“Gözlərim qan ağlar intizarından”…
XX əsr Azərbaycan şifahi xalq ədəbiyyatının
aşıq yaradıcılığı qolunda özünəməxsus
yeri olan sənətkarlardan biri də Aşıq Şəmşirdir. Aşıq
Şəmşir 1893-cü ildə keçmiş Cavanşir
mahalının Dəmirçidam kəndində anadan olub.
Onun atası Ağdabanlı Qurban da istedadlı
aşıqlarımızdan olub. Şəmşirdə
aşıqlığa həvəsi də məhz atası
yaratmışdı. Çünki
atası şeir məclisləri düzəldər və bura
bir çox aşıqları, o cümlədən
Aşıq Ələsgəri çağırarmış.
Aşıq
Şəmşir klassik aşıqlarımızın
yaradıcılığına bələd olan, “Koroğlu”,
“Abbas və Gülgəz”, “Heydər bəy”, “Ali xan və Pəri
xanım”, “Abdulla və Cahan”, “Novruz”, “Nəcəf və Pərzad”,
“Valeh və Zərnigar”, “Məsi və Diləfruz”, “Şah
İsmayıl”, “İbrahim”, “Tahir və Zöhrə”, “Xəstə
Qasım” kimi dastanlarımızı sinədəftər
danışan, 70-dən artıq klassik aşıq
havalarını çalmağı bacaran sənətkar olub.
Hüseyn Arif aşığın
yaradıcılığına belə qiymət verib: “Şəmşir
yaradıcılığı klassik aşıq poeziyası ilə
müasir aşıq poeziyası arasında qüdrətli bir
keçidi, körpünü andırır”.
Aşıq
Şəmşirin yaradıcılığı, əsasən,
2 qrupa ayrılır: məhəbbət mövzulu və ictimai
mövzulu şeirlər. Böyük sənətkarın
yaradıcılığında Azərbaycan təbiətinə
olan məhəbbət ayrıca yer tutur. Bu
da təsadüfi deyil. Aşığın ilham mənbəyi
Azərbaycanın füsunkar təbiəti: uca şiş
qayalı dağlar, durnağözlü, bumbuz bulaqlar,
qıjıltılı, əzəmətli çaylar, nəhəng,
qaba palıdlar, zərif lalələr, bənövşələr
olub. El aşığının
yaradıcılığında dağ, çay, bulaq, yaylaq
kimi təbiət “gözəlləri” böyük ustalıqla
təsvir və tərənnüm olunur. Şeirlərindən
məlum olur ki, böyük sənətkarın
qayğısız uşaqlıq illəri dağlarda
keçib:
Məndə
məharətə, şərəfə bir bax,
Binadan gərəkdir mayak, təmtəraq.
Sürü
otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.
Deməli, aşığın lap körpəlikdən
dağlarla ünsiyyəti olmuş, onun yamaclarını,
yovşanlarını, daşını, qayasını
qarış-qarış gəzmiş, sürü
otarmış, çobanlıq edib. Qoca çağlarında dağlara
müraciət edən aşıq ondan keçmiş
ustadları xəbər alır və xatırlayır:
Ha
baxdım doymadım burcu-barından,
Gözlərim qan ağlar intizarından.
Çəkildi
üstündən, quzey qarından,
Köhnə aşıqların karvanı, dağlar.
Məcnundan
qalıbdır bu ah-nalalar,
Cəhd etdilər arzu-kamlar alalar.
Cavab verin
gur bulaqlı talalar,
Neylədin o Növrəs İmanı, dağlar.
Aşığa Azərbaycanın bütün
dağları doğma idi. Ömrü boyu
Laçın, Kəpəz, Murov, Qoşqar kimi dağlardan
ilham, vüqar, güc almışdı. Aşıq
Şəmşir dağları o qədər sevir ki, hətta
qorxur qışda onlara soyuq dəyə:
Gəl
yetiş, novbahar, aman günüdü,
Zimistan əlindən qurtar dağları.
Boran,
külək yaman qalxıb bu yerdə,
Qorxuram, bəd əsər, atar dağları.
El aşığının dağlara olan sevgisinin həddi-hüdudu
yoxdur. Boranın, küləyin şiddətlənməsindən
də təşvişə düşür. Qorxur ki, dağlara ziyan dəyə. Şəmşirin
dağlara olan məhəbbəti sanki aşiqin məşuqəsinə
olan sevgisinə bənzəyir:
Dağların
eşqində olmuşam hələk,
Geyinir əyninə yamyaşıl köynək.
Köçəndə
kaş mənə deyəydi fələk:
Götür özün ilə apar dağları.
Aşıq dağların eşqindən həlak
olduğunu deyir. Hətta dağları o qədər qısqanır ki, fələkdən
belə bir arzu edir: “Köçəndə kaş mənə
dəyəydi fələk, Götür özün ilə
apar, dağları”. Aşıq Şəmşirin
dağa olan sevgisi bənzərsizdir.
Yolu bir həqiqət
yoludur Şəmşirin,
Eşqi, məhəbbəti boldu Şəmşirin.
Qolları
çox uzun qoldu Şəmşirin,
Qucub ana kimi öpər dağları.
Necə
gözəl arzudur! Şair dağları ana kimi
öpüb oxşamaq, qucaqlamaq istəyir. Bu
misraları aşığın dağlara olan sevgisinin dərinliyi
göstərir. Aşıq “Bənövşə”
şeirində bahar çağı dağları bəzəyən
bənövşəni yada salır, ilk dəfə ədəbiyyatımızda
bənövşənin boynubükük olmasını
ustalıqla mənalandıran Aşıq Qurbaniyə işarə
edir, onu yada salır:
Aşıq
Qurbanidən qalıb nişana,
Torpaqdı bizə də, ona da ana.
Boynunu əyməsin
pərişan yana,
Salmasın qəlbimi dərdə bənövşə.
“Dağdımı, dağdı” şeirində
dağları dünyanın cənnət yeri hesab edir. Belə qənaətə
gəlir ki, cənnət axtaran nahaq özünə əziyyət
verib uzağa gedir. Əsl behişt, cənnət, gözəllik
məskəni dağlardadır:
Niyə
uzaq düşür cənnət axtaran,
Dünyanın cənnəti dağdımı,
dağdı.
Dağlar
bulağından sulanır aran,
Bitirən neməti dağdımı, dağdı.
Bu parçada çox böyük bir fəlsəfə
var. Aydındır ki, dünyanın
başlanğıcında, həyatın,
yaşayışın əmələ gəlməsində su
amili, su kultu əsas yer tutur. Su mövcudatın
başlanğıcı hesab olunur. Maraqlıdır
ki, çaylar, sular da öz başlanğıcını
dağlardan götürürlər. Dağlarda buzlar əriyəndə
çaylar əmələ gəlir və bu çayın suyu
ilə də hər yer, o cümlədən aran torpaqları
sulanır, cana gəlir, istifadə elədiyimiz
nemətlər yetişir. Dədə Şəmşir
bu misralarla dünyanın yaranmasında dörd ünsürdən
biri olan suyun fəlsəfəsini böyük ustalıqla, sadə
dildə izah edir. Aşıq dağlarda bitən,
dağlara gözəllik gətirən “dağ gözəlləri”nin də təsvirindən, tərənnümündən
yorulmur, usanmır:
Nədəndir
lalanın bağrında qara,
Bu lətif
çiçəyə kim vurub yara?
Qızılgül
qəlbini yedirir xara,
Heyf ki, tez solur bir də bənövşə.
Alır
yaz dumanı aranı, dağı,
Qımışır süsənin zərif
dodağı.
Xallanır
lalənin atlas yarpağı,
Əlvan olur yarpaqları indicə.
Aşıq hər gülün öz xüsusiyyətlərini,
nişanəsini təsvir etməklə gözəl bədii
lövhələr yaradır. Aşıq ömrünün sonuna
yaxın ölümün gəldiyini hiss edir, təbiətin
bütün nemətləri ilə halallaşıb
vidalaşır. Bunu “Salamat qal” gəraylısında lap
aydın görmək olar:
Ömür
elədim, gəzdim sizdə,
Ay aran,
dağ, salamat qal.
Alay qurdum
Taxtadüzdə,
Yelli yaylaq, salamat qal.
Doğulduğum
Dəmirçidam,
Sənə
məndən bollu salam.
İçdiyim
su, yediyim tam,
Qoşa bulaq, salamat qal.
Ömür
eləyib gəzdiyi aranla, dağla, Taxtadüzü, Yelli
yaylaqla vidalaşan Dədə Şəmşir
doğulduğu Kəlbəcər rayonunun Dəmirçidam kəndini
də yada salır, bollu salam göndərir.
Qoşa bulağa, ömrü boyu içdiyi
sulara, yediyi nemətlərə bir Vətən övladı, vətəndaş
kimi naşükürlük eləmir, hamısından
halallıq alıb ayrılır.
Sonrakı
bəndlərdə Söyüdlü kəndi,
Söyüdlü çayı, Qiblə bulağı,
Ongöz bulağını yada salır, hətta
çöl-çəpərlə, səsli qayalarla da
sağollaşır: “Ana Vətən, gəl halallaş”, “Ana
torpaq, salamat qal” - deyən Dədə Şəmşir bir
odlu-alovlu vətənpərvər aşıq kimi
gözümüzdə dağ qədər ucalır.
“Bir
halallıq alıb dağından, Dərəsindən
ayrılıram” - deyən aşığın
torpağına olan sevgisi intəhasızdır, dərindir:
Görəydim
Ceyran bulağın,
Gəzəydim Taxta yaylağın.
Qaraarxac,
Dəlidağın,
Sinəsindən ayrılıram.
Həsrətiyəm
bu dağların,
Şirin, şərbət bulaqların.
Ağ
sürülü ovlaqların,
Binəsindən ayrılıram.
Aşıq Şəmşirin təbiət təsvirli
şeirlərində də yuxarıda
sadaladığımız bədii keyfiyyətlərdən
böyük ustalıqla istifadə olunmuşdur. Aşıq Şəmşir
orijinal, gözəl təbiət təsvirləri yaratmaqda
böyük ustaddır:
Al-yaşıl
bəzənir yaylaqları yaz,
Bülbül bağçalarda eyləyir avaz.
Çayların
üstündə çığrışanda qaz,
Göllərdə sonalar çimişəndə gəl.
Mahir sənətkar 4 misra ilə 4 gözəl bədii
lövhənin təsvirini çəkir. Birinci lövhədə
yaz gələndə al-yaşıl geyinmiş yaylaqlar, ikinci
lövhədə bağ-bağçada avazla oxuyan
bülbüllər, üçüncü lövhədə
çaylarda çığırışan qazlar,
dördüncü lövhədə göllərdə
çimişən sonalar, yaşılbaş ördəklər
təsvir edilib. “Çığrışanda”,
“çimişəndə” ifadələri isə şeirin
dilinə şirinlik gətirir.
Buludlar
karvanı dağdan aşanda,
Sellər
köpüklənib qucaqlaşanda,
Quzular mələşib
sızıldaşanda,
Körpəcə əmliklər əmişəndə gəl.
Aşıq ilk iki misrada bədii təsvir vasitələrindən
olan metaforadan böyük ustalıqla istifadə edib. Bilirik ki,
dağ aşmaq, qucaqlaşmaq hərəkətləri insana
xasdır. Aşıq bu əlamətləri
buludların, sellərin üzərinə köçürməklə
güclü metafora yaradıb.
Qarabağ
gözəli, bizim dağlara,
Zimistanın gözü yumşalanda gəl.
Buzlu
bulaqların buzu sınanda
Nərgizin dodağı qımışanda gəl.
“Zimistanın gözü yumşalanda” deyərkən
aşıq qışın qurtarmasına,
çıxmasına işarə vurur. Zimistana
göz qoymaq, əşyalara məxsus yumşalmaq keyfiyyətini
onun üzərinə köçürməklə maraqlı
metafora yaradır. Nərgizin duruşunu isə
dodağın qımışmasına oxşadır.
“Dağdımı,
dağdı” şeirində aşıq təşbehlərdən
istifadə edir:
Niyə
uzaq düşür cənnət axtaran,
Dünyanın cənnəti dağdımı,
dağdı.
Dağlar
bulağından sulanır aran,
Bitirən neməti dağdımı, dağdı.
Böyük sənətkar dünyanın
dağlarını cənnətə oxşatmaqla çox
güclü bir təşbeh, bənzətmə yaradıb. Bu iki əşya
arasında oxşar əlamətlər çoxdur. Dağların xoş, təmiz havası, saf suyu, min
bir dərdin dərmanı olan bitkiləri, zərif gül-
çiçəyi yalnız cənnətlə müqayisə
oluna bilər. “Dağları” şeirində də
çox maraqlı metafora və mübaliğədən
istifadə olunub:
Gəl
yetiş, novbahar, aman günüdü,
Zimistan əlindən qurtar dağları.
Boran,
külək yaman qalxıb bu yerdə,
Qorxuram bəd əsər, atar dağları.
Aşıq baharın gəlişini bir xilaskar kimi
gözləyir. Baharı dağları zimistanın əlindən
qurtaran xilaskara bənzətməklə metafora yaradır.
Boranın, küləyin dağları
qoparıb yerindən ata bilməsi isə, təbii ki,
mübaliğədir. Bu mübaliğə
nəzərdə tutulan fikri, ideyanı oxucuya
çatdırmaq üçün gözəl vasitədir.
Son misralarda nəzərə
çatdırılan hadisələrin belə şişirdilməsi
hiss-həyəcanı daha da artırır və
mübaliğəyə səbəb olur. Çünki
hamıya aydındır ki, əslində boran, külək
dağları yerindən ata bilməz.
Nübar Həkimova
Filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 19 yanvar.-
S.14.