Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı
1-ci yazı
Müasir Krım-tatar ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cengiz Dağcı 9 mart 1919-cu ildə Krımın Qurzuf qəsəbəsində anadan olub. Onun atası Əmir Hüseyn Dağcı əslən Krımın Qızıldaş kəndindən olsa da (indiki Krasnokamensk) bərbərlik peşəsi səbəbindən Qurzufda işləmiş və bir müddət sonra ailəsi ilə birlikdə Qızıldaşa qayıdıb.
Çengiz Dağcı xatirələrində atası Əmir Hüseyni və anası Fatma xanımı zəhmətkeş, çalışqan insanlar kimi xatırlayıb. O, uşaq yaşlarından oxumağa, yazmağa həvəsli olub. Kiçik əmisi Seyid Ömərin türk yazıçısı Ömər Seyfəddindən ona hekayələr oxuması onun ədəbiyyata marağını xeyli artırıb. 1927-ci ildə Krımda baş vermiş güclü zəlzələnin yaratdığı fəsadlar Çengiz Dağcının ailəsinə də təsir göstərib, ailənin maddi çətinlikləri xeyli artıb. 1931-ci ildə Çengiz Dağcının atası Əmir Hüseyn heç bir günahı olmadan həbs edilib. Bu dövrdə onun əmisi Osman Dağcının əmlakı əlindən alınıb, digər əmisi Mustafa Dağcı isə Qızıldaşdan sürgün edilib. Çengiz Dağcının atası 6 ay həbsdə olduqdan sonra azadlığa buraxılmış və doğma kəndi Qızıldaşa yox, Ağməscidə gəlib. Əmir Hüseyn burada bir otaqlı ev kirayələyib və çox keçmədən ailə üzvlərini də oraya gətirib. Çengiz Dağcı 1936-cı ildə Onikinci Nümunə məktəbinə qəbul edilib və 1938-ci ildə buranı bitirdikdən sonra Krım Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə biliklərə dərindən yiyələnib və millətinin tarixi və taleyilə yaxından maraqlanıb. Onun ixtisasca həkim olan ata qohumu Zəminə Dağcının zəngin kitabxanasında olan milli tarixlə bağlı kitablarla tanış olması, əmilərinin Türkiyə və Avropa təəssüratlarına qulaq asması və s. Çengiz Dağcıda milli duyğuların genişlənməsinə böyük təsir göstərib.
İnstitut illərində Çengiz Dağcının bədii yaradıcılığa meyli artıb və Krım-tatar Yazıçılar Birliyinin orqanı olan “Ədəbiyyat məcmuəsi”ndə şeirləri çap olunmağa başlayıb. O, 1940-cı ilin dekabr ayında ordu sıralarına çağırılıb. Orduya getdiyi zaman M.Qorkinin “Ana” romanını və Qabdulla Türkayın şeirlər kitabını da özü ilə götürüb. Çengiz Dağcı 9 avqust 1941-ci ildə Buq çayı sahillərində almanlara əsir düşüb və Kirovoqrad əsir düşərgəsinə aparılıb. O, sonralar düşərgədə insanlara verilən işgəncəni, aclıqdan, soyuqdan, xəstəlikdən ölən insanları, almanların əsirlərlə amansız rəftarını və s. ürək ağrısı ilə xatırlayıb. Təsadüf nəticəsində bir alman zabiti tərəfindən onun komandanlıq binasına xidmətçi təyin edilməsi Çengiz Dağcını amansız işgəncələrdən xilas edib. O, xatirələrində qeyd edirdi ki, nə qədər ağır olsa da, heç olmasa mən doyunca çörək yeyir və normal yataqda yata bilirdim.
Çengiz Dağcı 10 mart 1942-ci ildə hərbi düşərgədən çıxarılaraq SSRİ-yə qarşı vuruşmaq üçün almanlar tərəfindən yaradılmış Türküstan legionuna daxil edilir. O, 1942-ci ilin aprel ayında Polşanın paytaxtı Varşava şəhərindən təxminən 30 km məsafədə yerləşən Legionova qəsəbəsinə aparılır. Burada Türküstan legionuna daxil edilən əsasən türklərdən ibarət (Azərbaycan, qazax, türkmən, özbək, tatar, qırğız) əsirlərin sovet hərbi formaları köhnə alman hərbi formaları ilə dəyişdirilir. Çengiz Dağcı ali təhsilli olduğu üçün komandir vəzifəsinə təyin edilir və komandir kimi altı aylıq kursa göndərilir.
Bu müddətdə o, ailəsini görmək məqsədilə Krıma getmək üçün alman komandanlığına ərizə ilə müraciət edir. Ərizəsinə müsbət cavab alan Çengiz Dağcı Krıma gedir. Alman işğalına məruz qalan Krımı görmək onun üçün ağır olur. Çünki döyüş zamanı çox şey dağıdılmış və məhv edilmişdi. Buna görə də o, xatirələrində alman işğalının Krım üçün rus işğalından daha amansız olduğunu qeyd edir. Bir həftəlik icazə müddəti bitdikdən sonra Çengiz Dağcı geri qayıdır. Bu onun Krım ilə sonuncu görüşü olur. 1942-ci ilin sonlarında əksər cəbhələrdə sovet qoşunlarının alman ordularına qalib gəlməsi Türküstan legionunun fəaliyyətini əhəmiyyətsizləşdirməyə başladı. Buna görə də alman komandanlığı Türküstan legionunu sərbəst buraxmaq məcburiyyətində qalır. Çengiz Dağcı bundan sonra Polşada almanlara qarşı gizli təşkilatda çalışan Regina Kleszko adlı bir xanımın köməyi ilə müxtəlif yerlərdə gizli şəkildə yaşamağa başlayır. Sovet qoşunlarının Varşavaya yaxınlaşması səbəbindən Çengiz Dağcı Frankfurt şəhərinə gedir. 1944-cü ilin avqustunda o, Berlin şəhərinə gəlir. Berlində çıxan “Milli Türküstan” jurnalında şeirlərini nəşr etdirir. Çengiz Dağcı Polşada tanış olduğu Regina Kleszko ilə Berlində görüşür. Onlar əvvəlcə Vyanaya, daha sonra Romaya gedirlər. Çengiz Dağcı 18 iyun 1945-ci ildə Romada Regina xanımla hər biri öz dinində qalmaq şərti ilə kəbin kəsdirir. O, 1946-cı ilin oktyabrında xanımı və bir yaşlı qızı Arzu (Ursula) ilə birlikdə Şotlandiyaya gedir. Bir neçə aydan sonra isə Londona gələn Çengiz Dağcı Türkiyədə yaşamaq icazəsi almaq üçün Türkiyə konsulluğuna müraciət edir. Lakin Türkiyədə qohum-əqrəbasının olmaması səbəbindən Türkiyə konsulluğu onun müraciətini qəbul etmir. Londonda təsadüfən tanış olduğu bir şəxsin köməyi ilə Kiprli türkün restoranında qabyuyan kimi işləməyə başlayır və Şotlandiyadan ailəsini yanına gətirir. O, həyat yoldaşı ilə birlikdə ağır zəhmətlə qazandıqları pullar hesabına 1953-cü ildə Londonda birinci mərtəbəsi restoran olan ev alır və bundan sonra ömürlük olaraq onun taleyi Londonla bağlanır.
Çengiz Dağcı bir daha doğma yurdu Krıma, ümid yeri bildiyi Türkiyəyə gedə bilməsə də, ömrü boyu hər iki məkanı həsrətlə xatırlayır. Xüsusilə doğmalarının taleyi onu daim düşündürüb. O, yalnız ömrünün son çağlarında ailə üzvlərinin taleyi haqqında bəzi məlumatları əldə edə bilib. Çengiz Dağcı çox sonralar öyrənib ki, atası Əmir Hüseyn 1954-cü ildə, anası Fatma xanım isə 1964-cü ildə sürgündə vəfat ediblər. Yazıçı eyni zamanda böyük qardaşı Midatın, bacısı Hatinın də sürgündə öldüklərini, digər bacısı Zeynəbin sürgündən doğma Krıma qayıtdıqdan sonra vəfat etdiyini öyrənə bilib.
13 yanvar 1998-ci ildə yazıçının həyat yoldaşı Regina xanım vəfat edir. Çengiz Dağcı 53 illik vəfalı ömür-gün yoldaşını müsəlman qaydası ilə dəfn etdirir. Çengiz Dağcı həyat yoldaşının ölümünü kədərlə qarşılayıb, yüksək hörmətinin ifadəsi olaraq xanımının əyləşdiyi kresloda heç kimin əyləşməsinə icazə verməyib, yaşadığı otağı onun şəkilləri ilə bəzəmiş və onunla bağlı “Regina” adlı xatirələr kitabını (İstanbul, Ötüken, 2000) çap etdirib.
Ömrü boyu Türkiyəyə gedə bilməyən, lakin bütün əsərlərini Türkiyə türkcəsində (şeirləri istisna olmaqla) yazan Çengiz Dağcı yaradıcılığı Türkiyədə mövcud olan əksər dövlət və özəl təşkilatları tərəfindən yüksək qiymətləndirilib. 1988-ci ildə onun “Anama məktublar” romanı Türkiyə Yazarlar Birliyi tərəfindən ilin ən yaxşı romanı kimi qiymətləndirilib. Yazıçı 1993-cü ildə “Türk dünyası ədəbiyyatına xidmət”, 1997-ci ildə “İlin mədəniyyət adamı”, 2001-ci ildə “Beynəlxalq türk mədəniyyətinə xidmət” mükafatlarına layiq görülüb.
Çengiz Dağcı 1999 və 2005-ci illərdə Türkiyə Mədəniyyət Nazirliyi və 2009-cu ildə Türkiyə Baş Bakanlığı tərəfindən Türkiyəyə rəsmi şəkildə dəvət olunsa da, səhhətindəki problemlər, o cümlədən təyyarəyə minmək qorxusu səbəbindən bu ölkəyə gələ bilməyib.
Çengiz Dağcı 22 sentyabr
2011-ci ildə 92 yaşında
Londonda vəfat edib. Türkiyə Cümhuriyyətinin
o zamankı Xarici İşlər naziri Əhməd Davudoğlunun
Ukrayna dövlətinin
rəsmiləri ilə
apardığı tanışlıqların
nəticəsində Çengiz
Dağcı vəsiyyətinə
uyğun olaraq 69 il öncə ayrıldığı (1942) doğma
kəndində dəfn
edilib. Dəfn mərasimində Türkiyə dövlətinin
nazirləri, millət
vəkilləri, görkəmli
elm və ictimai xadimləri, bir çox beynəlxalq ictimai qurumların, o cümlədən Ukrayna dövlətinin nümayəndələri
və s. iştirak edib.
Çengiz Dağcının bədii
yaradıcılığı kifayət qədər zəngindir. O, yaradıcılığa
şeirlə başlayıb.
Krım türkcəsində yazılmış
bu şeirlərin çox hissəsi müxtəlif səbəblərdən
əldə olunmayıb.
Bu şeirlərin çoxu
ya çap olunmaq üçün göndərildiyi redaksiyalarda
qalıb, ya çap olunduğu jurnal indiyə qədər müəyyənləşdirilməyib,
ya da ev şəraitində
itib-batıb. Kiçik yaşlarından
şeir yazmağa ruhlanan Çengiz Dağcıda poeziyaya xüsusi maraq Onikinci Nümunə məktəbində təhsil
aldığı illərdə
daha da güclənib.
Həmin
məktəbin ədəbiyyat
müəllimi Safiye Akimovanın Çengiz Dağcıya təsirini xüsusi qeyd etmək lazımdır.
Çengiz Dağcının əldə olunan ilk şeiri 1936-cı ildə
yazdığı “Qış”
adlı şeiridir.
Bu şeir onun
müəllimi tərəfindən
“Gənclik” jurnalına
göndərilib və
şeir həmin jurnalda dərc olunub. Çengiz Dağcı bundan xeyli ruhlanmış və bir-birinin ardınca “İxtiyar nənə və keçisi” mənzum hekayəsini, “Kantardan keçən tramvay”, “Gül və bülbül” şeirlərini
yazıb, eyni zamanda Əlişir Nəvainin iki şeirini Krım türkcəsinə tərcümə
edib. Bu dövrdə
o, görkəmli rus ədibləri Puşkin,
Yesenin, Mayakovski və Posternakın
əsərlərindən daha
çox təsirlənib.
Keçən əsrin
30-cu illərinin sonlarında
sovet ideologiyasının
təsiri altında qələmə alınan
“Bahar səhəri”, “Gəldi bahar”, “Quşların nəğməsi”,
“Kənd axşamı”,
“Sis” və s. şeirləri
Krım-tatar Yazıçılar
İttifaqının orqanı
olan “Ədəbiyyat məcmuəsi”ndə dərc
olunub. Bu şeirlərdə
təbiət təsviri
ilə yanaşı, xoşbəxt gələcəyə
inam hissləri daha çox yer alır.
Çengiz Dağcının 1939-cu ildə yazılmış
“Sevdiyim Yalta”, “Kənd”
və “Dağlar” şeirlərində təbiət
təsvirləri fonunda
yurd sevgisi, torpağa, vətənə
bağlılıq və
s. cəhətlər özünün
bədii ifadəsini tapa bilib. “Sevimli Yalta” şeirində
aydın şəkildə
görünür ki, vətən şairin ruh mənbəyidir.
O, vətənə bütün
varlığı ilə
bağlıdır. Bu səbəbdən
qədim tarixi olan vətəninə, əcdadlarının uyuduğu
müqəddəs torpağa
heyranlıq ifadə edir, onun şərəfini
uca tutur:
Keçmişler bu yerge tarihler yazdı,
Soyuma-sopuma mezarlar kazdı.
Baq, bu gün evladın
bir ahenk sozdı,
Anamsın, babamsın, sevdiyim
Yalta!
Dağları tezekli, dağları
çamlı,
Dağından suv aqar şerbetten
damlı.
Bu topraq şerefli, bu topraq namlı
Ne güzel yaraştın, sevdiyim Yalta!
Lakin ədəbi
məclislərin birində
“Sevdiyim Yalta” şeirinə
görə Çengiz
Dağcı tənqid
olunmuş və bu tənqid şairi xeyli mütəəssir edib. Krım-tatar
Yazıçılar İttifaqının
orqanı olan “Ədəbiyyat məcmuəsi”nin məsul işçisi Əşrəf
Şəmizadə yaradıcı
insanlar üçün
tənqidin gözlənilən
olduğunu bildirib və ona ruhdan
düşməməyi məsləhət
görüb. Həmişə
təbiət gözəlliklərindən
və şərəfli
keçmişindən ilham
alan şair
“Kənd” şeirində
bir tərəfdə vətən gözəlliklərini
tərənnüm edir,
digər tərəfdə
isə millətinin şərəfli tarixindən
qürur duyur:
Bayırlar bağrında yerleşken
bağları,
Ne güzel körüne
sefalı dağları.
Er aqşam qoynunda bulutlar geceley,
Bol suvlu özenler sizlerni erkeley.
Yigitler toplanıp haytarma aylansa,
Ya horan tepip de qızlarğa baylansa,
Hayalın quş olıp köklerde dolanır.
Olardan şairnin
qalemi ruh alır.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 7 aprel.-
S.14.