Güney Azərbaycan ədəbiyyatında
Şəhriyar mərhələsi
3-cü yazı
Dəqiq elmlər üzrə mütəxəssis olmasına baxmayaraq ədəbiyyata əbədi sevdalanan Şahkar xanım Nəyyir öz yaradıcılığında şifahi xalq ədəbiyyatı, folklor motivlərinə sıx-sıx istinad etmiş, “fars və Azərbaycan dillərində əxlaq, ictimai-ədəbi və lirik mövzularda da gözəl, dərin məzmunlu şeirlər yazmışdı”. Onun ruhən şifahi xalq ədəbiyyatı ilə bağlılığı diqqətdən qaçmayan əsərləri sırasında Şəhriyarın “Heydərbabaya salam”ı üslubunda yazdığı nəzirə də mühüm yer tutur:
Təbiətdə bir qaydadır əzəldən,
Yaz ki köçdü, yay yurduna yol salar.
Yaşıl məxmər geyər dağlar, dərələr,
İsti
günəş hər tərəfə nur salar,
Hər
zaman ki, bülbül oxur çəməndə,
Hər
zaman ki, dağda çoban ney çalar,
Mən
deyərəm: sənə qurban, ay ana,
Tapanmıran
yerdə sənə tay, ana!
Şahkar
xanım Nəyyir öncə baharı, sonra yayı, daha sonra
isə payız və qış fəsillərini növbəli
şəkildə yüksək poetik ustalıqla vəsf edir və
oxucunun diqqətini asanlıqla ilin müxtəlif
çağlarında ana təbiətdə baş verən doğal
hadisələrin mahiyyətinə varmağa yönəldə
bilir, onu sehrli-əfsunlu bir aləmin içinə alır:
Qış
yetişib təbiətin anası,
Pambıq
qardan, ağ köynəyi geyəndə,
Dam -
dıvarı titrədəndə küləklər,
Ağacların
qol - budağın əyəndə,
Dağ
başında nazlı ceyran qaçanda,
Qaşqa
quşu qış nəğməsin deyəndə,
Mən
deyərəm sənə qurban, ay ana,
Tapammıran
yerdə sənə tay, ana.
Lakin qeyd edək ki, məhşur poemaya yazılan
saysız-hesabsız nəzirələrdən heç biri onun
zirvəsinə yüksələ bilmir. Təbii ki, uzun müddət
Tehran-Xorasan mühitində yaşayıb əsərlərini fars dilində yazmış Şəhriyar Azərbaycan
dilində böyük həcmli və son dərəcə təsirli
poemasını ortaya çıxaranda, həqiqətən,
qeyri-adi ədəbi-ictimai hadisə baş verdi. Hələ çap olunmazdan öncə əlyazma
şəklində yayılan əsər buludsuz göydə çaxmış
şimşək təsiri bağışladı. Ümumiyyətlə, “Heydərbabaya salam” Şəhriyarın
sənətdə qələbəsidir. Mənzumənin
ifadə tərzində, deyimlərində pirani, nurlu
ağsaqqal düşüncəsi var. Xalq ruhunun zənginliyi,
incəliyi və təbiiliyi ilə rövnəqləndirilən
“Heydərbabaya salam” mənzuməsi oxucularda dərin emosiya
yaradır, duyan kəsin daxili dünyası təlatümə
gəlir, duyğular seli kükrəyir. Bu isə
Şəhriyarın poetik yaradıcılığında daha
çox folklor nümunələrinin mühüm yer
tutması, onun xalqın bədii təfəkkür məhsullarından
- nağıl, dastan, əfsanə, rəvayət
detallarından, zərb-məsəl və atalar sözlərindən,
mifik obraz və əsatirlərdən bəhrələnməsi
ilə də əlaqədardır. Əgər
“Heydərbabaya salam” poeması Şəhriyarın Azərbaycanın
maddi-mənəvi gözəlliklərini vəsf etmək
bacarığını aşkara çıxarırsa, bu poema
həm də onun xalqların birliyə
çağırış səsi kimi qəbul edilir. Şəhriyar gözəlliyi təkcə vəsf
etmir, həm də bədii-fəlsəfi dəyər kimi
göstərir. Bu göstərici şairin
bütün poemalarında müşahidə edilir.
“Heydərbabaya salam” poemasında romantik-realist ədəbi
düşüncələrin bədii siqlətini heyrətsiz
xarakterizə etmək mümkünsüzdür. Ülvi
duyğu və arzuların tərənnümü ilə
oxucuda isti səmimiyyət yaradan şair, həm də onu
ağrı-acıya bürüb-büküşdürür.
Poemadakı çılğın mükalimələr
və bədii boyalar şairin qətiyyətində geniş mətləbli
aləm kimi xarakterizə edilir. Güney Azərbaycanın
görkəmli ədəbiyyatşünas alimi Nüsrətullah
Fəthi Atəşbak yazırdı ki, “poemanı ilk dəfə
oxuyanda ağladığıma baxmayaraq, ikinci və
üçüncü dəfə oxuyanda da bərk mütəəssir
oldum. Burada mən öz ömrümü,
həyatımı, ürək ağnlanmı, uşaqlıq,
gənclik çağlarımı görür, sanki onları
yenidən yaşayırdım”.
Ümumiyyətlə, “Güney dərdi, Güney həsrəti,
Güney mövzusu həmişə bizim ədəbiyyatımızın
dəyişilməz mövzularından olmuşdur. Bu mənada ustad Şəhriyarın
“Heydərbabaya salam” poeması həmin
mövzuda bizim oxucuların ən çox sevdiyi poetik əsərlərdəndir”.
Şairə və onun misilsiz əsərinə
intəhasız sevgini yaradan müxtəlif obyektiv səbəblər
var idi.
1. Dil
faktoru, yəni poemanın Azərbaycan türkcəsində, məhz
Şəhriyarın poeziyada icad etdiyi Təbriz şivəsində
qələmə alınması;
2.
İran mühitində ictimai-iqtisadi-siyasi vəziyyətin real
boyalarla təsviri;
3. Birliyə,
azadlığa, istiqlala çağırış sədaları;
4. Əzab-əziyyətdən
kövrəkləşmiş milyonlarla insanın maddi-mənəvi
xatirələr fonunda öz keçmişinə
qayıdışı, bugünkü həyatla müqayisədə
dünənin şirinliyini duyması, həm də təəssüf
etməsindən doğan dərin psixoloji hal;
5. “Vətən”
anlayışının coşqun hislə parlaq tərənnümü;
6.
Uşaqlıq xatirələri üzərindən
“böyüklərdə” sosial-siyasi düşüncələr
yaratmaq qüdrəti;
7.
Anti-imperialist ruh;
8. Mükəmməl
vəzn və qafiyə sisteminə malik olması;
9.
Aşıq sənətinə, xalq ədəbiyyatına
doğmalıq;
10.
Janrın poetikasına sədaqət.
İran
İslam Respublikasının rəhbəri olmuş Seyid Əli
Xamneyi Şəhriyar yaradıcılığı barədə
demişdi: “Şəhriyar kimi ustad şairlərin olması
bizim üçün böyük nemətdir. Şəhriyarın
şeir dili, xüsusən türkcə şeirləri
çox cazibəli, güclü, axıcı və ürəyəyatandır.
Şairin “Heydərbabaya salam” poeması bunu kamil
surətdə göstərir. Dünyada bu
poemanın çox mühüm mövqeyi vardır. Bu
poema çox ali əsərdir”.
Doktor Rza
Bərahani Şəhriyar yaradıcılığına daha
geniş aspektdən baxır və Şəhriyarın həm
fars, həm də Azərbaycan türkcəsində gözəl
şeirlər yazan böyük şair, “Heydərbabaya salam”
poemasının isə ən təsirli əsər olduğunu
etiraf edir: “Yer üzündə iki dildə şeir yazanlar
çoxdur. Bu hadisəyə bizim dilimizdə ən
parlaq nümunə Şəhriyardır. O, həm fars, həm
də türk dillərində təsirli şeirlər
yazır”.
“Heydərbabaya salam” poeması Güney Azərbaycan ədəbiyyatında
yeni mərhələnin təməlini qoymuş, bu ədəbi
hadisəni Güney ədəbiyyatında hətta inqilab kimi qəbul
edənlər də olmuşdu. Güney Azərbaycanda uşaq ədəbiyyatının
banisi sayılan Səməd Behrəngi yazır: “...Şəhriyar
“Heydərbabaya salam”ı ilə Azərbaycan yazılı
şeirində yeni səhifələr açdı. “Heydərbaba”nın
böyük bir hissəsi sözün əsl mənasında
şeirdir...”
Şəhriyar
yaradıcılığında ictimai motivlərin
üstünlük təşkil etdiyini vurğulayan Q.Beqdeli də
“Heydərbabaya salam” poemasının Güney ədəbiyyatında
yerini və rolunu yüksək qiymətləndirirdi...
Görkəmli
ədəbiyyatşünas alim Yaşar Qarayevin: “Bir xalqın
dilinə vurulan kilidi “Heydərbaba” bir qələmlə
açdı... Şəhriyar dünya durduqca
elimizin analarını, atalarını, igidlərini, gəlinlərini,
körpələrini bu göy qübbədə əks eləyəcək
doğma səsidir” fikirləri onun Şəhriyar
yaradıcılığına verdiyi qiymətin bədii səciyyəsidir.
Şəhriyar Azərbaycan milli
düşüncə təfəkküründən, dünya
duyumundan doğulan mütəfəkkir şairdir. Onun şeir sənəti, sözün əsl mənasında,
Azərbaycan poeziyasının bir mərhələsidir. M.T.Zehtabinin “Şairlərin şəhriyarı-Şəhriyar”
qənaəti fikrimizlə üst-üstə düşür.
Akademik İsa Həbibbəyli qeyd edir ki, “Heydərbabaya
salam” poeması XX əsr Azərbaycan ədəbiyyatının
mühüm yaradıcılıq nailiyyətidir. Şəhriyar
şeirinin zirvəsi olan bu əsər çağdaş
dünya bədii fikir xəzinəsinin mirvarisidir. Bu əsərə Azərbaycanda, Türkiyədə,
İraqda, Orta Asiyada çoxlu nəzirə və bənzətmələr
yazılıb. Bir sözlə,
türk-müsəlman dünyası ədəbiyyatında
“Heydərbabaya salam” poeması qədər bənzətmə
və nəzirələr həsr olunmuş ikinci bir əsər
tapmaq çətindir. Artıq milli
şeirimizdə Heydərbaba üslubu formalaşmaqdadır”.
İsa Həbibbəyli adına ədəbi
məktəb yaranmış əsərin böyük tarixi əhəmiyyətinə
də diqqət yetirərək yazır: “Heydərbabaya salam”
poeması ustad Şəhriyar poeziya məktəbinin bənzərsizliyini
və həmişəyaşarlığını qəti
şəkildə təsdiq etmiş əsər kimi
mühüm ədəbi-tarixi əhəmiyyətə
malikdir”.
Ədəbiyyat mütəxəssislərinin
yazılarında İran ədəbiyyatı və Şəhriyar
mərhələsi ilə bağlı maraqlı fikirlərə
də çox rast gəlinir. Hökumə Bülluri “Məhəmmədhüseyn
Şəhriyar” monoqrafiyasında dahi şair haqqında
yazır: “Müasir İran poeziyasını əlvan bir
gülüstana bənzətsək, şübhəsiz, Şəhriyar
yaradıcılığını o gülüstanın
şah gülü saymaq olar. Şəhriyar bədii
məramnaməsinin başlıca meyarı xalqdır”. Şəhriyar təkcə yaradıcılıq məziyyətləri
ilə kifayətlənmir, həmçinin o taylı-bu
taylı Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni vəziyyəti
ilə maraqlanır və bu yöndə özünün vətəndaşlıq
borcunu yerinə yetirmək üçün ciddi-cəhdlə
o dövrün çətinliklərinə qarşı
mübarizə aparırdı. Buna görə
şairin bütün yaradıcılıq nümunələri
xalq məhəbbəti və xalq dərdi ilə süslənmişdir.
Şəhriyarı Çağdaş İran şeirinin ən
layiqli nümayəndələrindən biri, çox yüksək
səviyyəli və ciddi səpkili şeirin
yaradıcısı hesab edən Aleksandro Baurani şairin
klassik-ənənəvi şeirdən və ictimai-siyasi
lirikanın motivlərindən ustalıqla
faydalandığını qeyd edir: “O, şeirlərində ən
yaxşı ənənəvi və ictimai motivlərdən bəhrələnmişdir”.
Fil.ü.e.d.,
prof. Elman Quliyev qeyd edir ki, təkcə “Heydərbabaya salam”
deyil, onun “Gecənin əfsanəsi” poeması da ictimai
mövqeyi ilə diqqəti cəlb edir. Bu
poemaların oxşar cəhətləri odur ki, Şəhriyar
hər iki əsəri uşaqlıq xatirələrinin təsiri
altında yazmışdır və şairin həyatının
bəzi məqamlarını, düşüncələrini
öyrənmək istəyənlər üçün “Şəhriyar
ensiklopediyası” sayıla bilər.
Şəhriyar yaradıcılığı bir neçə
mərhələdən ibarətdir. Həm fars, həm
də türkcə yazdığı əksər əsərlərində,
o cümlədən, “Şeir və hikmət” məsnəvi-poemasında
şair cəmiyyətləri sarsıdan tarixi mərhələlərin
ictimai əsaslarını aydın dərk etdiyindən
oxucusunu da həmin dövr və mərhələlərin
xarakterik xüsusiyyətlərindən agah olmağa
çağırır. I Dünya müharibəsi və
SSRİ ilə Almaniya dövlətləri arasında baş
vermiş “Böyük Vətən müharibəsi”nin insanların
və xalqların həyatına gətirdiyi dəhşətlərə,
faciə və dağıntılara, xeyir və şərin əbədi
mübarizəsinə həsr etdiyi və 1945-50-ci illərdə
böyük oxucu məhəbbəti qazanmış “Stalinqrad qəhrəmanları”,
“Eynşteynə peyğam”, “Nəqqaş”, “Səhəndim”,
“Mumiyalanmış adam”, “Xan nənə”, “El
bül-bülü” və s. poemalarının da şairin zəngin
yaradıcılığında mühüm yeri var.
Şəhriyarın romantik duyğularının
özündə belə, real düşüncə
özünü aydın təzahür etdirir. Bütün
yaradıcılığı boyu şeri, sözü, sənəti
yüksək qiymətləndirən, həqiqəti, haqq-ədaləti
uca tutaraq elin, xalqın, əzilənlərin, məhkumların
pənahı, hakim təbəqələrə, rəsmi dairələrə
boyun əyməyənlərin dostu, sirdaşı olan Şəhriyar
bütün bunları özünün əsas şairlik və
vətəndaşlıq vəzifəsi hesab edirdi.
Esmira Fuad
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 12 yanvar.-
S.14.