Regionlarının sosial-iqtisadi
inkişafı üzrə yeni proqram hazırlanır
Bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
üçün dəyəri 82 mln. dollar
təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri
28 mln.dollar təşkil edən 2 neft tankerinin təhvil verilməsi
planlaşdırılır. İqtisadiyyat Nazirliyindən verilən
məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında dövlət başçısı tərəfindən
verilmiş tapşırıqların icrası ilə
bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya
iclasında deyib.
İqtisadiyyat
Nazirliyinin ötən il gördüyü
işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki,
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası başa
çatdırılıb. Dövlət
başçısının tapşırığına əsasən,
növbəti Dövlət Proqramının layihəsi
hazırlanır və artıq işlər başa
çatmaqdadır. Ötən il sahəvi
dövlət proqramlarının, eləcə də “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında və Strateji Yol Xəritələrində
İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi
olduğu tədbirlərin icrası davam etdirilib.
Nazir qeyd edib ki, dövlət
başçısının sənayeləşmə siyasətinə
uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri
açılıb, mövcud müəssisələrin istehsal
gücü artırılıb, bir sıra mühüm sənaye
obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin
istehsal və ixrac potensialının artırılmasında
effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin
təşkili işləri davam etdirilib.
Ötən
il Prezident İlham Əliyevin
iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında
“SOCAR Polymer” MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri
zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları
istehsalı fabriki, Əlvan metallar və ferroərintilər
zavodu açılıb. Bundan başqa, 2018-ci
ildə parkın ərazisində elektron təhsil
avadanlıqları, şüşə və saxsı məmulatların
istehsalı müəssisələri fəaliyyətə
başlayıb. Bu günlərdə isə
Sənaye Parkının daha bir rezidenti - “SOCAR karbamid” zavodu
istifadəyə verlib. 2019-cu ildə daha 5
müəssisənin istismara verilməsi nəzərdə tutulur.
“Yaşıl
iqtisadiyyat”ın və təkrar emal sənayesinin
inkişafında mühüm rolu olan Balaxanı Sənaye
Parkında 2018-ci ildə taxta tullantılarının emalı
və kömür, plastik torlar, qablaşdırma və etiket,
maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin
emalı və tullantı taxtalardan pellet və taxta unu
istehsalı, avadanlıq və dəzgahların bərpası
sahələri üzrə 6 rezident qeydiyyata alınıb.
Hazırda
Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən
37,3 mln. manat investisiya
yatırılıb. Rezidentlərdən 7-si
artıq fəaliyyət göstərir. Bu
müəssisələrdə 400-ə yaxın işçi
çalışır. Yeni layihələrin
reallaşdırılması hesabına işçilərin
sayının 650-ə çatdırılması nəzərdə
tutulur. Sahibkarların marağını nəzərə
alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3
hektar təşkil edir.
Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident
qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin
təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln.
manat investisiya yatırılacaq və 20-ə
yaxın iş yeri yaradılacaq.
2018-ci ildə
Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə
2 müəssisə - pambıq-poliester və “Open End” üsulu
ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750
iş yeri açılıb. İnvestisiya dəyəri
144 mln. manat olan fabriklərin
yaradılmasına 10 mln. manat güzəştli
kredit verilib. Müasir texnologiyalar əsasında
qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya
və Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə
20 min ton iplik istehsal olunacaq. Gəmiqayırma
sahəsində ixtisaslaşmış Qaradağ Sənaye
Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma
Zavodunda 2 min nəfər işlə təmin olunub.
Pirallahı Sənaye Parkında investisiya dəyəri
100 mln. ABŞ dollarından artıq olan əczaçılıq,
şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin
yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə
verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı
ödəməklə yanaşı, əlavə ixrac
imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci
rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi
olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin
qablaşdırılmasına başlanması nəzərdə
tutulur.
Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident
qeydiyyata alınıb. Yeni rezident “Absheron Saffron Ltd” MMC müasir
texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın
emalını və ondan müxtəlif növ məhsulların
istehsalını həyata keçirəcəkdir. Müəssisədə
50 yeni iş yeri açılacaq.
İqtisadiyyat
naziri diqqətə çatdırıb ki, sənaye
parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil
edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində
investisiya qoyulub. Təkcə, 2018-ci ildə
rezidentlər tərəfindən 450 mln. ABŞ
dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci
ildə 11 rezident qeydiyyata alınıb. Bu
rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə
başlayıb. Tikintidə və istehsalatda 10 minə
yaxın iş yeri yaradılıb. Növbəti
mərhələdə 1 mlrd. ABŞ dollarınadək
investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin
açılması gözlənilir.
2018-ci ildə sənaye məhəllələrinin
yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye
məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə
verilib. Ötən il
açılışı olmuş və kiçik və orta
sahibkarlığın inkişafında əhəmiyyətli
rolu olan Masallı Sənaye Məhəlləsində
hazırda 10 müəssisə fəaliyyət göstərir.
Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən
5,3 mln. manat investisiya
yatırılıb və 200-dən çox iş yeri
açılıb. Hacıqabul Sənaye Məhəlləsində
tikinti-quraşdırma işləri başa
çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində
isə tikinti işləri davam etdirilir. Ümumilikdə,
istifadəyə verilən 2 sənaye məhəlləsinə
50 mln. manatdan çox özəl
investisiya yatırılıb, 700-dək iş yeri
yaradılıb. Digər 2 sənaye məhəlləsinin
istifadə verilməsi ilə açılan iş yerlərinin
sayı 1800-ə çatacaq, 77 mln. manat
özəl investisiya yatırılacaqdır.
Prezidentin tapşırığına əsasən,
ölkəmizin digər regionlarında da sənaye
zonalarının təşkili istiqamətində
araşdırmalar aparılır. Bu il
Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin
yaradılmasına başlanılacaq.
Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin
cəlb olunması üçün təbliğat işlərinin,
yeni sənaye parkları və məhəllələrinin
yaradılması istiqamətində işlərin sürətləndirilməsi
barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq
tapşırıqlar verib. Ənənəvi sənaye
sahələrindən olan xalçaçılığın
inkişafı məqsədilə indiyədək 20 rayonda
xalça fabriki açılıb. Bu il
daha 11 xalça fabriki istifadəyə veriləcəkdir. 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin
tikintisi davam edir və 2019-cu ildə fəaliyyətə
başlayacaqdır. Sumqayıt Kimya Sənaye
Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın
tranzit potensialının reallaşdırılması Prezident
İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində
mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki
illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin
nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri
davam etdirilib. İndiyədək Türkmənistan,
Gürcüstan, İran, Türkiyə və Çində
Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin
imkanlarının təbliği ilə bağlı tədbirlər
keçirilib.
İnvestisiya
təşviqi sənədinin iqtisadiyyata sərmayələrin
cəlb edilməsində əhəmiyyətli mexanizm
olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək
sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə
333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi
sənədləri əsasında 2188 təsdiqedici sənəd
verilib. Layihələrin 41%-i kənd təsərrüfatı,
59%-i isə sənaye sahələrini əhatə edir. Bu
layihələrin reallaşması nəticəsində 22 minə
yaxın iş yerinin açılacağı gözlənilir.
Ötən 2018-ci ildə isə, sahibkarlara
investisiya dəyəri 801 mln. manat
olan layihələr üzrə 107 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri əsasında
1058 təsdiqedici sənəd təqdim edilib.
İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara
54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən
göstərilən elektron xidmətlərin böyük əksəriyyəti
artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya
olunub. Hazırda digər elektron xidmətlərin
“E-hökumət” portalına inteqrasiya olunması istiqamətində
tədbirlər görülür.
Kollegiya iclasda özəl sektorda həyata
keçirilən layihələrə dövlət dəstəyi
tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və
əlverişli şərtlərlə maliyyə
resurslarına çıxışının təmin
olunması üçün hər il olduğu kimi, ötən
ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi
davam etdirilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin
Sahibkarlığın İnkişafı Fondu tərəfindən
sahibkarların maarifləndirilməsi,
nümunəvi investisiya layihələrin təqdim olunması,
güzəştli kreditlərin verilməsi ilə
bağlı 600-dən çox sahibkarın iştirakı ilə
21 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları
vasitəsilə ümumi dəyəri 617,8 mln. manat olan 999
investisiya layihəsinin maliyyələşdirilməsinə
160,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən
istifadə etməklə investisiya layıhələrinin
reallaşdırılması 9000-dək yeni iş yerinin
açılmasına imkan yaradır. Verilmiş kreditlərin
64,3%-i respublikanın regionlarının, 35,7%-i isə Bakı
şəhərinin qəsəbələrinin payına
düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar
sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına
yönəldilib. Son illər Fond tərəfindən
maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur
müəssisəsi 2018-ci ildə fəaliyyətə
başlayıb. 2019-cu ildə daha 39 müəssisənin
açılması gözlənilir. Ümumilikdə isə,
indiyədək layihələrinin ümumi dəyəri 5 mlrd.
manatdan çox olan 36 mınə yaxın sahibkara 2,3
mlrd. manatadək güzəştli kredit verilib.
Xalq Cəbhəsi.- 2019.- 24 yanvar.-
S.12.