“Azərbaycan” qəzetinin səhifələrində

 

26-cı yazı

 

Azərbaycan Milli Məclisinin rəyasət heyətinin müsadirə haqqında təsdiq olunmuş qanunu

 

Azərbaycan Milli Məclisinin rəyasət heyətinin 16 fevral 1946-cı il tarixli 17-ci iclasında aşağıdakı qanun təsdiq olundu.

Birinci maddə: Aşağıda qeyd olunmuş şəxslərin bütün Azərbaycanda olan daşınan və daşınmaz əmlakı müsadirə olmalıdır.

a) Azərbaycanı tərk edib Tehranasair nöqtələrə gedib Azərbaycanın azadlığı və Milli Hökumətinin əleyhinə təbliğat aparanlar.

b) Azərbaycan xaricində Azərbaycanın azadlığı və Milli Hökumətinin əleyhinə mübarizə edənlər. Bu kimi adamlar istər azərbaycanlı və istərsə qeyri-azərbaycanlı olsunlar.

İkinci maddə: Malları müsadirə olunacaq şəxsləri müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyində bir ali komissiya təşkil ediləcəkdir. Bu komissiya Ədliyyə, Daxili İşlər, Maliyyə, Ticarət, İqtisad və Kənd Təsərrüfatı nazirlərindən və ya onların müstəqim təyin etdikləri nümayəndələrdən təşkil olunacaqdır.

Üçüncü Maddə: Daxili İşlər Nazirliyi birinci maddədə qeyd edilən şəxslərin işini bu qanunun təsdiqi tarixindən 3 ay müddətinə qədər hazırlayıb komissiyanın ixtiyarına qoymalıdır.

Dördüncü maddə: Birinci maddədə qeyd edilən şəxslərin hər birinin əmlakının müsadirəsi haqqında Daxili İşlər Nazirliyi ali komissiyaya ayrıca təklif verməlidir və bu komissiya mövzuya baxıb müşavirədən sonra öz rəyini verəcəkdir.

Qeyd: Komissiyanın əksəriyyətlə qəbul olunmuş rəyi mötəbərdir.

Beşinci maddə: Ali komissiya müsadirəni təsdiq etdikdən sonra komissiyanın rəyi Daxili İşlər Nazirliyi vasitəsi ilə icra komissiyasına təqim və bu komissiya vasitəsi ilə icra olunacaqdır.

Altıncı maddə: İcra komissiyası yerlərdə Daxili İşlər, Ədliyyə, Maliyyə, İqtisad və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrindən təşkil olunmalıdır.

Qeyd: Əgər icra komissiyasının icra əməliyyatına dair şikayət olarsa, ali komissiyaya müraciət olunmalıdır. Bu şikayət icra əməliyyatını dayandıra bilməyəcəkdir və ali komissiyanın rəyi bu barədə qətidir.

Yeddinci maddə: Ali komissiya tərəfindən rəy verildikdən sonra icra komissiyası çox tez bir zamanda müsadirəyə məhkum olan şəxslərin bütün daşınan və daşınmaz əmlakının, müvəqqəti olaraq zəbt olunmuş əmlakının siyahısını tutub Daxili İşlər Nazirliyi vasitəsi ilə ali komissiyaya göndərilməlidir. Ali komissiya bu malların satışına, saxlanmasına və ya icarəyə verilməsinə dair qərar qəbul edib lazım olan göstərişi icra komissiyasına verməlidir və icra komissiyası da bu göstərişi icra edəcəkdir.

Qeyd: Müsadirə olunan daşınan və daşınmaz əmlaka dair hər hansı satış, bağışlama və geri qaytarma halları 3 sentyabr 1945-ci il tarixindən sonra baş verərsə, batilqeyri mötəbərdir.

Səkkizinci maddə: Müsadirə haqqında ali komissiya tərəfindən verilən rəy 7 gün müddətində rəsmi qəzetdə 2 dəfə bir birinin ardınca elan olacaqdır və malları müsadirə olan şəxslər elan tarixindən bir ay müddətinə qədər şəxsən və müstəqimən Azərbaycan ali məhkəməsinə müraciət edib öz haqqlarını müdafiə edə bilərlər.

Etiraz müddətinin vaxtı qurtardıqdan sonra edilən etiraza baxılmayacaqdır.

Qeyd: Şikayət edənlər Azərbaycanda sakin olmaqlarını isbat etmək şərti ilə onların vəkil təyin etmək haqları olacaqdır.

Doqquzuncu maddə: Müsadirə olunan mallar dövlət malı hesab olunur. Bu malların satışından əldə olunan pullar dövlət büdcəsinə tökülüb və qalanları dövlət əmlakı kimi qorunub saxlanılacaqdır.

Onuncu maddə: Müsadirə olunan əkin torpaqları, otlaq, ayrı-ayrı yerlər, su (çeşmə, kəhriz, çay, bulaq) və bağlar nazirlər heyətində (kabinetində - red.) təsdiq olunmuş nizamnaməyə uyğun olaraq kəndlilərə verilməlidir.

On birinci maddə: Azərbaycan Milli Hökuməti əmlakı müsadirə olunan şəxslərin qanuni varisi tanınır, onların tərəfindən məhkəmələrdə iddia qaldıra və iddiaçı tərəfi kimi çıxış edə bilər.

On ikinci maddə: Dövlət bu qanunu icra etməlidir.

Azərbaycan Milli Məclisinin rəisi Ə.Şəbüstəri. Azərbaycan Milli Məclisinin katibi Vilai.

Təbriz. 18 fevral 1946-cı il. İcra edilsin - Pişəvəri.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbiz, say 131, 20.02.1946

***

Azərbaycan Milli Məclisinin rəyasət heyətinin xalisələrin bölünməsi haqqında qanunu

Azərbaycan Milli Məclisinin rəyasət heyətinin 16 fevral 1946-cı il tarixli iclasında xalisələrin (dövlət torpaqlarının – red.) bölünməsi haqqında aşağıdakı tək madəsi təsdiq olundu.

Tək maddə - Rza xan Pəhləvinin səltənət tarixindən 12 dekabr 1945-ci ilə (21 azər) qədər Azərbaycanda olan istər başqasına satılmış (yenidən alınmış və ya alınmamış) və istər zəbt olunmuş kənddəki xalisə (dövlət torpaqları – red.) ərazisi və sular (çay, çeşmə, kəhriz və bulaq) bütünlüklə o kəndlərdə yaşayan kəndlilər arasında əvəzsiz olaraq bölünməlidir və bu yerlərdə olan bütün otlaq yerləri əhali arasında şərikli (ortaq) istifadə edilməlidir.

Qeyd: Bu qanun təsdiq olunduğu tarixdən etibarən Azərbaycanın Milli Hökuməti tərəfindən tənzim edilmiş xüsusi nizamnamə üzrə tətbiq olunur.

Qeyd: Yenidən alınmış və ya alınmamış, ya da zəbt olunmuş xalisə yerləri bir, ya bir neçə nəfər vasitəsi ilə alınıb satılmış olarsa və axırıncı şəxsdə olan xalisə mülkü ona verilmiş qiymət qədər mülk sahibinə mənfəət və ya istifadə verməmiş olduğu halda, eyni zamanda həmin şəxs bu barədə şikayət edərsə, dövlət onun qiymətinin kəsrini Kənd təsərrüfatı bankı vasitəsi ilə ödəməlidir.

Qeyd: Azərbaycan Milli Hökuməti bu qanunu icra etməlidir.

Azərbaycan Milli Məclisinin rəisi Ə. Şəbüstəri. Azərbaycan Milli Məclisinin katibi Vilai.

Təbriz. 18 fevral 1946-cı il. İcra edilsin - Pişəvəri

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

***

"Əhalinin sayını çoxaltmalı nəslimizi qüvvətləndirməliyik"

Ölkəmizin həyati məsələlərindən biri əhalimizi çoxaltmaq, nəslimizi qüvvətləndirmək, maddi mənəvi şərait daxilində insanların ictimai qiymətini yüksəltməkdir. Amma bunu da bilməliyik ki, əhalinin keyfiyyəti kəmiyyətindən artıq tərəqqi amili sayıla bilər. Yer üzərində çox millətlər vardır ki, sayları artıq olmasına baxmayaraq dala qalmışlar. Əksinə olaraq bəzi millətlər vardır ki, saylarının az olması ilə bərabər ən mütərəqqi qabaqcıl millətlərdən sayılırlar.

Biz əhali məsələsində gərək kəmiyyət keyfiyyətin hər ikisini nəzərə alıb əhalimizin çoxalmasına çalışaq. Gərək səy edək ki, bizim millətimiz sağlam vücudlu, açıq fikirli möhkəm iradəli adamlardan ibarət olsun. Vətən eşqi məhəbbəti onlarda dərin qüvvətli olsun. Vətən sevgisi hər millətin ruhunun ən qüdrətli təzahürüdür. Vətən eşqi olmayan bir millət həmişə əsarət altına alınıb məhv olar.

Əhalinin çoxalması üçün həyat evlənmə şəraitini asanlaşdırmaq lazımdır. Doğrudan da uşağın çoxluğu varlı ailələr üçün xoşbəxtlik sayıla bilirsə, amma yoxsul ailələr üçün onun bir bədbəxtlik olması inkar olunmazdır. Həyat şəraitinin çətinliyinə görə sağlam vücudlu, aydın fikirli cavanlarımız ev qurmaq, ailə təşkil etməkdən çəkinirlər. Bu da əhalinin çoxalmasına ağır bir zərbədir.

Bu gün mütərəqqi ölkələrdə əhalinin çoxalması siyasəti irəli sürülür. Buna görə bu işin əməli olmasından ötrü dövlət tərəfindən böyük maraq göstərilir. Ölkəmizdə uzun illər hökmranlıq edən istibdad irtica nəinki əhalinin çoxalmasına, əksinə, onun azalıb məhv olmasına səy edibdir. Tarix göstərir ki, ölkəmizin əhalisi qədim zamanlarda indikinin neçə bərabəri olmuşdur. Tehran irticası nəslin ən qəddar düşməni olmuşdur. Ölkəmizdə səhiyyə sisteminin olmaması üzündən əcəlsiz ölümlər saysız-hesabsız olmuşdur. Lakin xalqımızın iradəsi ilə yaranmış Milli Hökumətimiz ayrı sahələrdə olduğu kimi nəslimizin çoxalmasında da böyük tədbirlər görməkdədir. Ölkəmizdə maarif səhiyyənin canlanması möhkəmlənməsi gələcəkdə əhalimizin çoxalmasına qiymətli bir rəhndir.

Məhəmməd Fəxrəddin

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 130, 19 fevral 1946-cı il

 

***

Cənubi Azərbaycanın Qaradağ vilayəti ilə tanışlıq: Qaradağ

 

Qaradağ Azərbaycanın ən böyük vilayətlərindən biridir. Hətta camaat arasında da bu söz məşhurdur ki, on səkkiz mahala Qaradağ deyərlər. Bu vilayət öz zənginlikləri ilə məşhurdur. Araz çayının sahillərindəki isti yerlərdə gözəl pambıq əmələ gəldiyi kimi dağlıq yerləri bollu buğda, arpa, paxlalı bitkilər, xoş təamlı ətirli meyvələri ilə məşhurdur.

Kəleybər meşəlikləri öz kömürü ilə şöhrət qazanmışdır. Təbriz şəhərinin kömür ehtiyacının yüzdə əllidən çoxunu Kəleybər kömürü təmin edir.

Burada maldarlıq xüsusilə məşhurdur. Məşhur şahsevən elləri maldarlıq qoyunçuluqla məşğul olurlar. Onlar yayın isti günlərini, gəlin kimi bəzənmiş yamyaşıl dağların döşündə keçiən şahsevənlər qışın soyuq havalarında Araz kənarlarında mülayim havada olurlar. Buranın hər dağı böyük mədənlərlə doludur. Ümumiyyətlə təbii zənginlikləri olduqca çoxdur. Ancaq Araz çayının bu vilayətin sərhəddindən axması buranın Rza şah siyasəti ondan sonra onun siyasətini təqib edən Tehran irtica hökumətinin siyasəti nəticəsində iqtisadi halı olduqca pis maarifi isə yox dərəcəsindədir.

Çünki Rza şah ondan sonrakı Tehran irtica hökuməti buranı olduqca qaranlıqda saxlamağa elləri bir-biri ilə düşmən edib qardaş qanı axıtmağa çalışırdılar. Xüsusilə ellərin arasında tiryək çəkmək siyasətini aparırdılar ki, bunlar ancaq tiryaklə məşğul olsunlar. Odur ki, oranın elləri daima bir-biri ilə dərəbəylik dövründəki kimi mübarizə edirdilər. Bundan həm Rza şah, həm Tehran hökuməti öz siyasətləri üçün istifadə edirdilər. Qaradağ eyni zamanda jandarm hökumət qulluqçularının cibini doldurmaq üçün bir məkan olmuşdu.

Yuxarıdakı fəlakətlər yalnız Azərbaycanda demokrat firqəsinin rəhbərliyi ilə təşkil olunmuş Milli Hökumətdən sonra bu vilayətin elləri, kəndli şəhərlilərindən ibarət olan bütün təbəqələri bu nifaqi aradan qaldırıb əl-ələ verərək qardaş kimi yaşamağa başlamışlar.

Qaradağ Azərbaycan tarixində yaddaqalan yer tutmuşdur. Azərbaycan xalqının azadlığı yolunda dönməzcəsinə qəhrəmanlıq, rəşadət göstərən xalqının yolunda həlak olan ölməz qəhrəmanlar yetişdirmişdir.

Babək Səttarxanı bu vilayət yetişdirmişdir.

Əlbəttə, Tehran mürtəceləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarını tarixdən silməyə utanmazcasına onu danmağa çalışırdılar. Onlar Azərbaycanı dandıqları halda Qaradağı çoxdan danmalı idilər. Bunlar elə düşünürdülər ki, Qaradağı danmaqla onun qəhrəman oğullarının adını tarixdən siləcəklər. Odur ki, Qaradağ vilayətinin adını "Arasbaran" sözü ilə əvəz etdilər. Ancaq azərbaycanlılar öz dillərini dəyişmədikləri kimi heç öz yerlərinin adlarını da dəyişmədilər.

"Arasbaran" sözü yalnız idarələr arasında, kağız üzərində işlənirdi. Tarix sübut etdi ki, tarixin çərxini geri döndərmək olmaz. Azərbaycanlılar sübut etdilər ki, Azərbaycan, onun dönməz, rəşadətli xalqı var yaşayır, onun Qaradağ adlı vilayəti vardır.

O kağız üzərində işlənən yabançı "Arasbaran" sözünün xalqın dili ilə işlənən Qaradağ ilə əvəz edilməsini Milli Hökumətimiz nəzərdə tutmalıdır.

 

Həsən Nəsirzadə

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 130, 19.02.1946

 

***

Əski əlifbadan transliterasiyafarsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2020.- 28 aprel.- S.14.