Azərbaycan mətbəxinin ABŞ-dakı fədaisi...

 

 

Ondan çox müsahibələr götürülüb, haqqında çox yazılıb, çox verilişlər hazırlanıb. Fəqət, onların heç birində bu xanımın gördüyü işin mahiyyəti yetərincə insanlara çatdırılmayıb. Sadəcə görüntü, sadəcə təqdimat

Ürəklə bağlı dilimizdə çox deyimlər var- ürəkli adam, ürəksiz adam, cəsur ürək s.. Amma çox nadir işlənən bir ifadə var- dəli ürək. ifadə yalnız fədailərə aid edilir- bir amal, idea uğrunda hər şeyindən keçməyə hazır olan fədailərə. O da fədaidir, Azərbaycan mətbəx mədəniyyətini əcnəbilər arasında təbliğinə özünü həsr edən, dəli ürəkli fədai

 

"Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan" kitabı haqqında

 

Azərbaycan mətbəxinin təamları haqqında çox kitablar nəşr olunub. Hamısı da bir-birinə bənzəyir, yəni müxtəlif yeməklərin reseptlərindən ibarət. Belə kitablar amerikalı oxucu üçün çox maraqsızdır. Bir dəfə gördüsə, ikinci dəfə əlinə götürməz. Amerikada kulinariya kitablarındakı yemək reseptləri xüsusi təqdimatla yazılır. Hər hansı bir yeməyin resepti verilməmişdən öncə hökmən həmin xörək haqqında bir əfsanə, rəvayət ya el arasında işlədilən deyim göstərilir. Bu baxımdan, "Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan" kitabı Amerika standartlarına uyğun nəşr edilib. Məsələn, burada cız-bız xörəyinin resepti təqdim olunmamışdan öncə Aleksandr Dümanın "Qafqaza səyahət" kitabından bir nümunə göstərilir. Düma yazır ki, "Azərbaycanın Nuxa şəhərində olarkən cız-bız adlanan xörək sifariş verdim. Bu xörək adətən kasıblar üçün nəzərdə tutulub. Qeyri-adi qoxusu dadı var. Buralara yolu düşən hər kəsə cız-bız dadmasını tövsiyə edirəm. Çox heyif ki, bunu yazarkən artıq Poti şəhərindəyəm. Burada yeməkxanalarda cız-bız yoxdur"…

 

Onun gördüyü işlərin mahiyyəti

 

2014-cu ildə yuxarıda adı göstərilən kitab geniş oxucu kütləsinə təqdim olunandan sonra onu kulinariya ilə bağlı müxtəlif tədbirlərə dəvət edirlər. Həmin tədbirlərin əksəriyyətində Azərbaycan mətbəx mədəniyyəti ilə bağlı mühazirələr oxuyur. Milli mətbəximizin gözəllikləri haqqında danışıb amerikalıları məlumatlandırır.

İndiyədək 150-yə yaxın bizim mətbəximizlə maraqlanan amerikalıya öz evində xörəklərimizin bişirilmə qaydalarını öyrədib. Evində yemək dərsləri keçir, mətbəximizin sirlərini onlara aşılayır.

Şəxsi mülkü olan, yaşadığı evinin arxasındakı həyətyanı ərazidə yalnız amerikalılardan ibarət tez-tez Azərbaycan mətbəxi mədəniyyəti gecələri keçirir. Hər dəfə bir neçə xörəyimizin hazırlanma ardıcılığını izah etməklə iştirakçılara nümayiş etdirir, sonra da həmin yeməklər süfrəyə verilir. Sonda tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında rəqs edirlər.

Bütün bunlardan əlavə ötən ildən başlayaraq amerikalıların Azərbaycana "Mətbəx mədəniyyət" turlarını təşkil edir. Tur iştirakçılarını ölkəmizin bir sıra rayonlarına apararaq müxtəlif kəndlərdə yaşayan az saylı xalqların mətbəxi ilə tanış edir. Məsələn, 2018-ci ildə keçirilən turun marşurutu belə olub- Bakı-Quba (Xınalıq kəndi, Qırmızı qəsəbə), İsmayıllı ( Lahıc İvanovka kəndləri), Qəbələ (Nic kəndi), Şəki (Kis kəndi), Qax (İlisu kəndi), Balkən (Mahamalar kəndi). iki Qafqaz ölkəsinin mətbəxini müqaisə etməkdən ötrü Gürcüstan respublikası...

…2007-ci ildən fəaliyyətdə olan azcookbook.com saytı da var. Orada təşkil etdiyi bütün tədbirlər haqqında məlumat tapmaq olar.

Bütün bunlar bir xanımın hobbisi kimi görünə bilər, amma dərindən düşünsək bu, Azərbaycan mətbəxinin təbliğinə böyük xidmətdir

 

Sadəcə tərcümeyi hal

 

Fəridə Sadıqova - Buyuran Bakıda dünyaya gəlib. 1994-cü ildə 5 saylı məktəbdə orta təhsilini başa vurub. 1994-1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində ingilis-fransız dilləri üzrə bakalavr, 1998-2000-ci illərdə magistr dərəcələrinə yiyələnib. 1999-2001-ci illərdə "Azerbaijan International" jurnalında çalışıb. Orada işləyərkən jurnalın Los Anclesdəki baş ofisinə dəvət alaraq bir illik ixtisasartırma kurslarında iştirak edib. Burada Murad Buyuran adlı bir türk gənclə tanış olub. 2002-ci ildə ailə qurduqdan sonra birdəfəlik Los Anclesə köçüb. 2003-2005-ci illərdə Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, "Biznesin idarə edilməsi" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Qızının 15, oğlunun 11 yaşı var. Hər ikisi azərbaycan, ingilis, rus, türk dillərində sərbəst danışırlar

Atası Rzaqulu Sadıqov fizika-riyaziyyat elmləri doktoru olub. AMEA-nın Fizika-Riyaziyyat İnsitutunda baş elmi işçi işləyib.

Anası Firuzə Əliyeva iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Koperasiya Universitetində müəllim işləyir

Final

Bəli, hazırda Kaliforniya ştatının Long Beach şəhərində yaşayan Fəridə Sadıqova-Buyuranın xidmətləri çoxdur. Olduqca mehriban, gülərüz, təvəzökar olan bu xanım Azərbaycan mətbəxinin Amerikadakı əsl fədaisidir

 

 

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

 

Xalq Cəbhəsi.- 2019.- 24 yanvar.- S.9.