Flora XXI əsrdə
Minilliklər ərzində bitki aləmi Yer kürəsində
həyatın mövcudluğunda, insanların qida, təsərrüfat-iqtisadi,
dərman, estetik-mədəni ehtiyaclarının ödənməsində
əvəzsiz rol oynayıb. Xüsusən
çiçəkli bitkilərin müxtəlifliyi və
gözəlliyi həmişə insanları heyran edib.
Yer üzündə təxminən 320 min məlum
çiçəkli bitkiyə əlavə olaraq, hər il elm üçün yüzlərlə yeni
növ təsvir olunur. Təbiətin bu qiymətli
sərvətinin güzgüsü olan floraya müəyyən
coğrafi ərazidə bitən bütün bitkilər
haqqında hərtərəfli bilgilər, növlərin təsviri,
illüstrasiyalar, yayılma xəritələri və
onların identifikasiyası üçün təyinedici
açarlar daxil edilir. Məhz buna görə
də flora bitki müxtəlifliyinin qiymətləndirilməsində,
müvafiq biliklərin toplanmasında, sintezində və
yayılmasında son dərəcədə vacib rol oynayır.
Bundan əlavə, floralar yerli və qlobal
kontekstdə bitki müxtəlifliyin mühafizəsi
üçün əsas kimi xidmət edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə
söyləyib. O bildirib ki, bu gün biomüxtəlifliyin azalması bir
neçə onilliklər əvvəlkinə nisbətən
daha sürətlə baş verir. Hazırda hər
gün 3-dən 130-a qədər növ birdəfəlik yox
olur və Yer üzündə məlum olan bütün heyvan və
bitkilərin təxminən 40 faizi nəsli kəsilmək təhlükəsi
altındadır. Bunun səbəbləri sırasında
yaşayış mühitinin dağılması, həddindən
artıq istismar, vəhşi (yabanı) növlərin
qeyri-leqal ticarəti, təbii və invaziv növlərin
idxalı, iqlim dəyişmələrinin güclənməsi,
ətraf mühitin çirklənməsi və s. göstərilə
bilər.
Biomüxtəlifliyin mühafizəsi üzrə tədbirləri
qanunvericiliklə müəyyən etməzdən əvvəl
cari vəziyyəti monitorinq yolu ilə dəqiq öyrənmək,
müşahidələr aparmaq və dəyişiklikləri sənədləşdirmək
lazımdır. Belə ki, flora və
yığılmış məlumatların geniş floristik
paylanması qanunvericiliyə töhfə verərək, nəsli
kəsilməkdə olan bitki növlərinin
“Qırmızı siyahısı” üçün empirik baza
yaradır. Bu gün cəmiyyətin
floralara dair gözləntiləri son dərəcə yüksəkdir.
Onlar elmi-texniki standartlara uyğun olmaqla siyasi,
qanunvericilik, inzibati tədbirlər və təbiəti
mühafizə sistemləri üçün informasiya təminatı
rolunu oynamalıdır.
Dünyanın əksər ölkələri floristik tədqiqatları
genişləndirməyə davam edir və botanika
kataloqlarını qiymətli milli resurslar kimi dəyərləndirirlər. Flora
haqqında materiallar təkcə ingilis dilində deyil, həm
də milli dillərdə nəşr olunur. Müasir flora kollektiv əməyin məhsulu
olmalıdır. Onun yazılması həmişə əlaqəli
və birgə proses olub ki, burada orqanizmlərin yayılma
arealları üzrə müxtəlif məlumat mənbələri
toplanır, bitkilərin coğrafiyası, taksonomiyası,
morfologiyası və digər xarakterik xüsusiyyətləri
üzrə ekspertlərin qlobal ümumi bilikləri nəzərə
alınır. İnformatika və kommunikasiya
texnologiyalarının ən yeni nailiyyətlərinə
paralel olaraq, bu proseslər son onilliklərdə
optimallaşdırılıb və sürətlənib.
Bununla bağlı mühüm addım məlumatların
toplanmasından mətn formasında
strukturlaşdırılmasına keçid olub ki, burada kəşflər,
müşahidələr və bitki təsvirləri
haqqında məlumatlar müvafiq emaldan sonra elektron bazaya daxil
edilir və beləliklə, bütün imkanlardan istifadə
edilərək şəbəkələrin təkmilləşməsi
mümkün olur.
Akademik qeyd edib ki, hələ 1980-ci illərdə Qərbdə
floristik məlumatların elektronlaşdırılması əhəmiyyətli
dərəcədə genişləndirilmişdi. Buna baxmayaraq,
məlumatların toplanması, qeydiyyatı, informasiya
axınlarının təmin edilməsi, flora
siyahılarında dərc olunmaq üçün onların mərkəzi
məlumat bazasına daxil edilməsi və işlənməsində
ciddi irəliləyiş baş verməmişdi. Xüsusən mütəxəssislər tərəfindən
yayılma xəritələrindən və bitki
siyahılarından məlumatların davamlı nəzərdən
keçirilməsi çox vaxt tələb edirdi,
çünki o zaman məlumatların dinamik sintezi, təhlili
və nəşri üçün texnologiyalar hələ
mövcud deyildi və ya çox zəif idi.
Vəziyyət 1990-cı illərdə Ümumdünya
Şəbəkəsinin qurulması və sürətlə
genişlənməsi ilə xeyli dəyişdi. Həmin
dövrdən etibarən müxtəlif dinamik bitki elektron məlumat
bazalarının yaradılması və son istifadəçilər
tərəfindən işlədilməsi mümkün oldu.
Eyni zamanda, ekspertlər məlumatların nəzərdən
keçirilməsi və əlavə olunması
üçün müəyyən versiyanı istifadə etmək
və yeniləmək imkanı qazandılar. Beləliklə, “e-flora” termini ilə
adlandırılan yeni versiyalar kağız
daşıyıcılarında olan ənənəvi floralara
nisbətən daha geniş imkanlar yaratmağa başladı.
Bir tərəfdən, dünya şəbəkəsi
müəyyən meyarlara uyğun olaraq ümumi məlumatı
(məsələn, fərdi bitki qruplarının yayılma xəritələri)
əsas informasiya ilə (müşahidə və nümunə
kolleksiyaları) əlaqədar təqdim etmək
üçün ideal platforma təklif edir. Digər tərəfdən, “e-Flora” istifadəçiləri
elektron poçt və ya birbaşa xüsusi sistem vasitəsilə
floristik məlumatlara dair qeyd və ya təklifləri daxil edə
bilir və deməli, keyfiyyətli, daim yenilənən
informasiya bazası mövcud olur. Beləliklə,
elektron floralar yalnız onların müvafiq çap olunmuş
variantlarının rəqəmsallaşdırılmasından
ibarət deyil, həm də güclü axtarış və
naviqasiya imkanları olan interaktiv informasiya sistemləridir.
V.Əlizadə bildirib ki, davamlı iqlim dəyişiklikləri
və insanın təbiətə intensiv təsiri nəticəsində
bitkilərin yayılması daim sürətlə dəyişir. Belə ki, gələcəkdə
bitki müxtəlifliyinin daim yenilənən həqiqi təsvirlərini
yaratmaq üçün floristik rabitə və informasiya
platformalarının inkişafı və
optimallaşdırılması ön plana keçəcək.
Kitab formatında klassik flora qeyri-məhdud internet
resurslarına malik peşəkar saxlanılan elektron məlumat
bazalarına getdikcə daha çox uduzur. “e-flora”lar
çap şəklində olanlardan fərqli olaraq interaktiv
axtarış naviqasiya funksiyalarını təmin edir və
çoxcəhətli məlumatların emalı
üçün əlverişlidir. Floristik məlumatlarla
bağlı yeniliklər real vaxtda hər hansı istifadəçi
tərəfindən sistemə əlavə edilə bilər.
Eyni zamanda, indidən aydındır ki, müxtəlif
məzmunlu elmi tədqiqat prosesinin sürətləndirilməsi
yüksəkixtisaslı ekspertlərin
çatışmazlığı ilə müşayiət
olunur. Aydındır ki, növbəti illərdə
bu istiqamətdə uğur qazanılması üçün
gənc tədqiqatçıların yüksək ixtisaslı
botaniklər kimi yetişdirilməsi, bilik və
bacarıqlarının müasir səviyyədə
artırılması tələb olunur.
Qeyd etmək
lazımdır ki, Azərbaycan florasının ali
bitkilərinin hərtərəfli öyrənilməsi sahəsində
akademik A.A.Qrossheymin rolu əvəzsizdir və əldə
olunan nailiyyətlər “Azərbaycan florası”nın 3 cildində
(1934-1936), “Qafqaz florası”nın 7 cildində (1939-1967),
“Talış florası” (1926) əsərində əks olunub. 1930-1960-cı illərdə Azərbaycanın bitki
örtüyünün öyrənilməsi A.A.Qrossheymlə
yanaşı, İ.İ.Karyagin, R.Rzazadə, Y.İsayev, X.Qədirov,
S.Ağacanov, R.Əsgərova, V.Hacıyev tərəfindən
davam etdirilib. Azərbaycanda bitki sistematikası
elminin tədqiqi sahəsində görkəmli rus alimi
İ.İ.Karyaginin rəhbərliyi və elmi redaktorluğu ilə
1950-1961-ci illərdə Botanika İnstitutunun alimləri tərəfindən
hazırlanmış və nəşr edilmiş “Flora
Azerbaydjana” 8 cildliyi tamamlanmış fundamental əsərdir.
Əsər bu gün də istifadə olunur və
bütün botaniklər üçün əvəzolunmaz məlumat
mənbəyidir. Daha sonrakı illərdə
floranın və bitki örtüyünün öyrənilməsinə
dair botaniki tədqiqatlar R.Əsgərova, V.Hacıyev, H.Axundov,
L.Prilipko, A.Əsgərov və digər yerli alimlər, eləcə
də xaricdən olan tədqiqatçılar tərəfindən
davam etdirilib.
Müstəqillik illərində milli dildə işlənmiş
və genişləndirilmiş Azərbaycan florasının
yeni nəşrinin hazırlanması üçün botanik
alimlərimiz bir sıra cəhdlər ediblər. Lakin uzun illər davam edən
iş alimlərin dünya məlumat bazalarına
çıxışının olmamasına və bir sıra
taksonların adlarının nomenklatur dəyişikliklərə
uğradığına görə uğursuzluqla nəticələnib.
Bu bir daha onu sübut edir ki, sistematik və
nomenklatur tədqiqatlar davam etdiyi üçün botaniki adlar
və ranqlarda dəyişikliklər nəticəsində məlumatların
yenidən toplanması və təftişi heç vaxt bitmir.
Buna görə də bütün botaniki
adların indeksləşdirilməsi və elektron sistemlərin
yaradılması yolu ilə bu bitkilərin mövcud təsnifatının
və nomenklaturasının asanlıqla yenilənməsini təmin
etmək zərurəti yaranıb.
“BMT-nin Bioloji Müxtəliflik
Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi
üzrə Qlobal Strategiyasının 1-ci hədəfinə
görə, bitkilərin mühafizəsi üçün əsas
tələblərdən biri geniş yayılmış
bütün məlum bitki növlərini ehtiva edən
floranın mövcud olmasıdır. Bunun
üçün Strategiyanın həyata keçirilməsini
təşviq etmək və 2020-ci ildən sonrakı digər
hədəflərə çatmaq üçün bir sıra
qlobal təşəbbüslər irəli sürülüb.
2012-ci ildən GSPC-1-in tapşırığına cavab olaraq,
“Dünya florası” onlayn beynəlxalq layihəsi bütün
bitki növlərinin mövcud biliklərə və
müxtəlif nəşrlərə və onların yenidən
işlənmiş variantlarına əsaslanan veb-məcmuələrinin
yaradılmasını, həm də
araşdırılmamış regionlarda az tanınan bitki və
bitki qrupları haqqında yeni məlumatların
toplanmasını tələb edir. 2014-cü ildən
etibarən “Dünya Florası Onlayn Konsorsiumu”nun bərabərhüquqlu
üzvü olan Botanika İnstitutu həmin vaxtdan Azərbaycanın
“e-flora”sının hazırlanması istiqamətində məqsədyönlü
işlər aparır. Bu məqsəd çərçivəsində
Azərbaycan florasının
inventarlaşdırılmasının ilkin əsası kimi,
ABŞ-ın Missuri Botanika bağı ilə birgə
tropicos.org veb-bazasında Azərbaycanın onlayn taksonomik
resurslarının və onlayn florasının yeniləşdirilməsi
mexanizminin işlənib-hazırlanmasına
başlanılıb. Bu çərçivədə Azərbaycan
florasının təbii, ksenofit və adventiv vaskulyar
(damarlı) bitkilərinin mövcud müasir təsnifat və
nomenklaturaya uyğun məlumat siyahısı tərtib olunub.
Müvafiq bitki qruplarının son filogenetik və sistematik tədqiqatlarının
nəticələrinə əsasən 28 taksonla bağlı
nomenklatur dəyişikliklər aparılıb. COVID-19
pandemiyası ilə əlaqədar mövcud karantin şəraitində
məlumat siyahısının “Azərbaycanın
çiçəksiz ali bitkiləri” adlanan 1-ci cildinin yalnız
elektron versiyası işıq üzü görüb. Bu cilddə ilk dəfə olaraq Azərbaycan
florasının çiçəksiz ali bitkilərinə aid
bütün ədəbiyyat məlumatları ümumiləşdirilib
və təhlil edilib, onların öyrənilmə dərəcəsi
dəqiqləşdirilib, molekulyar filogenetik tədqiqatlara və
müasir nomenklaturaya əsasən taksonomik bölgüsü
hazırlanıb, taksonların sinonimləri, həyat
formaları, fenologiyası və botaniki-coğrafi rayonlar
üzrə yayılması qeyd olunub. Müasir nomenklatur dəyişiklikləri
nəzərə alan təftiş nəticəsində sporlu
vaskulyar bitkilərin 17 fəsilə və 30 cinsinə aid 97
taksonunun, çılpaqtoxumluların isə 5 fəsilə və
20 cinsə aid 56 taksonunun siyahısı tərtib edilib. Həmçinin
Azərbaycanın çiçəksiz damarlı bitkilərinin
nadirliyi və endemik statusu haqqında məlumatlar təhlil
edilib. Burada Botanika İnstitutunun herbari fondunda və virtual
dünya herbarilərində saxlanılan nümunələrdən
əldə edilən məlumatlar təhlil olunub", - deyə
akademik Validə Əlizadə bildirib.
Xalq
Cəbhəsi.- 2020.- 30 aprel.- S.15.