İlham Namiq Kamal
- 70
Dünən Azərbaycanın görkəmili
teatr və kino aktyoru, Xalq
artisti, “Şöhrət”
ordenli sevimli gülüş ustası İlham Namiq Kamalın 70 yaşı tamam olur.
Ömrünün yarım əsrdən çoxunu teatr sənətinə bağlayan
İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
"Dram-kino aktyorluğu”
fakültəsində təhsil
alıb. Tələbə vaxtı Molyerin
"Jorj Danden” komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə
Akademik Milli Dram Teatrına dəvət alan aktyor
bu səhnədə Müsyö Jordan ("Müsyö
Jordan və Dərviş
Məstəli şah”),
Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim ("Bu
dünyanın adamları”),
Gülən adam
("Hərənin öz
payı”), Kişi
("Mənim ərim
dəlidir”), doktor Qaratay ("Afət”) kimi rollarda çıxış
edib. 1989-cu ildən
Dövlət Gənclər
Teatrında çalışan
İlham Əhmədov
burada Məsuliyyətsiz
("Çarəsiz sərnişinlər”),
Dadaşbala ("Dadaşbala
əməliyyatı”), Sultanqulu
("Sultanqulu körpüsü”),
Kələntər ("Dağ
tikirik”), Daniel ("Arvadımın
qatili”), Kazbek ("Arvadımın
əri özüməm”)
kimi baş rolların ifaçısı
olub.
İlham
Əhmədov Azərbaycan
Dövlət Musiqili Teatrında E.Mansurov və G.Xuqayevin “Sevgilimin anası” (Albadam), F.Qarayev və E. de Flipponun ”Filumeno Marturano” (Dominisko Soriano), O.Rəcəbov
və A.Babayevin “Şeytanın yubileyi” (Meydan), R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər”
(polkovnik Mikayıl), F.Sücəddinov və T.Vəliyevanın “Mən
dəyərəm min cavana”
(İbad İbadov), M.Məmmədovun “Matəm
marşı və ya gözünüz aydın” (Əhmədağa),
E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” (Atakişi), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” (Orxan), Ü.Hacıbəylinin “Ər
və arvad” (Mərcan), E.Sabitoğlu və C.Məmmədovun
“www. ferzeli-kef.com” (Fərzəli),
R.Hacıyevin “Qafqazlı
qardaşqızı” (Bəbirli)
tamaşalarında özünəməxsus
rollar yaradıb.
Peşəkar aktyor həm
də “Şeytanın
yubileyi” və “Amerikalı kürəkən”
əsərlərinə quruluş
verib.
"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində,
onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış
edən aktyor tamaşaçıların sevimlisinə
çevrilib.
O, 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professordur. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına, 2013-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən Prezident təqaüdçüsüdür.
Azərbaycan Dövlət Musiqili
Teatrının kollektivi şöhrətli
aktyoru 70 illik yubileyi münasibətilə təbrik edir, ona can
sağlığı, yeni
yaradıcılıq uğurları arzulayır.
Xalq Cəbhəsi.- 2019.- 11 yanvar.-
S.16.