Güney Azərbaycan ədəbiyyatında
Şəhriyar mərhələsi
2-ci yazı
“Heydərbaba”da oxucu
Azərbaycan xalqının
milli psixologiyası, həyat tərzi, məişəti, adət-ənənələri,
milli mətbəx və milli geyim
mədəniyyətinin özünəməxsusluğunun
poetik əksini, bədii təsvirini görür. Bu əsərdə
ahəngdarlıq, orijinal
fikir və sözlərin harmoniyası,
ritm, vəzn oynaqlığı, mövzu
əlvanlığı, ifadəlilik,
həyati gerçəklik,
ən əsası isə yüksək bəşəriliklə sırf
millilik vəhdət təşkil etmiş, qaynayıb qarışmışdı.
Dərin
humanizm, insanpərvərlik
ideyaları, həyata,
gözəlliyə, insanlığa
sevgi, pisliyə, zülmkarlığa - şər
qüvvələrə nifrət
üzərində köklənmiş
bu olahi əsər duyğuları
vəcdə gətirmiş,
əhli-qələmlərin ilhamını qanadlandırmışdır.
Şəhriyarın son dərəcə məşhurlaşması, ən
ümdəsi isə əsərlərinə, xüsusən
“Heydərbabaya salam” mənzuməsinə saysız-hesabsız
nəzirələrin yazılması,
əlbəttə, ilk növbədə,
şairin poeziyasındakı
Azərbaycan mənşəli
estetik gözəlliklə
bağlıdır. Həyat və
fəaliyyəti dövrün
ictimai-siyasi hadisələrindən
ayrılmaz olan Şəhriyarın məhz
bu duyğu və düşüncələri
“Heydərbabaya salam” poemasında orijinal ifadəsini tapdığına
görə, şairin
öz dili ilə desək, əsərə “... həcmcə
iki “Şahnamə”dən
(Ə.Firdovsinin 120 min misralıq
məşhur poeması)
çox nəzirə
və cavablar yazılıb”.
Beləliklə, bu poemanın çapından sonra Azərbaycanda yeni ədəbi məktəb yarandı, bu səpkili əsərlər
yazmaq ənənəyə
çevrildi. Ana dilimizin
Təbriz ləhcəsində
yazılmış mənzumədə
millətimizin ictimai-iqtisadi,
sosial-siyasi durumu, milli varlığı parlaq əksini tapmışdı. Burada şairin
yurduna, doğulduğu
torpağa dərin sevgisi, vətənpərvərlik
duyğuları, birlik
və azadlığa çağırış ruhu
duyulur, imperializmə,
fövqəl dövlətlərin
dünya ağalığına,
hegemonluq iddialarına
qarşı etiraz notları eşidilir.
Mənzuməyə ilk nəzirə yazanlar
Nüsrətulla Fəthi
Atəşbak (Atəşbəyli),
təbrizli M.S.Cənnətiməqam,
Cabbarbəy Bağçaban,
Hüseynqulu Coşqun,
İnayətulla Əmirpur,
Əli Təbrizi, Əli Azəri olmuşlar. Onlar nəzirələrində Şəhriyarın dilinə
həsrət qalmış
bir xalqın dərdlərinə “Heydərbabaya
salam”ın əvəzsiz
məlhəm olduğunu
alqışlayırlar. Əlbəttə, xalq ruhunu, qan yaddaşını, milli-mənəvi koloriti, tarixi gerçəkliyi incəliklərinə qədər
ədəbiyyata, poeziyaya
ancaq belə əsər gətirə bilər. Buna görə də xalqın ana dilinə olan mənəvi ehtiyacını
ödəməyə cəhd
edən Şəhriyara
nəzirə yazan hər kəs ona Güney Azərbaycanda türkcənin
oyadıcısı kimi
baxır, qələm
sahibləri sevinclərini,
ürək sözlərini
poetik dillə bəyan edirdilər.
“Heydərbaba Azərbaycan ədəbiyyatında
bir dönüş nöqtəsi oldu. Bütün baxışlar Şəhriyara
döndü. Hamı Şəhriyara
bir cavab olaraq şe`rlər yazdılar. Bənzətmələr meydana çıxdı.
Böyük şairlərdən tutub, gənc şairlərə qədər,
şairlik istedadlarını
Heydərbaba sayaq şeirləri ilə sınadılar. Heydərbaba o qədər adlı-sanlı
olmuşdur ki, farslar da Şəhriyarı
tanıtdıranda, onu
Heydərbaba şairi adlandırırdılar. Farslar da
belə bir əsər ələ gətirməyi arzuladılar.
Çoxlu şairlər - Fars dilli və Türk
dilli Heydərbabanı
farscaya çevirməyə
can atdılar”.
“Heydərbabaya salam” mənzuməsi ilə Güney Azərbaycanda poema janrı yeni inkişaf yoluna qədəm qoydu. Poemadan və Şəhriyarın misilsiz hünərindən ilham alaraq Əhməd Şədi Alov “Heydərbabadan Şəhriyara məktub”, Qaflantı “Təpiyin dağı”, “Bir kəndin bir illik xatirəsi”, Qafar İftixari “Savalana salam”, Abbas İslami Bariz “El dayağına salam”, Qulam Daravalı “Savalanım”, B.Q.Səhənd “Hörmətli ustad böyük Şəhriyara”, M.S.Şami “Kənd cevizi”, Bəxtiyar Muğanoğlu “Ay Savalan”, Əlirza Purbozorg Vafi “Eynalıya salam”, Hacı Əbdürrəhman Təyyar - Dədə Katib “Urmu gölü”, Şamlı Vəhdani “Ay ciğatı, salam”, Hadi Sultani “Pir Səqa nəğmələri”, Əli Əkbər Turabı Həllacoğlu “Eynalı”, H.A.Barışmaz “Çağrılmamış qonaqlar”, M.T.Zehtabi “Rəxşəndənin arzusu”, Professor Qulqmhüseyn Bəydili//Beqdeli “Kohləyə səlam”, Əli Kuşan “Heydarbabanın Şəhriyara salamı” adlı böyük həcmli poemalarını, Valeh Dəstpiş “Ustad Şəhriyarla ilk görüş münasibətilə”, Fəxrəddin Məhzun “Qəzəl”, Rza Əfşarpur “Ay Şəhriyar”, Tofiq Qafari, Hüseyn Düzgün, Əli Təbrizi, Mirismayıl Cabbarinejad, İ.Əmirpur, Qasım Cahani, Səttar Zərdabi, Məsud Ədib, Şəhidi və b. isə M.Şəhriyara ünvanlanmış şeirlərini yazmışlar. Qeyd edək ki, ustad Şəhriyar ədəbiyyatda “Heydərbaba məktəbi” yaratdığı kimi, “Səhəndiyyə məktəbi” yaratmağı, ana dilinə yenidən yaşam hüququ verməyi, bu qədim “hünər” dilini dinamik surətlə inkişaf etdirməyi də bacardı. “Səhəndim” əsəri də öz böyük etkisi ilə bir çox şairi dilə gətirdi... Onlarla şair həm “Səhəndiyyə”, həm də “Səhəndim” kimi tanınan mənzumənin təsiri ilə qələmə sarılaraq yeni səpkili əsərlər qələmə aldılar. Məcid Səbbağ Yalqız satirik ruhlu “Səməndiyyə” və “Qanlı faciə”, Nazir Şərəfxaneyi “Urmu dəryaçası”, Məhəmməd Nəhavəndi Muğan “Sultan Savalan”, Huşəng Cəfəri “Ağ atım”, “Savalan” və “Səfərçilər”, Mirməhəmməd Musui “Göydərə”, Doktor Əli Əkbər Turabi Həllacoğlu “Eynalı” poemalarını Şəhriyarın “Səhəndim” poeması üslubunda yazıblar. Bütün varlığı ilə Şəhriyar yaradıcılığına heyran kəsilən Huşəng Cəfəri “Ağ atım”, “Savalan” və “Səfərçilər” poemaları ilə kifayətlənməmiş, “Baklur“, “Tarım”, “Kökümüz birdi bizim”, “Axı şənbə toydur”, “Köhnə şəhər”, “Çilləxana” şeirlərini də ”Səhəndim”dən ilham alaraq qələmə almışdı. Lakin Məhəmməd Hüseyn Münzəvi və İmam Əli Dadxahın Şəhriyarin ölümü münasibətilə yazdığı nəzirələr və Mirməhəmməd Musuinin “Göydərə” poemasının üslubu “Səhəndim”i, əhatələdiyi məzmun və mündəricəsinə görə isə “Heydərbabaya salam” xatırladır. İmam Əli Dadxahın poemasından bir nümunə ilə fikrimizi yekunlaşdıraq:
Vay elim, yandı dilim, soldu gülüm, göz bülağ olsun
Ax-vayım dağlara düşsün, boran olsun, sazaq olsun
Şəhriyardan sarı, Heydər babanın, başı sağ olsun.
Mirhidayət Hessari yazırdı:
“Şəhriyar böyük
və müstəsna şəxsiyyətdir. Hələ şah
dövründə türk
dilində yazıb-oxumaq,
şeir qoşmaq qadağan idi. O isə özünün
1953-cü ildə yazdığı
“Heydərbabaya salam” mənzuməsi ilə nəinki bu qadağaları darmadağın
etdi, həm də ədəbiyyatımızı,
dilimizi diriltdi. Gənclərə qol-qanad
verdi. İndi də
onu təqlid edənlər, habelə “Heydərbabaya salam” mənzuməsinə nəzirə
yazanlar var”. Çünki hər kəs,
Muharrem Erginin də dediyi kimi, “bugünkü azəri türkcəsinin,
Təbriz türkcəsinin
bütün dühasını
Şəhriyarın əsərində
görür”. Şəhriyar
ədəbi məktəbinin
yetirmələri, ustadlarına
nəzirə yazarkən
əksər hallarda “Heydərbaba”nın vəzn və üslubuna sadiq qalır, bəzən müraciət obyekti, xitab edilən məkan dəyişsə
də, çox vaxt eynilə saxlanır.
Həbib Sahirin “Heydərbabaya salam”ın qaçılmaz
təsiri altında qələmə aldığı
poema “Məktəb xatirələri” adlanır. Şair
fərdi xatirələri
fonunda Güney Azərbaycan, eləcə də İran xalqlarının taleyini işıqlandırmağa vətənin
keşməkeşli, müsibətli
hadisələrlə zəngin
tarixini canlandıran
nail olmuşdur. Sahir ustad Şəhriyara müraciətlə onu elə, obaya arxa-dayaq olmağa, vətənin güllərini,
çıraqlarını solmaqdan,
xar olmaqdan qorumağa, bağlı qapıları və dilləri açmağa səsləyir:
Günüm keçdi, oldu qızıl gülüm xar,
Şam sönməkdə, gecə
soyuq, mənzil dar!
Bu bağlanan qapıları kim açar?!
Şerin
görüb səni andım, şairim!
Vətəndaşı demə dandım, şairim!
Şəhriyarın məslək və qələm dostu Məhəmmədəli Məhzun
şairin təbini çox bəyənir, qəzəllərini, “Heydərbabaya
salam” poemasını sevirdi. Şəhriyarı ustadı, könlünün
sultanı, “dəryayi-ümman”,
özünü isə
dəryadan damla, zərrə adlandırırdı.
Məhzun söz mülkünün sultanı
sayılan dahi Füzuli ilə Şəhriyarı: “Tək
Füzulidən sonra
hakim olan bu könlümə, Şəhriyar
olmuş qəzəl mülkündə soltanım
mənim,” - deyə müqayisə edirdi.
Ustad Şəhriyar “Heydərbabaya
salam”ına həsr olunmuş cavab və nəzirələr
içərisində Məhəmməd
Əli Saibi, Bulud Qaraçorlu Səhənd və Əlirza Purbozorg Vafinin poemalarını daha çox bəyənmişdi. Məhəmməd Əli Saibi şairin üslubuna, vəzn və qafiyə sisteminə sadiqlik göstərmiş,
sənətkarlıq xüsusiyyətlərini,
bədii portret yaratmaq ustalığını,
ritm oynaqlığını
davam etdirmişdi.
Burada da lirik qəhrəman bəxtəvər, qayğısız
uşaqlıq çağlarını
həsrətlə, qəhərdən
boğula-boğula yada
salır, artıq yaxın keçmişə
dönmüş unudulmaz
həyat səhifələrini
vərəqləyir:
Qırx
beş ildir
Təbrizdən mən
çıxalı,
Xınov
tutub boğazımı
sıxalı,
Qüssəvü qəm səbr evimi yıxalı,
Day görmədik bir gülən üz zamanda,
Ağız dadı anlamadıq cahanda.
“Heydərbaba” məktəbinin
ənənələrinə sadiqlik göstərən Ə.P.Vafi “Eynalıya salam” poemasını Təbriz yaxınlığındakı
ynalı dağına
xitabən qələmə
alıb. Eynalı dağını xalqın pənahı, sığınacağı, sirdaşı,
dəfinələr ocağı,
igidlərin qılınclarının
şaqqıltısını, atların kişnərtisini
ən dəyərli əmanət kimi qoruyub saxlayan qutsal varlıq kimi obrazlaşdırır,
canlı insan tək onunla dərdləşir. Poemanın daha
bir özəlliyi “Fədaiyane-xəlq (21 Azər)”
hərəkatının qəhrəmanlarını
yetişməkdə olan
nəslə, xalqa tanıtmaq, tariximizi, keçmişimizi, milli kimliyi-mizi, mənəvi dəyərlərimizi unutmamağa
çağırışdır. Ə.P.Vafi Azərbaycan tarixinin həmin dövrünün qızıl
səhifələrini yazan
fədakarları - Səməd
Behrəngi (Qaran-quş),
Behruz Dehqani (Aydın), Əlirza Nabdil (Oxtay), Behruz Həqqi (Çölgülü), Manaf
Fələki, Kazım
Səadəti və Əskər Ərəbherislini
xalqına bir daha bədii sözün qüdrəti
ilə təqdim edir. Ə.P.Vafi xalqına son nəfəsədək
şərəflə xidmət
edən və milli azadlıq yolunda canını qurban verməkdən çəkinməyən milli
qəhrəmanları şirin
təhkiyə ilə tanıtmaqda davam edir və sonda
tanıtımı diqqətəlayiq
formada tamamlayır:
İndi bildim, kimdir Behruz Dehqani?
Sənə, mənə qurban etdi o canı.
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 11 yanvar.-
S.14.