İslam
inqilabından sonrakı dövrdə (1979-2000-ci illər)
Güney Azərbaycan ədəbiyyatında epik şeirin
inkişafı
2-ci yazı
M.S.Şami
“Məşrutə inqilabında Urmiyənin nəqşi”
poemasında İranda və Güney Azərbaycanda başlanan
Məşrutə hərəkatı zamanı azadlığa
qovuşmaq üçün dilində istiqlal nəğməsi
quduz düşmənin üstünə şir kimi atılan Məşədi
Bağır xanın, onunla bərabər vuruşan və hərəsi
bir orduya tay olan on nəfər qeyrətli gənc mücahidin
igidliklərinə, özlərini oda-közə vuraraq Heydər
Əmoğluya, Səttar xana yardımçı olmasına
“alqış” deyir. Lakin Məşrutənin “xəyanət əli
ilə qızıl günəş kimi söndürülməsindən,
şənliklərin çevrilib kədər olmasından, Məşədi
Bağır xanın və igidlərinin tutularaq min bir işgəncəyə
məruz qoyulmasından üzülür, bu dərdin
ağırlığı belini bükür, göz
yaşları içinə, ürəyinə axır:
Xəyanət
əli ilə döndü məşrutə,
Qızıl
günəş kimi söndü məşrutə...
Şənliklər
çevrilib kədər oldu hey,
Ah
necə deyim ki, nələr oldu hey!
Qoyun
bir ağlayım, gözüm doldu hey!
Gözəl
çiçəklərim xəzan oldu hey!
“Urmulu
Səfiəddin” poemasında isə Şami hünəri
“Hulaku”ları heyrətə salan və qoca Şərqin
üfüqündə Günəş kimi doğan ustad Səfiəddinin
təkcə Urmunun deyil, Azərbaycanın, Turanın, həm də
bütün dünyanın iftixarı olduğuna diqqəti
yönəldir. Vurğulayır ki, təbi bulaq kimi
çağladı, bu çağlayışın
yaratdığı necə-neçə dəyərli
kitabı ilə tarix yazdı, musiqi aləmində zirvələr
fəth etdi, şöhrəti bütün aləmə
yayıldı. Elə bir zirvəyə çatdı ki,
sazını sinəsinə basıb çalan zaman hətta
“qırx gün su coşan və böyük eşqlə
yaratdığı “Eyqah”, “Şərifiyyə”, “Ədvar”, “Nəzhət”,
“Müğənni” kimi içməyib atəşlər
içində yanan “dəvə” belə su içməkdən
vaz keçib ustadın çaldığı nəğmələrə
qulaq kəsilirmiş...” M.S.Şami Urmiyanın dünya mədəniyyətinə
verdiyi sənətkarları, bu sənət fədailərinin
yaratdıqları misilsiz sənət nümunələrini mədh
edib təbliğatına geniş meydan verməklə bərabər,
bir cəhəti də vurğulamadan, nadan səlahiyyət
sahiblərini qınamadan ötüşə bilmir. Şair
göstərir ki, qürbətdə kefi saz dolanan,
Bağdadın “qışını da yaz kimi” firavan
yaşayan və mənsub olduğu xalqın
başucalığı, mədəni sərvəti olan belə
sənətkarlara laqeyd münasibət bəsləməklə
məhvinə səbəb olmaq yox, onlara yüksək səviyyədə
qayğı və diqqət göstərmək
lazımdır... Vətəndaş şair cismən
dünyadan köçsələr də, əbədiyyət
üfüqündə bir ulduz tək parlayan və mənən
yaşayan sənət adamlarının acınacaqlı
ölümündən ibrət dərsi almağın gərəkliliyini
önə çəkir:
Vətəndə
olmasa hünəri sevən,
Zəhmətin
hədərdir, ona az güvən...
Dünyanın
ən böyük musiqi danı
Bu sayaq
tərk etdi qoca dünyanı!
Bizə
bir dərsdir, onun ölümü.
Qoynunda
Şeyx Səfiəddin, Mahmud Qənizadə, Cabbar bəy
Bağcaban, Səid Səlmasi, Nimtac xanım, Mahmud Əşrəfzadə,
Həbibüllah Ağazadə, Mahmud Sadıqpur Şami kimi
neçə-neçə ünlü sənətkar yetirən,
torpağının altı, üstü də qızıl tək
qiymətli olan, qədim mədəniyyət beşiyi kimi
dünyanın maddi-mədəniyyət irsi siyahısına
düşən nadir bir şəhər məhv olmaq, bu şəhərin
üzük qaşı olan Urmu gölü isə buraya axan
çayların üzərinə suvarma məqsədilə
vurulan bəndlər, qazılan saysız-hesabsız quyular
üzündən qurumaq üzrədir... Artıq milli dərdə
çevrilmiş bu problem ədəbiyyatın baş
mövzularından birinə çevrilməkdədir. Dədə
Katib təxəllüsü ilə məşhur olan
Əbdürrəhman Təyyar Quluncunun (1925-2008) “Urmu
gölü” poemasında da Urmu//Urmiyanın dünəni və
bu günkü durumu - ölüm-dirim mübarizəsi nəzmə
çəkilib. Şair “Heydərbabaya salam” üslubunda qələmə
aldığı poemada şanlı-şövkətli
gölün qurumasın¬dan duyduğu əndişə və
narahatlığı dilə gətirsə də nikbinliyini,
Urmunun işıqlı gələcəyinə ümidini də
itirmir:
Urmu
gölü, dalgaların qalxanda Şimşək vurub
ildırımlar çaxanda Coşğun çaylar
şarıldayıb axanda Şirin sular gələr, sən də
dolarsan Qurumazsan dünya boyu qalarsan...
Çağdaş
Güney ədəbiyyatının novator şairi, modemizmlə
klassisizmi, əski ilə yenini bir araya gətirərək
olağanüstü bədii nümunələr yaradan
İsmayıl Ülkər Mədədi (1969) “Urmuda urmuluqlar”
poemasında çox etkili, insanın iç
dünyasını titrədən bir nağıl-Urmu gölü
nağılı yazmış, olaya əfsanə qanadında
yeni yanaşma sərgiləyib. Urmiya gölünün öncəki
çal-çağırlı çağlarına gözəlləmə,
bugünkü ağlar gününə isə ağı deyən
şair dialoq əsasında qurduğu əsərdə
keçmişlə bu günü qarşı-qarşıya gətirir.
Damarlarda qanı donduracaq dərəcədə təsirli bir mənzərə
yaranır: - Şanlı-şövkətli keçmişi
olmuş təbiət möcüzəsinin - Urmunun bu
gününə dair şairin suallarının cavabı itkin
gedib - yəni, yoxdur!.. Canlı bir varlıq kimi minilliklər
boyu yaşayan və müalicəvi suyu min bir dərdin dərmanı
olan, qoynunda qeyri-adi flora və fauna bəsləmiş göl
indi sanki ölüm yatağında can çəkişdirir və
“ağ gəlinliyi kəfənləşməkdə, taxtı
tabutlaşmaqdadır!”
İ.Ülkər
əsərin süjet xəttini o qədər ustalıqla qurur
ki, oxucu sanki Urmu gölünün dünəni və bu
günü barədə ağrılı bir film izləyir və
gerçəkliklər qarşısında göz
yaşlarını tuta bilmir... İnanır ki, bu qəmli
hekayəti yazan və durumun səbəbkarlarının
ünvanına sərt ittihamlar səsləndirən şair də
bu əsrarəngiz gözəlliklə birlikdə son nəfəsini
verir... Təhkiyə son dərəcə maraqlı preambula ilə
başlayır: “Əfsanəyə görə, biri
varmış, biri yoxmuş, biri Təbrizdə, digəri isə
Urmuda yaşayan iki sevgili varmış... Bu iki sevgili bir-birinə
yetişə bilmirmişlər! Buna görə də o qədər
ağlamış, o qədər ağlamışlar ki,
göz yaşlarından Urmu gölü yaranmışdır!
Suyunun duzluluğunun da nədəni bu imış... Urmu
gölü boyda bir sevdaya bir öyküdür bu şeir...”
İsmayıl Ülkərin yazdıqlarına, onun səmimiyyətinə
oxucu qəlbən inanır, şairin yanğısını dərk
edir, dərdinə şərik olur. Bu məqamda görkəmli
nasir Afaq Məsudun bu sözlərini rahatca ona şamil edə
bilirəm: “Yazıçılıq bu dünyada diri-diri
boğulub ölməməkdən ötrü içində
öz-özünlə apardığın savaşlardan
yaranır”.
Güney
şairləri çağdaş dövr ədəbiyyatını
məhz bu savaşlardan yaratdı, İsmayıl Ülkər də
onların önündə... Onun təsvirində bu tarixi məkanın
keçmiş günləri o qədər cazibədar, çəkici
canlandırılıb ki!.. Bu insanın ruhunu yerindən oynadan
təsvirdə “bir vaxtlar Flaminqo simgəli, sular şəhəri
olan, sularında pəxlənlər-qızıl qazlar
oynaşan, dağlarında qaynarca qaynaşan, qağayılar
fışqıran, çaylarında üzüşən
balıqlarının tiringəsi
balıqçılarını tutan Urmiyanın
bulaqlarından su götürməyə gələrdi elin
qız-gəlini... Sudan gələn sürməli qızlar “Dəryada
dəryalıqlar” şərqisini oxuyar, başlarından ləçəkləri
düşəndə isə dəliqanlı oğlanlar,
bığıburma cavanlar yerdən götürüb
salardı onların boynuna... Sürüləri mələşər,
kəlləri güləşər, naxır-naxır inəklə¬rinin
yelinləri yerə dəyərdi bu qutsal məkanın...
Tutuşdurmadan sonsuz kədər yaşayan həssas şairin
Gölə ünvanladığı sualların çəkisi
çox ağırdır:
Nə
gəldi balıqqulaqlarına bulaqlarının ətəyindən?
Hanı
çərşənbə surlarındakı geri sayım
Su
çərşənbələrindəki buz tərli
bardaqların
Bərəkət
buğdası göyü düyünləyən
nişanlı dırnaqlar Gəlin barmaqları?
Nə
toy tutuldu böyük toylarının başına və
Analıq qüruruyla dolu göbəklər nədən gizləndi?
Nədən,
nə zaman and içildi nənnidə ninniləri
boğmağa Boğmağı kim öyrətdi?
Kim
ağıl çalma yerinə nağıl çalmaq öyrətdi?
“Göl
şairi” olacaqdı İsmayıl Ülkər, canı qədər
sevdiyi Urmu gölünə Dədə Qorqud kimi söy
söyləyəcək, boy boylayacaqdı. Sahi¬lində bir
oğlanla bir qızın, bir qırğız, bir özbək
və bir də türkmən igidinin toyunu tutacaqdı, əl-ələ
tutan qızlarla oğlanlar yallı gedəcəkdi, özü
isə bu qocaman toyda şamanlıq edəcəkdi... Göy gölü,
Van gölünü Urmu gəlinciyi ilə Xəzər dənizinin
- dünyanın ən böyük gölünün
başına dolandıracaqdı. Amma heyhat!.. Şairin qutsal
arzuları gerçəkləşmədən beşiyindəcə
boğuldu, uşaqlarının nağılları
çalındı, qarı nənəsinin çörək
tikələrini qara qarğa yeyib aşırdı, doğma
el-obasından qovuldu, yad ellərsə obasında bardaş
qurdu, “Cırtdan”ını xortdan qorxutdu, kəkliklərini
bayquş oxutdu... Keçmiş günlərdəki gözəlliklərin
yerini duz dağı aldı, ümidlər, arzular pərən-pərən
düşdü, quruyan Urmu ilə birlikdə göylərin
sonsuzluğuna doğru yol aldı.
Azəryar
Danişvərin (1971) Urmu gölünün son durumuna həsr
etdiyi “Vətən pülüşü” poemasının da
çox kədərli bir tarixçəsi var. Bir gün Urmu
gölünü ziyarət etməyə gedən şair
gördüyü mənzərədən sarsılır. Urmu
boyda həyatın ölümünü görmək ona
bütün Güney Azərbaycanın ölümünü
seyr etmək kimi gəlir... Ürəyi elə yanır ki, “Vətən
pülüşü” yol getdiyi müddət boyunca ruhunun dəftərində
yazılmağa başlayır. “Vətən
pülüşü” onun içində qalanan bütün Azərbaycanın
qəminin yansıması, arzularının oylağında
nakam vətən sevgisinə ucaltdığı abidə olur.
Bu bənzərsiz əsər həm də Azəryarın Ana
Vətənə “Yetər artıq, oyan!”
çağırışı, yalvarışıdır...
Urmu
öləndən sonra mənim nəyimə gərək
axı, bu həyat?!
Bu
utancla yaşamaq olarmu Ana?!
Bu
ağır yükü daşımaq olarmu Ana?!
Bir dəniz
həyatı boşamaq olarmu Ana?!
Gözüm
görə-görə, qulağım eşidə-eşidə
necə
dözə bilərəm URMUnun canbəsər
zarıltısına?!
Beynimdə
kuşuldayan ölüm fışqırağına?!
Maraqlı
cəhət budur ki, ədəbiyyat həqiqətən
dövrün, zamanın, cəmiyyətdə və təbiətdə
baş verən olayların bədii salnanəsi, poetik əks-sədasıdır.
Ədəbiyyat həyatın, doğrudan da, aynasıdır...
Baş verənləri olduğu kimi göstərmək, bəzən
olacaqları belə duyğularının gözü ilə,
yəni, üçüncü gözlə görmək və
onları yaratdığı əsərlərə gətirmək
bacarığı gerçək şairlərə bu
dövrdə də öz şah əsərlərini
yazdırdı. Urmu gölünün dünənini və bu
gününü əks etdirən, tarixin Urmu səhifəsini
böyük bir ustalıqla vərəqləyən poema
nümunələri ilə tanışlıq bir daha göstərdi
ki, ədəbiyyat həyatın, cəmiyyətin doğrudan
da, aynasıdır. Söz sənətinin möcüzəsi
budur.
1950-70-ci
illərdə parlaq yaradıcılığa malik daha bir
şair - Mirzə Hüseyn Kərimi də Marağa şəhərində
yetişdi. Kəskin satira və həcvləri ilə Sabirin və
Möcüzün layiqli davamçısı olduğunu təsdiqlədi.
“Dilli pilo” poeması xoş gün keçirən, kefdə-damaqda
olan, ehtiyacın nə olduğunu bilməyən və hər
gün yağlı plov yeyən varlı təbəqə ilə
bir parça şor-çörəyi zorla tapan yoxsulların
acınacaqlı həyatının və M.H.Kəriminin fərdi
düşüncələrinin güclü əks-sədasıdır.
Çap
imkanının məhdud olmasına, ana dilində
yazıb-oxumağın qadağan edilməsinə,
qarşıda onları hər cür məhrumiyyət, həbs
və terror, zindanlarda-dəmir barmaqlıqların arxasında
dözülməz işgəncə, ağrı-acılar
gözləməsinə baxmayaraq, Güney yazarları
bütün dövrlərdə düşündüklərini
bədii sözə çevirə bilir, qəlblərinin səsi
ilə yazıb-yaradıblar.
Esmira Fuad
Filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2019.- 16 yanvar.-
S.14.