Krım-tatar ədəbiyyatı: Cengiz
Dağcı
2-ci yazı
“Dağlar” şeirində ictimai-siyasi motiv daha güclüdür. Bu səbəbdən şeirdə ictimai-siyasi tərz təbiət abidəsi olan dağların vəsfindən, gözəlliklərin tərənnümündən önə keçir. Şeirdə dağlar daha çox tarixi proseslərə, siyasi gərginliklərə, müharibələrə və s. hadisələrə şahid obraz simasında təqdim olunur. Bu şeirin alt qatında Çengiz Dağcı sətiraltı mənada yaşadığı dövrün siyasi proseslərindən doğan fəlakətləri də ifadə etməyə çalışıb:
Bir zaman
kalbinye sarıldı tuman
Okürdi, ağladı, boran, yel, tufan.
Ulısız,
ulısız şerefli dağlar,
Keçmişnin eykeli güneşli dağlar.
Gənclik illərindən başlayaraq Çengiz
Dağcının qəlbi hürriyyət atəşi ilə
yanmış, ruhuna Türküstan ideyaları hakim kəsilib. Şairin
1941-ci ildə cəbhədə olarkən yazdığı
“Veriniz atamın qılıncın mənə” şeri milli
ideyaların əksi baxımından xarakterikdir. Burada
şair azadlıq atəşi ilə yanan, əlində
qılınc tutaraq döyüş meydanına atılan igid
bir türk qəhrəmanı təsiri
bağışlayır:
Qalbimde
huriyyet ateşiyana,
Beriniz
atanın qılıçın mana!
Atımnı
sureyim qanlı meydana,
Beriniz
atanın qılıçın mana!
Beriniz!
Tökülgen qanğa qan içün,
Günahsız
yurtumda ölen can içün,
Keçmiş
ve gelecek nam ve şan içün
Beriniz
atamnın qılıçın mana!
Çengiz Dağcının 1944-cü ildə
yazdığı “Ulduz” şeirində kədər, dərd,
qürbət, iztirab, həsrət motivləri əsas yer tutur. Çox
güman ki, şeir şairin Almaniyanın müxtəlif şəhərlərində
olduğu zaman yaşadığı ağrı-acılardan
doğan təəssüratlar nəticəsində qələmə
alınıb. Çengiz Dağcı
şeirdə ulduzu müraciət obyekti kimi seçir.
Ulduz həyatın, işığın, ağ
günün rəmzidir. O, eyni zamanda şairin tale
ortağıdır. Şeirdə şairlə
ulduzun həyatında bir paralellik görünür. Şair şeirdə ulduzu özünə həm də
dərd ortağı kimi seçir. Ona “dərdli
ulduz” deyə müraciət edərək daim
parlamasını, yanmasını, ətrafa işıq
saçmasını arzu edir. Şeir qürbətdə
yaşayan şairin haraylarını, onun dərd, kədər,
arzu və istəklərini əks etdirmək baxımından
xarakterikdir:
Mahzun
yıldız, dertliyıldız, sönmey tur!
Sönme, yıldız, azaçıq yal alayıq.
Belki
artıq küneş doğar, sönmey tur,
Sönme, yıldız, yolumızı bulayıq.
Dertli
yıldız, men de, men de dertliyim,
Sen sönersin dert ortağın qalacaq
Sen sönersin, yıldız, menim gönlüme
Gece-kündüz qaranlıqlar dolacaq.
Bizden
başqa barmı dersin, ey yıldız,
Gece doğıp yer yüzünü körmegen?
Bizden
başqa barmı dersin, ey yıldız
Cefa körip, yer sefasın sürmegen?
“Ulduz” şeiri vətəndən ayrı düşən
şairin qəriblik harayının və qəriblik kədərinin
ifadəsi baxımından Çengiz Dağcı poeziyasında
əhəmiyyətli yerlərdən birini tutur.
Şairin 1946-cı ildə Londonda qələmə
aldığı “Krım məni anarsanmı” şeirində də
mövzu yurd həsrəti ilə bağlıdır. Bu şeir
Çengiz Dağcının Londona gəldiyi ilk günlərdə
yazılmışdır. Şeirin əvvəlki bəndində
gözəl bir təbiət təsviri verilib:
Küneş
batar, suküt bulur göl, irmaq, çay,
Tuman yatar
topelernin arqasına...
Lakin sonrakı bəndlərə kədər motivi hakim
kəsilir. Belə ki, şeirin əvvəlində vətən
gözəlliklərini əks etdirən şair sonradan “dərdli
gecələrin sirdaşına dönərək vətənində
günəşin doğmasını, özünün isə
vətən torpağında hər an anılmasını
arzulayır. Lakin səmasında “gün
doğmayan” Krım şair üçün geniş mənada
vətən dərdinə, vətən həsrətinə
çevrilir.
Qeyd etmək lazımdır ki, Çengiz Dağcı
poeziyasında vətən əsasən baş obraz rolunda
çıxış edir. Onun nəsrində də
bu cəhəti müşahidə etmək
mümkündür. Əlbəttə, bu səbəbsiz
deyil. Təbii olaraq 92 illik ömrün 21 ilinin doğma vətəndə
- Krımda, 71 ilinin isə qürbətdə
yaşanılması bu sənətdə millilik
idealının hakimliyini xeyli gücləndirib. Onun həyatının
Krım dövrü az olsa da, uzun illərin
qəribçiliyi və vətən həsrəti
yazıçının həyatında dərin izlər
buraxa bilib. Çünki ömrünün 21 ilini (1919-1940)
Krımda, təxminən 6 ilini (1941¬1946) cəbhə, əsir
düşərgəsi və müxtəlif yerlərdə, 65
ilini (1946-2011) Londonda keçirən Çengiz Dağcı həyatı
boyu ilk növbədə yalnız Krımı
düşünüb, Krımın ictimai-siyasi gərginlikləri
onu hər zaman narahat edib. Belə ki, 1920-ci ildə Krımda
Sovet hakimiyyətinin qurulması, 1929-cu ildə insanların əmlakının
əlindən alınaraq müflisləşdirilməsi,
1931-1933-cü illərdə dəhşətli
aclığın baş verməsi, 1933-1938-ci illərdə 40
mindən çox Krım türkünün Ural ətrafı
diyarlara köçürülməsi, Krımda milli məktəb
və mədrəsələrin bağlanması, məscidlərin
dağıdılması, tatar dilinin
sıxışdırılması, latın əlifbasından
kiril əlifbasına keçilməsi, 1941-ci ildə
Krımın Almaniya tərəfindən işğal
olunması və s. hallar qədim türk diyarı olan
Krımda yaşayan hər bir insanın həyatına
olduğu kimi, Çengiz Dağcının da həyatına təsirsiz
ötüşməyib. Təbii olaraq sonrakı
proseslər də istisna deyildir. Tarixin müxtəlif
dönəmlərində siyasi, milli-mənəvi təzyiqlərə
məruz qalmış, azadlığı əlindən
alınmış, dili, dini
sıxışdırılmış, sürgünlərdə
min bir əzab yaşamış Krım türklərinin taleyi
Çengiz Dağcını ömrü boyu narahat edib,
soydaşlarının haqq səsini dünyaya
çatdırmağı özünə borc bilib. Bu yolda o, qələmini mübarizə silahına
çevirmiş, milli məsələlərə münasibətdə
daha çox real tarixə və şəxsən
özünün şahidi olduğu hadisələrə önəm
verib.
1946-cı ildən etibarən Çengiz
Dağcının poeziya yaradıcılığı nəsr
yaradıcılığı ilə əvəzlənir. Yazıçı
nəsrə keçidinin səbəbini belə izah edir ki,
“bizim xalqımızın faciələri o qədər
böyükdür ki, onları şeirlə əks etdirmək
və şeirlə anlamaq çətindir”.
Çengiz Dağcının nəsr yaradıcılığı
kifayət qədər zəngindir. O, nəsr əsərlərini demək
olar ki, 1946-cı ildə Londona köçdükdən sonra qələmə
alıb. Ona görə də qəriblik həyatı
yaşayan, ömrü boyu vətəninin istiqlalını
düşünən yazıçının Londonda
yazılmış əsərlərində əsasən
türk milli-mənəvi ideallarının əksi
aparıcı mövzulardan birinə çevrilib.
Çengiz
Dağcının yaradıcılığında hekayələrinin
sayı romanları ilə müqayisədə az
olsa da, həmin hekayələr həm mövzu, həm də
ideya baxımından yüksək dəyərə malikdir.
Yazıçının 1974-1980-ci illərdə çap olunmuş
“Sən Haluksan?”, “Gözəlin doğumu”,
“Yıxılmış dünya”, “Qara günlərdən”,
“Qaç, Haluk, qaç”, “Həyat tapmaca kimi bir şeydir”,
“Suların üstündə üzən səadət çələngləri”,
“Nəfəsimlə kəsib paylaşdıq çörəyimizi”,
“Beşiyin içərisindəki kölgə” adlı silsilə
hekayələrinin məzmunu müxtəlif olsa da, həmin
hekayələrin hamısının qəhrəmanı
krımlı Haluk Topkayaçı adlı bir şəxsdir. Müəllif 9 hekayənin baş qəhrəmanı
olan Halukun simasında öz ideallarını gerçəkləşdirib,
millətinin azad və xoşbəxt gələcəyinə
inam nümayiş etdirib. Onu da qeyd edək ki, Haluk həm
də yazıçının “ Badam
budağına asılı körpələr” romanının
obrazlarından biridir.
“Sən Haluksan?” hekayələr silsiləsinin birincisidir. Haluk
Topkayaçı almanlar tərəfindən işləmək
üçün Almaniyaya göndərilir. O, əvvəlcə
dəmiryolunda, sonra isə elektrik firmasında işləyir. Moabitdə elektrik firmasında işləyərkən
Anna adlı bir polyak xanımla evlənir. Əsirlik
həyatı mənəvi baxımdan onların hər ikisini
sarsıdıb. Haluk qorxur ki, mənəvi
və fiziki əzablar ona öz kimliyini unutdursun. Buna görə o, öz keçmişi ilə
bağlı yazılar yazır. Onları
bir şüşə qabda gizlədir ki, itib-batmasın.
Haluk bununla təsəlli tapır. Ona elə gəlir ki, bu yolla kimliyini,
keçmişini mühafizə edəcək. Çengiz Dağcı hekayədə Halukun
simasında ömrünü qürbətdə keçirən,
vətən həsrəti ilə yaşayan, azad vətənin
azad insanları olmaq istəyənlərin ümumiləşdirilmiş
obrazını yaradır. Yazıçı
Halukun həyatının sonrakı dövrünü “Gözəlin
doğumu” hekayəsində davam etdirir. Bu
hekayədə Haluk keçmişi xatırlayarkən ilk
növbədə almanlara əsir düşdüyü vaxt
yadına düşür. Özünün
necə həbs olunması və tutulanlar arasında olan
Krımın Dəmirçi kəndinin yaşlı sakini ilə
söhbətləri hekayənin əsas məzmununu təşkil
edir. Almanlar tərəfindən həbs
olunanların müvəqqəti saxlanıldıqları hamam
binasından çıxarılaraq dəmiryol vağzalına
gətirilməsi, onların əzab-əziyyətləri və
digər hadisələr isə “Yıxılmış
dünya” hekayəsində əksini tapır. Qeyd edək ki, silsilə hekayələrin
hamısında hadisələr konkret şəxslə
bağlanır və konkret məkanlarda cərəyan edir.
Çengiz Dağcı bu yol ilə taleyi müharibəyə
tuş gəlmiş Halukun həyatını daha geniş
planda əks etdirir, Halukun timsalında öz həyatının
müəyyən detallarını hekayələrin daxilinə
hopdura bilir. Məsələn,
“Qara günlərdən” hekayəsində hadisələrin əsirlərin
saxlanıldığı yerdə, “Qaç, Haluk, qaç”da
xəstəxanada və Halukun beşik əldə etmək
üçün işlədiyi bir alman həyətində, “Həyat
tapmaca kimi bir şeydir”də alman düşərgəsində
cərəyan etməsi, o cümlədən “Suların
üstündə üzən səadət çələngləri”
əsərində mövzunun əsasən Halukun yada
saldığı xatirələr üzərində, “Nəfəsimizlə
kəsib paylaşdıq çörəyimizi” və “Beşik
içərisində kölgə” hekayələrində Haluk
və Annanın həyatı ilə bağlı
düşüncələr və övladlarının xəstəliyi
ilə əlaqədar onların narahatçılıqları
və s. ətrafında əks etdirilməsi Çengiz
Dağcının həyatının müəyyən
fraqmentləri ilə üst-üstə düşür. Göründüyü kimi, Halukun baş qəhrəman
olduğu müxtəlif məzmunlu 9 hekayənin
hamısında daha çox tarixi-siyasi proseslərin və
milli-mənəvi idealların əksi əsas yer tutur.
Çengiz
Dağcının müxtəlif illərdə çap
olunmuş “Yurdunu itirən bir adamın vaxtsız əzabı”(1988), “Sonda bizim qoca ixtiyar savaşçı
da Allah rəhmətinə qovuşdu”(1990) və “Qırx
beş il Krımsız yaşadı deyə gözlərini həyata
Krımın uzağında yumacağınımı zənn
etdilər?” (1991) adlı silsilə hekayələrinin
mövzusu dövrün ictimai-siyasi hadisələri və
Krım xalqının həyatı, taleyi, mübarizəsi, adət-ənənələri
və s. ilə bağlıdır. Hər
üç əsərdə hadisələr eyni mövzu ətrafında
cərəyan etsə də, Savaşçı adı ilə
təqdim olunan baş qəhrəman yalnız əvvəlki
iki hekayədə iştirak edir. “Qırx beş
il Krımsız yaşadı deyə gözlərini həyata
Krımın uzağında yumacağınımı zənn
etdilər?” hekayəsində isə hadisələr
Savaşçının həyat yoldaşı Mələk,
oğlu Atik, Savaşçının digər
soydaşları və s. şəxslərin iştirakı ilə
davam etdirilir.
Qeyd edək ki, hər üç hekayə 2010-cu ildə
İstanbulda “İxtiyar savaşçı” adlı kitabda
çap olunub.
Maraqlıdır ki, yazıçı bu hekayələr
haqqında danışarkən onlardakı bədii dəyərin
yüksək olmasına
çalışmadığını, məqsədinin
xalqının acınacaqlı taleyini əks etdirməklə
özünün mənəvi ehtiyaclarını ödəmək
olduğunu bildirib. Hər üç hekayədə
yazıçı tarixi-siyasi proseslər daxilində yurdunu
itirənlərin faciəsini, onların vətənə
qayıtmaq ümidlərini, vətəndə ölmək
arzularını və s. qələmə alır.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 9 aprel.-
S.14.