“Dedim günəş doğur, sabahın xeyir…”

 

 

XX əsr Şirvan aşıq mühitində özünəməxsus istedad və qabiliyyəti ilə seçilən sənətkarlardan biri Aşıq Pənah olub. O, 1926-cı ildə Salyan şəhərində doğulub, ilk təhsilini də burada alıb. Uşaq yaşlarından qəlbində saza yaranmış böyük sevgi və vurğınluq onu ömürlük bu sənətə bağlayıb. Aşıq Pənah ilk vaxtlar toy-düyünlərdə çalıb oxuyan aşıq kimi formalaşıb, sonsuz istedadı sayəsində xalqın ürəyinə yol tapa bilib. Onu şəxsən tanı¬yanlar, haqlı olaraq, “Aşıq Pənahı ustad və şagird münasibətlərini hörmətlə qoruyan saz və söz sənətkarı” adlandırır, aşığı klassiklərə böyük hörmətlə yanaşan ustad sənətkar kimi dəyərləndirirdilər. Prof. İ.Əbilovun sözləri ilə desək, “Aşıq Pənah idarə etdiyi məclislərə adi şənlik yığıncağı kimi yox, ədəb-ərkan məktəbi kimi baxırdı. Şübhəsiz ki, onun böyük uğurla yetkinlikdən ka¬millik mərtəbəsinə yüksəlməsinin başlıca səbəbi də həmin sənətkar qənaəti ilə bağlı idi. Axı hər məclisi ədəb-ərkan məktəbinə çevirmək hər aşığa qismət ol¬mur. Aşıq Pənahın qismətinə belə bir sənət müjdəsi düşdü. Bu da səbəbsiz deyil. Çünki o, sənət dünyamızdan, el-obanın adət-ənənələrindən bəhrələnə-bəhrələnə yaşın müdriklik məqamını çox-çox əvvəl fəth eləmişdi”.

Prof. İ.Əbilov Aşıq Pənahın yaxın dostu, sirdaşı olmuş, buna görə də aşığın mənəvi dünyasını dərindən anlayıb, xalqın ona dərin sevgisini müşahidə edə bilib və aşığın insani keyfiyyətlərini daha yaxşı ifadə edə bilib: “Pənaha ümumxalq məhəbbəti danılmaz həqiqətdir. Bu məhəbbətin sirrini hərə bir cür yoza bilər. Lakin dost, həmdəm qənaəti qəti olur. Həmyaş, yurddaş, sir¬daş kimi aşığa ümumel sevgisini onda görürəm ki, əvvəla, təbiət ona fitri səs, ilham və yaddaş bəxş eləmişdi; ikincisi, sənətini təkmilləşdirmək, cilalamaq xatirinə müstəsna səbr, dözüm, yorulmazlıq, fitri sadəliklə bahəm ailəyə etibar və bağlılıqla yanaşı, qohuma, dosta gərəkli olmaq eşqi, əsl türk kişisinə məxsus mərdanəlik, qeyrət, nəhayət, xalq qarşısında borc hissini bütün mənəvi borcların fövqündə görə bilmək məsuliyyəti... Və bir də həyat həvəsi ilə süslənmiş sadə¬lik, təmizlik kimi nəcib əxlaqi keyfiyyətlər...”.

Aşığın həyatı və yaradıcılığını öyrənmək məqsədilə onun ailəsi ilə görüş¬dük, idarə etdiyi məclislərdə, toy-düyünlərdə iştirak edən insanlarla ünsiyyət qurduq. Hər kəs onun adət-ənənəyə bağlı, ədəb-ərkan bilən, saza-sözə böyük də¬yər verən el sənətkarı olduğunu vurğuladı. Deyilənlərə görə, o, ucaboylu, gülə¬rüzlü, təvazökar insan olmuşdur. Təkcə yaxın qohum-əqrəbanın deyil, hətta tanı-madığı, bilmədiyi, ilk dəfə gördüyü insanlara yaxşılıq edən, kasıba, kimsəsizə əl tutan insan olub. İdarə etdiyi kənd toylarından birində aşıq görür ki, ev sa¬hibi çox kasıbdır. Buna görə əməyinin qarşılığında ona verilən zəhmət haqqını almır. Digər söyləyicilərdən qeydə aldığımız xatirələrdə göstərilir ki, aşıq yanın¬da şagird dayanan bir çox insana arxa-dayaq olub, onlar üçün əlindən gələn yax-şılığı əsirgəməyib. Aşığın oğlu T.Pənahov danışır ki, ustad aşıqdan dərs alan astaralı Aşıq Elxan illərlə onların ailə üzvlərindən biri kimi eyni evdə yaşayıb. Ustadı onu öz övladlarından ayırmayıb, bütün ehtiyaclarını qarşılayıb.

“Aşıq Pənahın özünün ustadı kim olub?” - soruşduğumuzda övladları onun fitri istedadı və qabiliyyəti sayəsində aşıqlıq etdiyini, heç bir ustaddan dərs almadığını dedilər. Qeyd etdilər ki, Pənah özü sağlığında Aşıq Ələsgəri mənəvi ustadı sayıb, bəzi söhbətlərində fikrini “ustadım Ələsgər, atam Ələsgər, oğlum Ələsgər” kimi ifadə edirmiş (burada qeyd edək ki, Pənahın atasının adı Ələsgər olub, atasının adını yaşatmaq üçün böyük oğlunun adını Ələsgər qoyub). Seyfəddin Qəniyev Aşıq Pənahın Aşıq Qurbanxanın şagirdi olduğu¬nu yazır. Qeyd edir ki, Aşıq Pənah aşıqlıq sənətinin sirlərini Qurbanxandan 1940-cı illərdə öyrənib, ustadının xeyir-duasını aldıqdan sonra gənc aşıq kimi məclislərə qatılıb.

Qeyd edək ki, Aşıq Pənahın yaradıcılığını incələyərkən onun bir sənətkar kimi yetişməsində Aşıq Ələsgərin böyük təsiri olduğunu görmək mümkündür. Fikrimizi aşığın “Düşdü”, “Salatın” adlı qoşmaları təsdiqləyir. Aşıq Ələsgərdə:

 

Çərşənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun, kecdi sinəmdən

Güləndə qadası canıma düşdü.

 

Aşıq Pənahda:

 

Çərşənbə günündə çeşmə başında

Gözüm bir qaragöz gəlinə düşdü.

Məni baxışıyla elə çəkdi ki,

Ovçu şikarının əlinə düşdü.

Ay gözəl, rəhm elə Aşıq Pənaha,

Məcnunam, bu işi yazma günaha,

Muğanlı olduğum unutdum daha,

Güzarım o Göyçə elinə düşdü.

 

Yaxud Pənahın Aşıq Ələsgərə nəzirə yazdığı “Salatın” qoşmasına diqqət edək:

 

Aşıq Ələsgərdə:

 

Sallana-sallana gedən Salatın,

Gəl belə sallanma, göz dəyər sənə.

Al-yaşıl geyinib durma qarşımda

Yayın bədnəzərdən, göz dəyər sənə.

 

Aşıq Pənahda:

 

Sallana-sallana seyrə çıxıbsan,

Bayramıdır çölün, düzün, Salatın.

Dedim günəş doğur, sabahın xeyir,

Gördüm işıq saçır üzün, Salatın.

Xınalı kəkliyi koldan eyləyən,

Qoca Ələsgəri yoldan eyləyən,

Binəva Pənahı haldan eyləyən

Bir çarə qıl buna özün, Salatın.

 

Aşıq Pənah aşıq şeirinin bütün janrlarında qələmini sınayıb. Onun qoşmaları, gəraylıları, ustadnamələri, təcnisləri, dodaqdəyməzləri bu baxımdan fikrimizi təsdiqləyir. Məlum olur ki, Aşıq Pənah özünəqədərki aşıq sənətini də¬rindən mənimsəyib, hər zaman öz üzərində işləyərək bu sənəti gələcək nəsillərə ötürüb.

Aşıq Pənahın şagirdlərindən biri Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Aşıq Əvəzdir. 2014-cü ildə Aşıq Əvəzlə görüşdüyümüzdə o, ustadını xoş xatirələrlə xatırladı, onun səmimi, mehriban, səxavətli, öz şagirdlərinə hər zaman arxa-dayaq olmasını qeyd etdi. Aşıq Əvəzin dediyinə görə, ustadı ona saz ifa etməyi öyrətməklə yanaşı, həm də vaxtaşırı özü ilə toy-düyünlərə, el şənliklərinə aparırmış. Gündüz məclisi idarə etməyi, dastanlar söyləməyi şagirdlərinə həvalə edirmiş. Aşıq Pənah özü axşam saatlarında məclisə girər, onun gəlişiylə məclisə bir canlanma gələrmiş. Aşıq Əvəz ustadının xatirəsinə yazdığı aşağıdakı şeiri dedi:

 

Ürəyində sazı, sözü,

Gəzdi doğma yurdu Pənah.

Bayram oldu hər gəlişi,

Harda məclisi qurdu Pənah.

Həm şairdi, həm aşıqdı,

Toy-düyünə yaraşıqdı.

Tükənməyən bir işıqdı,

Könüllərə nurdu Pənah.

 

Bu şeir ustad aşığa çoxsaylı şagirdlərindən birinin sonsuz sevgisini, sayğısını ifadə edir. Aşıq Pənah da digər Şirvan aşıqları kimi saz, zurna, nağara, qoşa nağara müştərəkliyi iə çalıb oxuyurdu. Zurnada Rəşid, Mənəf, qara zurnada Alməmməd, nağarada Tapdıq, qoşa nağarada Əvəz aşığı müşayiət ediblər. Aşığın öv¬ladı Aynurə Pənahqızının dediyinə görə, Pənah əlində saz məclisə girəndə hamı ustada hörmət əlaməti olaraq ayağa qalxırmış. Pənahın yerişində, danışığında, ifasında qeyri-adi ahəng varmış. Saatlarca durmadan, yorulmadan öz gözəl nitqi və gözəl ifası ilə izləyənləri heyran edirmiş. Məclisdəkilər onun dəfələrlə bəda¬hətən şeirlər, qoşmalar söylədiyinə şahid olarmış. Şagirdlərini məclislərə apar¬maqda məqsədi həm onlara maddi baxımdan dəstək olmaq idi, yəni şagird olsa da, çalıb-oxuyub haqqını alırdı. Eyni zamanda məclisin ədəb-ərkan qaydalarını öyrədirdi. Aşıq Pənahın məclislərdə xanəndə Qulu Əsgərov, Rübabə Muradova və d. sənətkarlarla da birgə ifa etdiyi məqamlar olub. Gözəl səsə, mükəm¬məl oxu və ifa tərzinə sahib olan aşığın “Yetim Segah”, “Zabul” muğamlarını us¬talıqla ifa etdiyini söyləyirlər.

Aşıq Pənah Salyan dram teatrında işləmiş, bir sıra rolların ifaçısı olub. “Teatrın repertuarında operalar, operettalar, musiqili komediyalar əsas yer tutduğundan yapışıqlı səsi olan Pənah həmişə baş rolların ifaçısı olub... Məhz teatr səhnəsi Pənahın qol-qanadını açıb, ona dinləyicilər qarşısında sıxılmadan, sərbəst çıxış etmək vərdişini aşılayıb. Elə ona görə də Aşıq Pənah hər məclisdə meydan açıb söz deməkdə, saz çalıb oxumaqda öz həmkarlarından sayılıb- seçilib”. “Salyan dövlət dram teatrının səhnəsinə gələndə Pənahın 18 yaşı vardı, 18-20 yaşlı bir gəncin - Pənahın Məcnun, Kərəm, Qərib, Sərvər, Əsgər rollarında inamlı və ilhamlı çıxışları sənətin sehri idi”.

S.Qəniyev Aşıq Pənahın yaradıcılığı haqqında yazır: “Sənətkarın hər bir şeirinin hər bir misrasının yükü, məna çəkisi var. O, “Sazıma vurğunam, son nəfəsimdə // Sazımı qaldırıb çalasıyam mən” deməklə bir tərəfdən öz mənəvi ka-milliyini təsdiq edir, digər tərəfdən sənətə bağlılığını poetik şəkildə bəyan edir. Bu, sənətə iddialı olmaqla bərabər, özünəinamdır. Aşıq Pənah öz aşıq kimliyinin həqiqətinə, doğruluğuna, mənasına inanır. Onun bütün həyat gücü, sənət cəsarəti bu inamdan qaynaqlanır. Bu baxımdan, aşığın “Çıxsın meydanıma özündən deyən // Nəğməmlə qalalar alasıyam mən” - çağırışı, sadəcə poetik pafos yox, sözdə, sənətdə özünü təsdiq etmiş, Azərbaycan aşıq sənətində öz cığırını, öz yolunu yaratmış bir sənətkarın mənəvi varlığının poetik manifestasiyasıdır.

Aşıq Pənahın məclislərdə ifa etdiyi dastanlardan “Qurbani”, “Abbas və Gülgəz”, “Koroğlunun Bağdad səfəri” və d. dastanlarını örnək göstərmək olar. Prof. İ.Əbilov yazır ki, “O, dastandan fraqment söyləyib, başqa mövzuya keçməz¬di, bir dastanı söyləməyə başladımı, onu axıradək son təfərrüatına qədər danış¬mamış təskin olmazdı. Məhz belə məqamda tamaşaçı-dinləyici sənətin sinkretik vəhdətindən feyziyab olardı - şirin səsli Pənaha, püxtə rəqqas Pənaha, tum giləsi boyda tazanə ilə bir orkestr təsiri oyadan ifaçı Pənaha valeh olardı və istər-is¬təməz, adama elə gələrdi ki, o, bir neçə aktyorun iştirak etdiyi meydan tamaşasına baxır. Bəli, o, sözdən və musiqidən canlı mənzərə yaratmağı bacarırdı”.

Aşıq Pənahın övladlarından heç biri atasının yolunu davam etdirməyib. Pənah sağlığında övladlarının ali təhsil almasını arzulayıb. Ustad sənətkar aşıqlıq sənətinin ağır olduğunu və bu sənətin çox çətin yollardan keçdiyini deyirmiş. Ona görə də onların bu sənəti davam etdirməməsini tövsiyə edib.

Aşıq Pənah uzun müddət Salyan şəhər mədəniyyət evi nəzdindəki “Kür” aşıqlar birliyinə rəhbərlik edib, bölgədə aşıq sənətinin yayılması, inkişaf etməsi üçün əlindən gələni əsirgəməyib. Salyan şəhər mədəniyyət evinin uzun illər rəhbəri işləmiş Yavər Cəbrayılov da Aşıq Pənahı çox böyük sevgi və hörmətlə anaraq onun haqqında ən gözəl xatirələrini bizimlə paylaşdı. Ustad aşığın fəaliyyəti dövlətimiz tərəfindən dəyərləndirilib və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Aşıq Pənahın “Saz və söz”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım”, “Sözlərimi saxla yadda” adlı əsərləri çap olunub. Ustadın qızı Aynurə Pənahqızı 2006-cı ildə “Aşıq Pənah dastanı” adlı kitabını atasının həyat və yaradıcılığına həsr edib.

Aynurə SƏFƏROVA

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 26 yanvar.- S.14.