Çağdaş poeziyada şəhidlik
mövzusu
Müstəqillik dövrü Azərbaycan poeziyası üçün səciyyəvi olan mövzulardan biri şəhidlik konseptidir. “Şəhidlik” bir məna hadisəsi, semantik dəyər, düşüncə konsepti kimi dərin tarixi köklərə malikdir. “Şəhid” sözü ərəb-islam mənşəli olsa da, şəhidlik islama qədər də milli tariximizin şərəfli hadisəsi olub.
Azərbaycan tarixi ta qədimlərdən indiyə qədər vətən, millət, din, el-oba, ailə uğrunda şirin canından keçən qəhrəmanların adı ilə zəngindir. Bu uca məqam ulu abidəmiz “Kitabi-Dədə Qorqud”da öz izlərini aydın şəkildə saxlamışdır. Məsələn, eposun “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” adlı ikinci boyunun axırında oğuzlarla onların düşmənləri olan kafirlər arasında böyük savaş olur. Savaşda beş yüz oğuz igidi şəhid olur: “On iki bin kafər qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldı”.
Çağdaş poeziyamıza şəhidlik movzusu əsasən qanlı 20 Yanvar hadisələ¬rindən sonra daxil oldu. Belə ki, 1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsi baş verən hadisələr insan ağlına gəlməyəcək dərəcədə vəhşiliklə, qansızlıqla hə¬yata keçirilmişdi. Ramiz Məmmədzadənin “O gecə” poeması 20 Yanvar faciəsini tez bir zamanda xalqımıza çatdıran o dövrün ən populyar əsərlərindən idi. Poema kitabça şəklində 1991-ci ilin əvvəllərində 100000 (bir yüz min) tirajla çap edilib yayıldı:
Nə qara, nə müdhiş gecəymiş, Allah!
Biz hardan
biləydik necəymiş, Allah!
Qapqara
güllələr, odlar, silahlar
Axıb tökülübmüş gül şəhərimə.
O gecə
fəryadlar, amanlar, ahlar...
Od vurdu
bir qara yel şəhərimə.
O qara,
müdhiş gecənin gətirdiyi fəlakətlər
heç zaman unudulmadı, unu¬dulmayacaq da. İnsan
ləyaqətini alçaldan, bəşəriyyətin tarixinə
qara ləkə kimi həkk olunan o gecənin dəhşətlərinin
təsvir edilməsi Azərbaycan poeziyasının üzərinə
böyük məsuliyyət qoydu. “O qara gecə” ifadəsi
ilə şair folklorumuzda olan qara rəngin nüvəsində
bir qara kabusun, xaosun gizləndiyinə işarət edirdi. O faciənin
rəngi qara olmasaydı, şair gecəni romantik bir şəkildə,
deyək ki, aylı gecə kimi təsvir edərdi. Lakin o gecənin rəngi qara olduğu kimi gətirdiyi
fəlakət də qaraydı, qara bayraqlar ilə
müşayiət olunurdu. Təsadüfü deyil ki, bu
gün də şairlərimiz o gecənin dəhşətlərinin
təsiri altında şəhidlik zirvəsinin bədii
ob¬razını elə qara rəngdə yaratmağa
çalışırlar.İlyas Tapdığın “Bir şəhiddir
ürəyim” şeirində o müdhiş gecənin dəhşətləri
təsvir edilib:
Unudula bilərmi o gecəki səhnələr?
Bağlanmışdı
Bakının qolları əsir kimi;
Tankların
tırtılında od püskürdü
sinələr,
Cəsədlər yastılandı qanlı bir həsir kimi.
Burada qan rəngli bulud, zülmət, Bakının
başına bağlanan qara yaylıq, yerlərin dediyi
ağı, göylərin göz yaşı şəhidlik
konseptinin birbaşa folklordan gələn semantik
çalarlarıdır.
Şairlərimiz bir-birinin ardınca Azərbaycanın
haqq səsini, harayını, ağrı¬sını,
acısını özünəxas ifadələrlə
poeziyamıza gətirdilər. 1990-cı ilin 19-dan 20-
nə keçən şənbə gecəsində Bakıda
törədilən vəhşət və dəhşətin
acıları unudulma¬yıb. O gecə Azərbaycanın
haqq səsini boğmağa çalışanların
zülmünün, qəd¬darlığının
üstündən haqqa yol açan, körpü salan
soydaşlarımız mənəviyyat dün¬yamızın
tarixləşdirdiyi Şəhidlik zirvəsini fəth etdilər.
20 Yanvar gecəsində şəhid olanların əksəriyyəti
Bakının dağüstü parkında dəfn edildi. Yan-yana dəfn
edilmiş şəhid qəbirlərinin yerləşdiyi məkana
“Şəhidlər Xiyabanı” adı verildi. Bu məkan müqəddəs and yerinə
çevrildi. Milyonlarla insan şəhidlər
xiyabanını ziyarət etdi və bu ziyarət ənənəyə
çevrildi. Şəhidlər
xiyabanını ziyarət edən Bakı kəndlərinin əhalisi
həyətyanı sahələrində yetişdirdikləri
qırmızı qərənfillər ilə şəhidlər
xiyabanını, şəhidlərin qanı axmış hər
küçəni, səkini, 20 Yanvar metro stansiyasının ətrafını
bəzədilər.
O şənbə
gecəsində əliyalın, silahsız ölümün
üstünə gedən Vətən övladla¬rının
amansızcasına gülləbaran edilməsi ürəkləri
sızladır, yandırırdı. Xalq şairi Qabil 20 Yanvar
şəhidlərinə yas tuturdu:
Gecəni
atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Hüseyn Razinin “Şəhid qəbirləri” şeirindən
nümunə gətirdiyimiz bu parçada o vaxtkı mənzərə
tam dolğunluğu ilə gözlərimiz
qarşısında canlanır. Burada xalqın
düşüncə tərzinin, bu tərzin folklorda öz
işarəsini tapan kodları özünü göstərir.
Adətən, həyatdan nakam, cavan getmiş insanların qəbirlərinin
üstünə al qırmızı, yaşıl rəngli
gül-çiçək dəstələri qoyulur, başdaşına
qırmızı lent bağlayırlar. Şəhid
qəbirlərinin üstünə qırmızı qərənfillərin
düzülməsi bu ənə¬nənin davamı kimi
anlaşılır. Burada
qırmızı rəngin əski ritual-mifoloji simvo- likası
özünü göstərir.
“Ağ-qırmızı-qara”
rəng triadasının folkorda kosmos-xaos modelini işarə
etməsini aşkarlamış S.Rzasoy yazır:
“Qırmızı- ritual-mifoloji düşüncə mode¬lində
dünyanın hissələrini işarələyən
üç əsas rəngdən biri olub, qadınlarla
bağlı¬dır. Mifdə ağ rəng
- kosmosu və kişi başlanğıcını, qara rəng
- xaosu və ölümü, qırmızı rəng -
kosmosla xaos arasındakı aralıq dünyanı (təmas
sahəsini) və qa¬dın başlanğıcını
bildirir. Bu, “Dədə Qorqud”dakı ağ,
qırmızı, qara çadır obraz-kompleksi ilə də
təsdiq olunur. Bu halda “qırmızı don” obrazında
“qırmızı” və “don” işarələrinin mənaları
bir-birini tamamlamaqla yenidən doğuluşu bildirir. Don - yenidən doğuluş mexanizmi (aləti,
aparatı), qırmızı - həmin mexanizmin mənsub
olduğu kosmoloji sahəni təyin edən işarədir”.
Beləliklə,
ağ rəng - həyatı, bu dünyanı, qara rəng -
ölümü, o biri dünyanı, qırmızı rəng
isə - həyatla ölüm, bu dünya ilə o biri
dünya arasındakı keçidi bildirir. Bu nöqtə bizə
həyatdan nakam, cavan getmiş insanların qəbirlərinin
üstünə al qırmızı çiçəklərin
qoyulmasının, başdaşına qırmızı lent
bağlanmasının mənasını aydınlaşdırır.
Bu cəhətdən qərənfil, sadəcə,
bir gül olmayıb, milli düşüncədə xüsusi
mənaya malik folklor kodudur.
Qeyd edək ki, belə ümumi mənzərəni əks
etdirən şeirlərlə yanaşı, ayrı-ayrı 20
Yanvar şəhidlərinə də şeirlər həsr
edilir, hər bir şəhidin fərdi qəhrəmanlıqları
təsvir edilirdi. Asif Asimanın “Səndən danışır” şeiri
20 Yanvar şəhidi Babayev Rahim Vaqif oğluna ithaf edilib:
Qəlbini
tərk etmədi, zərrətək Vətən andın,
Eşqinin atəşinə, oduna arxalandın.
Yağı
düşmən önündə, həmişə sərt
dayandın,
Mərdliklə
sinə gərdin, hər çətinə, ay Rahim!
Hidayətin "Qələmini qanına batıran
şair" adlı şeiri də o günlərin acı,
lakin həm də qürurverici ovqatından yarandı. Bu könül nəğməsi
də 20 Yanvarda şəhid olmuş Ülvi Bünyadzadəyə
həsr olunub:
Sağlığında
gəlmədin...
Bilmədim bir şair var - Qələmini qanına
batırıb yazar.
Düzər
misralarını
"Azad Azərbaycan!" adlı arzuların
dağına.
Böyük Vətən müharibəsində şəhid
olan əsgərlərimiz öz qanları ilə səngər
divarlarına son sözlərini yazırdılar. Kinofilmlərdə yer alan bu cür hallar xalq
yaradıcılığında “qanla qazanılmış
azadlıq” ifadəsi kimi formalaşmışdır. Hidayət bu məzmunlu ifadələrdən bəhrələnərək
“qələmini qanına batırıb yazar” obrazlı deyimi ilə
şair şəhidin şücaətini vəsf edib.
Sabir Rüstəmxanlı “Ölümün
görüşünə gedən qız” şeiri ilə gənc
ömrünü Azərbaycanın azadlığı yolunda fəda
etmiş Vətən qızının mətin iradəsini
gözlə¬rimiz qarşısında sərgiləyir. Bu günə
qədər yaxasına əl dəyməmiş bakirə
qızın döşlərinin arasından dəyən
güllə yarasından axan qırmızı qan orada
açılan qızıl gülləri xatırladır.
Həsrətin “Vətən oğullar”
şeirində şəhid olan oğulların hər birinin Vətənə
çevrilməsindən söhbət açılır.
Qeyrətə, namusa and içib, azadlıq eşqiylə
döyünən ürəklərini 20 Yanvar gecəsində
məşələ döndərən, haqq işi uğrunda
ölümün gözünün içinə dik baxan şəhidlər
bir ölməzlik qazandılar:
Axdı
şəhidlərin günahsız qanı,
Bu xəbər bürüdü Azərbaycanı.
Azadlıq
yolunda şirin canını,
Vətənə verdilər Vətən oğullar.
Müasirlərindən fərqli olaraq Məmməd Araz
poeziyası öz cəsarətiylə meydana atıldı. Fiziki cəhətdən zəif,
ruhən sağlam və güclü olan şair göz
yaşlarının içində soydaşlarını dəyanətli,
mərd, mübariz, qürurlu olmağa səslədi:
Bu
torpağın son qurbanı mən olsam,
Öz
odumda yanıb külə tən olsam,
Eldən
ötən güllələrə dən olsam,
Ata millət,
oğul deyib ağlama,
Ağlamağın
yeri deyil, ağlama!
Xalqımız zaman-zaman yadelli işğalçılara
qarşı vuruşubdur. Döyüşlərdə
qazanılmış ənənəvi rituallar var. O rituallardan
biri də “qanlı köynək” ifadəsi ilə əlaqəlidir.
“Kitabi-Dədə Qorqud”dan belə gələn
“qanlı köynək” ifadəsi ilə şəhidin yeri, məqamı
bilinməkdədir. Təbii ki, qanlı
köynək geyib vuruşa getmək şəhidliyi
könüllü olaraq qazanmaqdır. Ancaq
unutmaq olmaz ki, bu qanlı köynəyin arxasında şəhidlərin
qanına bulanmış bayrağımız dayanır. Hər
şəhidin qanlı köynəyi bayrağımızın
al rəngini bir az da
qatılaşdırır, insanlara azadlıq, Vətənimizə
müstəqillik bəxş edir.
Bu dövrdə şəhid analarının dərdi
poeziyada öz əksini tapır. Dərdi ilə ucalan, dərdi ilə
qürur heykəlinə çevrilən analar haqqında Fikrət
Qoca yazır:
Dərd
daş atar, ayna sınar,
Sınar
evin sonası da,
Dönər
şəhid anasına
Dünyaya gələr analar.
Ayna sınması ənəvi düşüncədə,
xalqımızın inanclar sistemində bədbəxtlik, “bəxtin
bağlanması” əlaməti sayılır. Gəlin
köçəndə ona verilən bəxt aynasını
möhkəm-möhkəm qoruyarlar ki, nəyəsə dəyib
sınmasın. Amma bu anaların bəxt
aynasını düşmən güllələri
sındırıbdır. Şeirdə ifadə
olunan bu fikirdə bəxt aynası sınan qadınların
şəhid anası kimi doğulması bir ümid
işığı kimi diqqəti cəlb edir.
Bəxtiyar Vahabzadənin “Şəhid anası” şeiri
cəmiyyətimizdə mövcud olan nadanlara qarşı ibrət
dərsi vermək məqsədi daşıyır. Müşkülünü
həll etmək istəyən Şəhid anası bir məmurun
qapısını döyür. Amma o qapı
açılmır, Şəhid anasının dərdini
başa düşmək istəməyən məmur şəhid
qanlarının üstündə rahat kreslosuna əyləşib
fırlanır, əylənir və o uca, saçları
ağarmış ananın şəhid oğlunun məzarında
ruhu od tutub yanır…
Şəhidi
şəhidlik mərtəbəsindən
Endirir ananın giley-güzarı.
Bizdən
komək uman dərdli səsindən
Alışıb yanmazmı şəhid məzarı?
Ana
qapılarda dilənir bu gün,
Oğul şəhid olmuş, yoxsa, bununçün?
Nizami Muradoğlu
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2019 .- 22 yanvar.-
S.14.