairin “Heydərbabaya salam” poemasını qələmə alması və bu poeziya incisinin doğurduğu əks-səda qüdrətli sənətkarın milli köklə nə qədər bağlı olduğunu sübuta yetirdi. Məhz “Heydərbabaya salam” adlı möhtəşəm sənət möcüzəsi Şəhriyarı Azərbaycan xalqına məxsus böyük mütəfəkkir şair kimi səciyyələndirməyə haqq verdi.

Maraqlıdır ki, İslam dünyasının böyük dövlətlərindən birində - İranda dövlətdaxili ünsiyyət vasitəsi nə üçün məhz ərəb dili deyil, fars dili olmuşdu? Sualın çox sadə cavabını M.Ə.Rəsulzadə belə verir: “Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları... çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər işlətdikləri ədəbi dili (fars dili) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar. Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər”. İrana xaqanlıq edən türk mənşəli sultanların bu “dayəliyi” ana dilimizi Azərbaycan-Səfəvi dövlətinin dövlət dili elan edən Şah İsmayıl Xətainin hakimiyyəti illərinədək (1501-1524) davam edir. Əmir Teymur fütuhatında, Ağqoyunlu Sultan Yaqubun, Hüseyn Bay qaranın və ən nəhayət, Səfəvi şahlarının, əsasən də Xətainin hakimiyyəti dövründə saraylar türkləşməyə və klassik türk ədəbiyyatı yüksəlməyə başlayır. Lakin hakimiyyət dəyişiklikləri baş verəndən sonra, İran səltənətini ələ keçirən fars mənşəli Rza xan Pəhləvi min ildən bəri İslam Şərqində siyasi hakimiyyətin türklərin əlində cəmlənməsinə qarşı çıxır, Azərbaycan türkcəsini yasaq etməklə öz mürtəce siyasətini həyata keçirməyə başlayır.

Orta əsrlər Avropasında latın dili, XVIII əsrdə isə fransız dili ortaq bir dil, ümumi idarə, elm, sənət və ədəbiyyat dili olmuş, bütün millətlərin ziyalıları, elm və sənət adamları, məşhur yazarlar əsərlərini bu dillərdə yaradıblar. İslam Şərqində isə bu rolu fars dili oynamış, müxtəlif millətlərdən olan elm və sənət adamları da əsərlərini məhz bu dildə yazmışlar. Zamanın bu amansız tələbinə türkəsilli ziyalılar da qoşulmuş və təbii ki, onların yaratdıqları əsərlər İran ədəbiyyatı xəzinəsini zənginləşdirmişdi. Ustad Şəhriyarın fars dilində yazıb-yaratması da bu zərurətdən doğmuşdu. Lakin Şəhriyar əksər əsərlərini uzun illər fars dilində yazmasına baxmayaraq, sənət aləmində böyük Azərbaycan şairi kimi tanınmışdı. Bu, hər şeydən əvvəl, şairin Təbrizdə doğulması, türkəsilli, türk ruhlu olması və əsasən də bütün Şərq aləmində güclü əks-səda doğurmuş “Heydərbabaya salam” mənzuməsinin, eləcə də “Səhəndiyyə”, “Türkün dili”, “El bülbülü”, “Dövünmə və sövünmə”, “Behcətabad xatirəsi”, “Türkiyəyə xəyali səfər”, “Aman ayrılıq”, “Şatır oğlan” və s. əsərlərinin Azərbaycan türkcəsində yazılması ilə bağlıdır. Deməli, Şəhriyar əsərlərini uzun illər özgə dildə yazsa da, təfəkkürünün alt qatında ana dilinə sevgi və milli ruh oyaq qalmış, üstünə yad dilin kölgəsi belə düşməmişdi. Milli ruha, ana dilinə sadiqliyi Şəhriyarı sənət zirvəsinə qaldırmış, oxucuların sevimlisinə çevirmişdi. Çünki “dil millətin ruhudur, o öldümü, millət də canını tapşırar”.

“Heydərbabaya salam” mənzuməsi qadağalar mühitində Azərbaycan türkcəsinin təntənəsi, Azərbaycan türkünün milli kimliyinin təsdiqi, tipik Azərbaycan kəndinin və bu kənddə yaşayan millətin həyatı, məişəti, gün-güzaranı və qayğılarının, xalq mənəviyyatının ən nəcib, ən gözəl keyfiyyətlərinin salnaməsi, bədii inikası idi. “Heydərbabaya salam”la Şəhriyar ana dilinə, el-obasına, xalqının daxili aləminə qayıdışı, doğma mənəvi yaddaşa dönüşü görünməmiş əks-səda doğurur. Şairin bu məşhur poemasından başqa yazdığı və şeir kimi qəbul edilib bəzi hallarda geniş təhlil olunan “El bülbülü”, “Məmməd Rahim həzrətlərinə cavab”, “Xan nənə”, “Bacım oğlu Behruzun bayatıları”, “Qardaşım oğlu Huşəngə” əsərləri də bütün parametrləri ilə poema janrının tələblərinə cavab verən mükəmməl əsərlərdir. Ancaq Azərbaycan türkcəsində qələmə aldığı ilk irihəcmli “Heydərbabaya salam” poeması Şəhriyarın sənətdə mənəvi qələbəsi idi...

30 illik yaradıcılığı fars dilində olan şairin mənəvi qələbəsində onun 6 illik dözülməz sürgün həyatı, keçirdiyi əsəb sarsıntısı və bu xəstəliyin müalicəsi müddətində yaşadığı ağrılı-acılı duyğuların, anların da təkanverici təsirini unutmaq olmaz. Gənc Şəhriyarın sevgilisindən ayrı düşməsi, özünə arxa, dayaq sandığı atasının qəfil ölümü, onunla vidalaşmağa icazə verilməməsi şairin ruhunda dərin iz buraxmışdı. Sürgündən sonra Tehrandakı “Fəlahət” bankında şairlik istedadı ilə uyuşmayan məcburi hesabdarlıq işi, yaxın dostlarından və qohum-qardaşlarından uzunmüddətli ayrılıq, doğma el-oba həsrəti də ona sarsıdıcı təsir göstərir. Lakin şair xəstəlikdən anası Kövkəb xanımın böyük fədakarlığı ilə qurtulur, normal həyata dönür. Poemasının müqəddiməsində Şəhriyar yazırdı: “O vaxt ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiri ilə keçmiş günlərin əyləncələri və uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi və o zaman tablolar rəngləri ilə yenidən cızıldı”.

Bu fakt əsərin yazılmasında və görünməmiş bir şöhrət zirvəsi qazanmasında ən önəmli təsir oldu. Cəfakeş ana onun vəziyyətinin ciddiliyini anlayır. Ən həssas nöqtədən başlayır... və şair bərpa olmuş ruhu ilə, xəyalın əfsunlu qanadlarında büsbütün uşaqlığına qayıdır. Anasının söylədiklərinə, uşaqlıq xatirələrinə 45 yaşın müdrikliyindən baxmağa, hər şeyi xatırlamağa başlayır. Şair xəyalı pərvazlanır, ağılla hissin, müdrikliyin emosional vəhdətindən yeni bir ədəbi hadisə - “Heydərbabaya salam” doğulur. Poemanı Şəhriyar anasının xatirəsinə, doğma el-obaya, qohum-qardaşa ithaf edərək sanki onların qarşısında mənəvi borcunu yerinə yetirir. Şəhriyar bu poema ilə xoşbəxt və qayğısız uşaqlıq çağlarına, artıq dünyasını dəyişmiş qohum-əqrəbasına, sevimli anasına, doğma kənd-kəsəyə həzin, kövrək bir dillə sanki layla deyir. Əsər yurdsevər bir şairin yaşantılarının, keçmişinin və bu gününün qayğısız, dərd-sərsiz uşaqlığının canlı lövhəsidir.

“Heydərbabaya salam”da millilikdən doğan xəlqilik, Azərbaycan koloriti çox güclüdür. Eyni zamanda burada millilik beynəlmiləllik, ümumbəşəriliklə bağlıdır və milli gerçəklik, xalq mənəviyyatı ən yüksək ideallarla aşılanır. Həmin millilikdə millətçilik axtarmaq nadanlıqdır. Əsl bəşərilik də məhz buradan boy verir. “Heydərbaba”nın sərhədlər aşaraq Şərq ədəbiyyatına dərin nüfuz etməsi, sevilməsi onun əsl milli, xəlqi mahiyyəti ilə bağlıdır. Poemaya ilk müqəddimə yazmış Mehdi Rövşənzəmir əsərin onun ruhunda doğurduğu güclü təsiri, ürək yanğısını belə ifadə edir: “Biz “Heydərbaba”nı oxuduqda öz həsrət dolu ruzigarımız üçün göz yaşları axıdırıq. O baştutmaz arzulara, o geriqayıtmaz keçmişlərə, ürəyi-mizin o dərdlərinə ağlayırıq ki, kimsəyə onu açmamışıq. Ağlayırıq, o candan sevimli əzizlərimizə ki, həyatın yarı yolunda bizimlə vidalaşıb əbədi olaraq bizdən ayrılıblar. Hanı o bir şəxs ki, öz keçmişini “Heydərbaba”da görməsin?”

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.-10 yanvar.- S.14.