Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı - 3-cü yazı

 

Yurdunu itirən bir adamın vaxtsız əzabı” adlı birinci hekayədə əsərin aparıcı obrazı Savaşçı müharibədən doğma Krıma qayıdarkən məmləkətinin, evinin viran qaldığını görür. O, müharibədən böyük ümidlərlə geri dönsə də, millətinin başına gətirilənlərdən sarsılır, gələcək ümidləri alt-üst olur. Savaşçı viran olmuş obasında Mələk xanımla rastlaşır. Mələk xanımın müharibədə özününbütün yaxınlarını itirməsinə baxmayaraq, o, Savaşçıda həyata qarşı inam oyada bilir. Onlar ailə qururlar.

Yazıçı hadisələrin davamında Savaşçının soydaşları ilə birlikdə pəncərəsiz vaqonlarda naməlum istiqamətə sürgün edildiyini təsvir edir. Hekayədə yol boyu işgəncələrdən, qidasızlıqdan və s. ölən insanların faciəsini yazıçı Krım tatarlarının başına gətirilən fəlakətlər timsalında ürək ağrısı ilə qələmə alıb. Qeyd edək ki, tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olmuş 1941-1945-ci illər rus-alman müharibəsi illərində Sovet dövlətinin başçısı Stalin Krım-tatarlarını almanlarla əlbir olmaqda günahlandıraraq 18 may 1944-cü ildə onların Orta Asiyaya sürgün edilməsi barədə əmr imzalayıb. Bu zaman insanların böyük əksəriyyəti heyvan daşınmaq üçün istifadə olunan pəncərəsiz vaqonlara doldurularaq Özbəkistana yola salınıb. Statistik məlumatlara görə, sürgün edilən 194155 nəfər Krım tatarının 151083 nəfəri Özbəkistana, digərləri isə UralSSRİ-nin başqa qərb regionlarına aparılıb. Sürgün zamanı ağır iqlim şəraiti, o cümlədən yerli iqlimə uyğunlaşmamaq, aclıq, işgəncə və s. səbəblərdən ölənlərin sayı 118800 nəfərə çatıb. Köçürülən ərazilərdə isə məscidlər dağıdılıb, 1945-1948-ci illər ərzində Krımda 1400-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilmiş, həmin məntəqələrə digər mənşəli insanlar köçürülüb. 1945-ci ilin 30 iyul tarixində SSRİ rəhbərliyinin göstərişi əsasında Krım Muxtar Sovet Sosialist Respublikası ləğv edilib, Rusiya Federasiyası tərkibinə əyalət kimi daxil edilib. Qədim türk diyarı olan Krım 1954-cü ildə Ukrayna, 2014-cü ildə isə Rusiyaya birləşdirilib.

Cengiz Dağcı bu mövzuda yazdığı hekayədə sürgün olunan insanların faciəsini əks etdirərkən Krım türklərinin siyasi, hərbi və mənəvi təcavüz faktına xüsusi diqqət ayırıb, onların sürgün yeri adlanan məntəqələrindəki fiziki və mənəvi əzablarını göstərməyə çalışıb. Hekayədə “Sürgün yeriadlanan, ağacı, suyu, heç bir şəraiti olmayan bu məntəqə cəhənnəmi xatırladır. Lakin bu cür fiziki və mənəvi əzablar məntəqəsində Savaşçı və Mələk xanım çox əziyyətlərə qatlaşaraq ağac əkir, bağ salır və digər abadlıq işləri aparırılar. Onların dörd oğlu olur: Alim, Alimcan, AlimgirAlimseyit. Bu adları onlar öz övladlarına xalq qəhrəmanı Alim Aydamakın şərəfinə verirlər. Alim Aydamak XIX əsrin II yarısında Çar hakimiyyəti əleyhinə mübarizə apardığı üçün Sibirə sürgün edilmiş tatarların milli qəhrəmanıdır. Müəllif Savaşçının oğluna bu adı verməsini onun öz keçmişinə, öz qəhrəmanlarına hörməti kimi göstərib, xalqının yalnız mübarizələrdən keçməklə öz haqqına qovuşacağına inam nümayiş etdirib. Bu əsərdəki hadisələr “Sonda bizim qoca ixtiyar savaşçı da Allah rəhmətinə qovuşdu” hekayəsində davam etdirilir. Bu hekayədə Savaşçı və Mələk xanımın qocalıqları, oğlanları Alimcanın Daşkənd Universitetində professor, Alimin dosent, Alimgirin mühəndis işləmələri, Alimseyitin isə tikiş fabrikində çalışması və s. cəhətlər özünə yer tapır.

Hekayədə Savaşçının öz vətəni Krıma qayıtmaq istəyi və ona vətənə dönmək üçün icazənin verilməməsi və bununla bağlı Mələk xanımın, digər şəxslərin hökumətə etiraz dolu müraciətləri maraqlı tərzdə diqqətə çatdırılır. Müəllif əsərdə Savaşçının vətənə dönmək istəyini bir insanın deyil, minlərlə Krım türkünün arzusuyurda qovuşmaq istəyi, eyni zamanda vətəndən qovulanların sürgünə etirazı kimi mənalandıra bilir. Çünki yazıçı hekayədə vətəndə yaşamaqla yanaşı, orada ölmək də xoşbəxtlikdir ideyasını ortaya atıb, bu ideyanı hər bir Krım türkünün idealı kimi təqdim edib. Ona görə də hekayədə səslənən “Krımda yaşamaq, Krımda ölmək hər bir krımlının haqqıdır” sözlərində həm yurd sevgisi əksini tapıb, həm də totalitar maraqla milli maraqların qarşılaşması fonunda tatarların itirdikləri torpaq həsrəti ifadə olunub.

Savaşçının vətənə dönüşü üçün çətinliklə icazə alındıqdan sonra onun doğma yurda gəlişi baş tutur. Savaşçı vətənə təyyarə ilə yox, qatarla gəlmək istəyir. Çünki o, sürgün olunarkən getdiyi qatar yolu ilə ona görə geri qayıtmaq istəyir ki, 45 il əvvəl sürgün olunarkən yol boyu gördüklərini, başına gələn məşəqqətləri yenidən xatırlaya bilsin. O, yol boyu qatarda ölənlərin dəfn olunduğu yerlərdə qatarı saxlatdırıb onların məzarlarını ziyarət edir. Savaşçı Krıma çatarkən onu Atik, Nümunə və nəvəsi Çora qarşılayır.

Savaşçı əvvəlcə vətəninə geri dönməyə icazə verilmədiyinə etiraz olaraq özünü yandıran krımlı qəhrəman Musa Mahmudun məzarına baş çəkir. Bundan sonra o, Qızıldaşa gəlir. Qızıldaşda bir ağacın altında oturub xəyala dalır və bir növ keçmişə qayıdaraq ömür səhifələrini vərəqləyir. Savaşçı ağacın altında xəyala daldığı yerdə dünyasını dəyişir. Onun vətənə gəlişinə icazə verilsə də, vətəndə basdırılmasına icazə verilmir. İnsanların etirazları qarşısında duruş gətirə bilməyən siyasi rejim nümayəndələri onun Qurzuf məzarlığında dəfn olunmasına razılıq verir. Etiraz mitinqində yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də fəal iştirak edirlər. Müəllif bu səhnədə totalitar rejimə qarşı milli həmrəyliyin gücünü və vətən arzusu ilə yaşayan, vətəndə ölməyi şərəf bilən insanların qələbəsini nümayiş etdirir.

“Qırx beş il Krımsız yaşadı deyə gözlərini həyata Krımın uzağında yumacağınımı zənn etdilər?” əsəri silsiləyə daxil olan üçüncü hekayədir. Əvvəlki iki hekayədəki hadisələr bu hekayədə davam etdirilir. Hekayənin aparıcı obrazı olan Mələk xanım ölümünün yaxınlaşdığını hiss etdiyi üçün Krıma aparılmasını xahiş edir. Çətinliklə də olsa, onun Krıma getməsinə icazə alınır. Mələk xanım Krıma gedir və Savaşçı kimi o da ağacın altında dünyasını dəyişir. Əvvəlcə onun da bu torpaqda basdırılmasına icazə verilmir. Lakin çətinliklə də olsa da, onun vətən torpağında dəfn olunmasına icazə alınır. Mələk xanım ölsə də coxdankı arzusu olan doğma torpağına qovuşur.

Qeyd edək ki, yazıçı hər üç hekayədə günahsız Krım tatarlarının üzləşdiyi ağır faciələri, yenilmək bilməyən yurd sevgilərini qələmə almışdır.

Cengiz Dağcı hekayələrində olduğu kimi, romanlarında da harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq bütün varlığı ilə Krım problemlərindən bəhs edib, doğma torpağına, elinə, obasına bağlı olduğunu nümayiş etdirib. Belə ki, o, 65 il yaşadığı London həyatına üç roman (“Mister Markus Burtonun iti”, “Mister Con Marplenin son səfəri” və “Oy, Markus, oy!”), 21 il yaşadığı Krım həyatına isə 10-dan çox roman (“Qorxunc illər”, “Yurdunu itirən adam”, “Onlar da insan idi”, “O torpaqlar bizim idi”, “Badam budağına asılı körpələr”, “Biz birlikdə keçdik bu yolu”, “Mənim kimi biri”, “Üşüyən küçə”, “Dönüş”, “Yoldaşlar”, “Anama məktublar”) həsr edib. Onun Krım həyatı, Krım tarixi ilə bağlı romanlarında Krım varlığı vətən və insan obrazları timsalında konkret mövzuya çevrilib, Krım türklərinin faciəli taleləri milli-bədii ifadəsini tapıb.

Bu romanların hamısını o, Krım torpaqlarından çox uzaqda yerləşən Londonda yazıb. Bu zaman Cengiz Dağcı vətən torpaqlarında gəzməsə də, vətəni ürəyində gəzdirirdi. “Qorxunc illər” romanında yazdığı kimi: “Vətənim, Vətənim! Dünyanın hansı tərəfində olursam olum, mən yaşadıqca sən də mənimlə bərabər olacaqsan”.

Cengiz Dağcının Londonda Krım türklərinin həyatı ilə bağlı qələmə aldığı ilk romanı “Qorxunc illər” (1956) adlanır. Roman Krım tatarlarının faciəli talelərini əks etdirmək baxımından xarakterikdir. Romanın məzmununu əsasən müharibə zamanı almanlara əsir düşən krımlı gənc Sadiq Turanın xatirələri, müharibə fəlakətləri, Krımın rus işğalı zamanı millətin başına gətirilən müsibətlər təşkil edir.

Qorxunc illər” romanındakı hadisələr əsasən keçən əsrin 30-40-cı illərində baş verən ictimai-siyasi proseslərlə birbaşa bağlıdır. Sadık Turan Ağməsciddə yaşayan bir ailənin oğludur. O, leytenant rütbəsində müharibəyə gedir. Müharibədə almanlara əsir düşürKirovoqrad əsir düşərgəsinə aparılır. 1942-ci ildən sonra bir daha vətənini görə bilmir. Roman İtaliyanın Roma şəhərində Sadık Turanın krımlı Cengiz adlı bir gənclə tanışlığı ilə başlayır və Sadık Turan da daxil olmaqla Türkistan legionuna cəlb edilmiş əsir əsgərlərin rus hərbi geyimlərini yandıraraq köhnə alman hərbi geyimlərini geymələri ilə başa çatır.

Müəllif Sadık Turanı milli ruhu güclü olan Krım türklərinin ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Gözləri önündə məscidlərinin sökülməsi, qəzetlərinin qapanılması, milli kimliklərinin unutdurulmasına çalışılması, latın qrafikalı əlifbalarının kiril əlifbası ilə əvəzlənilməsi, adət-ənənələrinə qadağaların qoyulması və s. halların baş verməsi Sadık Turanın mənəvi sarsıntılarına səbəb olur. Müharibə dəhşətləri, əsirlikdə yaşadığı gərginliklər onun psixoloji durumunu daha da ağırlaşdırır. Müəllif tale üzünə gülməyən Sadık Turanın həyat tarixçəsi ilə oxucunu 4 dəftərdən ibarət yazılmış xatirələr vasitəsilə tanış edir. Xatirə dəftərlərinə yazılmışlar təkcə Sadık Turanın həyatını deyil, həm də Krım türklərinin, ümumilikdə isə türk xalqlarının taleyini, kommunist anti-türk siyasətinin amansızlığını, müharibə əzablarını əks etdirmək baxımından xarakterikdir.

Sadık Turanın xatirələrində yer alan uşaqlıq dövrünün hadisələri oxucunu xeyli təsirləndirir. Xatirələrlə yaxından tanış olduqca oxucunun gözləri önündə Sadık Turanın kədərli taleyi canlanır. Belə ki, onun həyatı uşaqlıqdan qorxunc illərin burulğanında keçmiş, günahsız atası həbs olunmuş, xəstəlikdən bacı-qardaşı ölmüş, millətinin əksər milli haqları əlindən alınıb və s. Açıq-aydın görünür ki, Sadık Turanın simasında müəllif başına gələnləri qələmə almış və öz taleyini əks etdirib. Çünki əsərdə Sadık Turanın 1932-ci ildə 13 yaşında olması, atası Hüseyn ağanın günahsız olaraq həbs edilməsi, özünün müharibədə əsir düşməsi, sonrakı taleyinin qərib ölkələrlə bağlanması, qürbətdə vətən həsrəti ilə yaşaması və s. hallar Cengiz Dağcının tərcümeyi-hal faktları ilə üst-üstə düşür. Müəllif əsərdə Sadık Turanı türkçü, milliyyətçi gənc kimi təqdim edir. Onun ən böyük arzusu azad Krımın azad vətəndaşı olmaqdır.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 11 aprel.- S.14.