“Nəsiminin dərisi
diri-diri soyulmayıb və...”
Alman alim Mixael Hess
maraqlı faktlar açıqlayıb
Bu həyata Nəsimi gəlmək toxunduğun hər qəlbi
solmayan rənglərlə bəzəməkdir. Onun
misralarını sevmək yer üzünün hər
döyünən ürəyini dinləməkdir. Güllələrin altında ovuc boyda canını
qorumaqçün bir küncə sıxılan körpəyə
də, bu dünyanın ədalətsiz, qırışlı
üzünə də eyni yanğı ilə
ağlamaqdır. Nəsimi olmaq bir əlini
bu dünyadan üzdüyün halda, digəri ilə möhkəmcə
yapışmaqdır. Böyük mütəfəkkirimizin
zəngin irsi dünya elminə də böyük töhfədir.
Belə olmasaydı, müsahibim Mixael Hesslə Nəsimi
dilində, Nəsiminin dilindən danışmazdıq.
Nəsimişünas
alman alim Mixael Hessin Publika.az-a müsahibəsi…
- Nəsimi
ilə ilk tanışlığından bəhs edək?
- 2000-ci
ildə Türkiyədə çalışırdım. Britaniyadan mənə araşdırmaq
üçün bir neçə şərq klassikinin
siyahısı gəldi. Həyatını,
əlyazmalarını oxumağa başladım. Dissertasiyamı da bu mövzuda yazdım.
- Beləcə
qərb insanı şərq fəlsəfəsinin
şahlarından birinin sarayına girdi.
- Bəli,
mən qərbliyəm. Amma etiraf edirəm ki, qərb
sivilizasiyasının əsas sütunlarını şərq
mədəniyyəti təşkil edir. Belə
deyək “şərqdən gələn işıq”. Elə xristianlığın özü də qərbə
şərqdən yol alıb. Yəhudiliyin
bir qolu yunan sivilizasiyasının vəhdəti yeni din
yaradıb ki, o da xristianlıq adı ilə qərb mədəniyyətinə
yayılıb. Odur ki, bu iki dünya
heç də bir-birinə yad deyil. Elə
sufiliyin də əsas məqsədi bu birliyi qurmaqdır.
Bəli, bu təriqət Qərb, Şərq, Azərbaycan,
Nəsimi və digər növlərə bölünür.
Amma ən mühümü hamımızın
bir məqsəd və amal uğrunda mübarizə
aparmağımızı, eləcə də bir mənşəyə
mənsub olmağımızı sübuta yetirməkdir.
- Bu
birliyi cahana yaymaq istəyənlərin də əsrlər boyu
dərisi soyulub...
- Təbii
ki, sözlərinizdəki məcazı anladım. Amma onun ölümü ilə bağlı bır
sıra məqama aydınlıq gətirmək istəyirəm.
Nəsiminin həyatını araşdırmış,
onunla eyni dövrdə yaşamış alimlərin çoxu,
həmçinin İbn Həcər əl Əskalani yazır
ki, onun dərisi ölümündən sonra soyulub. Bugünədək bizə gəlib çatan mənbələrdə
yanlışlıq var. Çünki əfsanələrə
rast gələ bilərik. Doğrudur,
ölümü faciəvi şəkildə baş verib.
Çünki hakim dinlərə və siyasətə
qarşı idi. Özündə
tapdığı həqiqəti dünyaya car çəkmək
istəyirdi. Tarixdə bu hallar az
yaşanmayıb. İsa yəhudilərin
şahı olmaq istədi. Onları
çağırıb dedi ki, mən həqiqətin
elçisiyəm. Ondan soruşdular ki, bəs əslində
həqiqət nədir? Tarix boyu peyğəmbərlər,
övliyalar, seçilmişlər sivilizasiyaya öz həqiqətlərini
təbliğ etməyə çalışıblar. Amma bu qavramın açmasını heç vaxt
bilməyəcəyik. Elə Nəsiminin Hələb
şəhərindəki məhkəməsinə dörd
böyük mənsəbin nümayəndələri
toplanmışdı. Onlar öz
aralarında belə həmfikir deyildilər. Çünki həqiqətin nə olduğunu
bilmirdilər. Nəsiminin edamında dini
faktorlardan əlavə siyasi ünsürlərin də
böyük rolu vardı. Çünki
tarix boyu istənilən din siyasətlə vəhdətdə
olub. Hətta Həzrəti Məhəmmədin
öldüyü anda belə bunun şahidi oluruq. Nəsiminin edamında da Misir məmlüklərinin
və o vaxtın digər hökmdarlarları arasında bir
iqtidar çarpışması vardı. Nəsimi öz
şeirlərinə, məzhəbinə görə edam edilmişdi. Onun
yaradıcılığı kifayət qədər
araşdırılıb, amma həyat yolu və
ölümünü daha geniş şəkildə tədqiq
etməyə ehtiyac var. Mənbələrə inansaq, tərəfdarları
həddən artıq çox olub. İnsanların
çox sevdiyi şəxsiyyət idi. Bu
baxımdan siyasi təhlükə mənbəyi idi. İstənilən dinin dünyasında bu cür
hadisələrlə çox rastlaşmışıq.
- Mixael bəy,
həqiqət mahiyyətcə nədir?
- Bunu izah
edə bilməyəcəm. Konkret anlayış
deyil. İsa deyirdi, mən yeganə həqiqətəm,
Elə deyilmi? Axı siz Allah olmadan həqiqətin
nə olduğunu anlaya bilməzsiniz. Müsəlmanlar
da, yəhudilər də, xristianlar da eyni tanrıya
inanırlar. Onların
üçünü də bir otağa dəvət edin, hərəsi
öz həqiqətini müdafiə edəcək və
aralarında həmfikir olmayacaq. Həqiqət
nisbi anlayışdır.
-
Özünüz də qeyd etdiyiniz kimi seçilmişlər
ömür böyu həqiqət qıfılının
açarını arayırlar…
- Nəsimi
öz əqidəsinə o qədər sadiq idi ki, “ən əl
həqq” deyib ölümün üzərinə gedirdi. Dəfələrlə qeyd edir ki, "yolumun sonu
ölümdür və mən bunu bilirəm". Bəzi mənbələri araşdırsaq, görəcəyik
ki, bu qəzəllərin hamısının ona məxsus
olduğu belə sual altındadır. Amma
gəlin elə fərz edək ki, hamısı Nəsimi qələminin
məhsuludur. İstənilən halda hakim təbəqə
dəfələrlə xəbərdarlıq edir ki, öz təriqətinə
sadiq qalacağı təqdirdə edam
olunacaq. Amma Nəsimi yolundan dönmür,
ölüm onun gözünü qorxutmur. Onu bu yola
sövq edən nə idi, əqidəsinin dərinliyində nə
yatırdı, onu ruhlandıran səbəblər bir az müəmmalıdır. Xüsusən
də çağdaş qərb insanı üçün bu
həyat tərzi çox yaddır. Nəsimiyə
rast gəlsəydim, mütləq ona bir sual verərdim. Buna nə gərək vardı? Sən edam olundun, dərin soyuldu, can bədəndən
ayrıldı, amma həqiqətin bir zərrəsi də dəyişmədi.
Milyonlarla insan kimi öz əcəlinlə
ölsəydin də bu fakt dəyişməyəcəkdi.
Yəni həyatın, gerçəyin mahiyyətini
belə dərindən dərk edən bir dahi niyə
ölümün üstünə qaçırdı, bu məqam
mənə qaranlıqdır. Bəlkə
də ölümdən sonra digər aləmə keçəcəyinə
inanırdı. Baxın, bu faktlar tam
açıqlanmayıb.
- Nəsimini
ölümün qucağına qaçmağa vadar edən
başqa hansı səbəblər ola bilərdi?
-
13-cü əsrdə Elxanilər dövlətinin
hökmdarı Qazan xanın ilk islahatı islamı dövlət
dini elan etmək olur. Ondan öncə Azərbaycanda islam dini hakim deyildi. 14-cü əsrin
30-40-cı illərindən etibarən islamın yeri zəifləməyə
başladı. Artıq belə desək,
yeni nəzəriyyələrə, fikirlərə yer
açdı. Ənənəvi mədəniyyət,
ənənəvi din küncə sıxışdı.
Dövrün mütəfəkkirləri də bu
boşluğu doldurmağa can atdı. Nəsimi də o şəxsiyyət,
həmçinin ali təbəqəyə
mənsub olan düha idi. Yəqin ki, tutduğu mənəvi
yoldan qidalanmaq niyyətində idi. Sonu ölüm olsa belə…
- Bəlkə
də tək istəyi paslanmış gözlərə nur
vermək idi...
- 8-ci əsrdən
başlayaraq sufizm çox vacib mövqeyə çevrildi. Həmçinin
islam dünyasına bir çox axın
oldu. Hətta dinə hüquq sistemi kimi
yanaşanlar da tapıldı. Yəni
gündəlik həyatını, əqidəsini dinin
buyurduğu qanunlarla uzlaşdırdı. Şərq
şairlərinin bir qismi də sufi
şairlərinə çevrilirdilər. Sufilərin
dini rəhbərləri Zahid adlanırdı. Müsəlmanlarsa onlara küfr edərək özlərindən
aşağı görməyə başladılar. Elə günü bu gün istər Almaniyada, istərsə
də Türkiyədə qarşıma çıxan bəzi
müsəlmanlar aramızdakı din fərqinə görə
mənə kafir kimi baxır. Hətta
üzümə deyirlər ki, sən ikinci növ insansan.
Çünki islama sitayiş etmirsən. Belə müsəlmanlar da var. Nəsimi, Rumi, Yunus
Əmrə kimi gözəlliyi təbliğ edənlər də.
Onlar eyni dildə danışırlar, deyirlər ki, gün ərzində
beş rükət namaz qılmasan da olar. Mühüm olan ürəyinin, zehninin təmizliyidir.
çünki dinin vacib şərtlərini
yerinə yetirib kafir olmaq da mümkündür. Ərəbcə
bilmək, "Qurani-Kərim"i əzbərləmək, bu
şərtlərə əməl etmək zərurət deyil.
İstər hər yer Məryəmi İsa olsun,
lap İslama bürünsün, içində şeytan varsa,
onu susdura bilməyəcəksən. Hamımız
insanıq, mənşəyimiz birdir, vacib olan budur. Və
o dövrün ali düşünən
insanlarının da niyyəti bərabərlik fikrini təbliğ
etmək idi.
- Nəsimi
şeiriyyatına təmas edəndə baş qaldıran
duyğularınızı bizimlə bölüşə bilərsinizmi?
- Şeiriyyat bir dünyadır. Tutaq ki, meşəni vəsf
edən bəsit bir şeir oxuyursunuz. Bir dəfə
oxuyan kimi mənasını anlayırsınız. Amma Nəsiminin bir qəzəlini bəlkə 10 dəfə
oxuyuram. Hər səfərində də
özüm üçün yeni mükəmməl fikirlər
kəşf edirəm. Şeir çoxmənalı
sənətdir. Orta əsrlərin tarixini vərəqləyəndə
də görürük ki, şeir çox mürəkkəb
sənət nümunəsi olub. İstər
heca, istər, əruz vəznində olsun, vərəqə
köçürməyi bacarmaq vacib deyildi. Zəruri olan onu insanların içərisində əzbər
söyləyərək yaymaq idi. Buna
görə də olduqca zəngin məna daşımalı
idi. İstər Nəsimi, istərsə də
Füzuli kimi şairlərin dildən-dilə gəzən sənət
əsərlərini indi oxuyub həmin dövrün mədəniyyəti,
dini haqda məlumat əldə etməklə qalmırıq, həmçinin
qəlbimiz isinir. Müsəlman, hürufi
olmasam da, ürəyimə xitab edir. Bu da
şairin və şeirin böyüklüyüdür.
-
Sualım qəribə səslənə bilər, amma Nəsimini
hansı qərb mütəffəkiri ilə müqayisə etmək
olar?
-
(gülür) Bəlkə də Nitsşe ilə… O, da
dövrünün məşhur mütəfəkkiri, filosofu,
yazıçısı, bəstəkarı idi. Alman fəlsəfə tarixində Nitsşenin
özünəməxsus yeri var. Bu baxımdan onu Nəsimi ilə
müqayisə edə bilərik. Axı Nəsimi
də Azərbaycan təfəkkür tarixinin böyük
şairidir. O, öz dövrü üçün təhlükəli
olan yeni üsyankar təfəkkür, düşüncə gətirdi.
Nitsşedə də eyni hadisə təkrarlandı.
Lakin fərqli tərzlərdə… Məsələn,
Nitsşe əsərlərinin birində deyir ki, "mən
dünən Allahı öldürən insana, yəni
özümə rast gəldim". Fransız
inqilabına qədər xristianlıqda hər şey Allahdan
idi. Nitsşe də fəlsəfəyə
yeni və çox qalmaqallı baxış gətirdi. Nəsimi bu sözləri deyə bilməzdi,
çünki ona görə Allah ölməz. Amma Allahla insanı birləşdirdiyi məqamlar var.
İslamda isə insan Allahla bir tutula bilməz, çünki O
ucadır, bizi Yaradandır. Təbii ki,
dövrü üçün bu da bir inqilab idi. Lakin digər
yöndən hürufilər, o cümlədən Nəsiminin əqidəsi
mövcud islam əqidəsindən fərqli
deyildi. Sadəcə Allaha hərflərdən, xətlərdən,
bir sözlə, fərqli yollardan təmas etmək
yollarını arayırdı. O, din mədəniyyətinə
yeni baxış bucağı gətirmişdi. Bu
inqilabi yanaşmalar Nitsşe ilə Nəsimini müqayisə
etmə səbəbimdir.
- Mixael bəy,
necə düşünürsünüz Nəsimi fəlsəfəsi
çağdaş Avropada yetərincə
araşdırılır?
- Təəssüf
ki, xeyr. Düşünürəm ki, qərbdə
Nəsimi kifayət qədər araşdırılmayıb.
Hətta bir dəfə polşalı
türkoloqun məqaləsinə rast gəldim. Nəsimi haqda heç də xoş sözlər
yazmamışdı. Çünki məsələyə
öz katolik dini düşüncələrinin
güzgüsündən baxmışdı. Bu
baxımdan Nəsimin fars və azərbaycanca
olan divanları araşdırılmalıdır. Nəsimini sevmək üçün ölkənizə,
mədəniyyətinizə bələd olmaq lazımdır.
Elə Azərbaycanın özündə də
sovet dövründə "Qurani-Kərim", din təbliğ
olunmadığından, bir sıra ideoloji əqidələr
qaranlıq qalırdı. Bu baxımdan
üsyankar Nəsimi fəsləfəsi də tam obyektivliyi ilə
tanıdılmayıb. O, dünya səviyyəsində
araşdırılması gərəkən çox
böyük mütəfəkkirdir, haqqında yeni, daha səhih
kitablar yazılmalıdır. Bir sıra mənbələrin
istifadəsi dayandırılmalıdır.
- Ən çox sevdiyiniz misralarını səsləndirə
bilərsiniz?
- O,
şah beytlərin müəllifidir. Misralarındakı
ahəng, axıcılıq, dərin fəlsəfəni sevmək
ona olan hisslərimin tam izharı deyil. Amma yəqin ki, bu
qəzəli səsləndirəcəm:
Mərhaba,
xoş gəldin, ey ruhi rəvanım, mərhaba!
Ey şəkərləb
yari-şirin, laməkanım, mərhəba!
Çün
ləbin cami-Cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim,
ey cəmalim, Bəhrukanım, mərhəba!
Könlümə
heç səndən özgə nəsnə layiq görmədim,
Surətim,
əqlim, uqulim, cismu canım, mərhəba!
Ey mələk
surətli dilbər, can fədadır yoluna,
Çun
dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba,
xoş gəldin, ey xırdadəhanım, mərhəba!
Leyla Sarabi
Xalq Cəbhəsi.- 2019.- 25 yanvar.- S.15.