İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)

 

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımların başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olub. Ermənilər silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməklə indi Ermənistan Respublikası adlanan ərazidə öz istəklərini reallaşdırıblar. Tarixdə ilk erməni dövləti Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində yaradılıb. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” kitabına ön sözündə akademik Yaqub Mahmudlu qeyd edir ki, oxuculara təqdim olunan bu kitabda 1918-1920-ci illərdə ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlardan bəhs edilir. Bu kitab Azərbaycanın itirilmiş torpaqlarının tarixinin araşdırılması istiqamətində AMEA Tarix İnstitutunda aparılan tədqiqatlar nəticəsində ərsəyə gəlib. İstər Türkiyə, istərsə də Cənubi Qafqaz ərazilərində baş verən bütün faciələrin, qırğınların, soyqırımların baiskarlarının ermənilərin olması barədə indiyədək bir sıra tədqiqat əsərləri yazılıb. Tarixi faktlar sübut edir ki, uydurmaBöyük Ermənistan” xülyasına qapılan ermənilər həmişə xarici dövlətlərin, missioner təşkilatlarının əllərində alət olublar. “Şərq məsələsi” adlandırılan məsələ isə XVIII əsrin əvvəllərində Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər tərəfindən meydana atılmışdı. Öz istəklərinə nail olmaq üçün Qərb dövlətləri Osmanlı təbəəsi olan qeyri-müsəlmanlardan, xüsusilə üzlərinə yaxşı bələd olduqları ermənilərdən istifadə etmək siyasəti yeridiblər. “Erməni məsələsi” isə “Şərq məsələsi”nin tərkib hissəsi kimi, XIX əsrin ikinci yarısında baş verən rus-türk müharibələrindən sonra meydana atılmışdı.

Rusiyanın hakim dairələri tərəfindən silahlandırılan və müdafiə olunan erməni siyasi partiyalarının terrorçu dəstələri XX əsrin əvvəllərində Cənubi Qafqazda azərbaycanlıların yaşadıqları ərazilərə yiyələnmək üçün kütləvi qırğınlar törətmişdilər. Erməni silahlı dəstələri təkcə 1905-1906-cı illərdə Cənubi Qafqazın Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarının 8 şəhərində və 14 qəzasında azərbaycanlılara qarşı kütləvi qırğınlar və terror aktları həyata keçiriblər. 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi dağıdılıb və viran edilib. 10 mindən artıq azərbaycanlı erməni vəhşiliklərinin qurbanı olub.

Müəllifin qeyd etdiyi kimi, Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək üçün Türkiyə üzərinə hücuma keçən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150 min erməni əsgəri və Eçmiədzin kilsəsinin xeyir-duası ilə cəbhəyə yola salınan və təqribən 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) var idi. Həmin illərdə erməni könüllü dəstələri Şərqi Anadolunun rus qoşunları tərəfindən işğalında müstəsna rol oynamışdılar.

Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rusların buraxıb getdikləri silah-sursatı ələ keçirmiş, sözün həqiqi mənasında türk-müsəlman əhaliyə qarşı soyqırım həyata keçirmişdilər. 1918-ci ilin fevralından əks hücuma keçən türk ordusunun önündən geri çəkilən erməni silahlı dəstələri İrəvan quberniyasında da kütləvi qırğınlar törətmişdilər. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsini ələ keçirmişdilər. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində “türksüz Ermənistan” dövləti yaratmaqdan ibarət idi.

1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunası hökumətinin bolşevik-erməni silahlı qüvvələri Bakı şəhərində, Şamaxı və Quba qəzalarında azərbaycanlılara qarşı soyqırım törədiblər. Bakı quberniyası ərazisində Tatevos Amiryan, Hamazasp Srvandzyan, Stepan Lalayan kimi daşnak quldurlarının başçılığı ilə qırğınlar törədilən zaman Tovmas (Foma) Nazarbekyanın, Andranik Ozanyanın, Qaregin Njdehin, Drastamat Kanayanın başçılıq etdikləri silahlı dəstələr İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırım həyata keçirirdilər.

1918-ci il mayın 28-də Azərbaycan ərazisində - keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirib. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə həm Azərbaycan Respublikasının ərazilərini işğal etməyə davam etdi, həm də keçmiş İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırım siyasətini davam etdirdi. 1918-ci il iyunun 4-də Ermənistan hökumətinin imzaladığı Batum müqaviləsi ilə respublikanın ərazisi 9,5 min kv km-ə bərabər idi. Lakin 1920-ci ilin sonlarında Ermənistan Respublikasının ərazisi Azərbaycan və Gürcüstan dövlətlərinin ərazilərinin işğalı hesabına təqribən 20 min kv km-ə çatdırılmlışdı. Ermənistanda sovet hakimiyyətinin qurulması zamanı yalnız İrəvan şəhərində təqribən 2 minə yaxın azərbaycanlı qalmışdı. Yarım milyona yaxın azərbaycanlı əhali ya məhv edilmiş, ya da evlərindən didərgin salınmışdı. Ermənistandakı bütün azərbaycanlı yaşayış məntəqələri ermənilərin əlinə keçmişdi. Erməni cəlladlarının əllərindən canlarını qurtara bilən azərbaycanlıların bir qismi Azərbaycanda, bir qismi İranda, bir qismi Türkiyədə, az bir qismiGürcüstanda özlərinə sığınacaq tapmışdı. Yalnız 1920-ci ilin payızında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz doğma yer-yurdlarına qayıda bilmişdilər. Əsl soyqırım - millidini mənsubiyyətinə görə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti məhz 1918-1920-ci illərdə Ermənistanda həyata keçirilib.

Lakin Qərb dövlətlərinin və Rusiyanın işğalçılıq siyasətinə xidmət edən kütləvi informasiya vasitələri və siyasətə xidmət edən tarixçilər tərəfindən həmin dövrdə baş verən hadisələr bilərəkdən saxtalaşdırılmış və ermənilər qırğınlara məruz qalan tərəf kimi dünya ictimaiyyətinə təqdim edilib. “Erməni soyqırımı” iddiası tarixi gerçəkliyin ifadəsi deyil. Bu iddia Türkiyəni “məzlum erməniləri” məhv etmək istəyən dövlət kimi ittiham etmək və daim onu təzyiq altında saxlamaq üçün irəli sürülüb. Əslində, “erməni soyqırımı” ideyasının əsl müəllifləri ermənilər deyil, Türkiyəyə qarşı ittihamlar irəli sürmək istəyən dövlətlərin siyasətçiləri və obyektivliyini siyasətə qurban verən “tarixçilər” və “yazarlarolublar. Çox təəssüf ki, sübuta ehtiyacı olmayan aksiom kimi qəbul etdirilməsinə çalışılan, əslində isə heç bir arxiv sənədi ilə sübut edilməyən, uydurma “erməni soyqırımı” iddiası bu günmüasir Türkiyəyə qarşı siyasi təzyiq və şantaj aləti kimi istifadə edilir. Digər tərəfdən, “erməni soyqırımı” iddiası ermənilərin Türkiyə ərazisində və Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlarını ört-basdır etməyə xidmət edir. “Erməni soyqırımı” məsələsinin əsl mahiyyətinin açılması, bu məsələ ilə maraqlananların obyektiv bilgiləndirilməsi üçün Azərbaycanın, Türkiyənin və digər ölkələrin arxivlərində saxlanılan sənədlərin aşkarlanmasının və çapedilməsinin mühüm əhəmiyyəti var. Ermənilərin üzünün açılması sahəsində bir sıra sanballı tədqiqatların müəllifi Nazim Mustafanın 1918-1920-ci illərdə İrəvan quberniyasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən növbəti kitabı arxiv sənədləri, dövri mətbuat materialları, vicdanı qarşısında obyektivliyini itirməyən erməni və xarici müəlliflərin əsərlərinə əsaslanaraq yazılıb. Bu əsərin üstün cəhəti ondadır ki, müəllif təkcə Azərbaycan arxivlərində saxlanılan arxiv materiallarına deyil, eyni zamanda Türkiyə arxivlərində saxlanılan və ermənilərin Cənubi Qafqazda törətdikləri kütləvi qırğınlar barədə məlumatları özündə əks etdirən materiallara da istinad edib.

Başlıca olaraq, bu kitabda 1918-1920-ci illərdə ermənilərin havadarlarının köməyi ilə İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırım və etnik təmizləmə siyasətinə dair Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin fondlarında saxlanılan sənədləri əhatə edən və Tarix İnstitutunun 2011-ci ildə çap etdirdiyi “İrəvan quberniyasında soyqırımı. 1918-1920-ci illər” sənədlər toplusuna daxil edilən materiallar elmi-tədqiqat dövriyyəsinə daxil edilib. Həmçinin müəllif, Türkiyə Cümhuriyyəti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüyü tərəfindən “Azerbaycan belgelerinde ermeni sorunu. 1918-1920” sənədlər toplusuna, Türkiyə Cümhuryyəti Genelkurmay Askeri Tarih ve Stratejik Etüt (ATASE) Daire Başkanlığının yayınladığı 8 cilddən ibarətArşiv Belgeleriyle Ermeni Faaliyetleri (1914-1918)” kitablarına daxil edilən sənədlərə, habelə, Başbakanlık Devlet Arşivleri Genel Müdürlüyünün yayınladığı 4 cilddən ibarət “Arşiv Belgelerine Göre Kafkaslarda ve Anadoluda Ermeni Mezalimi” toplularına daxil edilən sənədlərə istinadən “məzlum ermənilərin” törətdikləri vəhşilikləri göz önündə canlandırmağa nail olub.

Nazim Mustafa bu əsərində Ermənistanda daşnak hökumətinin baş naziri olmuş Ovanes Kaçaznuninin, erməni tarixçilərindən Leonun (əsl adı Arakel Babaxanyan), Anahid Lalayanın, erməni yazıçısı və publisisti Marietta Şahinyanın, ABŞ-da yaşayan erməni tarixçisi Riçhard Hovanesyanın əsərlərinə istinad edərək, 1918- 1920-ci illərdə erməni silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdikləri qırğınların miqyasını göstərməyə nail olub.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 28 aprel.- S.13.