Professor Buludxan Xəlilov:
“Nəsimi bugünkü və gələcək
nəslə daha çox
lazımdır”
Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Sərəncamda qeyd olunduğu kimi, İmadəddin Nəsimi bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir. Onun yaradıcılığı insanların mənəvi əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bütün zamanlarda olduğu kimi, indi də İmadəddin Nəsiminin zəngin irsi hər bir insanı anladır ki, mənəvi-əxlaqi idealları qorumaq, yaşatmaq və inkişaf etdirmək lazımdır. İmadəddin Nəsiminin zəngin irsi bir neçə cəhətdən daha çox diqqət mərkəzində olmalıdır. Məhz bu cəhət Sərəncamda xüsusi olaraq qeyd edilib. Bu da ondan ibarətdir ki, İmadəddin Nəsimi yaradıcılığı Şərq xalqlarının zəngin sərvətlər xəzinəsindən biridir. Bu xəzinə uzun illər ədəbiyyatşünasların, dilçilərin, filosofların, tarixçilərin diqqət mərkəzində olub. Hər dəfə onun araşdırıcıları şərq, təbii ki, türk xalqlarının ədəbi-bədii və fəlsəfi düşüncəsinin nə qədər dərin, qədim, özünəməxsus olduğunu üzə çıxarıb, geniş təbliğ etsələr də, yenə də böyük söz ustasının təbliğinə, tədqiqinə, zaman-zaman ehtiyac yaranıb.
Bu sözləri filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov ölkə başçısının 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamının əhəmiyyətindən danışarkən deyib. O vurğulayıb ki, bütün zamanlarda bu böyük söz ustasının tədqiqinə, təbliğinə ehtiyac olub və olacaqdır. Təsadüfi deyil ki, İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə olub. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyi keçirilib. İmadəddin Nəsiminın adı UNESCO-nun görkəmli şəxsiyyətlər siyahısına daxil edilib, onun adı ilə bağlı beynəlxalq tədbirlər keçirilib, araşdırma və tədqiqat işləri aparılıb. Onu da qeyd edək ki, İmadəddin Nəsimi Azərbaycan dilinin və ədəbiyyatının tarixində xüsusi, mühüm bir mərhələdir. Bu baxımdan onun yaradıcılığının araşdırılması, tədqiq olunması da ədəbi-bədii, fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından bir mərhələ yaradıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükdə mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla və müvəffəqiyyətlə davam etdirilir. Belə ki, dövlətimizin başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə kütləvi tirajla nəşr olunub ölkə kitabxanalarına hədiyyə edilən əsərlər sırasında İmadəddin Nəsiminin əsərləri də özünə yer alıb. Bu böyük söz ustası ilə bağlı görülən əməli işlərin məqsədi ondan ibarət olub ki, mütəfəkkir şairin xatirəsi əbədiləşə bilsin və onun zəngin irsi gələcək nəslə çatdırılsın.
Dilçi alim qeyd edib ki, İmadəddin Nəsimiyə olan diqqət və qayğı göz qabağındadır. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılıb, şairə həsr olunmuş film çəkilib və bu filmdə onun bədii obrazı yaradılıb. Keçən dövr ərzində İmadəddin Nəsiminin xatirəsini əbədiləşdirmək istiqamətində görülmüş bir sıra işləri də qeyd etməmək mümkün deyil. Həmin işlər sırasında onun vəfatının 600 illiyinin 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında qeyd edilməsi, 2018-ci ilin sentyabr ayında Azərbaycanda Nəsimiyə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi təqdirəlayiq işlərdəndir. İmadəddin Nəsimi üçün 2019-cu il də əlamətdar bir ildir. Onun anadan olmasının 650 illiyi tamam olur. Əlbəttə, bu, ədəbi-mədəni fikir tariximiz üçün əlamətdar bir hadisədir. Odur ki, Azərbaycan Respublikasının Prezidenti bu əlamətdar hadisənin layiqli səviyyədə qeyd olunması məqsədilə hələ 2018-ci il noyabrın 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdı. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilmişdi. Təbii ki, müvafiq tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə bağlı tapşırıqlar, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı bir daha İmadəddin Nəsimi irsinin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
B.Xəlilov “Nəsimi ili”ndə dilçilərin, ədəbiyyatşünasların, filosofların görəcəkləri işlərlə bağlı maraqlı təkliflər də verib. “Birincisi, İmadəddin Nəsiminin qəzəl, qəsidə və rübailərinin lüğətini tərtib etmək klassik Azərbaycan dilinin zəngin olduğunu bir daha təsdiq etmiş olur. Daha doğrusu, İmadəddin Nəsimi dilinin izahlı lüğətini yazmaq bir zərurət kimi gündəmdə durur. Bununla da, İmadəddin Nəsimi şeirlərinin təkrar çap olunmuş nəşrlərindəki nöqsan və qüsurlar üzə çıxarılmaqla yanaşı, həm də ayrı-ayrı misraların, ifadələrin izahındakı ehtimallar da aradan qaldırılmış olar.
İkincisi, İmadəddin Nəsimi yaradıcılığındakı ən xarakterik şeir nümunələrinin bədii qiraətini ehtiva edən videoların hazırlanması təkcə onun deyil, həm də klassik ədəbiyyatın öyrənilməsinə yardım göstərə bilər. Bu qəbildən olan videolarda hər bir şerin məna və məzmunu açılmalı, oradakı çətin sözlər izahı edilməli, bununla da Nəsimi yaradıcılığının məntiqi və məzmunu dinləyicilərə çatdırılmalıdır.
Üçüncüsü, Azərbaycan dilinin ərəb
və fars dilləri ilə mübarizədə
qalib çıxması, dilimizin
elm, ədəbiyyat dili
kimi işlənməsi XIII-XIV əsrlərlə,
yəni İzzəddin Həsənoğlu və İmadəddin
Nəsimi kimi sənətkarların
yetişməsi ilə bağlıdır. XIV əsr Azərbaycan
ədəbi dilinin inkişafında xüsusi bir mərhələ
olmaqla fərqlənir. Bu
mərhələni Azərbaycan ədəbi dilinin
inkişafında Nəsimi dövrü, Nəsimi
mərhələsi adlandırmaq olar. Ona görə ki, Nəsimi
Azərbaycan dilini yaşadığı əsrin
(XIV əsrin) qabaqcıl fikir və
arzularını ifadə edən yüksək dil
səviyyəsinə qaldırdı. Nəticədə Azərbaycan
dili ideallar uğrunda mübarizə aparan bir dilə
çevrildi. Eyni zamanda,
Azərbaycan dili dövrünün təbliğat
və təşviqat dili olmaqla yanaşı,
Nəsimi fəlsəfəsini
müasirlərə və
gələcək nəslə
çatdırdı. Ancaq Nəsimi
fəlsəfəsi, Nəsimi
təfəkkürü indiyə
qədər tam şəkildə
açıqlanmayıb və
aydınlaşmayıb. Hər şeydən əvvəl,
o dövrün (XIV əsrin)
tarixi, elmi, fəlsəfi həqiqətləri
sadə və aydın izahını tapmayıb. Yaxşı olar ki, XIV əsrin iqtisadi, siyasi, tarixi, fəlsəfi həqiqətləri
həm də tarixçilərin, filosofların,
iqtisadçıların filoloqlarla
birgə əməkdaşlığı
sayəsində araşdırılsın.
Belə olarsa, Nəsimi yaradıcılığı əsasında
XIV əsrə aid iqtisadi,
siyasi, fəlsəfi həqiqətlərə də
geniş meydan açılacaq.
Dördüncüsü, Azərbaycan dilinin imkanları bu dildə gözəl sənət nümunələrinin yaranmasına, bədii əsərlərin yazılmasına zəmin yaradıb. Ancaq bununla belə, Azərbaycan dilinin imkanlarını təqdim edənlərin rolu az olmayıb. Azərbaycan dilinin imkanlarını təqdim edənlər sırasında İmadəddin Nəsimi, daha doğrusu, onun yaradıcılığı əvəzsiz rol oynayır. Odur ki, Nəsimi yaradıcılığının məcazlar sistemi işlənməli və bununla da XIV əsrin ədəbi-bədii təfəkkürünün səviyyəsi araşdırılmalıdır. Belə olan təqdirdə Azərbaycan dilinin elm, ədəbiyyat, fəlsəfə, siyasət dili kimi qaynaqlandığı mənbələr bir çox tarixi həqiqətlərə işıq salacaqdır.
Beşincisi, İmadəddin
Nəsimi kimi qüdrətli sənətkarın
yetişməsi səbəbini aydınlaşdırmaq bugünkü gəncliyə və gələcək
nəslə daha çox
lazımdır. Bu səbəbi bilməklə
gənclik və gələcək nəsil Azərbaycan dilini sevəcək, qoruyacaq,
inkişaf etdirəcəkdir. Ona görə də orta məktəblərdə
Nəsimiyə aid mühazirələr, seminarlar, elmi-nəzəri konfranslar
təşkil olunmalı və həyata keçirilməlidir”,
- deyə professor bildirib.
Xalq Cəbhəsi.- 2019.- 15 yanvar.-
S.13.