Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı
4-cü yazı
“Qorxunc illər” romanında Krım türkləri ilə yanaşı azərbaycanlı, qazax, qırğız, özbək olan digər türk xalqları nümayəndələrin obrazı da yaradılmışdır. Cengiz Dağcı romanda Krım türklərinin taleyini əks etdirməyi qarşısına məqsəd qoysa da, digər türk milləti nümayəndələrinin obrazını yaratmaqla paralel olaraq işğalçı siyasətin bütün türk xalqlarına eyni münasibətini və onların ağrı-acılı tale eyniliyini göstərmək istəyib. Ona görə də əsərdə krımlı Cengiz, Süleyman Mustafa, Xəlil, Ənvər və Cevdətlə, qırğız Kılıçbayın, özbək Aksakalın, Xoşnudun və azərbaycanlı kimi təqdim olunan əsgərin taleləri də, arzuları da, düşmənə münasibətləri də eyni cür göstərilir. Bu mənada “Qorxunc illər” romanı digər tərəfdən Krım türklərinin timsalında bütün türklərin faciəsini əks etdirmək baxımından xarakterikdir.
“Qorxunc illər” romanının davamı kimi qələmə alınan “Yurdunu itirən adam” (1957) əsərinin mövzusu da geniş mənada Krım hadisələri ilə bağlıdır. Romanda hadisələr Sadık Turanın həyatının əsasən 1942-1946-cı illər dövrünü əks etdirir. Sadık Turan almanların yaratmış olduğu Türküstan legionunda ruslara qarşı vuruşmağa başlayır. Onun almanlara məhəbbəti olmadığı kimi, nifrəti də yox idi, lakin almanların Türküstan dövləti qurmaq vədlərinə inamı güclü idi. Ona görə də başqa türk igidləri kimi onun da Türküstan legionunda döyüşməsi ruslara qarşı almanlara kömək məqsədi ilə yox, Türküstan dövləti qurmaq naminə idi. Onlar sinələrinə “Allah bizimlədir” sözlərini yazaraq Lejyonova şəhərinin küçələrində “Can sənə qurban Türküstan” sədaları ilə qışqırır və öz arzularına tezliklə çatacaqlarına inanırdılar. Alman zabiti Henrix Sadık Turana Krıma ailəsini görməyə icazə verir. Sadık Turan onu evlərinə gətirən faytonçudan özünün ölümü ilə bağlı ailəsinə kağız gəldiyini öyrənir. Onun sağ olduğunu görən ata-anası və qohumları xeyli sevinir. Qardaşı Bəkirin ruslarla birlikdə almanlara qarşı vuruşmaq xəbəri onu sarsıdır. Yazıçı xalqının xoşbəxtliyini müxtəlif istiqamətlərdə axtaran iki qardaşın fərqli ideologiyaların təsirində olmasını ata üçün ağır hal hesab edir: “Bilmirəm kimə ağlayım? Millətimə, yoxsa övladıma?” - kimi düşüncələrin ağrılarından əziyyət çəkən ata çıxış yolu tapa bilmir. Sadık Turanın Krıma gəldikdən sonra almanların Krımı işğalı zamanı şəhəri xarabazara çevirmələrini gördükdə almanların xoşbəxtlik payı vədlərinə inamı azalır. Rus ordusunda döyüşən qardaşı Bəkirlə gizli görüşərkən onunla danışığında Sadık Turanın özünün düşdüyü vəziyyətə acıdığının şahidi oluruq.
Görkəmli türk tədqiqatçısı İ.Kocakaplan iki qardaşın iki yad təsirlərə düşməsini Krımın bütövlüyünə xələl gətirən hal kimi dəyərləndirir: “İki qardaş arasında fərq, eyni ideal uğrunda iki ayrı düşmənə sığınan, əslində özlərinin düz əməllərinə, Krımın bütövlüyünə xələl gətirib. Bəkir və Sadıkın düşmən halına gəlmələri, onlar üzərində oynanan oyunların nəticəsidir. Krım türkləri artıq öz ailələri daxilində belə parçalanıb.”
Krım səfəri müəyyən mənada Sadık Turanın gözlərini açır. Onun almanlara əvvəlki inamı qalmasa da, Türküstan legionunda döyüşməyi davam etdirir. O, Polşada olarkən Marya adlı polyak qız ilə tanış olur. Almanların Polşa ətrafı cəbhələrdə məğlubiyyətindən sonra Sadık Turan Marya ilə Vyanaya gedir. Daha sonra onlar qatarla İtaliyaya getməli olurlar. Yolda qatarın Amerika təyyarələrinin hücumlarına məruz qalması nəticəsində onlar qatardan tullanmaq məcburiyyətində qalırlar. Qatardan tullanarkən Marya ağır yaralanır və ölür. Sadık Turan Türkiyəyə getmək istəyir, lakin onun Türkiyədə qohumlarının olmaması səbəbindən konsulluğa edilən müraciəti qəbul olunmur. O, Uruqvaya getmək üçün Romadakı Qızıl Xaç Cəmiyyətinə müraciət edir. Sadık Turanın Uruqvaya getmək üçün etdiyi müraciətə razılıq verilir. Ancaq o, azad olunsa da, vətənsiz azad olmanın heç bir mənası olmadığını yaxşı dərk edir. Cengiz Dağcı “Yurdunu itirən adam” romanının qəhrəmanı Sadık Turanın yad torpaqdakı azadlığını onun öz sözləri ilə belə mənalandırır: “İllərcə arxasınca qaçdığım hürriyyətə qovuşdum, amma içim nədən qapalı? Yurdunu itirən adam üçün hürriyyətin belə bir mənası qalmadığını indi anlayıram. İçində doğulduğum, gülüb-oynadığım yerlərdə mənim dilimdə danışılmır artıq. Bir zamanlar o torpaqlarda dilimdə danışan insanların necə olduqlarını da bilməyirəm”. Romanın son hissəsində səslənən bu fikirdə milli dövlət hüquqlarını itirən, ağır siyasi durumda yaşayan Krım türklərinin tarixi reallığa uyğun olan həyat tərzi əksini tapır.
“Onlar da insan idi” (1958) romanı Krım türklərinin faciələrini əks etdirmək baxımından Cengiz Dağcı yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutur. Müəllifin özünün də qeyd etdiyi kimi, “roman bir mənada 1937-1945-ci illər Krım və Krım tatarlarının tarixi aynasıdır”. Krım türklərinin faciələrini özünəməxsus üslubda yazmağı bacaran Cengiz Dağcı bu əsərdə də qədim türk diyarı olan Krımda baş vermiş hadisələri mövzu kimi seçib. Bu hadisələr Krımın Qızıldaş kəndində cərəyan edir. Roman qəhrəmanlarından biri Bəkirdir. Bəkir humanist, mərhəmətli, xeyirxah, insanlara inanan və onlara hörmət bəsləyən bir insandır. O, halal və rahat həyat yaşayır. Lakin İvan və Kala Mala adlı iki rusun bu kəndə gəlişi həm kəndin, həm də Bəkirin rahatlığını pozur. Düzdür, Bəkir bu kəndin ilk rus sakinləri kimi onlara qalmaq üçün tövləsinin kənarında yer verir. Amma onların kəndə gəlişindən sonra kiminin toyuğu, kiminin qoyunu və s. itməyə başlayır. Bundan sonra qıfıl görməyən evlərin qapılarına kənddə ilk dəfə qıfıl vurmağa başlayırlar. İnsanların torpaqları əlindən alınır. Bəkirin torpaqlarını ələ keçirən bu insanlar orada donuz saxlamağa qərar verirlər. Rusların həm Qızıldaşda, həm də Yaltada məskunlaşması genişlənir. Bir müddətdən sonra İvan yol çəkilişinə rəhbərlik edir. Adamları incitdiyinə görə Seyid Əlinin oğlu İvanı döyür. Bəkir isə mərhəmət göstərib onu evində saxlayır. Bəkirin torpaq və yurd sevgisi böyükdür. O, torpağı namus, qeyrət, ata və baba əmanəti hesab edir. Buna görə də bolşeviklərin torpağı insanların əlindən almasına etiraz edir. Yol çəkmək məqsədilə Quşqayanın partladılmasma etiraz olaraq sahədən çıxmır. Lakin partladılan dinamit onun bədənini parça-parça edir. Bəkirin ölümündən sonra onun evini ələ keçirirlər, torpaqlarını kolxoz mülkü kimi zəbt edirlər. Bütün kəndin torpaqları ümumiləşdirilir, kolxozlaşdırma siyasəti sürətlənir, kəndə köçürülən rusların sayı çoxalır.
Yazıçı torpaq naminə özünü ölümə atan Bəkiri Krım türklərinin ümumiləşmiş obrazı kimi yaratmış və onun simasında demək istəmişdir ki, türk üçün torpaq yurddur, milli varlıqdır, ata-baba əmanəti, namus və qeyrətdir.
“Onlar da insan idi” romanında Bəkir kimi vətənpərvər obrazlardan biri də Ənvərdir. O da bolşevik işğalının yurdu üçün gətirdiyi fəlakətlərdən və millətinin gələcəyi üçün yaranacaq yeni faciələrdən narahatdır. Oğlu Niyazinin kənddə rus avtomobili tərəfindən vurulub öldürülməsi, torpaqlarının əlindən alınması, türklərin kənddən köçürülməsi onun düşmənə olan nifrətini daha da artırır. O, ölüm ayağında həyat yoldaşı Zəminəyə üz tutaraq onun daim Krım sevgisi ilə yaşamasını, Krım türklərinin digər türk ellərinə səpələnərək düşmənin xəyanətinə, zülmünə düçar olduqlarını oradakı soydaşlara çatdırmalarını vəsiyyət edir.
Romanın sonunda insanlarının bir qismi öldürülən, bir qismi sürgün edilən qədim türk yurdu olan Qızıldaş kəndi təsvir edilir. Bu kəndin əsl sahiblərini gəlmə insanlar əvəz edib. “Oqonyok” jurnalında “Rassvet” adlı məqalənin müəllifi olan Pavlenko belə bir cənnəti onlara verdiyinə görə SSRİ dövlətinin başçısı Stalinə minnətdarlıq edir. Cengiz Dağcı əsərin sonunda Pavlenkonun məqaləsindəki sevinci onlar üçün normal hesab edir, çünki onlar da insandır. Cənnət Krıma sahib olduqlarına görə sevincləri təbiidir. Ancaq müəllif başqa bir anlamda bu sevincə təəssüf və etirazını bildirir. Axı buradan qovulan Krımın əzəli sakinləri də (yəni türklər) insan idi. Yazıçı burada haqsızların sevinci ilə haqlıların faciəsini diqqət mərkəzinə çəkir. Cengiz Dağcı sonda Allaha üz tutaraq bu torpaqlardan qovulanların, burada öldürülənlərin, buradan sürgün olunanların da insan olduqlarını kommunist rejiminin başında duranlara anlatmasını rica edir: “Tanrım, deyirəm. Onlar da insandır. Acı onlara. Özləri kimi, başqalarının da insan olduqlarını inandır onla-ra. O heyvan kimi sürülüb götürülənlər... Onlar da insan idi”.
Burada qəlbi yurd sevgisi ilə dolu olan , hazırda sevdiyi yurdu itirən, lakin əqidəsi sınmayan müdrik bir türkün nicatı Allahda axtarması təbii görünür. Bu bir tərəfdən türk humanizmi ilə bağlıdırsa (ilk mərhələdə türklər haqqını müdrik çağırışla, müharibəsiz, qansız əldə etmək istəmişlər), digər tərəfdən heç zaman azadlıq istəyini, yurd sevgisini itirməyən Krım türkünün indiki halda əsarətində yaşadığı rus imperiyasına qarşı mübarizə aparmaq iqtidarında olmamasından irəli gəlir. Cengiz Dağcının “Sonda bizim ixtiyar Savaşçı da Allahın rəhmətin qovuşdu” hekayəsinin qəhrəmanlarından biri olan vətənpərvər Çoranın oxuduğu mahnıda deyildiyi kimi:
Nə qalamız var, nə topumuz,
Nə bombamız, nə tankımız.
Yenilmək nə bilməyirik
Yurd sevgisi silahımız.
“Onlar da insan idi” romanında qoyulan problemin davamı kimi, Cengiz Dağcı “O torpaqlar bizim idi” (1966) romanında da Krım türklərinin üzləşdiyi və şəxsən özünün şahidi olduğu hadisələri qələmə alıb. Roman əsasən 1935-1945-ci illərdə Çukurca kəndində baş vermiş hadisələri əks etdirir.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 14 aprel.-
S.14.