Koroğlunun vücudnamələri
Vücudnamə bir şeir şəkli deyil. Azərbaycan poeziyasında ayrı-ayrı söz ustaları gəraylı, qoşma, divani və s. şeir şəkillərində vücudnamələr düzüb-qoşublar. Azərbaycan poeziyasındakı vücudnamələri barmaqla saymaq olar. Bu da ondan irəli gəlir ki, vücudnamə qoşmaq çox çətin işdir. Hər sənətkar vücudnamə qoşa bilmir. Vücudnamə qoşmaq üçün bəzən böyük istedad da azlıq eləyir, burada daha geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur.
Koroğlunun elə qoşmaları var ki, istər bədii siqlətinə, istər poetik gözəlliyinə, istərsə də misraların fikir tutumuna görə, gəraylılarından geri qalmır. Hətta Koroğlunun bir sıra qoşmalarındakı fəlsəfi fikir yükü Koroğlunu mütəfəkkir şair adlandırmağa imkan verir. Bu baxımdan onun “Bənzərsən” rədifli vücud- naməsi daha səciyyəvidir.
Koroğlunun iki vücudnaməsi bəllidir və hər ikisi qoşma şəklindədir. Onlardan biri insan, digəri at haqqındadır. İnsan haqqındakı “Bənzərsən” rədifli qoşma təkcə Azərbaycan ədəbiyyatında yox, mən deyərdim ki, dünya ədəbiyyatında ən gözəl, dolğun, tutumlu, bənzərsiz vücudnamələrdən biridir. “Bənzərsən” vücudnaməsi dastanın heç bir qolunda yoxdur. Onu müstəqil qoşma kimi 1804-cü ildə Əhərli şair Əndəlib Qaracadaği yazıya alıb, öz əlyazmalarına daxil etmişdir. Ə.Qa- racadağinin əlyazmalardan ibarət həmin dəftəri hazırda Sankt-Peterburq şəhərində saxlanır. Koroğlunun “Bənzərsən” vücudnaməsinin də orijinalı həmin dəftərdədir.
“Bənzərsən” vücudnaməsi adi şeir deyil. Bu qoşma ən gözəl ustadnamə kimi yüzillər boyu aşıqlarımızın dilinin əzbəri olmuşdur. Məclislərdə onu həm sevə-sevə oxumuşlar, həm də böyük maraqla dinləyiblər. Bu qoşmanı sevdirən əsas keyfiyyətlərdən biri odur ki, onun bütün misraları fəlsəfi düşüncə və duyğularla yoğrulub:
Üç
yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən.
Beş
yaşından on yaşına varanda
Arıdan saçılmış bala bənzərsən.
Bu şeir bir insan ömrünün neçə-neçə
rəssam lövhələrində rəsmini vermək
mümkün olmayan bədii mənzərəsini göz
önündə bütün çalarlarıyla canlandıra
bilir. Üç yaşında uşağın təzəcə
açılan gülə, on yaşında bala bənzədilməsi
nə qədər poetikdirsə, o qədər də gerçəkliyə
yaxındır. Üç yaşında
uşaq doğrudan da çiçəyə, gülə bənzəyir.
Təzə açılan gül gündən-günə
pardaxlandığı kimi, üç-beş yaşında
uşaq da gündən-günə totuqlaşır, gözəlləşir.
Beş yaşından on yaşına qədər
uşaq şirinləşir, hətta bəzi adamlar bu yaşda
olan uşaqları dişləyirlər.
On
dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna.
Çünki
yetdin iyirmi dörd yaşına,
Boz, bulannıq axan selə bənzərsən.
Otuzunda kəklik
kimi səkərsən,
İyidlik eyləyib qanlar tökərsən.
Qırxında
sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
On dörd yaşında başına sevda dolan cahıl
iyirmi yaşında doğrudan da boz, bulanlıq selə bənzəyir. İyirmi
yaş cavanlığın çağlayan,
aşıb-daşan, gözü- başı qaynayan,
özünü oda-közə vuran, “yolunu azan”, məqsədini
bilməyən dövrüdür. Təkcə
bu misralara görə Koroğluya ən böyük
psixoloq-filosof demək olar. İnsan psixologiyasını
bu qədər dərindən duyan, müşahidə eləyən,
onun belə yüksək poetik ifadəsini yaradan Koroğlunun
şairliyinə şübhə etmək “Günəşi
buludda gizlətmək” kimi bir şeydir. Şeirin
ikinci bəndini yazmaq üçün doğrudan da şairlikdən
başqa, bir də güclü psixoloji hissiyyat, duyum
lazımdır. Şeirin sonrakı bəndləri
isə dərin müşahidənin və güclü
istedadın pıçıltılarıdır. İnsanın otuzunda kəklik kimi səkməsini,
iyidlik eləyib qanlar tökməsini, qırxında haramdan əl
çəkməsini Koroğlu istər bir qəhrəman kimi,
istərsə də bir şair kimi dərindən
müşahidə etmiş və onun sözlə gözəl
ifadəsini verib.
Əllisində
əlif qəddin çəkili,
Altmışında ön dişlərin
tökülü.
Yetmişində
qəddin, belin bükülü,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində
sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə.
Koroğlu
der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
Əllisində əlif qəddinin əyildiyini,
altmışında ön dişlərin
töküldüyünü, yetmişində belinin
büküldüyünü görən Koroğlu insanı
bu yaşda karvanı kəsilmiş yola bənzədərək
gördüklərini gözəl poetik deyimlə
möhürləyib. Səksənində dizləri,
doxsanında gözləri zəifləyən insanı
yüzündə uca dağ başında kola bənzədən
Koroğlu bu bənddə də sözlə elə bir
canlı mənzərə yaradıb ki, onu heç bir rəsm
lövhəsi ilə yaratmaq olmaz. Təkcə
bu qoşmayla bağlı Bəxtiyar Vahabzadə “Xalq! Yenə xalq!” adlı bir məqalə yazıb. B.Vahabzadə xalqı bilmədən, duymadan onun qəlbinə
yol tapmağın mümkünsüzlüyünü söyləyib.
Xalqı xalq dilində dindirən,
danışdıran, öz sənət incilərini xalqın
canlı danışıq dilində yaradan ilk sənətkarlarımızdan
biri doğrudan da Koroğlu olub.
Bəxtiyar
Vahabzadə çox haqlı olaraq şeirin formasına deyil, məzmununa,
ondakı ifadə vasitələrinin gözəlliyinə valeh
olduğunu söyləyib:
-
Buradakı həyati detallar, ştrixlər, obrazlar adamı
valeh edir. 5 bəndlik bir qoşmada aşıq
böyük bir ustalıqla 100 illik ömrün müxtəlif
pillələrini ümumiləşdirə bilib.
“Boz-bulanıq axan sel”, “sonası ovlanmış göl”,
“karvanı kəsilən yol”, “uca dağ başında kol”
detallarının hər biri ömrün bir pilləsinə nə
qədər uyğun, nə qədər münasibdir. Bu şeirin mayası həyatdan, dərin
müşahidədən gəlir. Bizi
burada forma maraqlandırmır. Biz məzmuna,
ondakı ifadə vasitələrinin gözəlliyinə valeh
oluruq.
Koroğlunun
“Bənzərsən” qoşması bütöv bir insan
ömrünün körpəlikdən qocalığa qədər
ayrı-ayrı yaş dövrlərinə görə bioloji,
fizioloji, psixoloji və sosioloji yaşantılarını hiss və
həyəcanlarıyla, arzu və istəkləriylə, fikir
və duyğularıyla, acı və şirinləriylə,
sevinc və kədəriylə, doğru və yalanlarıyla
birgə sözün poetik gücüylə ifadə edən
ölməz ədəbi-fəlsəfi abidədir. Təkcə bu şeirin, ondakı bənzətmələrin,
digər məcazların müəllifi olduğuna görə,
Koroğlunu psixoloq, fizioloq, filosof-şair adlandırmaq olar.
Koroğlunun “Bənzərsən” vücudnaməsi
dastanın heç bir qolunda yoxdur, o müstəqil şeir
kimi ağızdan-ağıza düşüb
yaşamışdır. Bir cəhətə fikir vermək
lazımdır ki, Koroğlunun ayrı-ayrı şeirləri
dastanın müxtəlif nəşrlərində bir-birindən
fərqləndiyi halda, “Bənzərsən” vücudnaməsinin
yalnız bircə variantı mövcuddur. Bu
da həmin qoşmanın bircə sözünü, hətta nöqtəsini-vergülünü
dəyişməyin mümkünsüzlüyündən irəli
gəlib.
Türkiyə
alimlərindən S.Sakaoğlu, Ə.B.Alptəkin və
Ə.Şimşək yanlış olaraq bu vücudnamənin
Qırat haqqında qoşulduğunu söyləmişlər:
Koroğlunun Kır atı için söyledigi vücutname bir
atın hayatının anlatılması kibidir.
Otuzunda
keklik kimin sekersen,
İyidlik eleyib qanlar tökersen.
Gırxhında
sen el haramdan çehersen,
Sonası ovlanmış göle benzersen.
Görünür, müəlliflər bu vücudnaməni
duymayıblar.
Beş bəndlik bu qoşmanın bir
misrasını da ata aid etmək mümkün deyil. Buradakı bənzətmələr və digər məcazlar
da şeirin at haqqında olduğunu söyləməyə
imkan vermir. Bu vücudnamə həqiqətən
insan haqqındadır və onun at haqqında söyləndiyini
düşünməyə də əsas yoxdur. Burada bircə
fakta diqqət yetirmək kifayətdir ki, at on beş,
iyirmi ildən artıq yaşamır. Vücudnamədə
isə insanın üç yaşından yüz
yaşınacan bütün ömrü təsvir edilmişdir.
Şeirdəki bütün təsvirlər onun
insan haqqında olduğunu göstərir. Koroğlunun
ikinci vücudnaməsi at haqqındadır. Bu şeir də qoşma şəklində olub,
“Ərəb atın dastanını söylərəm”
misrası ilə başlayır. Bu misradan
bəlli olur ki, Koroğlu onu Ərəb atın haqqında
qoşub.
Koroğlu Ərəb atın vücudnaməsinə onun
üç yaşının təsviri ilə başlayıb. “Bənzərsən”
vücudnaməsində gördüyümüz kimi, insanın
həyatı da üç yaşından başlayaraq təsvir
edilib. Görünür, bu da təsadüfi
deyil. Uşağın nişanları
üç yaşından başlayaraq görünür, hiss
olunur, onun gələcəyi bu andan etibarən müəyyən
cizgilərdə və hərəkətlərdə
özünü göstərir. At da
üç yaşına qədər tutulmur, boğulmur, bağlanmır
və başlı-başına buraxılır. Üç yaşında atı boğurlar və
onun bütün nişanları bundan sonra bəlli olur.
Koroğlu da vücudnamənin birinci bəndində buna
işarə vurub:
Ərəb
atın dastanını söylərəm,
Üç yaşında hər nişanı bəllolur.
Bir asma gərdənli,
qulun sağrılı,
Sığır qabırğalı, maral əllolur.
Burada çox maraqlı müşahidələr və
onların obrazlı ifadələri var. Azərbaycan şeirində
gözəllərin təsvirində Mina gərdənli deyimi
çox işlənir. Koroğlu Ərəb atın asma gərdənindən
danışır. Bundan sonra Ərəb
atın sağrısı qulununkuna, qabırğası
sığırınkına, əlləri maralınkına
oxşadılır ki, bunların hamısı orijinaldır,
real bədii təsvirlərdir. Həm də
bu cür düzgün seçilmiş gözəl bənzətmələrlə
Ərəb atın boyu-buxunu, eni-uzunu olduqca gözəl və
inandırıcı şəkildə təsvir edilmişdir.
Bütün vücudnamələrdə yaş
ardıcıllığı mütləq gözlənir və
bu, vücudnamənin birinci şərtidir. Heç bir vücudnamədə on yaşdan sonra
üç yaşın təsviri verilmir. Ərəb
at haqqındakı vücudnamədə də Koroğlu
yaş ardıcıllığını dəqiqliklə gözləyib.
At üç yaşında minilir. Ona görə də birinci bənddə
bütövlükdə atın üç
yaşındakı durumu təsvir edilib. Yalnız bundan
sonra ikinci bənddə onun dörd yaşından beş yaşına keçdiyi zamandakı
nişanları göstərilib:
Dörd
yaşından yetişəndə beşinə,
Yəhər üstdən əl yetişməz
başına.
Qovğa
günü üzün tutar qoşuna,
Gözləri dağlarda, burnu yellolur.
Yuxarıda xatırlatdım ki, Türkiyə alimlərindən
S.Sakaoğlu, Ə.B.Alptəkin və Ə.Şimşək
yanlış olaraq bu vücudnamənin Qırat haqqında
qoşulduğunu söyləyiblər. Ərəb at
haqqındakı vücudnamədəki bənzətmələrlə
“Bənzərsən” vücudnaməsindəki bənzətmələrin
müqayisəsi də aydın şəkildə göstərir
ki, ikinci qoşmanın atla heç bir
bağlılığı yoxdur. Ərəb
at haqqındakı vücudnaməni insana aid etmək
mümkün olmadığı kimi, insan haqqındakı
vücudnaməni də ata aid etmək olmaz. Onu da unutmaq lazım deyil ki, ərəb at
haqqındakı vücudnamə on yaşın təsviri ilə
tamamlanıb. “Bənzərsən”
vücudnaməsinin insan haqqında olduğu heç bir
şübhə doğurmadığı halda, S.Sakaoğlu,
Ə.B.Alptəkin və Ə.Şimşəyin bu fikri niyə
söyləfikləri bəlli olmur. At on-on beş il yaşadığı halda, “Bənzərsən”
vücudnaməsi insanın yüz yaşının təsviri
ilə tamamlanır ki, bunu unutmaq lazım deyil.
Koroğlunun biri insan, digəri at haqqında olmaqla iki
vücudnaməsi var və onların hər ikisi gözəl söz
incisidir. Koroğlunun hər iki vücudnaməsi bənzərsiz
və çox dəyərli poetik söz örnəkləridir.
Ümumiyyətlə, Azərbaycan aşıq
yaradıcılığında vücudnamə
düzüb-qoşma ənənəsi Koroğludan
başlanır və sonrakı bütün örnəklər
onun təsiri altında yaranıb.
İslam Sadıq
filologiya üzrə
elmləri doktoru
Xalq Cəbhəsi.- 2019.- 17 yanvar.-
S.14.