“Nəsimi ili” ədəbiyyat və mənəviyyatımızın
əbədiləşdirilməsinə xidmət edir
Bu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli” elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov belə deyib.
O söyləyib ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Fondumuz tərəfindən “Nəsimi ili” çərçivəsində tədbirlər planı hazırlanır və bu plana əsasən xüsusilə də gənclər arasında daim qəlblərdə yaşayan müdrik filosofumuzun ölməz ideyalarının təbliğinə xüsusi diqqət yetirəcəyik.
Mehman İsmayılov əlavə edib
ki, Azərbaycan xalqı hər dövrdə
böyük mütəfəkkirlər, tarixi şəxsiyyətlər yetişdirib.
Ən çətin sınaqlar qarşısında
xalqımızın öz ictimai
yaddaşını qoruyub saxlaya
bilməsi məhz bu zəncirvari ənənə
sayəsində mümkün olub: “Bu
ənənənin böyük yetirməsi
və ən önəmli simalarından olan
ulu öndər Heydər Əliyev sovet hakimiyyəti illərində öz əməli fəaliyyəti ilə
xalqımızın tarixi, ictimai
yaddaşının diri qalmasında böyük rol oynamaqla, müstəqillikdən sonra bu sahədə fundamental işlər aparıb. Ulu Öndər hələ 1970-ci ildə Suriyada olarkən Hələb şəhərinə
gedərək Nəsiminin məzarını ziyarət edib, daha sonra
isə çətinliklərə baxmayaraq
dahi ədibin məzarının bərpasına
nail olub. Onun təşəbbüsü ilə Nəsiminin
600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü
ildə beynəlxalq miqyasda qeyd olunub”.
Xalq Cəbhəsi.- 2019.- 15 yanvar.-
S.16.