İrəvan qalasının mühasirəsi
9-cu yazı
Tarixçi-alim E.Qarayevin İrəvan xanlığı
ilə bağlı araşdırmasında daha sonra bildirilir
ki, irəvanlılar şah qoşununun köməyi ilə
ruslara yeni-yeni hücumlar təşkil edirdi. Bir neçə
min şah qoşunu Alagöz dağından Sudakəndə hərəkətə
başladı. General Krasovski həmin istiqamətdə
Paskeviç tərəfindən general adyutant Sipyaqinin
başçılığı ilə göndərilən əlavə
köməyi gözləyirdi. Güclü
süvari dəstəsinin o istiqamətdə hərəkətini
görən general 2 batalyon və 4 topla onların ardınca hərəkət
edir. Lakin Sipyaqinin dəstəsi yolda
şah qoşununu məğlub edərək geri
qayıtmağa məcbur etmişdi. Düşərgəyə
gəlib çatan Sipyaqin müdafiə toplarının beş gündən sonra bura gəlib
çatacağını bildirmişdi.
Bu vaxt Alagöz dağı ilə rus düşərgəsi
arasında 4 min süvari dəstəsi dayanmışdı. Onlar rus
düşərgəsini güclü atəşə
tuturdular. Krasovski 2 batalyon, 1 alay kazak
dəstəsi və 50-ə qədər borçalılardan
ibarət dəstə ilə onlara hücum etdi. X.
İbrahimbəyli bu döyüşdə guya 5000-ə qədər
borçalı süvarisinin iştirak etdiyini yazırdı.
Lakin hadisənin canlı şahidi olan general
Krasovski döyüşdə 50-ə qədər
borçalı süvarisinin olduğunu bildirmişdi.
Rus qoşununun dağlara sığınaraq əlverişli
müdafiə mövqeyini tutduğunu görən Abbas Mirzə
zərbəni birbaşa Eçmiədzin kilsəsinə
vurmağa qərara aldı. O, bununla rus qoşununu açıq
döyüşə cəlb etmək istəyirdi. Abbas Mirzə kilsəyə yaxın olmaq
üçün oraya gedən yoldan yarım vers aralıda yerləşən
Uşaqan kəndində qoşunla düşərgə
salmışdı. Onun göstərişi
ilə sərkərdə Yusif xanın
başçılığı ilə böyük bir dəstə
Eçmiədzinə göndərildi. Kilsə
ətrafında 4 min nəfərdən ibarət mühasirə
zolağı yaradıldı və artilleriya
quraşdırıldı. Kilsə ilə əlaqəsi
olan yollar nəzarətə götürüldü. Şah qoşunu və İrəvan xanının dəstələri
bütün şübhəli adamları tutaraq, rus qoşunun
kilsə ilə əlaqəsini tamam kəsmişdi. Bu hadisədə Hüseynqulu xan və ona yaxın
olan adamlar daha fəal iştirak edirdi. Xan
Abbas Mirzəyə Eçmiədzin kilsəsinin
açarlarını iki gündən sonra təqdim edəcəyini,
Abbas Mirzə isə əvəzində ona ruslardan alınacaq
müdafiə toplarını söz vermişdi.
Vəziyyətin qorxulu olduğunu görən ermənilər
yenə də yalan məlumatla general Krasovskini qeyri-bərabər
döyüşə cəlb edə bildi. Şah
qoşununun sayıqlığına baxmayaraq, arxiyepiskop Nerses
bir neçə ermənini Krasovskinin yanına göndərərək
onu köməyə çağırdı. O, generalı
inandırırdı ki, guya rusların mövqe tutduğu kilsədə
çox az ərzaq ehtiyatı var və
Abbas Mirzənin məqsədi üç gün ərzində
Eçmiədzini ələ keçirərək onu tamamilə
dağıtmaq və sonra əsas qüvvələrlə
Gümrü tərəfdən Tiflisə hərəkət etməkdir.
Bu xəbəri eşidən general-leytenant
Eçmiədzinə hərəkət etməyi qərara
aldı. Lakin onun bu addımı ətrafı
tərəfindən birmənalı qarşılanmadı.
Onlar əks tərəfin qüvvəsinin
çoxluğunu, rus qoşununun vəziyyətinin
acınacaqlı olduğunu, digər tərəfdən ərzaq
çatışmazlığını dəlil gətirərək
onu bu qorxulu addımdan çəkindirməyə
çalışdılar. Lakin general
Krasovski inadından dönmədi və bununla da qoşunu təhlükəyə
saldı. Sonralar Paskeviç rus
qoşununun biabırçı məğlubiyyətində
arxiyepiskop Nersesi günahlandırmışdı. Baş komandan yazdığı məktubda Nersesi
yalan məlumat verməkdə, kilsədə lazımi qədər
ərzağın olduğu halda, ərzaq
çatışmazlığını bəhanə gətirərək
Krasovskini qeyri-bərabər döyüşə cəlb
etdiyini bildirmişdi.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, inadından
dönməyən general leytenant Krasovski 3 min nəfərdən
ibarət 4 batalyon, 2 kazak alayı, 4 bölükdən ibarət
dəstə, 6 kiçik və 2 at üstü topla avqustun
16-da gecə Eçmiədzinə doğru hərəkət
etdi. O, özü ilə 10 günlük ərzaq ehtiyatı
götürmüşdü. Qoşunun 230 çetvert
buğdası, bir qədər un və
qurudulmuş çörəyi vardı. Bəzi
əsərlərdə general-leytenant Krasovskinin dəstəsinin
ümumi sayının 12 topdan ibarət 2500 nəfər
olduğu göstərilmişdi. Digər məlumata
görə isə Krasovskinin dəstəsində 2500-3000
arasında, başqa məlumata görə isə 12 topa malik
2000 əsgər olduğu birdirilirdi. H.İbrahimbəyli
isə əsərində rus qoşununun daha çox
olduğunu qeyd edir. Onun yazdığına görə,
Krasovskinin dəstəsinin ümumi sayı 3 min piyada, 6 min
süvari və 12 topdan ibarət olmuşdu.
Cəngi kəndindən hərəkət edən rus
qoşunu Uşaqandan 2 verst aralıda yerləşən
yüksəkliyə gəlib çatdı. Avqustun 17-də burada tərəflər
arasında Uşaqan döyüşü adlanan
döyüş baş verdi. General-leytenant Krasovski şah qoşununa qəflətən
hücum etməyi qərara almışdı. Lakin
Uşaqana yaxınlaşan rus qoşunu top atəşi ilə
üzləşdi. General Krasovskinin məqsədini
bilən Abbas Mirzə qoşunu ilə onu hər tərəfdən
mühasirəyə alaraq hücuma keçdi.
Döyüş 5 saata qədər davam etdi. Hər iki tərəfdən
çoxlu ölən və yaralanan qeydə
alınmışdı. Çoxlu itkilərə
baxmayaraq, general Krasovski öz dəstəsi ilə Eçmiədzinə
daxil ola bildi.
Məğlub olmasına baxmayaraq, rus hərb tarixçiləri
bu döyüşü Krasovskinin qələbəsi kimi qiymətləndirməyə
çalışırlar. Lakin hadisələrin
canlı şahidinin verdiyi məlumata görə, rus qoşunu
Uşaqan döyüşündə biabırçı məğlubiyyətə
uğramışdı. Hadisələrin şahidi bu
uğursuzluğu gizlətməyərək yazırdı:
«İran müharibəsindən yazan hərb tarixçiləri
bizim üçün uğursuz olan Krasovskinin Əştərək
(Uşaqan-E.Q.) ətrafındakı döyüşünü
qələbə elan edirlər. Lakin iran
döyüşü bizim üçün elə uğurla
aprılmışdı ki, müvəffəqiyyətsiz hadisələri
gizlətmək lazım deyil. Belə hadisə
yalnız iki dəfə - Gorus və Əştərəkdə
olmuşdu».
Daha sonra
bu döyüşü ətraflı təsvir edən hərbiçi
yazırdı: «Bir avqust səhəri adyutant Krasovskiyə məlumat
verir ki, Eçmiədzində az ərzaq qalıb. Ərzaq cədvəlini göstərərək,
çoxsaylı müxtəlif ərzaq anbarlarının qeyd
edildiyi səhifədə Eçmiədzin anbarında avqustun
1-ə qədər cəmi 40 çertvet ərzaq olduğunu və
bu ərzağın artıq tükəndiyını bildirdi.
Krasovski arabalara xeyli ərzaq yüklənməsini
əmr edir və səhəri günü qoşunun bir hissəsini
düşərgədə saxlayaraq, ozü 5-ci və yaxud
6-cı batalyonla ərzaq arabalarını müşayət
edir. Bu zaman Pakeviçin qoşununun
arxasından hərəkət edən Abbas Mirzə 15.000
qoşunla İrəvan ətrafına gəlmişdi. Uzanan ərzaq arabalarını müdafiə etmək
və yolun hər iki tərəfində daşların
arxasında əlverişli mövqedə dayanan, top və
tüfəng atəşləri ilə bizim qoşuna
böyük itki verən düşməni dəf etmək
lazım idi. Düşməni dəf eimək
üçün bizimkilər süngü
döyüşünə girən kimi, onlar geri çəkilirdilər
və yenidən hücum edərək daşların
arxasından çoxsaylı atıcıları bizə dolu atəş
yağdırırdılar. Sınmış
və yaxud vurulmuş arabalar bir-birinin ardınca dar
cığırları kəsmişdi. Qarışıqlıq
gücləndi, əsgərlər istidən, susuzluqdan və
çoxlu düşmən gülləsindən taqətdən
düşmüşdü. Mərmidən
çiynindən kontuziya almasına baxmayaraq, general Krasovski
bölüyü şəxsən özü hücuma
apardı. Özünün şəxsi
igidliyi ilə əsgərləri ruhlandıran krım
alayının komandiri polkovnik Qolovin öldü, çoxlu
igid zabit də bu cür aqibətə düçar oldu.
Hər iki tərəfdən sıxışdırılan dəstə
az məsafə qalmış Eçmiədzinə
doğru hərəkət edirdi, artıq kilsənin
hasarları görünürdü. Ondan 2 verst
aralı zəmiləri sulamaq üçün əla suyu olan
geniş arx axırdı. Əsgərlər
nizamsız halda su içməyə atıldılar. Həmin dəqiqə şah qoşunu isti və
susuzluqdan taqətdən düşmüş əsgərləri
doğramağa başladı, birinin başını kəsdilər,
onun yanında digər əsgər sərilərək su
içir və müdafiə olunmaq fikiri belə yox idi.
Burada bizimkilərin qırılması dəhşətli
idi... Şah qoşunu zəiflərə aman verməyərək
başlarını kəsir, hətta yaralıları əsir
götürmürdülər. Topçular
daldalanmağa yer tapmayaraq kilsəyə doğru
çapdı, daha güclülər nizamsız halda
onların ardınca qaçdılar. Yalnız
şah qoşununun qorxaqlığı və hərbi işdə
avamlığı üzündən rus qoşununun sağ
qalmış qalıqları Eçmiədzinə gəlib
çatdı. Krasovski 2500 və yaxud 3000 qoşundan 1000
nəfərdən çox əsgər, bütün sursat və
ərzaq arabalarını itirdi. Bununla bərabər
məlum oldu ki, qarnizonu ərzaqla təmin etmək
üçün tələsməyə ehtiyac yox idi. Belə ki, kilsədə bir aylıq ərzaq
ehtiyatı vardı. Bu suxari və unla zəngin
olan səhifəni yarma səhifəsi ilə dəyişik
salan adyutantın səhvi idi. Yalnız
mühasirə topları ilə Bozabdalı keçən 300 nəfər
əsgərə malik kabardin alayını iki gün gözləmək
və Krasovskinin dəstəsilə birləşmək
lazım idi».
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında bildirilir ki, Uşaqan
döyüşündə rus qoşunu 1166 əsgər və
zabit itirmişdi. Onlardan 685 nəfəri
öldürülmüş, 347 nəfəri yaralanmış,
134 nəfəri isə əsir düşmüşdü.
Başqa bir məlumata görə isə, bu
döyüşdə rus qoşunu bütün ərzaq
arabaları ilə birlikdə 24 zabit və 1130 əsgər
itirmişdi. Şerbatov isə qeyd edir ki,
bu döyüşdə rus qoşunundan 700 əsgər
ölmüş, 300 isə yaralanmışdı. General Krasovski isə öz gündəliyində rus
qoşunundan 1131 nəfər öldüyünü,
yaralandığını və itkin
düşdüyünü yazırdı.
Rus qoşunu Eçmiədzinə sığınsa da, vəziyyəti çox ağır idi. Buna baxmayaraq, Abbas Mirzə yeni bir səhvə yol verdi. Əgər o, ikinci dəfə rus qoşununa hücum etsəydi onu tamamilə məğlub edə bilərdi. Krasovski bunu etiraf edərək yazır ki, «...hücum etsəydi məni dəhşətli məğlubiyyətə uğradardı. Kifayət qədər gücə malik olsa da, o bunu etmədi. Avqustun 19-da gecə Abbas Mirzə qoşunu ilə Uşaqanı tərk edərək İrəvandan 20 verst aralı, Zəngi çayının sağ sahilində düşərgə saldı. Həmin vaxt rusların gözlədiyi mühasirə topları Cəngiyə gəlib çatmışdı. Avqustun 19-u axşamı general mayor Laptev Krasovskinin dəstəsi ilə birləşmək üçün kabardin alayı və 4 topla Eçmiədzinə hərəkət edərək Uşaqana gəldi. Artıq Abbas Mirzə qoşunu ilə buranı tərk etmişdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 24 yanvar.-
S.13.