Huşəng Cəfəri:  Dedim ki, həqq mənimkidir”

 

O, ardıcıl olaraq Azərbaycan ruhlu, soraqlı harayları ilə tanınır

 

Onun Yutubedəki çıxışlarını yəqin oxucularımız yaxşı xatırlayır: odlu-alovlu, ehtiraslı, ümidli, hiddətli haraylarında Güney Azərbaycan türklərinin durumunu çatdırır. Bu, şair, rəssam Huşəng Cəfəridir.

Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür.

“Təzadlar”a müsahibəsindən: “Suyun günahı yoxdur. Su o həzin səsi ilə ortadan keçməklə öz dərdini də bizdən gizlədir. O yaxşı bilir ki, iki Azərbaycan nə çəkir. O sakit halda axması ilə deyir ki, baxın, məndə heç bir günah yoxdur. Amma siz gərək bir-birinizi duyasınız, anlayasınız, bir-birinizi düşünəsiz. Bu baxımdan Arazda heç bir təqsir görmürəm. Heç bir su bizi bölə bilməz. Ürəyi su bölsə, ölə bilərik. Amma biz ölməmişik, deyirik, qışqırırıq, dərdimizi bağırırıq. Odur ki, belə diriyə ölüm yoxdur. O kəsin ki, fikri, düşüncəsi var, ona ölüm yoxdur. Hec vaxt mən o tay, bu tay bilmədim ki. Şəhriyar “Heydər babaya salam” poeması ilə həm o taya, həm də bu taya geniş bir qapı açıb getdi. Bəxtiyar Vahabzadə də bu taydanGülüstan” poeması ilə bir qapı açdı. Bizi burada bacı-qardaşlarımız böyük coşqu, böyük məhəbbətlə alqışlayırlar, bizləri bağırlarına basırlar. Ona görə də deyirəm ki, su bizi ayıra bilməz. Söhrab Tahirin Azərbaycan” poeması isə o taylı, bu taylı Azərbaycanın yaralı ürəyinin təsəllisidir. Bildiyiniz kimi, o tayda şairlərə həmişə bir basqı olub, biz sıxıntı yaşamışıq. Son vaxtlar duyğulu, siyasi şeirlər xeyli çoxalıb. Baxanda görürük ki, indi bu yöndə şeirlər birə yüz artıb. Artıq baxışlar dəyişib, fikirlər dəyişib. Bu gün mənim yurdum olan Zəncanda tar, kamança, qarmon çalanların sayı artıb. Bunlar Azərbaycan musiqisini, şeirini yaşadırlar. Xalqda böyük bir canlanma var. Xalq öz dilini, adətini qoruyub, saxlaya bilib ki, bu da bizi sevindirir. Görürəm ki, xalqın içinə gedəndə məni nə qədər alqışlayırlar. Deməli, xalqın yaralarına az da olsa, məlhəm ola bilirəm. Xalqımın yolunda ölmək lazımdırsa, ölərəm, amma əqidəmdən dönən deyiləm”.

***

Ötən il Türkiyənin İstanbul şəhərində doktorantura təhsili alan Güney Azərbaycandan olan miniatürçü rəssam Səba Cəfərinin Bağımsız sənət vəqfinin qalareyasında fərdi sərgi açılmış, sulu boyaakrilik boya ilə çəkdiyi kiçik, orta və irihəcmli 30 miniatürü nümayiş etdirilmişdi. Səba Cəfərinin atası Huşəng Cəfəri çıxışında biri şair, o biri rəssam olan iki qızının onun ideallarını yaşadacağından əmin olduğunu vurğulayıb, bir neçə şeirini oxuyub. Bildirək ki, Zəncan şəhərində anadan olan Səba Cəfəri qrafika sənəti sahəsində ali təhsilini orada alandan sonra İstanbuldakı Memar Sinan incəsənət universitetində magistratura təhsilini başa vurub. Yaradıcılıq işlərini İstanbulda davam etdirən Səba Cəfəri, xalq yaradıcılığı nümunələrində miniatürlərin izlərinə dair doktorluq dissertasiyası üzərində çalışır.

 

***

İndi də Huşəng Cəfərinin şeirlərini təqdim edirik:

Gecə ta subhə kimi mələdim, bilmədiniz heç,

Ürəyin qanını gözdən ələdim, bilmədiniz heç,

Gün çıxan vaxta yığışdız bir ağac kölgəsinə,

Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,

Oyanan olmadı kimsə o ağac şeyhəsinə,

yuxu, ləş-ləşin üstə kələdim bilmədiniz heç,

Qollarızdan yapışıb silkələdim bilmədiniz heç.

***

Baxdım dalısıca yar gedəndə,

Bir yolda dedim baxar gedəndə,

Baxdı qapıdan keçəndə güldü,

Bilməzdi ürək umar gedəndə,

Bağlandı dilim ürəkdən amma,

Az qaldı çəkim havar gedəndə,

Səndən sonra eşqi neynəyirən mən,

Al eşqini apar gedəndə.

***

Görürəm, əslinə qayıdır elim,

Bu elin gücünə bağlıdır belim.

O zülüm zalımın, bu, mənim selim,

Bu seldə dayanar sal, Dədə Qorqud,

Bir döyüş havası çal, Dədə Qorqud.

 

***

...Az bicəhət sözün oxuna tuşlayın məni,

Zənciri qırmışam, dəliyəm, boşlayın məni.

Bu siz, bu bizlərik, o sizin verdiyiz hüquq,

alqış istərəm, ki, xoşlayın məni.

Mən xalqımın min il yeyilən haqqın istərəm,

Öz nəfimə danışsam əgər, daşlayın məni...

 

***

Yar ağladı, mən ağladım

Yarın boyun qucaqladım,

Yar ağladı, mən ağladım.

Yığışdı qonşular bütün,

Car ağladı, mən ağladım.

 

Başında qar qalan dağa,

Danışdım ayrılıq sözün.

Bir ah çəkib başındakı,

Qar ağladı, mən ağladım.

 

Tarımda nar ağacları,

Məni görüb danışdılar.

Boyumu zeytun oxşadı

Nar ağladı, mən ağladım.

 

Elə ki, əsdi bir xəzan,

Talandı güllərim mənim.

Xəbər çatınca bülbülə.

Xar ağladı, mən ağladım.

 

Ürək sözün dedim tara,

Simlər oldu para-para

Yavaş-yavaş sızıldadı

Tar ağladı, mən ağladım

 

Dedim ki, həqq mənimkidir,

Başımı çəkdilər dara.

Tənab kəsəndə boynumu.

Dar ağladı, mən ağladım.

 

Cəfəriyəm boyum bala,

Qəm sinəmdə qala-qala,

Yar canımı ala-ala,

Yar ağladı, mən ağladım.

 

***

 

Babəkin qolları

 

Görüm zülmün evi kökdən talansın,

Tökülsün leş-leş üstündən, qalansın.

Kökündən az qalır dağ yırğalansın,

cingilti salıbsan, şanlı Babək?

"Səhənd"im tək başı tufanlı Babək!

 

Səni azadələr dildən sevərdi,

Bütün Babək deyib düşmən döyərdi.

Qolundan əlli milyon qol göyərdi,

Gözün , üz- gözü al-qanlı Babək,

"Səhənd"im tək başı tufanlı Babək!

 

"Dədə Qorqud" deyər sazlar telində,

"Koroğlu" səslənər Çənlibelində.

Gələr bir gün dilə Türklər dilində,

Deyər hər yerdə hər iranlı Babək,

"Səhənd"im tək başı tufanlı Babək!

 

Sənin eşqində bayraqlar əsirlər,

Yetiblər öz kökündə bu nəsillər.

Əlan da "Mötəsim"lər qol kəsirlər,

cingilti salıbsan, şanlı Babək?

 

Səhənd”im tək başı tufanlı Babək!

Babək kimi dur qollarını çırmala hey hey,

Türk ellərini yığmağa tonqal qala hey-hey!

Baş bölgü bölənlər sizi yaddan çıxarıblar,

Haqq almalıdır, dur yapışaq qol-qola hey-hey!

 

Qəm dev kimi dünyanı tutub ovcuna sıxdı,

Bas barmağı sinsin, boğazın parçala hey-hey!

Ay nəsli-nəsimi sizə susmaq ki, yaraşmaz,

Türk oğlu deməz ah! Dərisin soysalar hey-hey!

 

Dağlar dağılar, gər ucala nərəsi türkün,

Yazmaq günüdür, bir qələm al, saxla əlində,

Həq-həq deyib, həqq üstə verək dal-dala hey-hey!

Hər şəhridə min Babəkimiz qaldıracaq baş,

Babək qalasından yaradaq min qala hey-hey!

 

***

Turan yaratdım

 

Yenə cansızlar üstə can yaratdım,

Ənəlhəq söylədim, insan yaratdım.

 

gördün dağlara susmaq yaraşmır,

Dağ üstə dağ çəkib, vulkan yaratdım.

Uca dağlar başında qala saldım.

Yeni Babəklərə tufan yaratdım.

 

Uzaq düşmüşdüm, yurdumdan elimdən,

Qızıl Azər dedim, Zəncan yaratdım.

Dağıldım parçalanmış ölkələrdə,

Haray çəkdim, sizə üsyan yaratdım.

İtirdim Babəkin kəskin qılıncın,

türkə başqa bir Turan yaratdım.

 

***

 

Ürəyi qanlıyam, qızım

 

Mən sənin kimi başı tufanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bir ölüm çökdü könlümə, lay-lay kədər mənim,

Baxdım, qaraldı, öldü qəzavü qədər mənim,

Ömrüm kül oldu, sovrulub, oldu hədər mənim,

Bir qəlbi qanlı, sinəsi şan-şanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bax Şəhriyara, gör necə bəxtiyar olub,

Təbriz çəkibdi əl başına, Şəhriyar olub.

Zoppu Zəbi kimi kişi Zəncanda xar olub,

Zülmüm mənim əlimdə budur, zəncanlıyam qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bunlar əlaqə bağladılar, latəl-lutiyə,

Bir kimsə fərq qoymadı Kərkəsdə tutiyə.

Kim əl qoydu burda, vurubdur sübutiyə,

söz deyəm, burda kimi danlıyam, qızım?

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Burdan da özgələr kimi bir fayda görmədim,

Qeyrətlimiz çox olsa da, küt sayda görmədim.

Çox şamili olaydı, vəli ayda görmədim,

Ayda görəndə şeirimi sahmanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

***

 

Bir dili dilçəksiz, darda çəkəcəm!

 

Bir eli boranda, qarda çəkəcəm,

Bir eli baharda, barda çəkəcəm,

Bir şəkil çəkəcəm göz giləsinə,

Arzular düzülə silsiləsinə,

Bir bahar salacam qış çiləsinə,

BirLala xonçasınqarda çəkəcəm!

 

Bir dağı çəkəcəm duman içində,

Bir həqqi doğruldan güman içində,

Bir dərin baxış ki, cumam içində,

Şaxtada bir ağac barda çəkəcəm!

 

Bir seli çəkəcəm Sara boynunda,

Bir eli yardımsız, yara boynunda,

Bir dili asılı çara qoynunda,

Bir dili dilçəksiz, darda çəkəcəm!

 

Tikili bir ağız çəkəcəm buma,

Dərin bir baxış ki, fikirə cuma,

Yollayam şəkili Tehrana, Quma,

Bir elin yoxluğun varda çəkəcəm!

 

Bir işıq çəkəcəm uzaqdan atıb,

Bir dəniz çəkəcəm dənizə batıb,

Bir eli çəkəcəm min ildir yatıb,

Varlığın bilmirəm harda çəkəcəm?

 

Neyniyim, dilsiz bir baş çəkəmmirəm,

Sinəmdə ürək var, daş çəkəmmirəm,

Bir eli gözündə yaş çəkəmmirəm,

Bu elin mahnısın tarda çəkəcəm!

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 21 aprel.- S.14.